Üç
Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.
Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
– Azad əmi, saqqalın nə yaman ağarıb!
Və sonra ağzını büzüb, elə qəhqəhə çəkirdi ki, ətrafdakıları da gülməyə vadar edirdi.
Kərbəlayı Mehdi çırt çubuğunu ağzından çıxardıb, təbəssüm ilə:
– Ortancı, qızın mənə oxşayıb, sözü «dik» deyir!
Azad Məryəmin sözlərinə ciddi mə’ni vermiyib, hamı ilə bir yerdə gülməyə başlardı.
Mehri sükutda olardı. Ətrafdakılar deyirdilər, gülürdülər bu heyran-heyran baxardı, və həmişə dəruni bir fikir ilə məşğul olardı. Mehrinin bu halı, hamının nəzərini özünə cəlb edirdi – görürdülər yanaqları solur, gözləri çökəkə düşür.
Anası Mehri ilə diz-dizə oturub, deyirdi:
– Bala, niyə deyib-danışmırsan? Həmişə səni dinməz görürəm. Bəlkə deməli bir dərdin var mən bilmirəm?
Mehri anasının üzünə şikayətçi bir nəzər ilə baxıb, başını aşağı sallardı, gözləri yaş ilə dolardı.
Anası, tikrarən:
– Balam, axır de görüm dərdin hayandandır?
– …
– Bəlkə çörəkdən, paltardan yarımırsan? Bəlkə səni evdə baldızların, qayınların yola vermirlər? De görüm axır nə olub?
Mehri dinməzdi. Çünki halını bəyan etməyə dili yox idi; acıqlara da qarşı e’tiraza qadir deyil idi – cəsarətsiz, ixtiyarsız, şəxsiyyətsiz bir şey idi. Ürəyin dəki dərdinə səbr edib, gün-gündən fövt olurdu.
Azad arvadı Məryəmi götürüb, qayın atası gilə oturmağa gedərdi; Mehrinin vəfatından bir il keçmiş toy olmuşdu.
Qapıdan girən kibi qarşılarına Ziba çıxıb, gülə-gülə onları otağa aparırdı. Oturardılar, çay qoyarlardı, çərəz gələrdi. Deyirdilər, gülürdülər; hərənin nə mətai olsa idi ortalığa qoyardı. Təkcə Məryəm sükuta gedib, bir söz söyləməzdi. O diribaş, müdrik, həmişə şad qız, imdi qeyri-təbii bir halda ciddiləşmişdi, vaxtsız qocalmışdı. Yanaqlarında əvvəlki təravət, gözlərində dirilik qalmamışdı. Bahar çiçəyini şaxta vurub, qurudan kibi; ərə getmək də bu zərif, gözəl, həyat ilə məmlüvv qızcığazı, qüvveyi-mənhusəsi ilə bir cansız, rəngsiz heykələ döndərmişdi.
Məryəmin gün-gündən fövt olub getməyi hamıya mə’lum idi. Lakin heç kəs onun əsl dərdindən xəbərdar deyil idi. Qanacaq o dərəcəyə yetməzdi ki, bircə adam onun dəruni aləminə əl aparıb, ürəyini dəlib, yaralayan qəmlərə çara arasın. Ətrafındakılar tamam qanmaz, nadan idilər. Bu nadanlığa yaşlı gözləri ilə baxa-baxa biçarə Məryəm saraldı, soldu: bir gün də şədid həyatdan aralanıb, rahətliyə çıxdı.
Kərbəlayı Mehdi baxdı, gördü ki, Azad kibi adlı-sanlı və döylətli qohum bunun əlinə düşməyəcək. Kərbəlayı adam yollayıb, bir neçə ağ saqqal çağırdı, getdilər qazının yanına: axşam Zibanın kəbini kəsilib, qurtardı. İki gündən sonra Azad bir qısa həna alıb saqqalını qaraltdı. O bir gün də müxtəsərcə bir toy olub, gəlin gətirdilər.
Tacir Azad yenə arvadı ilə qayın atasının evinə oturmağa gedərdi. Lakin qabaqlarına çıxan olmazdı. Oturardılar; yeyib, içərdilər. Artıq deyib-gülən, şadlıq eləyən yox idi. İki tərəf də həmişə sükutda olardı.
Azad fikrindən keçirirdi:
– Arvad gün-gündən saralır; deyəsən, bu da bacıları kibi «gönü duzluyacaq», yenə xərcə düşüb təzədən evlənəcəyəm!
Kərbəlayı Mehdi də qızına baxıb, ürəyində vuruşdurardı:
– Qız öləcək, Azad kibi qohumdan əlimiz çıxacaq. Tərs kibi yerdə bir ayrı qız da yoxdur ki yerinə verək!
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-uc
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Стихи других поэтов
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,