5. Tonqal
Страница 4 из 8 · 38%
Sonra yenə də gəlib professorun yanında dayandı və birdən-birə hiss etdiyi soyuqdan əsə-əsə, çənəsi-çənəsinə dəyə-dəyə meyitlərə baxarkən, professor Zilberin müayinəsinə nəzarət edərkən o gecə çağı müvəkkilin ürəyində düşmənlərə qarşı elə bir qəzəb yarandı ki, əksinqilaba və xalq düşmənlərinə qarşı bu uzun illərin amansız mübarizəsində heç vaxt bu dərəcədə qəzəb, kin-küdurət hiss etməmişdi.
Həmin gecə hamını, ilk növbədə isə professor Zilberi və onun həmkarlarını sarsıdan, hətta taundan da daha artıq dəhşətə gətirən hadisə bu oldu ki, qəbirdən çıxarılan dördüncü meyitin – bu, beş gün bundan əvvəl taundan həlak olmuş faytonçu Ovanes kişinin meyiti idi– döş qəfəsində bıçaq yarası tapıldı. Professor Zilber nöyüt lampasının işığında o bıçaq yarasını diqqətlə müayinə etdi: heç bir şübhə yox idi ki, meyit basdırılandan sonra, qəbri açıb döş qəfəsini zədələmişdilər.
Həmin gecə başqa bir neçə meyitdə də bu cür bıçaq yaraları tapıldı və o meyitlərin, demək olar ki, hamısında ya döş qəfəsi, ya da qarın nahiyəsi zədələnmişdi. Professor Zilber nə elmi ədəbiyyatda belə şey oxumuşdu, nə də ömründə belə bir hadisəyə təsadüf etmişdi və o gecə yarısı qarın nahiyəsi kəsilmiş növbəti meyiti müayinə edə-edə heç nə başa düşə bilmirdi, eyni zamanda, əlbəttə, müvəkkilin sözlərinə də («Taunu zəhmətkeş xalqın arasında kulaklar, əksinqilabçılar yayıb. Bütün bunların arxasında ingilislər dayanıb! Zəhmətkeş xalqların qəddar düşməni beynəlxalq kapitalizm dayanıb!») inana bilmirdi.
Professor Zilber neçə gün Hadrutda bir yerdə olduqları bu adamın – Murad İldırımlının yorulmazlığına, cəsurluğuna hörmət edirdi, amma onun kor-koranə nifrətdən doğan fantastik fikirlərini də qəbul edə bilmirdi. Hərgah düşmən gəlib bu qəbirləri açırsa, meyitləri çıxarıb kəsirsə, yaymaq üçün müəyyən miqdarda hüceyrələr götürürsə, axı, ilk növbədə onun özü özünü ölümə məhkum edirdi; hərgah bu düşmən yüksək ixtisaslı mütəxəssis deyildisə, taunlu meyitləri kəsərkən mütləq özü də yoluxmalı idi, həlak olmalı idi. Müvəkkilin fərziyyəsinə görə bu alçaq işlə məşğul olanlar İran, Türkiyə sərhədini keçib gəlmiş müsavatçı millətçilər, monarxist ünsürlər, daşnaklar, ingilis casusları, eyni zamanda, yeni həyatın, kollektivləşdirmənin qəti əleyhdarları olan yerli kulaklar, qonşu rayonlardan gizlincə Hadruta gəlmiş xalq düşmənləri idi. Hərgah bu, doğrudan da, belə idisə, həmin müsavatçılardan, daşnaklardan, monarxçılardan, casuslardan, gəlmələrdən, heç olmasa, bir neçəsi mütləq ölənlərin arasında olmalı idi. Taundan həlak olanlar isə yalnız və yalnız Hadrut camaatı və yaxın üç erməni kəndinin sakinləri idi, tanınmayan, bilinməyən, adamsız, qohumsuz meyit yox idi, əksinə, camaat ailə-ailə taundan gedirdi. O biri tərəfdən isə qəbirlərin açılması, bir neçə taunlu meyitin bıçaqla zədələnməsi göz qabağında idi.
Bir müddət keçəcəkdi, bakterioloji dəstənin, elə bil ki, insan qüvvəsindən xaric olan bir işgüzarlığının nəticəsində Hadrutdakı taun fironluğunun sona yetməyinə az qalacaqdı və o zaman tamam təsadüfən professor Zilberə aydın olacaqdı ki, bəzi qəbirlərin açılması, meyitlərin bıçaqla zədələnməsi, yerli türkəçarəçilərin əməli imiş – guya, taun həmin bıçaqdan qorxub çəkiləcəkmiş; türkəçarəçilər də öz üsulları ilə tauna qarşı gizli mübarizə aparırmışlar və bu mübarizə onlara baha başa gəlib, hamısı meyitlərdən yoluxub taundan həlak olublar...
Həmin gecə nöyüt lampasının zəif işığında professor Zilber meyitlərin hansı bədən üzvündən və nə həcmdə hüceyrələr qoparıldığını müayinə edə bilmirdi, amma elə bu bıçaq təmasının özü kifayət idi ki, taun, misal üçün, bu bəd əməllə məşğul olan adamın paltarına keçsin; parça isə taun mikroblarının inkişafı və yayılması üçün gözəl münbit bir zəmin idi. Əlbəttə, təcili tədbir görmək lazım idi.
Professor Zilber səhər saat beşdə gəlib Hadrutda qaldığı otağa çatdı, arxası üstə çarpayıya sərildi, amma heç on dəqiqə də yata bilmədi, yerində o tərəf-bu tərəfə çevrildi, səhər açılanda– Zilberin yaşadığı o kiçik məktəb sinfinin pəncərəsindən başı qarlı dağlar təzəcə görünməyə başlayanda Bakıdan Azərbaycan SSR Xalq Komissarları Sovetinin teleqramı gəldi; professoru geniş məlumat vermək və xüsusi tədbirlər planı hazırlamaq üçün təcili Bakıya çağırırdılar. Baş Siyasi İdarə müvəkkilinin Bakıya göndərdiyi məlumat öz işini görmüşdü.
Elə yolda ikən professor Zilber yeddi bənddən ibarət plan hazırladı və həmin plan Bakıda Azərbaycan SSR Baş Siyasi İdarəsinin rəisi, Azərbaycan çekistlərinin sınanmış rəhbəri Mir Cəfər Bağırovun iştirakı ilə Xalq Komissarları Sovetinin xüsusi iclasında diqqətlə, hərtərəfli müzakirə edildi və təsdiq olundu. Plan bundan ibarət idi:
Xəstəlik olan rayon ordu ilə əhatə olunmalıdır ki, kimsə taunu yoluxdura biləcək bir şeyi kənara çıxara bilməsin.
Bütün meyitlər yandırılmalıdır.
Bütün rayon əhalisi üçün isti çadırlar və alt paltarlarından tutmuş üst paltarına, ayaqqabıyacan tam geyim komplekti göndərilməlidir.
Bütün əhali çılpaq soyundurulmalı, göndərilmiş paltarlarla geyindirilməli və evlərindən çadırlara köçürülməlidirlər. Bu əməliyyat ciddi nəzarət altında olmalıdır ki, heç kim təzə paltarına taunlu paltarın mikrobunu keçirməsin. Əyindən çıxarılmış paltarın hamısı həmin şəxslərin öz evində qalmalıdır.
Evlərdən çadırlara köçürülmə zamanı taunlu xəstələrlə birinci dərəcəli və ikinci dərəcəli təmasda olan şəxslərin hamısının təcrid edilməsi təmin olunsun.
Epidemiya yayılmış əraziyə kimyəvi dəstələr göndərilməlidir ki, onlar bütün binaları, tikintiləri xlorpikrinlə dezinfeksiya etsinlər. Xlorpikrin – taun zamanı ən yaxşı dezinfeksiya vasitələrindən biridir: taun mikrobunu, bitləri, gəmiriciləri məhv edir və beləliklə, infeksiyanın insana keçməsinin qarşısını alır.
Epidemiya baş vermiş rayona həkim-gigiyena dəstələri göndərilməlidir.
İclas qurtardıqdan sonra, professor Zilber otaqdan çıxmaq istərkən Azərbaycan SSR Baş Siyasi İdarəsinin rəisi Mir Cəfər Bağırov onun qarşısında dayandı və bir neçə an zəndlə professorun gözlərinin içinə baxdı. Bu qaraqabaq, ömründə, elə bil ki, heç vaxt gülümsəməmiş, dodaqlarından heç vaxt təbəssüm qaçmamış ciddi adam indicə qurtaran iclasda çox az danışırdı, amma professor Zilber burasına da fikir vermişdi ki, Baş Siyasi İdarə rəisi az danışsa da, nə deyirdisə, dərhal qəbul olunurdu, başqa komissarlar, o cümlədən, Xalq Komissarları Sovetinin sədri bəzən Hadrutda tauna qarşı mübarizə ilə əlaqədar ayrı-ayrı məsələlər barədə bir-birləri ilə mübahisə etsələr də, bu qaradinməz adamın təklifləri ilə bağlı heç bir etirazlarını bildirmirdilər. Görünür, son günlər yalnız və yalnız taunla məşğul olduğu üçün, birdən-birə professor Zilberə elə gəldi ki, Mir Cəfər Bağırovun girdə çeşmək şüşələrinin arxasından baxan gözlərində də bir taun zəhmi var.
Professor Zilber keçirdiyi bu xoşagəlməz hissdən və bənzətmədən diksindi. Mir Cəfər Bağırov isə kobud barmağı ilə hədələyə-hədələyə o bir neçə anlıq sükutu pozdu:
– Smotrite, professor, mı sledim za vsem xodom sobıtiy! A vas mı toje xoroşo znayem! İmeyte eto v vidu! I ne zabıvayte konsperasiyu! Konsperasiya obyazatelna!
Professor Zilber nəsə demək istədi, amma heç nə demədi və yalnız ona görə yox ki, yorğun idi, ona görə də yox ki, Hadrutdan nigaran idi və ora tez qayıtmaq istəyirdi, adicə olaraq boş-boşuna danışmağa və mübahisə etməyə vaxtı və həvəsi yox idi; həm də ona görə ki, elə bil, Mir Cəfər Bağırovun girdə çeşmək şüşələrinin arxasından baxan gözlərindəki o taun zəhmi bu adama etiraz etməyə, bu adama cavab qaytarmağa imkan vermirdi.
Professor Zilberə tapşırmışdılar ki, Hadrutdakı taun epidemiyasını gizlin saxlamaq üçün, yəni konsperasiya məqsədilə Bakıya göndərdiyi bütün rəsmi xəbərlərdə, məlumatlarda (qeyri-rəsmi, yəni şəxsi məktublaşmada isə bu barədə bir söz demək qəti qadağan idi!) «taun» sözünü «filiz» sözü ilə (rusca «ruda» sözü ilə) əvəz etsin və Hadrutdakı o cəhənnəm əzabı içində bu «filiz» sözünün mənasızlığı və məntiqsizliyi də professor Zilberi bir tərəfdən təngidirdi, bəzən bu söz onu çaşdırırdı və yorğunluq-arğınlıq içində bir məlumatı iki dəfə, hətta üç dəfə yazmalı olurdu. İş o yerə gəlib çatmışdı ki, stansiyadakı nümayəndələr də tələb edirdilər ki, arayışlardakı «taun» sözü «filiz»lə əvəz edilsin və bir dəfə professor Zilber nümayəndələrə göndərdiyi növbəti arayışda nəzərdən qaçırıb «taun» sözünü yazanda, nümayəndələr onu stansiyaya çağırdılar: professor Zilber ayaq üstə vaqonun qabağında dayandı, Xalq Səhiyyə Komissarlığının və Mərkəzi İcraiyyə Komitəsinin nümayəndələri isə, taunun qorxusundan vaqondan çıxmağa (yaxud professor Zilberi vaqona çağırmağa) cürət eləməyərək, başlarını vaqon pəncərəsindən çıxarıb bir-birilərinə macal vermədən onun üstünə qışqırmağa başladılar, hətta az qaldı ki, professor Zilberi düşmən və təxribatçı elan etsinlər...
Azərbaycan SSR Xalq Komissarları Sovetindəki həmin iclasdan sonra, dərhal Hadruta qayıdan professor Zilber Mir Cəfər Bağırovla o cürə üzbəüz dayanmağını hərdənbir yadına salırdı, onun girdə çeşmək şüşələrinin arxasından baxan gözlərini, elə bil, yenidən görürdü və öz-özünə fikirləşirdi ki, vay o günə ki, belə bir adam hakimiyyət başına keçə...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-5-tonqal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.
Birinci hissə, VGecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.
Birinci hissə, VIİndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.
Birinci hissə, VIIYunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:
Стихи других поэтов
Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
AyrılmayaqXəyalın yanımda, sən uzaqdasan,Hicranın yolları ömür qədərdir.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.