(Eysebionun faciəli ölümü haqqında

kədərli povest)

– Adam dəli olanda, özü bilmir ki, dəli olub? Hıy?

(Gözlə-Gəlirəm Məmməd kişinin Cümüyə (Qızıl Diş Cümşüdə) verdiyi sual.)

– Nə deyim e, qağa? Üçrəngli bayrağımıza qurban olum! Mən ölüm, bunnan artığını nə deyim? Hıy? Denə, deyim!

(Bi-bi-si müxbirinin: «– Bu bayraq sizin üçün nədir?»– sualına Bayraqdarın verdiyi cavab.)

– Sovet zubulu ilə zarafat eləmək olmaz ha!..

(Cümünün (Qızıl Diş Cümşüdün) söylədiyi kəlam.) ... sonra o həyətdə, elə bil, xəzri, giləvar yox, bir sevinc küləyi əsdi:

– Eysebio gəldi!..

– Eysebio!..

– Eysebio!..

... və o həyətdə gözəl bir futbol oyunu başladı...

... və o zaman o həyəti ilk dəfə görən adam, yəqin, fikirləşərdi ki, burada nə xoşbəxt insanlar yaşayır...

2003-cü il Mayın 28-nə – Azərbaycan Demokratik Respublikasının 85-ci ildönümünə bir gün qalmış, yəni mayın 27-də, axşamçağı, böyük-kiçik – bütün şuşalıların Bayraqdar çağırdığı Surxayın daha sabahı gözləməyə səbri çatmadı, səliqə ilə ağ çitə, üstündən də sellofana büküb çarpayının altında – başqa yer yox idi

– saxladığı bayrağı – müstəqil Azərbaycanın üçrəngli bayrağını – çıxartdı, xüsusi bir həvəslə, ləzzətlə çiti, sellofanı açdı və bayrağı götürüb Buzovna Fəhlə Yataqxanasının həyətinə düşdü, gözünü qıyıb zəndlə qazanxananın damına baxdı.

Birmətrəbəli o köhnə qazanxana həyətin yuxarı başında idi, ondan o tərəfə həyət qurtarırdı və Bakıya gedən şose yol başlayırdı. Surxay Yataqxanada məskunlaşdıqları bu on ildə bayrağı həmişə üçüncü mərtəbədəki evinin (otağının) pəncərəsindən uzadıb asırdı, amma pəncərədən uzanan bayraq bu yerlərin küləyinə dözmürdü, xəzri əsəndə bir tərəfə əyilirdi, gilavar əsəndə o biri tərəfə və Surxay da gündə neçə dəfə o bayrağın səmtini düzəltməli olurdu. Bir müddət bundan əvvəl cani-dildən 28 Mayı gözləyə-gözləyə birdən Surxayın ağlına gəldi ki, bu dəfə bayrağı evin (otağın) pəncərəsindən yox, qazanxananın damında, küncdən assın. Bayraq həm şose yol tərəfdən görünəcəkdi, həm həyətdən, həm də onu orda elə bərkitmək olardı ki, hər dəfə küləyin səmtinə əyilməsin. Surxay belə hesablamışdı ki, Mayın 28-də sübh tezdən durub bayrağı o küncdən asacaq, amma Mayın 28-i yaxınlaşdıqca, çarpayının altındakı o bayraq da Bayraqdarı maqnit kimi özünə çəkirdi, – srağagün dözdü, dünən dözdü, amma bu axşam daha dözə bilmədi və bayrağı götürüb beləcə həyətə endi.

Şose yolun Yataqxananın həyətinə bitişik səkisi boyunca dörd-beş addımdan bir otuz-otuz beş illik tut ağacları əkilmişdi – yeddi-səkkiz ağac idi və o tut ağaclarından biri ilə qazanxananın divarı arasında yarım metrdən də az bir məsafə var idi və Bayraqdar bayraqla birlikdə o tut ağacının yanına getdi.

Bir vaxtlar Bayraqdar bayrağı əlinə alanda, həndəvərdə nə qədər uşaq var idi, onun başına yığılırdı, amma indi həyətdə heç kim yox idi və ümumiyyətlə, elə bil ki, illər ötdükcə o bayrağın da cazibəsi azalırdı və bu barədə – xüsusən gecələr yerinə girib yuxuya getməzdən əvvəl – fikirləşəndə, Surxaya elə gəlirdi ki, elə bil, ürəyində Şuşadan başqa (bəlkə, Şuşadan da betər!), ikinci bir dərd yarğanı da əmələ gəlir.

Surxay əlində tutduğu bayrağa baxdı və birdən-birə ürəyindən belə bir ağrı da keçdi ki, bayraq – bu gözəl bayraq, bu gözəl üçrəngli bayraq qocalıb... Göyünün də, qırmızısının da, yaşılının da rəngi solmuşdu, qotazı tiftiklənmişdi, dəmir ucluğunun nikeli nöqtə-nöqtə orda-burda pas atmışdı, dəstəyinin lakı adda-budda tökülmüşdü və bu bayraq açıq-aşkar deyirdi ki, Surxay, qardaş, daha mən yorulub əldən düşdüm, məni dəyişdir. Elə həmin anda da Bayraqdarın bütün içindən bir vicvicə keçdi, birdən-birə də əməlli-başlı gözləri doldu, çünki Surxay – Bayraqdar belə vəfasız

adam deyildi.

Əvvəlcə Cümünün (Qızıl Diş Cümşüdün) sürdüyü lafetli motorellerin (tırtırın) tırıltısı gəldi, sonra özü görünüb şosedən həyətə buruldu və Cümü əlində bayraq tutub, qazanxananın küncündə dayanmış Surxayı görəndə tırtırı saxladı:

– Nədi, ə, Bayraqdar, bayram bu gündü?

O axşam Buzovnada külək yox idi, xəfif bir yel əsirdi, amma elə o xəfif yel də bəs elədi ki, Cümüdən gələn araq iyi bütün ətrafa yayılsın.

– Hara vurassan?– Cümü soruşdu və motorollerdən düşüb Surxayın yanına gəldi...

– İstəyirəm ora, – Bayraqdar əlini uzadıb qazanxana damının küncünü göstərdi,

– vurum.

– Bə nətər bərkidəssən?

– Odu ha, – Bayraqdar haçansa tut ağacının dibində düşüb qalmış yekə bir kubik parçasını göstərdi, – onu dəstəyin üstünə qoyajam. – Sonra: – Amma o azdı, – dedi.

– Bir-iki yekəsini də tapım gərək.

Cümü, elə bil, bir bəhanə axtarırdı ki, Yataqxananın beşinci mərtəbəsindəki evinə (otağına) getməsin və:

– Qoy, əvvəlcə mən dırmaşım, – deyib, elə bil, çoxdan gözlədiyi əzizi idi, tutun yoğun gövdəsini bağrına basıb yuxarı dırmaşmağa başladı və dırmaşa-dırmaşa da, hıqqandıqca bir az bundan əvvəl Bolelşik Bufetçi İbadullanın bufetində içdiyi 200 qram arağın iyi aləmi başına götürürdü və Bayraqdar üçün bu araq iyi ilə o bayraq bayramı ərəfəsinin gözəl ab-havası arasında tamam bir uyuşmazlıq var idi.

Cümü yuxarı dırmaşıb asanca qazanxananın damına adladı və Surxay bayrağı uzadıb ona verdi, tutun dibindəki yekə kubik qırığını da qaldırıb Cümüyə ötürdü və o tərəf-bu tərəfə baxdı ki, yenə daş tapsın, amma Cümü:

– Burda zubul kimi bir şey var, – dedi. – Qalx, elə onuynan vuraq. Üstünə daş qoymağnan başa gəlməyəjək.

Bayraqdar da tutla dırmaşıb qazanxananın damına çıxdı və Cümü, doğrudan da, Allah bilir nə vaxtdan atılıb damda qalmış, illərdən bəri də paslanmış, amma ucu iti, uzun və nazik zubul kimi bir şey tapmışdı.

Surxay zubulun o tərəfinə-bu tərəfinə baxa-baxa bir az tərəddüdlə:

– Görən paralamaz dəstəyi?– soruşdu.

Cümü:

– Nə bilim, – dedi. – Küləyin öhdəsindən gəlsə, o gələjək. Daş yığmağnan düzələsi iş deyil...

Surxay o nazik, uzun zubulu o tərəf-bu tərəfə çevirərək fikirləşdi ki, elə bunun özünün də başını nikelləmək, həmişəlik dəstəkdə saxlamaq, hər dəfə də istədiyin yerə vurmaq olar və bu qərarından sonra bayrağı qazanxananın damının küncündən uzatdı, Cümü bayrağı tutdu, Surxay da o daş parçası ilə zubulu bayrağın dəstəyinə vurmağa başladı.

Surxay:

– Ə, yavaş ol, buralar dağılıf əldən gedif, – dedi. – Yıxılarsan.

Cümü sidq-ürəkdən:

– Cəhənnəmə yıxılım! – dedi. – Amma, qağa,bu bayrağı gərək remont eləyəsən, qotazını-zadını təzələyəsən...

Bu bədbəxt Cümü – «pyaniskə» olanda nə olar (yaxşı gününə görə içmir ki!) – yaxşı adam idi, onun o «remont» sözü Bayraqdarın xoşuna gəldi. Cümü «gərək bu bayrağı atasan» demədi, «gərək remont eləyəsən» dedi və elə bil 2003-cü il mayın 27-dəki o axşam, Fəhlə Yataqxanasının həyətindəki o qazanxana damında birdən-birə üçbucaq bir doğmalıq əmələ gəldi: Surxay – Bayraq – Cümü.

Surxay:

– Hə, – dedi, – əl gəzdirəjəm.

Cümü zarafatla:

– Sovet zubulu ilə zarafat eləmək olmaz ha!.. – dedi. – Yavaş ol, əlini əzərsən.

Surxay:

– Ə, buna da üçrəngli bayrağ deyərlər! – dedi və o paslı zubul, elə bil, Bayraqdarın o sözlərini eşidib, o ruh yüksəkliyini hiss edib kubik parçası ilə vurula-vurula dəstəyi parçalayıb-eləmədi, amma damın özünün daşları illərin yağışının, küləyinin altında suvaqdan çıxmışdı, tərpənirdi və Bayraqdar nigarançılıqla: – Allah eləməsin, – dedi, – amma bu daşlar bir dəfə burdan kiminsə başına düşəcək.

Cümü:

– Qağa, mən ölüm, onlara tapşır ki, mənim başıma düşsün, – dedi və güldü.

Surxay:

– Mənim tapşırmağımnan olsaydı, elə tapşırardım, sənin o taksini qaytarardılar özünə! – dedi və birdən qorxdu ki, onun bu sözləri qazanxananın üstündə Cümünü kövrəldər, yaxşı olmaz, amma Cümü kövrəlmədi, əksinə, bayrağın duruşunu təriflədi:

– Allah haqqı, əla görünür!..

Surxay:

– Çox sağ ol, – dedi, elə bil, Cümü bayrağı yox, Surxayın özünün əlalığından dəm vururdu, amma o zubul bayrağı, doğrudan da, dama möhkəm bərkitdi və Surxayın da kefi açıq-aşkar kökəldi. – Bu zubulu elə dəstəkdə saxlayajam...

Bolelşik Bufetçi İbadullanın bufetində içdiyi o 200 qram arağın təsiri tamam keçib getməsə də, Cümü ay işığında Bayraqdarın gözlərinin güldüyünü, bütün dərdini-sərini yadından çıxardığını gördü və elə bil, Bayraqdarın içindən gələn o gözgörəti uşaq sevinci Cümüyə də sirayət etdi, Cümü də Buzovna Fəhlə Yataqxanasının həyətindəki o qazanxananın damında sinədolusu yaxşıca bir nəfəs aldı.

Nə müddət idi, Cümünün (Qızıl Diş Cümşüdün) sinəsi beləcə «doydum» deyib, hava ilə dolmamışdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xıx fəsil

Azərbaycanda bir milyondan artıq qaçqın yaşayırdı, bu insanlar Ermənistanın işğal elədiyi torpaqlardan qaçmışdılar, yüzilliklərdən bəri atalarının, babalarının doğulub, yaşayıb və öldüyü, dəfn edildiyi doğma torpaqlarından məcburi köçkün düşmüşdülər. Bu ölkənin əhalisi cəmi səkkiz milyon idi və bu o deyən söz idi ki, Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqın idi və bu da – dünyada analoqu olmayan bir hadisə idi.İzabel Xanukoff artıq üç gün idi ki, Azərbaycanda idi və beş il müddətində dünyanın müxtəlif ölkələrində – Somalidən tutmuş Balkanlaracan – qaçqınlarla çox görüşsə də, növbəti hər görüşün ağır təəssüratı qətiyyən azalmırdı. Azərbaycanda ezamiyyətdə olduğu bu üç gündə də İzabel ölkənin bir neçə bölgəsində qaçqınların çadır düşərgələrində, onların ayrı-ayrı yaşayış məntəqələrində oldu və hər dəfə qaçqın anaların məişətini, qaçqın uşaqların güzəranını görəndə Cenevrə gölünün sahilindəki o sakit, arxayın yaşayış İzabel üçün Corc Lukasın filmləri kimi bir şey idi, başqa bir planetin, başqa sivilizasiyanın həyatına bənzəyirdi.

4 мин
Xx fəsil

O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az qalırdı gülmək tutsun.Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü arvad:

2 мин
Xxı fəsil

Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.

4 мин
Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 мин

Стихи других поэтов