Страница 1 из 5

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.

Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

Moskvada təyyarəyə minəndən ta Sənada təyyarədən düşənəcən Əli Ziya bir dəfə də başını qaldırmadan, yol boyu daş kimi yatmışdı: Səfalı müəllimin fikrincə, o səhər o təyyarə vağzalında buna görə Əli Ziyanın kefi saz idi. İlk baxışda çox quru və qaraqabaq adam təsiri bağışlayan Polina Viktorovna bütün yol boyu kitab oxumuşdu, beş-on dəqiqə mürgüləmişdi, ya mürgüləməmişdi ancaq o da o təyyarə meydanında o səhər çox diriydi, gümrah idi, hər halda təyyarədəki qədər ciddi, təkəbbürlü görünmürdü. Səfalı müəllim isə təyyarədə, demək olar ki, heç gözünü də yummamışdı. Yol boyu gah göydəki ulduza baxmışdı, gah yerdəki kənd-şəhərlərin elektrik işığına tamaşa eləmişdi, gah da Əli Ziyaya, Polina Viktorovnaya altdan-altdan göz qoyub, birinin ləzzətlə yatmağına, o birinin ləzzətlə kitab oxumağına ürəyində həsəd aparmışdı. Buna görə, o səhər o təyyarə vağzalında öz nəzərində Səfalı müəllim təxminən bürüşmüş turş heyva kimi bir şey idi. Əli Ziya isə – onunla müqayisədə – ağacdan təzəcə dərilmiş alyanaq almaya bənzəyirdi. Məzələnirdi, ucadan deyib-gülürdü. Elə aeroportdaca qoşduğu o üç-dörd misralıq şeiri hədsiz sevinc və ləzzətlə az qala musiqi üstündə (mahnı kimi) dönə-dönə, təkrar-təkrar oxuyurdu. Alim, mütəfəkkir, böyük ictimai xadim və xüsusilə romançı və dramaturq kimi, necə deyərlər, ala itdən məşhur olan Əli Ziya o xırdaca şeirə görə elə bil öz nəzərində böyümüşdü, öz-özünə vurulmuşdu, məftun olmuşdu. Əslinə qalsa, o bir parça şeirdən, görünür, Səfalı müəllimin də bərk xoşu gəlmişdi – əgər belə olmasaydı, o şeir indiyəcən onun yadında qalmazdı. Ancaq Səfalı müəllimin xatirində o şeirlə bağlı – hər dəfə yada düşəndə adamın ürəyini bulandıran bir qəribə xəcalət hissi də hələ indiyəcən qalırdı: Əli Ziyanın o şeiri – Polini Viktorovnadan ötrü – rus dilinə necə tərcümə eləməyi! O əhvalat yadına düşəndə lap indinin özündə də Səfalı müəllimin əti çimçəşirdi. Niyə, hansı səbəbə çimçəşirdi – bunu Səfalı müəllimin çox güman ki, heç özü də bilmirdi...

Yatmaqdan, yuxulamaqdan vaz keçib, eləcə çarpayıya uzanıb Əli Ziya ilə bağlı köhnə xatirələrlə əlləşən Səfalı müəllimin bu yerdə (birdən-birə burnuna bir qəribə, ürəkbulandıran iy dəydi: başının altındakı balınc üzünün xlor və kraxmalqarışıq iyi idi – bu dünyanın özü qədər təmiz və murdar bir şey... Döşəkağından və ədyalörtüyündən də həmin iy gəlirdi. Səfalı müəllimin ürəyindən keçdi ki, durub balıncın, döşəyin, ədyalın üzünü çıxarıb, balkonda havaya versin. Amma durmadı, tənbəllik elədi. Ya da o Yəmən viranxananın xatirələri Səfalı müəllimin bu niyyətinə zor gəldi.

...Təyyarə vağzalında onları qarşılamaq üçün Sovet səfirliyindən adam göndərmişdilər. O adamın köməyi ilə bir-iki anket-kağız doldurub, rəsmiyyət məsələlərini həll eləyəndən sonra gömrük nəzarətindən də asanca keçib, səfirliyin “Volqa”sında şəhərə yollandılar. Ancaq o yol ya şəhərə həddən çox yaxın idi, ya da aeroportdan şəhərə gedəndə Səfalı müəllimin huşu başında olmamışdı. Hər halda, təyyarə vağzalından mehmanxanayacan o yolda baxılası, görüləsi bir şey olmuşdusa da, o şeydən Səfalı müəllimin yaddaşında bu saat, demək olar ki, heç nə qalmamışdı. Bir-iki torpaq dam, torpaq hasar. Bir-iki evin – kənd arvadlarının gecə köynəyinə bənzər – don geymiş arıq, çəlimsiz kişilər və o kişilərin hamısının böyründən sallanan, bir suyumu orağa oxşayan, qılıncvari silah. Vəssalam, şüttəmam. Hətta az qalıram deyəm ki, elə o Səna şəhərinin özündən də (bütövlükdə) Səfalı müəllimin xatirində qalan bəzi-para bu sayaq əhəmiyyətsiz şeylər idi. Əlbəttə, o həyəti çıxmaq şərtilə. Yəni mehmanxananın həyətini. O nəydi, Pərvərdigara, o bir dünya Buzbulağı o Boz Yəmən göyünün altına o gün kim aparıb qoymuşdu!..

“DUŞ GÖTÜRƏK, YATAQ BİR-İKİ SAAT. SONRA AŞAĞIDA – FOYEDƏ GÖRÜŞƏCƏYİK. BURDA ÇÖRƏYİMİZİ YEYİB, PASOLLUĞA GEDƏCƏYİK”.

O zaman, o Səna şəhərinin mehmanxanasında təzəcə yer alıb yerləşəndən sonra Əli Ziyanın – nümayəndə heyətinin başçısı kimi – öz nömrəsinin qapısı ağzında ucadan bəyan elədiyi bu sözləri indi Səfalı müəllim – sanatoriyanın içindənmi, çölündənmi – haradansa, elə bil bir də eşitdi. Və bu səs onu elə üzdü, elə həyəcanlandırdı ki, Səfalı müəllimin o çarpayıda uzanmağa daha bir saniyəlik də halıhövsələsi qalmadı. O, yerindən sıçrayıb, tələm-tələsik paltarını geyindi. Elə bil bu saat harasa gedəcəkdi. Elə bir Səfalı müəllim burda deyildi, yenə ordaydı: o dördmərtəbəli mehmanxananın üçüncü mərtəbəsində – öz nömrəsində – Səfalı müəllim bayaqdan yatıb qalmışdı. Əli Ziya ilə Polina Viktorovna isə aşağıda, mehmanxana foyesində çoxdan bəri dayanıb – çörək yeməyə getmək üçün – onun yolunu gözləyirdilər.

Səfalı müəllim balkondan gözucu dənizə baxıb, otağa qayıtdı: dənizi, deyəsən, heç görmədi də. Stolun üstündəki qrafinin suyunu çaydana boşaltdı. Tok pilətəsini toka keçirib, çaydanı pilətənin üstünə qoydu. İndi şeylərin yerini dəyişmək olardı... Səfalı müəllim otağın bir küncündə dayanıb, divana, dolabçaya, televizora, soyuducuya xeyli vaxt key-key baxandan sonra, ömründə ilk dəfə bu qərara gəldi ki, bu şeylərin heç birinin yerini dəyişmək lazım deyil. Hətta bundan belə bir düderğayi fəlsəfi nəticə də çıxartdı ki, guya bu dünyada hər şey öz yerindədir: Xızır kişinin yeri Buzbulaqdır. Taryelin yeri Moskvadır və bu sanatoriyanın nəhəng yeməkxanasında Əli Ziyanın yeri də elə məhz oradır – şüşəbəndin o tərəfi, kabab-filan yeyilən yer...

Bəli, bu dünyada hər kəs, hər şey öz yerindəydi. Bəlkə lap Renanın özü də. O tündməcaz Vaska da yəqin ki, haradasa öz yerini tapıb yaşayırdı... Səfalı müəllim bir istədi, çay qaynayanacan, çıxıb Vaska üçün bir-iki yerə də baxsın. Ancaq fikrindən vaz keçdi. Əli Ziya isə elə bil qırsaqqız olub Səfalı müəllimin beyninin içinə yapışmışdı. Bu adamın o Yəməndə heçdən çıxartdığı o oyun indi, neçə illərdən sonra, sanki Səfalı müəllimə təzədən yer eləməyə başlayırdı. Bu haqq-hesab heç o dünyada da Səfalı müəllimin yadından çıxmayacaqdı – buna söz ola bilməzdi. Amma kaş “o dünya” deyilən şey doğrudan da gerçək olaydı və orada Səfalı müəllim Əli Ziya ilə görüşəydi. Deyəydi: ay Əli, ay evi yıxılmış, o nə oyun idi – sən onu o dünyada mənim başıma gətirdin; o nəydi, vəzifə, ad-san qorxusuydu, yoxsa mənnən əvvəldən qəsdi-qərəzliyin vardı... – Bu sualın cavabını Əli Ziyanın dilindən eşitməyə bu saat Səfalı müəllimin bircə Allah bilir ki, nə boyda ehtiyacı vardı. Ancaq bu dünyada yox, məhz o dünyada, çünki həyat Səfalı müəllimi çoxdan inandırmışdı ki, bu dünyadakı bir çox sualların bu dünyada cavabı yoxdur...

Sənin başına dönüm, Səfalı müəllim, axı deyəsən havadan yenə Şekspir iyi gəlir: bu dünyada cavabı olmayan sualları Allaha verə-verə, axırda Allahı da dünyadan, insandan bezdirən Şekspirin!.. İndi o Şekspir yəqin ki, göyün hansı qatındasa – söz yox amfiteatrda – Allahla böyür-böyürə oturub, adına “Yer kürəsi” deyilən bu əndrəbadi teatr səhnəsində “Ölüm, ya olum” – deyə-deyə bədheybətcəsinə başın-gözünə döyən Hamletin düşük hərəkətlərinə baxırdı və o da – Allah-Təala ilə birgə – bəşər övladının bu sayaq sərsəm əməllərinə ucadan qəhqəhə çəkib gülürdü...

Nə Allahın, nə də Şekspirin adına yaraşan belə bir sarsaq mənzərəni ağlına gətirdiyinə görə Səfalı müəllimin özünə bərk acığı tutdu. Divandan qalxıb yenə balkona çıxdı. Dənizin üzü şən idi, özü sakit idi, rahat idi. Beş-altı qız uşağı plyajın yelləncəklərində səssiz-səmirsiz yellənirdi. Gəlmələrdən bir neçə arvad-kişi dənizdə çimirdi. Dənizin lap qırağıyla sahildə bir cavan oğlan qaçırdı. Özü də, deyəsən, Harri Kasparov idi. Hələ Zərnigarın sağlığında da onun buralarda qaçdığını Səfalı müəllim çox görmüşdü. Hətta bir dəfə – dördüncü korpusun qabağında – Harri Kasparov dayanıb Vaskanın başına sığal da çəkmişdi və bu hesaba Zərnigar nəinki bütün günü sevinmişdi, hətta o əhvalatdan sonra düz bir həftə Zərnigar qan təzyiqinin qalxmağından bir dəfə də olsun şikayət eləməmişdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Büllur külqabının nağılı

I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.

197323 мин
Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 мин
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин

Стихи других поэтов