Şuşanın yuxarı hissəsində – Ağadədəli məhəlləsindən üzü-yoxuşa qalxırdın – Azərbaycan yazıçılarının dördmərtəbəli gözəl bir Yaradıcılıq Evi (şuşalılar ora «Yazıçılar Evi» deyirdi) var idi və elə ki, yay başlayırdı, yazıçılar Bakıdan ailələri ilə ora gəlirdilər, dincəlirdilər və yaradıcılıqla məşğul olurdular.

Arsen Allahverdiyan uzun illər idi ki, o Yaradıcılıq Evinin həm komendantı idi, həm təsərrüfat müdiri, həm də gözətçisi, bir sözlə, yay-qış ailəsi ilə birlikdə o Evin birinci mərtəbəsində daimi yaşayan, həm Azərbaycan Yazıçılar İttifaqından aldığı maaşla, həm də Yaradıcılıq Evinin həyətində əkdiyi kartofun qazancı ilə ailəsini dolandıran bir erməni idi.

Bu fani dünyaya varlı bəy ailəsində gəlmiş, sovet hökuməti qurulandan sonra isə Şuşada hamballıq edən Hambal Əsgər bəy, bir dəfə, növbəti yükü daşıyandan sonra Bazar başında dayanıb nəfəsini dərəndə, bir yekə kisə kartof gətirib bazarda satan Arsendən soruşdu:

– Ə, Arsen, «Allahverdiyan» da erməni famili olar? «Verdi» də bizimki, «Allah» da bizimki!

Arsen dedi:

– Ara, Əsgər bəy, niya olmasın? Allax hamının Allaxıdı da!..

Arsenin arvadı Yeva rus idi və deyilənə görə, Arsenin böyük oğlu Vova da, əslində, Yevanın hansısa bir rusdan olan bic oğlu idi, Arsen Yevanı alanda yanında gətirmişdi və doğrudan da, Vovanın sifətində ermənilikdən bir əlamət yox idi, xalis sarışın bir rus, slavyan balası idi, amma Arsenin ikinci oğlu Arkadi sifətdən əsl erməni idi ki, varıydı, çünki, elə bil, Arsen asqıranda, burnundan düşmüşdü.

Və – dünyanın qəribə işləri var – həmin gün ki, Məleykə müəllimə əlində yarımçıq xlor şüşəsi tutub Buzovnadakı Fəhlə Yataqxanasının üçüncü mərtəbəsində o bayraq rəngli qapıya baxa-baxa birdən-birə Surxayın qəzet-jurnal köşkünü yada salmışdı, bax, elə həmin günün axşamı Arsen Allahverdiyan, Şuşada, elektrik olmadığı üçün qaranlıq çökmüş küçə ilə evinə gedirdi. Əslində, Şuşanın özü də bu küçə kimi bomboş idi, düzdü, ordan-burdan gəlmiş erməni ailələri var idi ki, qaçqın düşmüş azərbaycanlıların evlərində yaşayırdılar, amma Arsen onları tanımırdı, tanıdığı, ancaq şuşalı ermənilər idi ki, onların da çoxu ora-bura dağılmışdı – bir-ikisi Yerevanda veyllənirdi, qalanı da Moskvada, Rusiyanın başqa şəhərlərində idi, bacarığı, imkanı, qohumu olan da Avropada, Amerikadaydı.

Arsen ehtiyatla addımlayırdı, çünki Ermənistandan, xüsusən Gorus tərəfdən ermənilər Şuşaya axışıb evlərin, səkilərin daşlarını, elektrik dirəklərini, məftilləri, boruları – nə vardısa, söküb aparırdılar İrana, satdıqlarını satırdılar, qalanından da özləri istifadə edirdi və həmin qaranlıqda Arsen, necə oldusa, həmin o qəzet-jurnal köşkünün qabağında dayandı.

Arsen özü qəzet oxuyan deyildi, amma yayda ki, Azərbaycan yazıçıları Bakıdan Şuşa Yaradıcılıq Evinə gəlirdi, onda hər gün Arsenə pul verib, xahiş edirdilər ki, təzə qəzet alıb gətirsin və Arsen də yoxuşu aşağı enib gəlib Surxaydan qəzet alırdı.

Arsen nə üçün paslı dəmir skleti qalmış o köşkün qabağında dayandı, niyə birdən-birə Surxayı xatırladı (xatırlamağa, yada salmağa o qədər adam vardı ki...) – bunu heç özü də bilmədi və o qaranlıq içində köşkün dəmir skletinə baxa-baxa öz-özünə azərbaycanca soruşdu:

– Ara, Surxay, xardasan indi, ara? Ara, sağsan xeç olmasa?..

Və Arsen Allahverdiyan ayağı çuxura düşməsin deyə, eləcə ehtiyatla addımlaya-addımlaya o qəzet-jurnal köşkündən uzaqlaşdı və qaranlıq içində itməzdən əvvəl bir dəfə də ayaq saxlayıb yenə öz-özünə danışıb azərbaycanca:

– Köpay oğlu, Vova!.. – dedi.

Vova Şuşada deyildi, Yerevanda yaşayırdı və özü də böyük adam olmuşdu, Ermənistanda Daxili İşlər Nazirinin birinci müavini idi. Vova Qarabağı Ermənistana birləşdirmək tələbi ilə odlu-alovlu nitq söyləyəndə, onun qabağında durmaq mümkün deyildi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

I fəsil

(Eysebionun faciəli ölümü haqqındakədərli povest)

6 мин
II fəsil

Çox illər bundan əvvəl – onda hələ Azərbaycanda sovet hökuməti qurulmamışdı– bütün bu yerlər – Buzovnadakı Fəhlə Yataqxanasının həyətinin yuxarı başından üzüaşağı, Yataqxana binasının özünün də tikildiyi ərazi daxil olmaqla, neftxuda

2 мин
III fəsil

Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:– Bay-raq-dar!..

4 мин
IV fəsil

Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.

4 мин

Стихи других поэтов