Tənha narın nağılı
Страница 1 из 19
I
Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Ancaq, məsələ bununla qurtarmadı. Hələ yayın ən şıdırğı vaxtları, istidən yer-göy alışıb yananda Nabat xala məni qışla qorxutmağa başladı: “Burda niyə durmusan, bala, qabaqdan qara qış gəlir!” “Qabaqdan qara qış gəlir, a bala, nə küçədə veyillənirsən?..” O yay Nabat xala küçələrdə mənə göz verdi işıq vermədi. Hər görəndə danladı, sıxma-boğmaya saldı. Nəhayət, mən doğrudan da qorxmağa başladım: sanki o il qış gəlməyəcəkdi, o qışın əvəzində kəndimizə nəsə qara, qorxunc bir şey gələcəkdi.
Əgər desəydilər ki, təzədən müharibə başlanacaq, bu məni Nabat xalanın o sözləri kimi qorxutmazdı. Çünki “qara” və “qış” sözlərini, bircə Allah bilir, Nabat xala necə dəhşətlə deyirdi. Hər deyəndə də
¹ “Adamlar və ağaclar” trilogiyasından üzünü ən uzaq dağlara tuturdu. Bu qorxunc sözləri eşidəndə, o uzaq dağlara baxanda mənə elə gəlirdi ki, haradasa – yalnız Nabat xalaya məlum olan bir yerdə dağların dalında qara, qorxunc bir şey gizlənib və həmin şey bir gün qəfilcədən bizim kəndin üstünə gələcəkdir.
Küçəmizin ən sərin yeri çeşmənin qırağı idi. Bütün məhəllə uşaqlarının toplaşdığı o sərin yeri Nabat xala mənim gözümdən salmışdı. Çünki mən, daha çox dənə yığmaq üçün, əriyi min müsibətlə qarnıma doldurub, dənələrini aparıb küçədə uşaqlarla “çuxuraatma” oynayanda, oyunun ən şıdırğı yerində Nabat xalanın qara çadrası küçənin o başında görünürdü. Öz qara çadrasında Nabat xala bir qara-qorxu kimi çeşmənin üstünə gəlirdi. Xırdaca sünbül torbasını o, ağzınacan çörçöplə dolu olan vedrəsinin üstünə qoyurdu. Nabat xala təri süzülə-süzülə çeşmənin qırağında əyləşirdi və sərin suyu ovuc-ovuc doldurub üzünə çırpırdı. Sonra Nabat xala ağzını daş novçaya dirəyirdi: bu vaxtlar su onun damarları görünən arıq boğazının hülqumundan qurtaqurt qarnına gedirdi və ağzının qıraqlarından süzülüb, çənəsindən axaraq canına tökülürdü. Adətən bundan sonra Nabat xala mənim üstümə düşürdü. Bəzən mən onu görən kimi qaçıb gizlənirdim, o mənim dalımca deyinirdi. Bəzən də Nabat xala heç nə demirdi, ancaq su içib sərinləyəndən sonra çiynini çeşmənin qırağındakı tut ağacına söykəyib, bir parça qəzetin arasında özünə papiros eşə-eşə mənim üzümə baxmaqla demədiyinin əvəzini üçqat çıxırdı.
Heç bilmirəm sonra necə oldu ki, Nabat xala məndən əl çəkdi. Bəlkə mənim hər dəfə onu görəndə qaçıb gizlənməyim qarıya pis təsir elədi. Bəlkə o, kolxoz qarovulçusu Dəli Əvəzin bağa gedən uşaqları necə döydüyünü öz gözləri ilə görüb inandı ki, bu, o qədər də asan məsələ deyil. Bəlkə də Nabat xala yəqin elədi ki, məndən adam çıxmayacaq: çox güman ki, belə də oldu, çünki belə olmasaydı, mənimlə rastlaşanda o, verdiyim salamı da alardı.
Payızın ortalarında Nabat xalanın oğlu Yaqub əsgərlikdən qayıtdı. Elə gəldiyi günün axşamı o öz qara əsgər çəkmələrindəcə divardan tullanıb tappıltı ilə bizim eyvanın qabağına düşdü. Sanki Yaqub davadan gəlmişdi. Sanki aradan dörd-beş il keçməmişdi, dörd gün keçmişdi, beş gün keçmişdi. Qısaca salam-kalamdan sonra Yaqub əsgər şalvarının qozla, fındıqla dolu olan qarınlamış ciblərini şaqqıldada-şaqqıldada həyətdə gəzib, məni danlamağa başladı. Çünki mən, yekə oğlan ola-ola, həyətimizdəki ağacların quru budaqlarını sındırıb tökməmişdim. Mən həyəti vaxtlı-vaxtında suvarmamışdım, buna görə də divarın dibindəki ərik ağaclarından biri qurumuşdu. Həyətdə ot çürümüşdü, onu vaxtında biçmək lazım idi. Kəsilmiş ağacların kötüklərini çıxardıb, yerlərində təzə ağaclar basdırmaq lazım idi. Yaqubun dediyinə görə, mən o qədər yekə oğlan idim ki, əgər qeyrətim olsaydı, gərək yazda bütün həyəti belləyib əkmiş olaydım...
Həyətdə lovğa-lovğa dolanıb, hər şeydə bir nöqsan axtaran Yaqub, kənarda durub, fikirli-fikirli baxan, bütün bu söhbətdən aşkar xoşu gəlməyən bibimə heç bir əhəmiyyət vermədən, evimizin divarından qopub sallanan bir yekə suvaq parçasını çəkib yerə saldı. Divarın dibindəki laxlamış pilləkənə bir güclü təpik ilişdirib, cibindəki qozu, fındığı dübarə şaqqıldatdı. Nədənsə o, bircə pəncərəmizə fikir vermədi: bir vaxt altı gözü olan və altı sapsağ şüşəsi olan pəncərənin indi büsbütün şüşəsiz qaldığını elə bil heç görmədi də. Sonra Yaqub getdi. Ayağını laxlamış pilləkənin üstünə qoymamaq üçün divarın böyrü ilə sürüşə-sürüşə, şalvarının cibindəki qozu, fındığı şaqqıldada-şaqqıldada getdi. Yaqub gedəndən sonra xeyli vaxt onun küçədə dişinə salıb sındırdığı qoz-fındığın xırçıltısı eşidildi və o xırçıltıya qulaq asa-asa mən bir vaxt Nabat xalanın bibimin gözünün altındakı qara ləkəyə baxıb, başını yırğalaya-yırğalaya dediyi sözləri xatırladım: “Bah, bah... yazıq Mədinə! Yaqub səni bu gündə görsəydi, bağrı çatlardı. Anası ölmüş səndən yana dəli-divanəydi...”
Əsgərlikdən qayıdandan ikicə gün keçməmiş Yaqub gedib haradansa bir qara və qıvraq eşşək alıb gətirdi. Bundan sonra mənim küçəyə çıxmağım, çeşmənin yanında uşaqlarla oynamağım daha da çətinləşdi. Çünki öz qara və qıvraq eşşəyi ilə Yaqub hər dəqiqəbaşı gəlib bizim küçədən keçirdi. Dəyirmana gedirdi, dəyirmandan gəlirdi, kolxozun anbarına ot daşıyırdı, məktəbin həyətinə odun aparırdı və hər dəfə məni küçədə görəndə üstümə qışqırmamış ötüşə bilmirdi: “Bir də səni burda görsəm, ağzını cıraram, avaranın biri avara!”.
Yaqubun hədə-qorxusundan əsla qorxmasam da, hər dəfə bu sözləri eşidəndə mən hər şeyi buraxıb evə qaçmalı idim. Çünki Yaqub böyük idi: böyüyün sözünü yerə salmaq olmazdı. İkincisi, böyüklərin küçədə bir kəsin üstünə qışqırmağı o deməkdi ki, mən səni özümə yaxın adam bilirəm, yad adamın, özgə adamın özgənin uşağı ilə nə işi vardı?.. Yaqub mənim üstümə qışqırırdısa, deməli, o mənim qohumum idi – hər halda uşaqlar belə hesab eləyirdilər. Mən istəyirdim ki, uşaqlar həmişə belə hesab eləsinlər; mən istəmirdim ki, uşaqlar məni kimsəsiz bilsinlər, buna görə də heç vaxt Yaqubun sözündən çıxmırdım.
Əgər camaat mənim çantama yığdığım, taxçalarımızda, eyvanımızda, pəncərəmizin qabağında, hər yerdə səpələdiyim, içərisi neçə illərdən bəri mənə dərs deyən müəllimlərin yoğun, qırmızı karandaşları ilə yazılmış yekə-yekə, yoğun-yoğun, qırmızı-qırmızı “5”lərlə dolu olan dəftərlərimə büsbütün göz yumub, məni az qala bütün məhəllənin ən aciz uşağı hesab eləməsəydi, bəlkə də mən həyətimizdəki bəzi xırda-xuruş işləri görərdim. Məsələn: fındıqdan haça kəsərdim, elə yerdəcə dayanıb ağaclardakı quru odunları qırıb tökərdim. Yaxud döşdə, sumaq kollarının üstündə nə vaxtdan bəri qızara-qızara qalmış sumağı yığıb qurudardım. Ancaq mən heç bir iş görmürdüm, elə bir qəsdən iş görmək istəmirdim.
Dərsdən qayıdandan sonra çox vaxt mən çantamı atıb, bibimin məndən ötrü sulayıb qoyduğu arpa lavaşını təknədən götürürdüm. Heç kəsin gözünə görünməmək üçün qonşu hasarının dibi ilə əyilə-əyilə dağın döşünə qalxırdım. Orada, heç kəsin görmədiyi bir yerdə isti qumun üstünə uzanırdım, çörəyimi yeyirdim və saatlarla kəndə tamaşa eləyirdim.
Mən dağın döşündən bütün kəndi görürdüm, bir yanda – boz torpaqlı damlar, balaca həyətlər, bağçalar; o biri yanda – ucsuz-bucaqsız kolxoz bağları, zəmiləri... Boz torpaqlı damlardı. Axşam çağları arvadlar quru meyvəni yığmaq üçün damlara çıxırdılar. Axşam çağları həyətlərdən tüstü qalxırdı: dadlı tüstü, dadsız tüstü; səhər məktəbə buğda lavaşının içində kartof qızartması, badımcan dolması gətirən uşaqların həyətlərindən qalxan tüstünü mən dadlı hesab eləyirdim, o tüstülərdə kartof qızartmasının, badımcan dolmasının iyini duyurdum. Mən damları iki yerə bölürdüm: davadan gələnlərin damı, davadan gəlməyənlərin damı və bu vaxtlar davanın qurtarmağına heç cür inana bilmirdim, halbuki təzə çıxan kitabların çoxunda bu barədə öz gözümlə nə qədər yazı oxumuşdum, nə qədər şəkil görmüşdüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-tenha-narin-nagili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Стихи других поэтов
Ey balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Sındır qanadımı, qırıq simlərdəSındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı