Страница 3 из 19 · 11%

Uzaqda – kolxoz bostanındakı yaşıl çalanın üstündə bostançı oğlunun cır səsi hər axşamçağı dağlara düşürdü. Mən o səsdən o vaxtların səsini eşitmək istəyirdim. Quru meyvəni yığmaq üçün dama çıxan arvadlar bir-birindən hal-əhval soruşanda mən ürəkdən sevinirdim. Ancaq çox vaxt arvadlar susurdular. Sanki daha qışqırmağa, bağırmağa, söyüşməyə də söz yox idi: daha elə bil, heç kəsin iti heç kəsin həyətindən gön aparmırdı; elə bil ki, pişiklər cücə boğmağı tərgitmişdilər, toyuqlar hin azdırmağı unutmuşdular...

Axşam çağları arvadların çoxu çeşmənin qırağına doluşurdu. Nə qədər uzaqdan baxsam da, mən onların içində Yaqubun arvadını seçə bilirdim. Mənim Yaqubun arvadına bərk yazığım gəlirdi, çünki o, həddindən çox arıq idi, üzünün lap sümüklüri çıxmışdı. Çünki Yaqub əsgərlikdən gələndən sonra Sədəf bacının bir gözü şişmişdi, elə şişmişdi ki, gözü açılmırdı. Sədəf bacının açıq gözündə şişmiş gözün necə ağrıdığı bilinirdi, ancaq o, heç vaxt çarqatını gözünün üstünə salmırdı. Elə bil Sədəf bacı öz şişmiş gözünü göstərib: “Mənim ərim var” – demək istəyirdi. Axı, indi çeşmədəki arvadların çoxunun əri yox idi...

Çeşmənin qırağında uşaqlar oynayırdılar, mən onların hamısını uzaqdan tanıyırdım. Mən onların bir neçəsinə ürəkdən nifrət eləyirdim, çünki onlar məktəbə buğda lavaşının içində dadlı-dadlı xörəklər gətirirdilər. Çünki onlar kimsəsiz arvadların su dolu vedrəsinə xəlvətcə torpaq atıb qaçırdılar; heç kəsi olmadığına görə Əzra xala vedrəsini neçə dəfə evə aparıb, çeşməyə gətirirdi, ancaq buğda lavaşı ilə badımcan dolması yeyənlərin ona rəhmi gəlmirdi...

Gün çeşmədən çəkiləndə naxır gəlirdi. Daha doğrusu, indi naxır yox idi, on-on beş inək vardı. Kəndin girəcəyində inəklər bir-bir dağılışırdılar. Onlar gedib tüstüsü dadlı olan həyətlərin qapısında mələyirdilər. Günün işığı bütün dağlardan çəkiləndə keçəl Səfər, pis söyüşlə, balaca-balaca quzuların anasını söyə-söyə gəlirdi. Keçəl Səfər çobanların ən balacası idi, birinci sinfə o bizimlə getmişdi, ancaq orada cəmisi bircə dərs oturmuşdu. Qulağının dibinəcən keçəl olduğuna görə, ikinci dərs başlananda Səfəri sinifdən çıxarmışdılar və o vaxtdan bəri mən Səfərə paxıllıq eləyirdim. İndi mən Səfərə daha çox paxıllıq eləyirdim, çünki onun xırdaca bir küçüyü də vardı. Küçüyün qulaqları təzəcə kəsilmişdi, hələ Səfər onun quyruğunu da kəsəcəkdi. Bu barədə danışanda Səfər zərrə qədər də qorxmurdu, ancaq mən gecə yatanda da o quyruğun barəsində fikirləşirdim: görəsən, Səfər küçüyün quyruğunu necə ürək eləyib kəsəcəkdi, kaş Səfər küçüyün quyruğunu kəsməyəydi...

Xırdaca küçük dağın döşü ilə quyruğunu oynada-oynada Səfərin dalınca qaçıb gözdən itəndən sonra da mən bir müddət öz yerimdə otururdum. Səfər kəndə enirdi, hər qapının qabağında bir dəfə bərkdən qışqırıb quzuları yiyələrinə tapşırırdı. Sonra quzuların da, Səfərin də səsi kəsilirdi. Sonra dağların döşündəki sarı işığın yerini boz bir kölgə tuturdu – bu vaxt mən dağdan enib, gəldiyim yolla da həyətimizə düşürdüm. Həyətə düşəndən sonra da mən ağacların dalında gizlənə-gizlənə hasar boyunca gedib, alçaq divardan ehmalca küçəyə atılırdım. Sonra küçə qapısını açıb təzədən həyətə girirdim. Mən təzədən həyətə girəndə küçə qapısını bərkdən çırpırdım ki, bibim eşitsin. Çünki mənim harada olmağımı çoban Səfərdən başqa heç kəs bilmirdi. Bibimin də bunu bilməyini istəmirdim. Həm də, mən küçədən nə qədər gec qayıtsam da, bibim bir söz demirdi, çünki onun Yaqubdan zəhləsi gedirdi. Yaqub mənim üstümə bağıranda bibimin bərk acığı tuturdu. O, Yaquba heç nə demirdi, ancaq mənə deyirdi ki, Yaqubun sözünə baxma. Çox vaxt bibim deyirdi ki, o bizə heç qohum deyil, ya da deyirdi: bir balaca ata tərəfdən qohumluğu çatır. Ancaq mən Yaqubun sözünə baxmağa məcbur idim, çünki kimsəsiz olmaq bundan qat-qat pis idi. Hər halda buğda çörəyi ilə badımcan dolması yeyənlər bibimin su vedrəsinə torpaq atmağa cürət eləmirdilər, çünki Yaqub hər məni görəndə üstümə bağırırdı. Bir qapıdan yükü düşürtmək lazım olanda eşşəyin boynunu saxlamaq üçün Yaqub həmişə məni çağırırdı – bunun özü heç də az iş deyildi. Yaqub hamıdan güclü idi, hamıdan canlı idi, həm də bütün uşaqlar ondan qorxurdular. Yaqub mənim üstümə bağırmasaydı, mənə eşşəyin başını saxlatmasaydı, bəlkə də uşaqlar həyətimizə girərdilər, evimizə daş atardılar. Əgər Yaqub burada olsaydı, bəlkə, indi pəncərəmizin şüşələri də sağ-salamat idi, nə olsun ki, onda biz Müküşün evində qalırdıq; o sınıq şüşələrə baxanda mən həmişə bunu fikirləşirdim və Yaqub bizə nə qədər uzaq qohum olsa da, özümə söz verirdim ki, heç vaxt onun sözündən çıxmayım.

Bir dəfə dərsdən çıxıb evə qayıdanda Nabat xalanın göstərdiyi o uzaq dağın başında mən dağ kimi dayanmış bulud gördüm: yəqin ki, “qış” və “qara” deyilən şey o idi. O, doğrudan da dəhşətli idi, doğrudan da bizim kəndin üstünə gəlirdi: bir gecə xəbərsiz-ətərsiz gəldi, göyləri başdan-başa doldurdu, dağları basmarlayıb altına aldı, səhərlərin birində qoz ağacının başında qarğa qarıldayanda mənim onun qart səsindən ilk dəfə xoşum gəlmədi. İlk dəfə mənə elə gəldi ki, qarğa qar istəyir, qarğa qar yağdıra bilər...

Bir axşamçağı bibim işdən qayıdanda kolxoz massivindən bir qalaq gübrə kağızı gətirib, pəncərəmizdəki sınmış şüşələrin boş yerlərini saraltdı. Bir səhər qapımızın qabağındakı qara qarışqa zolağı yoxa çıxdı: onlar öz onillik ruzularını yeməyə getdilər.

Qış başlandı.

Müküşün uçub-dağılmış evindən biz iki dəst yorğan-döşək, bir köhnə palaz parçası, bir ayağı qırıq soba, bir də bir yeddilik çıraq gətirmişdik. Sobanı otağın tən ortasında qurub, sınıq ayağın yerinə bişmiş kərpic qalamışdıq. Yorğan-döşəyi, mən gözümü açandan, eyni küncdə gördüyüm, dədə-babadan qalma böyük sandığın üstünə yığmışdıq. Köhnə palaz parçası torpaq döşəməli evin kiçik bir hissəsini tutmuşdu və Müküşdən qalma yeddilik çıraq o qış bizim öz evimizdə, Müküşün evindən gətirdiyimiz köhnə palaz parçasının üstündə hər axşam yanırdı.

Hər axşam çay-çörəkdən sonra mən dəftər-kitabımı ortaya töküb, lap çırağın dibindəcə özümə məskən salırdım. Bibim məndən bir qədər aralıda çiynini divara söykəyib otururdu; o, yırtıq-yamaq eləyirdi, mən üzüqoylu palazın üstünə sərilib dərslərimi hazırlayırdım. Bəzən bibim də bir kitab açıb dizinin üstünə qoyurdu; biz dinməz-söyləməz oxuyurduq, çıraq səssiz-səmirsiz yanırdı.

Qış vaxtları şamdan sonra bir yerə yığışıb söhbət eləmək, bəzi adamlar üçün, şam yeməyinin özü kimi vacib bir məsələ olduğundan, kənddə bizim evin qapısını da tanıyanlar vardı. Bizə adam gələndə mən dəftər-kitabımı kənara çəkib, çıraqdan bir xeyli aralıda oturmalı olurdum. Bibim də oxuduğu kitabı bükmürdü, onu ağzı üstə çevirib yanına qoyurdu və qonaqlar gedənəcən bibimin fikri-zikri ağzı üstə qoyulmuş kitabın yarımçıq səhifəsində qalırdı.

Bibim nə danışırdı, nə də danışılanlara qulaq asırdı. Ancaq o, arvadların bizə gəlməyindən razı idi. Çünki o qış Nabat xalanın oğlu Yaqub da bizə ayaq açmışdı: arvadlar bizdə olmayanda Yaqubun gəlişi daha pis olurdu. Arvadlar bizdə olmayanda Yaqub bizdə daha çox oturdu, daha çox danışırdı, bu isə bibim üçün çox ağır bir əzab idi.

Gah arvadlar hər gün gəlirdilər, gah da (bərk şaxta olanda) bir neçə gün ara verirdilər. Havalar lap mülayim olanda da onlar soyuqdan büzüşmüş halda içəri girib evin tərifindən söhbətə başlayırdılar, çünki bizim ev dədə-babaların tikdiyi evlərdən idi. Dədə-babaların tikdiyi evlərdə gündə bircə dəfə soba yandırmaq kifayət eləyirdi – bizim evin tərifli cəhəti də elə bu idi.

Evin tərifindən başlanan söhbət yavaş-yavaş uzanıb gedirdi: kəllə qənd yaxşıdır, yoxsa parça qənd? Kimin həyətində daha çox meyvə ağacı var və bu il meyvədən kim nə qədər pul qazanıb?.. Parça qənd Məsmə xalanın ağzında böyüyürdü, Xədicə xala çay yerinə qızılgül dəmləyirdi və onu tut qurusu ilə içirdi. Zivər xalanın çay içməyə tut qurusu da yox idi, beş-altı ərik qurutmuşdu, o da hələ payızda qurtarmışdı...

Arvadlar pensiyalardan daha çox danışırdılar. Onlar bütün kəndi evbəev sayırdılar. Yuxarı məhəllədə pensiya alanlar aşağı məhəllədəkindən çox idi, yaxud aşağı məhəllədə kimsə “fiqtivni” kağız düzəldib pensiyasını artırmışdı. Ölən, oxumuş oğulların analarına guya daha çox pul verirdilər; Məsmə xalanın böyük oğlu belələrindən idi. Söhbət bundan düşəndə Xədicə xala olduğundan yox olurdu, çünki oğlunun oxuyub müəllim olmağına cəmi-cümlətanı bircə il çatmamışdı. Zivər xalanın əsgər gedəsi adamı yerli-dibli olmamışdı. Elə ki pensiyadan söhbət düşürdü o, aşkar dilxor olurdu.

Arvadlar pensiyaya “qan pulu” da deyirdilər, ancaq buradakı “qan” sözünün insan qanı ilə sanki heç bir əlaqəsi yox idi. Necə ki, “çay pulu”, “meyvə pulu”, “yumurta pulu”, – bu sözü arvadlar çox asanlıqla deyirdilər. Hələ Məsmə xala aldığı “qan pulu”ndan hər ay beş-üç manat dala atıb, oğlu üçün toy tədarükü görürdü, çünki o, oğlunun ölməyinə inanmırdı. Öz adamının ölümünə heç kəs inanmırdı, yaxud arvadlar pensiya pulunu rahat xərcləmək üçün özlərini belə göstərirdilər... Axı, “qan pulu” ilə alınan qəndi Məsmə xala necə içə bilərdi – parça qənd olmasın, olsun kəllə qənd?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci fəsil. Yəmən

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

199130 мин
Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 мин
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 мин
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 мин

Стихи других поэтов