Bir misranın yuxusu
Страница 7 из 10 · 60%
– Baş üstə.
– Deyirəm evi haçan almısan?
– Evi? Haçan? Bilmirəm.
– Demək, papiros da çəkirsən. İçki cəhənnəm, hərdənbir iç, sözüm yoxdu. Amma papirosu redd elə getsin. Başdan-ayağa zəhərdir. Qəzetləri oxuyursan?
Axırıncı taktikanı da unudub, tam ciddi bir tərzdə:
– Elə oxuduğum qəzetdir, – dedim.
– Görürsən də hökumət neyniyir: papirosun zəhər olmağını qəzetdə açıqca yazır. Ordan da tənbəki planı dolmayanda, kolxoz sədrlərinə o söz... Demək, hökumət istəsə, papiros çəkməyin qabağını zorla da ala bilər. Ancaq istəmir ki, zor işlətsin, istəyir ki, camaatın özü başa düşüb, o zəhərdən könüllü surətdə əl çəksin. Heç bilirsənmi, burda nə boyda palitka var?
Bu axırıncı sözləri Dəyyan kişi elə bir vəhmlə dedi ki, açığı, mən bir az diksinən kimi oldum, ancaq cavabımdan da qalmadım.
– Bəli, – bilirəm, – dedim. – Burda çox böyük palitika var, amma vallah mən papiros çəkən deyiləm.
Mənim bu dəfə dediyimi Dəyyan kişi elə bil heç eşitmədi.
– Xeyr, bilmirsən, – dedi. – Bilsən, o zəhrimarı çəkməzsən. Sənin nə vaxtındır ki, indidən söz danışanda fis-fis fısıldayırsan, dilin-dodağın gömgöydür indidən. Günü sabahdan mütləq baseynə get. Suda çox qalmağı məsləhət görmürəm, amma qıraqda çox hərəkət elə. Atıl-düş, hisin-pasın açılsın. Demək, deyirsən ki, evi haçan aldığını bilmirsən?
– Bilirəm, niyə bilmirəm! Orderi fevral ayının düz iyirmi birində almışam.
Dəyyan kişi saymağa başladı:
– Fevral, mart, aprel, may. Demək dörd aydı. Ancaq remont lazımdı. Bizim qonşuluqda yaxşı ustalar var. Əsilləri Tiflis tərəfdəndi. Sabah bir az tez dur yuxudan, deyək gəlib başlasınlar. Yoxsa Bakının lotu-potu ustalarına ilişərsən, qanın gedər.
Az qala yenə “baş üstə” deyəcəkdim, amma yaxşı ki, birdən-birə ağlım işlədi.
– Sağ olun, çox razıyam, – dedim. – Mən sabah tezdən ezamiyyətə getməliyəm. Uzun müddətə.
– Bilet almısan.
– Bəli.
– Səfər uzağadı?
– Bəli, uzağadı, – dedim. – Ural tərəfədi.
Çünki o səhər bu Dəyyanın əlindən mən lap Sibirə getməyə də razı idim.
Bu yerdə Dəyyan kişi durub, bir də balkona çıxdı və qayıdıb:
– Mat qalmalı işdi, – dedi. – Sən bu otaqda necə boğulmursan?
– Boğuluram, – dedim. Və baxıb gördüm ki, əllərimin hərəsi bir dizimin üstündədir, özləri də əl deyil, yumruqdur. Möhkəm pərt oldum.
– Hava da pulnandır?
– Hi... hi...
– Yatanda o pəncərəni niyə açıq qoymursan?
– Küçədən səs gəlir.
– Səs yaxşıdı, yoxsa boğulmaq yaxşıdı?
– Boğulmaq yaxşıdı, – dedim, çünki bu adama nə deməyin daha məndən ötrü heç br fərqi yox idi.
Dəyyan kişi ayağa durub:
– Boğul, boğul, – dedi. – Qazandığını da apar oralarda xərclə matuşkalara. Baban Zır Qurbanəli Uralda qızıl basdırıb sənin üçün.
Mən bu yerdə mütləq nəsə deməli idim, ancaq demədim, qorxdum ki, Dəyyan kişi təzədən otura. Çünki bu dəfə Dəyyan kişi, deyəsən, doğrudan da gedirdi. Xoşbəxtlikdən belə də oldu. Və elə bu yerdə də mənim ağlıma gəldi ki, çıxıb balkonda dayanım, Dəyyan küçədə görsənəndə onu yuxarıdan aşağı möhkəmcə söyüm. Hətta çıxdım da. Ancaq hələ Dəyyan kişi küçədə görsənməmiş, o badam ağacları hardansa gözümün qabağında peyda oldu və mənim Dəyyan kişini söyməyə dilim gəlmədi...
İndi isə, bir məclis Buzbulaq adamının arasında yalnız Dəyyan kişinin səsi eşidilirdi:
– ... uşağın tərbiyəsində, düzdü, atanın da rolu çoxdu, amma ananın verdiyi tərbiyə ayrı şeydi. Bu gün bu məclisdə əyləşən savadlılar yaxşı bilər: Amerikada Benjemin Spok adında bir alim həkim var. O yazır ki...
Və təkcə Neymətulla, boynunu bir xeyli qabağa uzadıb, Dəyyan kişinin söhbətinə diqqətlə qulaq asırdı. Amma yazıq Rəfi, Rəfi o stolun dalında nə yaman büzüşmüşdü, ilahi. Elə bil indicə stolun altına girəcəkdi.
– ... Benjemin Spok...
Mənim yaxınlığımda oturan bir nəfər o birinə:
– Deyirlər, Qənbəri yenə tutublar, – dedi. – Görəsən doğrudurmu?
Kimsə o başda yanıqlı-yanıqlı pıçıldadı:
– Ə, görəsən, biz niyə bir-birimizin evinə gedib-gəlmirik?
Və başqa birisi həmin sözləri elə bil havadaca tutub ucadan təkrar elədi:
– Niyə biz bir-birimizin evinə gedib-gəlmirik, Dəyyan dayı?
Dəyyan kişi bir iri boşqabın içindəki halvanı qabağına qoyub, təkbaşına, tələsmədən yeyirdi.
– Ona görə ki, hamınız xəsissiz, – dedi. Və “Spok” söhbətini yarımçıq qoyub, bu cari mətləbə keçdiyi yerdə həmin adam ona ayrı sual verdi:
– Bəs sən niyə Buzbulağa getmirsən, Dəyyan dayı?
– Mən o xarabaxanaya niyə getməliyəm ki?
– Necə niyə? Vətəndi axı.
– Mənim vətənim-zadım yoxdu.
Kimsə aşağı başda bic-bic pıçıldadı:
– Burasını düz dedi.
– Mən o yerə vətən deyərəm ki, mənim orda... – Boğazında halva qaldığına görəmi, ya nədənsə Dəyyan öskürməyə başladı.
Və o “bic” səsin yiyəsi:
– ... badamlığım ola! – deyib, Dəyyan kişinin yarımçıq cümləsini öz bildiyi kimi tamamladı. – Bu saat Buzbulaqda torpaq başına qalıb. Əkib-becərən axtarırlar!
Amma bayaqkı sualı verən də, deyən, tərs adam idi.
– Get barı, bacılarını, qardaşlarını gör.
– Mənim orda qardaşım-zadım yoxdu.
– Bəs Müslüm? Müslüm sənin qardaşın deyil?
– Xeyr, qardaşım deyil. Əgər o mənim qardaşım olsaydı, gedib şipiyon Qaraxanın qızını almazdı. O vaxt mənim dədəmi şeytanlayıb, beş ay türmədə yatırdan həmin o Qaraxan idi.
– Yox, bu olmadı, sən elə hər sözə bir bəhanə tapırsan.
– Söz demək üçün də gərək adamın ağlı ola. – Bu yerdə Dəyyan kişi, mənalı-mənalı, Neymət Namazovun üzünə baxdı. – Savadı ola, havayı danışmağın nə mənası var?.. İndi mən bu məclisdə əyləşən savadlı yoldaşlara bir sual verəcəyəm. Xahiş eləyirəm, diqqətlə qulaq asasız: dünənki “Izvestiya” qəzetində...
Və qəribədir, olduqca qəribədir, həştada yaxın yaşı olan bir adam ağsaqqala oxşamırdı, qətiyyən oxşamırdı. Hər halda Buzbulağın tarixində bu vücudda, bu baş-qulaqda ağsaqqal heç vaxt olmamışdı. Dəyyan kişi bir az hamam müdirinə oxşayırdı, bir az pensionerə oxşayırdı və bir azca da, deyəsən... Lənət şeytana, burasını heç deməsən yaxşıdır.
Və ağacların bəlkə xoşbəxtliyi də burasındadır ki, onlar torpaqdan üzüləndə ölürlər.
Sonra adamlar üç-üç, beş-beş cəmləşdilər, qruplaşdılar. Hərə öz müsahibini tapdı, hərə öz söhbətini başladı. (Yas yerlərində həmişə belə olur).
Nəriman ayağa durub, başını tərpədə-tərpədə, hamı ilə xudahafizləşib çıxdı. O, gedəndən sonra Rəfi bir müddət əsəbi halda yerində qurcalandı, amma durmadı, dura bilmədi, çünki Dəyyan kişi bayaqdan bəri Rəfinin qulağının dibində nəsə üyüdüb-tökürdü və Rəfinin biləyi də deyəsən, Dəyyan kişinin əlində idi.
O başda bir xeyli adam Neymət Namazın söhbətinə diqqətlə qulaq asırdı, çünki Neymət Namazın həm yaxşı danışıq qabiliyyəti vardı, həm də dünyada çox şeylər vardı ki, onları yalnız Neymət Namaz bilirdi. Məsələn, Neymət Namaz gözəl bilirdi ki, “vətən” dediyin nə Bakıdır, nə Buzbulaqdır, nə də Dəyyan kişinin Buzbulaqdakı badam bağıdır. Vətən – bir ülvi amaldır, bir yüksək məqsəddir. Özü də, hər nədirsə, onun, bu məclisdə, hamıdan çox Neymətullaya aidiyyatı var. Daha doğrusu, Neymət Namaza. Neymətulla Namazov olmağa nə var ki, kişisən Neymət Namaz ol! Və Neymət Namazın hər sözünün təsiri oturanların üz-gözündən uzun müddət asılıb qalırdı və bu təsir (bir çoxlarının sifətində) durub Neymətullanı qucaqlayıb öpmək dərəcəsində güclü idi (yas yerlərində hərdən belə də olur).
Rəcəb isə, yəqin ki, bu saat ya metroda, ya trolleybusda, ya da avtobusda yol gedirdi. Və mənə, nədənsə, elə gəlirdi ki, Sumqayıta gedən Rəcəb bu saat xəyalında həm də Buzbulağa gedir. Ya gedir ki, Cümşüdlə barışsın. Ya gedir ki, Cümşüdü dəyirman arxında bir də döysün. Ya da elə-belə, bir vaxt ilxı otardığı yerləri görməyə, gəzməyə gedir (bu mənada, tək bir nəfər kəndlinin bu metrolarda, trolleybuslarda, avtobuslarda getdiyi yolun uzunluğu bəlkə ən uzaq ulduzların özündən də bir az o yana olar!). Bəlkə, o metroda, avtobusda, ya trolleybusda, indi Rəcəb Buzbulağa çoxdan çatmışdı, Cümşüdlə haqq-hesabı çoxdan çürütmüşdü və indi Fizzə müəllimənin qapısında Rəcəb yenə hönkür-hönkür ağlayırdı. İndi Rəcəb ona görə ağlayırdı ki, Sumqayıt Buzbulaq deyildi. Ona görə ağlayırdı ki, indiki arvadı (lap mələk olsa belə) hər halda Ruzgar deyildi. Və Rəcəb (nə bilmək olar?) bəlkə bir də ona görə ağlayırdı ki, həmin o Fizzə müəllimə bir vaxt mələk kimi gözəl idi və Fizzə müəllimənin mələk kimi gözəl olduğu o vaxt daha geri qayıtmayacaqdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-bir-misranin-yuxusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Dəyirman əhvalatıI**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Стихи других поэтов
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıМой бог, как было б хорошо не знать, какой нам жребий дан.Когда бы не было меня, познавшей горе и обман.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,