Birinci hissə, 10
5 mart 1803–cü il. Paris. Birinci konsulun iş otağı.
Birinci konsul Napoleon Bonapart divanda, Rusiyanın Fransadakı səfiri onunla üzbəüz kresloda, xarici işlər naziri Taleyran isə yandakı kresloda oturmuşdular.
Napoleon çox mehriban danışırdı:
– Sizdən gizlətmirəm, cənab səfir və istəyirəm ki, sözlərimin səmimiliyinə inanasınız: mən Aleksandra qardaş münasibəti bəsləyirəm. Xahiş edirəm, ona, elə belə də çatdırasınız. Avropanın şərqində Rusiya imperiyası nə qədər qüdrətli olarsa, bir o qədər Fransanın xeyrinədir. Bir tərəfdən ingilislər, bir tərəfdən də Avstriya hər vasitə ilə Rusiya ilə Fransa arasında ixtilaf yaratmağa çalışırlar, çünki bu onların maraqlarına cavab verir. Avropanı bu qoca, bu mühafizəkar imperiyaların iddiasından qurtarmaq lazımdır! Biz – Fransa və Rusiya – biz bunu etməsək, kim edəcək? Mən, qardaşım Aleksandr ilə harda deyirsə və nə zaman deyirsə danışıqlara hazıram. Mən Rusiya ilə gizli, ya açıq müttəfiqlik müqaviləsi bğağlamağa hazıram. Bizim Rusiya ilə bölüşə bilməyəcəyimiz bir şey yoxdur. İngilislər də, Avstriya– Macarıstan da bunu yaxşı bilir və bizim birləşəcəyimizdən qorxur. Mən Aleksandra belə bir birlik və əbədi dostluq təklif edirəm. Rusiyanın maraqları – bizim maraqlarımızdır!
Napoleon ayağa qalxdı. Səfir və Taleyran da ayağa qalxdılar. Səfir təzim edərək:
– Zat-aliləri, – dedi. – Məni qəbul etdiyinizə, eləcə də açıq və səmimi söhbətinizə görə sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Mən sizin dedliklərinizin hamısını əlahəzrət imperator I Aleksandra çatdıracağam və bu missiyanı özüm üçün şərəf hesab edirəm. Zat-alinizin mehribanlığından su-istifadə edib qiymətli vaxtınızı aldığım üçün üzr istəyirəm. İcazənizlə sizi tərk edim.
Napoleon:
– Sağ olun, cənab səfir,– dedi.– Mən sizə çox ümid bəsləyirəm.
Səfir ikinci dəfə təzim edərək otaqdan çıxdı.
Napoleon onun ardınca baxa-baxa:
– Söhbətimiz pis alınmadı…– dedi.
Taleyran yüngülcə təzim edərək:
– Zat-aliləri, siz danışıqlar mizinin arxasında da döyüş meydanındakı general Bonapartsınız…
Napoleon gülümsədi:
– Məni üzümə çox tərifləməyin, Taleyran,– dedi və diqqətlə xarici işlər nazirinin gözlərinin içinə baxdı.– Məni arxamca tərifləyin…
Taleyran gözlərini Napoleonun nəzərləri altından çəkdi və yenə yüngülcə təzim edərək getmək istədi:
– İcazənizlə…
– Dayanın, Taleyran! – Napoleon onu saxladı və əllərini arxasında çarpazlayıb otaqda var-gəl etməyə başladı. – Dayanın…
Napoleon otaqda var-gəl etdikcə, Taleyran nigarançılıq dolu nəzərlərlə ona baxırdı.
Nəhayət, Napoleon eləcə var-gəl edə-edə və Taleyrana baxmayaraq dilləndi:
– Fətəli şaha mənim adımdan məktub hazırlayın.
– Fətəli şaha? – deyə Taleyran təəccüblə soruşdu.
– Bəli!
– Nə məzmunda?
– O, Xəzər dənizini rusların üzünə bağlasın. Rusiya Cənubi Qafqazı götürsə, bununla kifayətləməyəcək, İranın şimal bölgələrini də ələ almaq istəyəcək. Fransa İran ilə Rusiya əleyhinə gizli müqavilə bağlamağı təklif edir. İran Rusiya ilə müharibəyə başlasa, biz hər vasitə ilə Fətəli şaha kömək etməyə hazırıq. Məzmun aydındır?
Taleyran cavab vermədi.
Napoleon hirslə:
– Taleyran, – dedi.– siz istəmirsiz ki, mən güclü olum! Mən bunu bilirəm, Taleyran! Çünki siz Fransanı yox, özünüzü düşünürsünüz! Siz zəif hökmdarın yanında qüdrətli nazir olmaq istəyirsiniz! – Napoleon daha da sürətlə var-gəl etməyə başladı.– Mən niyə sizə dözürəm, Taleyran? Necə bilirsiz?
Taleyran:
– Mən başqa şey barədə düşünürəm, zat-aliləri…– dedi.
– Hansı başqa şeylər barədə? Hə?
– Üzr istəyirəm, zat-aliləri, mən…– Taleyran özünü saxladı və sözünün ardını demədi.
Napoleon bir anlıq ayaq saxlayıb ona baxdı:
– Cəsarət etmirsiz deməyə?!
Taleyran cəsarət etdi:
– Mən siyasi əxlaq barədə düşünürəm, zat-aliləri…
– Nə?– Napoleon heyrətlə xarici işlər nazirinə baxdı.– Siyasi əxlaq barədə düşünürsüz? – Və sürətlə addımlayaraq düz Taleyranın qarşısında dayanıb gözlərini altdan yuxarı onun sifətinə zillədi.– Sizin siyasi əxlaqdan danışmağa haqqınız çatır?! Taleyran təzim edib:
– İcazənizlə…– dedi və çevrilib axsaya-axsaya qapıya tərəf getdi.
Napoleon onun ardınca:
– Məktubu gözləyirəm, Taleyran!– dedi.
Taleyran otaqdan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-10
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dağlar arası əyri-üyrü uzanıb gedən dolanbac Molla Nəsrəddin yolu ilə üzüyuxarı– Şuşa qalasına doğru karvan qalxırdı və o karvan dəvələrinin aram-aram atdıqları addımlar, elə bil, o Şuşa dağlarının təmkininin davamı idi… Qala divarının qarşısında oynaşan bir dəstə uşaq aşağıdan qalxan o karvanı görüb çığır-bağır saldı:
Birinci hissə, 6İbrahim xan Şuşa iqamətgahında Axund Mirmöhsün ağa ilə bərabər nargilə çəkirdi və hiss olunurdu ki, xan fikirli, qayğılıdır.Xan nargilədən dərin bir qüllab vurub:
Birinci hissə, 7O gözəl tirmənin naxışları, elə bil, Qarabağ dağlarının rəngindən, ətrindən xəbər verirdi...… Tuba xanım bir-iki qaravaşı ilə döşəkçənin üstündə oturub o tirmənin naxışlarını toxuyurdu…
Birinci hissə, 8Bir nəfər Şuşanın sal daşdan salınmış və gecənin qaranlığında tamam kimsəsizləmiş küçəsi ilə tələsik addımlarla addımlayırdı.O, küçəni burulub xəfif ay işığında qaraltısı aydın seçilən köhnə Alban kilsəsinin xarabalığına tərəf getdi və kilsənin girəcəyində qəfildən qaranlıqdan çıxan bir adam onun qarşısını kəsdi:
Стихи других поэтов
Müşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm
Bu mənim cismimdəki zəhmətlərim ol can bilürBu mənim cismimdəki zəhmətlərim ol can bilür,Mənə hicran etdigin ol dilbəri-canan bilür.
TəbəssümDünən gecəsinəmin ağrısından oyandım:
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım