Üçüncü fəsil. Əli Ziya
Страница 3 из 3 · 67%
Səfalı müəllim az qala “hörmətli deputat yoldaşlar!” – deyəcəkdi, çünki bərk qızışmışdı. Hələ Nuhbala bir tərəfə, elə o Şahbalanın özünün də məhz “komsomol kadrosu” olduğunu öz aləmində tam yəqinləşdirəndən sonra institutda rektor işlədiyi illərin niskili Səfalı müəllimin ürəyində birdən-birə yaman qövr eləmişdi; o illəri bir də geri qaytarmaq, o institutda bir də rektor olmaq ümidi ürəkdə təzədən baş qaldırmışdı və elə o ümidin qanadları üstündə də, deyəsən, xəyal Səfalı müəllimi aparıb Ali Sovetin sessiyasına çıxartmışdı... O xəyaldan Səfalı müəllim yaxşı ki, tez ayıldı. Ayılan kimi qarşısındakı divanın üstündə Əli Ziyanın oturduğu yerə baxdı. Ancaq Əli Ziya orda yox idi. Əli Ziya tamam əks tərəfdə – astananın ağzında – pencəyinin yaxasını gen-gen açıb, əlləri ciblərində heykəl kimi dayanmışdı və tağı ölmüş xiyara oxşayan bürüşmüş, saralmış boynunu qabağa uzadıb, deyəsən, Səfalı müəllimə nəsə deməyə hazırlaşırdı.
– Maşallah! Maşallah! – dedi. – Malades, yaman nitq irad elədin, professor! Balam, səndə natiqlik istedadı varmış ki! Biz bunu bəs niyə indiyəcən bilməmişik... Yaxşı döşədin... kolxozun cəmdəyinə. – (Əli Ziya Allah bilir nəyə görə “komsomol” əvəzinə “kolxoz” dedi). – Marksın saqqalını da tamam bihörmət elədin. – Əli Ziya əlini üzünə çəkdi: güya haçansa onun da saqqalı olmuşdu. – İndi gör nə deyirəm sənə. Diqqətli ol, yaxşı eşit: səndən ektremist olmaz, Səfalı, ağlıvı başıva yığ! Kolxoza qarşı... – (yenə kolxoz!) – o cür hücum eləyəndə sən gərək biləsən ki, Qorbaçov da kolxoz şəraitində yetişib, bunu bilmədən komsomolu... – (indi də komsomol) – tənqid eləmək ən azı siyasi sərsəmlikdir, hələ mən siyasi avantüra demirəm. – Dilini çıxarıb, ağzının köpüyünü yalaya-yalaya Əli Ziya bir müddət fikirləşdi. – Bu cür çirkin, dumanlı fikirlər elə əvvəllər də vardı səndə. “Şanlı zəfərə” yazdığın məqalə yadındamı? O məqalədə sən feodalizmin ən tipik qalığı – uzunqulağı sosializmin böyük nailiyyəti – traktordan üstün tutmağa açıq-aşkar cəhd göstərmişdin!.. Göstərmişdin, bəli, göstərmişdin. Ancaq o vaxt mən bu fikirdəydim ki, səni itirmək lazım deyil, səni tərbiyə eləmək, düz yola qaytarmaq lazımdır. Buna görə də, mən səni amerikan posolluğundan geri qaytardım o vaxt. Heyfim gəldi sənə. İstəmədim ki, gedib kapitalizm rəzalətinin içində çürüyəsən. Mən yenə ümid eləmək istəyirəm ki, sən bu ermənipərəstliyindən... – (indi də ermənipərəstlik! Allah, özün kömək ol!) – gec-tez əl çəkəcəksən. Yenidənqurma tərəfdarlarının sırasında özüvə layiqli yer tutacaqsan. Hələlik xudahafiz! – Əli Ziya əllərini şalvarının ciblərindən çıxarıb, pencəyini düymələdi. – Axşam stalovada, ujin eləyəndə, tərbiyəvi söhbətimizi davam etdirərik.
Əli Ziya o astananın ağzından birdən-birə elə bil qeybə çəkildi. Bir müddət Səfalı müəllim elə o astanayaca məzlum-məzlum baxa-baxa qaldı. Sonra durub balkondan dənizə baxdı. Gün təzəcə çəkilib getmişdi. Hava dumduruydu. Dəniz göyüzünə, göyüzü dənizə bənzəyirdi. Bir sözlə, dünya yerindəydi.
...O axşam Səfalı müəllim yeməkxanaya çörək yeməyə getmədi. Yalnız Əli Ziyanın havası otaqdan nisbətən çəkilib gedəndən sonra o, bir qədər özünə gələ bildi. Ayağa durub, “köhnə dostun” çay içdiyi fincan-nəlbəkini isti suda sabunla üç-dörd dəfə yumaqla ürəyinin qurdunu öldürdü. Ancaq ogünkü şam yeməyindən Səfalı müəllim ona görə vaz keçmədi ki, Əli Ziyanın mübarək üzünü bir də görməkdən qorxurdu. Dəhşət burasındaydı ki, özünün haçansa, haradasa, bir vaxt Amerikanın hansı səfirliyindənsə siyasi sığınacaq istəməyinə Səfalı müəllimin özü də, deyəsən, yavaş-yavaş inanmağa başlayırdı!.. Elə bir əhvalat bəlkə doğrudan da olmuşdu, ancaq Yəməndə yox, haradasa başqa bir vilayətdə. Və yaxud o əhvalat elə oradaca – Səna şəhərindəki o dördmərtəbəli mehmanxanada baş vermişdi – ancaq o mehmanxananın nə içində, nə çölündə – haradasa o dördmərtəbəli binanın, tutalım, beşinci mərtəbəsində! Səfalı müəllim, nəhayət, inanmağa başlayırdı ki, dördmərtəbəli evin beşinci mərtəbəsi də ola bilər və o mərtəbədə nə əhvalat desən baş verə bilər: Amerika səfirliyindən siyasi sığınacaq istəməkdən tutmuş, ermənipərəstliyəcən... Buna görə də, Səfalı müəllim gedib o yeməkxanada çörək yeməkdənsə, bir yaxşı duş qəbul eləyib, Əli Ziyadan tamam təmizlənmək istəyirdi. Amma, sən demə, o arada isti su vaxt tapıb kəsilibmiş.
Duş qəbul eləməkdən əli üzülən Səfalı müəllim balkonda yerini rahatlayıb – dənizin təmiz havasından bol-bol uda-uda – kəsilmiş o isti suyu Buzbulağın isti xatirələri ilə əvəz eləmək qərarına gəldi. Və əsərimizin baş qəhrəmanı o balkondan birbaş Buzbulağa baxmaqda ikən, biz də fürsətdən istifadə eləyib, öz gülməli hekayətimizin yeni fəsli üçün ad tapdıq, mövzu fikirləşdik.
Deməli –
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-yemen-ucuncu-fesil-eli-ziya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Dəyirman əhvalatıI**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.