Birinci fəsil
Страница 1 из 2
Qar yağırdı.
Altı gündən sonra, təzə – 1985-ci il gəlirdi, bayaq televizorda deyirdilər ki, Tomsk vilayətinin Kolpaşeva rayonunda 38 dərəcə şaxta var, Yakutiyada isə şaxta 55-i keçib, amma Bakıda bu qış birinci dəfə idi ki, qar yağırdı, o da əməlli-başlı qar deyildi, səki boyu düzülmüş tut ağaclarının budaqlarına düşüb su damcısı olurdu, yerdə, yəni asfaltın üstündə də qalmırdı, təkcə ağacların dibindəki torpaqda bir qat çox narın qar ağarırdı.
Səki boyu düzülmüş həmin çılpaq və yaş tut ağaclarının dibindəki torpaq daşla kiçik kvadrat bir sahəyə salınmışdı və qar yağan həmin cümə günü əllərini paltosunun cibinə salıb küçə ilə üzüyuxarı gedən Əlipaşa çalışırdı ki, o kiçik daş çərçivələrə salınmış kvadrat torpaq sahələrinə baxmasın, çünki indicə evdən çıxanda təsadüfən gözləri ağacların dibindəki bu kiçik torpaq kvadratlarına sataşdı və həmin kvadrat çərçivələr birdən-birə Əlipaşanın ürəyini sıxmağa başladı, daha doğrusu, o kiçik və səliqəli kvadratlar Əlipaşanın ürəyinə bir qəmginlik, bəlkə də, kədərli bir həzinlik gətirməyə başladı; qəribə idi, tələsə-tələsə ora-bura gedən tək-tük adamlı bu boş küçənin nəmliyi, kimsəsizliyi, tut ağaclarının o yaş və çılpaq budaqları, adda-budda o budaqlara qonub, gözlərini yumub boyunlarını bədənlərinə qısmış sərçələrin güzəranı Əlipaşanın ürəyini sıxmırdı, amma ağacların dibindəki bu kiçik kvadrat çərçivələrə salınmış torpaq sahələri ürəyini sıxırdı.
Nəhayət ki, bu gün rəngli televizor alırdılar, amma təqsir o ağac dibindəki torpağın kvadrat çərçivələrində idi, ya nəydisə, ürəkdə sevinc yox idi, bir həzinlik var idi, hətta axtarsan, bir həsrət var idi – nəyin həsrəti idi, kimin həsrəti idi, bilmirdi və Əlipaşa başını qaldırıb bu küçəyə, elə bil ki, rəngli televizorda baxdı; bu dəm rəngli televizor da ağ-qara televizor kimi göstərirdi, yaş asfalt küçədə də, o çılpaq (və üşüm-üşüm üşüyən!) ağaclarda da, o balaca kvadrat torpaq parçalarında da başqa bir rəng yox idi, qar idi, qaranın hardasa bir az tünd, hardasa da bir az açıq kölgəsi idi, bir də ki, o narın qar qatının ağımtıllığı...
Dünən Züleyxa dedi ki, rəngli televizoru sabah, yəni bu cümə günü almaq lazımdı, çünki qabaqdan şənbə, bazar gəlirdi. Əlipaşa da evdə olacaqdı, qış çağıdı, isti xörək yeyə-yeyə, çay içə-içə uşaqlarla bir yerdə oturub rəngli televizora baxacaqdılar.
Dünyanın ən qəribə xasiyyətli adamlarından biri, heç şübhəsiz, Züleyxa idi; düz iki il bundan əvvəl, gecənin yarısı yuxuya getdikləri vaxt Züleyxa birdən çöməlib çarpayıda oturdu və dedi: – «Rəngli televizor almaq lazımdı...» Əlipaşa da yaxşı bilirdi ki, Züleyxa elə-belə söz deyən adam deyil, həmişəki kimi, yüz ölçüb, bir biçib və hərgah bu qərara gəlibsə ki, rəngli televizor almaq lazımdı, deməli, belə də olmalıdı və belə də olacaq; necə ki, pianinonu belə almışdılar, evdəki böyük xalçanı da, soyuducunu da, Züleyxanın dovşan dərisindən kürkünü də, Əlipaşanın əynindəki paltonu da belə almışdılar; Züleyxa yüz ölçmüşdü, bir biçmişdi, qərar vermişdi, pul yığmışdı və almışdı.
Əlipaşa iyirmi altı il idi ki, nəşriyyatda işləyirdi, bu iyirmi altı ilin düz on doqquz ili idi ki, Züleyxa ilə evlənmişdilər və on doqquz da il idi ki, Əlipaşa hər ay nəşriyyatdan aldığı maaşı köpüyünə kimi gətirib Züleyxaya verirdi, çünki evin bütün haqq-hesabına, yemək-içmək işinə Züleyxa baxırdı və vacib bir işdən ötrü təcili pul lazım olanda (misal üçün, nəşriyyatda işləyənlərdən kimsə öldüyü üçün, yaxud kiminsə qohumu öldüyü üçün qəzetdə başsağlığı verməkdən, yaxud 8 Martda bir yerdə işlədikləri qadınlar üçün hədiyyə almaqdan ötrü pul yığılanda və s.) Əlipaşa beş manatı, yaxud səkkiz manatı Züleyxadan alırdı (Züleyxa heç vaxt narazı olmurdu, əksinə, tez qalxıb paltar dolabının yuxarı gözündən lazım olan pulu götürüb Əlipaşaya verirdi, amma, nədənsə, həmin anlarda Əlipaşa özünü günahkar adam kimi hiss edirdi).
Bu dəfə rəngli televizoru almaq əhvalatı bir az ləngidi, yəni gecənin yarısı Züleyxanın verdiyi o qərardan sonra, düz iki il keçmişdi və bunun da səbəbi o idi ki, yayda uşaqları da götürüb Riqa ətrafına gedəcəklər. (Əlipaşa təəccüb etdi: – «Bəs televizor?» Züleyxa: – «Televizorun pulu ayrıdı», – dedi, amma, hər halda, yayda Riqa ətrafına, Yurmalaya getmələri, görünür, rəngli televizorun puluna təsir etmişdi və onun alınmağı da beləcə gecikmişdi.)
Nə isə, iş qurtarandan sonra, nəşriyyatdan evə gəldi, Züleyxa dovğa bişirmişdi, bir də soğanla kartof qızartmışdı, yedi, sonra Züleyxa paltar dolabının yuxarı gözündən qəzetə bükülmüş 800 manat pul götürdü və Əlipaşaya verdi ki, gedib rəngli televizoru alıb gətirsin.
– Yaxşı-yaxşı yoxlat, sonra götür!..
Qızların ikisi – Gülzarla Süsən evdə idi (ikisi də – Sonayla Suğra hələ məktəbdən gəlməmişdilər, dərsdə idilər), cidd-cəhdlə tez-tələsik evdə yır-yığış eləməyə başladılar, on səkkiz il, necə deyərlər, cani-dildən evlərinə xidmət etmiş köhnə «Temp-2» televizorunu güclə yerindən qaldırdılar, aparıb arakəsməyə qoydular (Əlipaşa bazar ertəsi işdən sonra, o vəfalı «Temp-2»ni aparıb köhnə televizorlar qəbul eləyən məntəqəyə verməli idi, əvəzində də nə qədərsə pul alıb gətirməliydi), Əlipaşa da paltosunu geyib təzə televizoru almaq üçün evdən çıxdı.
– Göz qoy a, yaxşı-yaxşı yoxlasınlar!.. – Züleyxa axırıncı dəfə tapşırıq verdi.
Əlipaşanın fikri belə idi ki, trolleybusa minsin, iki dayanacaq gedib düz dükanın qabağında düşsün, o rəngli televizoru tez alıb gətirsin, oturub evdə rahatlansın; sabah şənbə, biri gün də bazar, heç hara getməyəcəkdi, uşaqlarla, Züleyxayla bir yerdə televizora baxacaqdı, radioya qulaq asacaqdı, «Bakı» qəzetini oxuyacaqdı; amma elə ki, evdən çıxdı, elə ki, külək bu sulu qarı üzünə vurdu, nədənsə, trolleybusa minmək istəmədi, bəlkə ona görə ki, işin qurtaran vaxtı idi, trolleybusda basabas olacaqdı? Bəlkə ona görə ki, səhər tezdən işə də trolleybusla gedirdi, axşam işdən qayıdanda da trolleybusla qayıdırdı? Hər nə isə, piyada getməyə başladı.
Qar, deyəsən, get-gedə artırdı, paltosunun yaxasına düşüb bir müddət elə qar kimi də qalırdı, sonra əriyirdi və Əlipaşa qulaqlarında, burnunda qarın zərifliyini, kövrəkliyini hiss edirdi, qar hərdənbir, hətta şərfinin boynuna da düşürdü və bu zaman Əlipaşa qarın soyuqluğunu daha artıq hiss edirdi.
Alacağı rəngli televizorun qiyməti 784 manat idi və Əlipaşa küçə ilə üzüyuxarı gedə-gedə fikirləşirdi ki, görəsən, yerdə qalan 16 manat rəngli televizoru maşına qoyub həyətə gətirmək və beşinci mərtəbəyə qaldırmaq üçün fəhlələrə (hər halda, o boyda televizoru daşımağa, azı, iki fəhlə lazım idi) və sürücüyə çatacaqdı, ya yox? Yəqin çatacaqdı... yəqin Züleyxa fəhlələrin, maşının muzdunu öyrənmişdi ki, pulu bu qədər vermişdi; sonra Əlipaşa fikirləşdi ki, bir fəhlə də götürsə bəsdir, televizorun bir tərəfindən fəhlə yapışar, bir tərəfindən də özü; düzdü, beşinci mərtəbəyə qalxmalıdırlar, amma Əlipaşa da hələ qocalıb əldən düşməmişdi, əlli yaşı gələn il tamam olacaqdı və Əlipaşa burasını, yəni gələn il əlli yaşının tamam olacağını fikirləşəndə yenə gözləri səki boyu düzülmüş o üşüyən tut ağaclarının dibindəki torpağın kvadrat çərçivələrinə sataşdı və ürəyindən yenə də o həzinlik, o həsrət (bəlkə, gizli bir nigarançılıq idi? Amma nəyin nigarançılığı idi?) keçdi.
Yenə şərfin arasından boynuna qar düşdü və o qarın soyuğu elə Əlipaşanın ürəyindəki o həzinliyi, o həsrəti (ya nigarançılığı?) qovub çıxartdı və elə bil, boynuna düşmüş o qar Əlipaşanın təkcə boynuna, bədəninə yox, ürəyinə də bir sərinlik gətirdi, yəni bu mənada ki, ürəyinin həmişəki sakitliyi öz yerinə qayıtdı və Əlipaşa fikirləşdi ki, bazar ertəsi müdir Əlimuxtar müəllimdən icazə alıb işdən bir az tez çıxmaq lazımdır ki, köhnə televizoru aparıb təhvil versin, pulunu da gətirib Züleyxaya versin. Doğrusu, Əlipaşa heç vaxt kənddə, rayonda yaşamamışdı, Bakıda doğulmuşdu, Bakıda böyümüşdü, heç vaxt sevimli inəyi, yaxud sevimli deyək ki, keçisi olmamışdı, amma indi, bu soyuq cümə günü təzə televizor almağa gedə-gedə köhnə televizor barədə fikirləşəndə, bazar ertəsi o köhnə televizoru aparıb təhvil verəcəyini yadına salanda Əlipaşaya elə gəldi ki, elə bil, «Temp-2»ni yox, Azərbaycan yazıçılarının müxtəlif kitablarında oxuduğu kimi, sevimli bir inəyini, ya qoçunu, ya keçisini satmağa aparır; əlbəttə, bu hiss bir az qəmginlik gətirirdi, amma burası da vardı ki, köhnə televizoru – o vəfalı «Temp-2»ni təhvil verib əvəzinə nə qədərsə pul alacaqdı və o pulu gətirib evə verəcəkdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-gul-dedi-bulbule-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara aparır...Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim şerində olduğu kimi, həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri sərtliklə bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət almağı bacaran adam idi.
Bədbəxt şirİnsan təbiətdən nə qədər uzaq düşüb...Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də getmişdi və mən ondan soruşuram:
Yandırır bu ölüm...Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Стихи других поэтов
Böyük Cavidi oxuyarkən*Yer üzündə hər nə qədər insan yaşar,
Guş edin ərzimə yeksər, siz əya pirü cəvanGuş edin ərzimə yeksər, siz əya pirü cəvan,Bircə təmsil gəlib xatirimə, eylüm əyan,
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,