5. Tonqal
Страница 5 из 8 · 50%
Hadrutla bağlı ətraf rayonlarda cürbəcür şayiələr gəzirdi və Şuşaya da xəbər yayılmışdı ki, Hadrutu bağlayıblar, o tərəflərə heç kimi buraxmırlar və deyirdilər bu, guya ona görə idi ki, Hadrutda bir dəstə düşmən ifşa olunub, kollektivləşməyə qarşı ziyançılıq işləri ilə məşğul imişlər və guya indi onların bütün rayon üzrə istintaqı gedir.
Xosrov müəllimin bütün fikri-zikri seminarın gedişatında idi və əvvəlcə bu şayiələrə fikir vermirdi:düşmənləri ifşa etmək indi adi bir iş idi və bundan ötrü bütün rayonu bağlamaq, əlbəttə, boş söz idi, hətta boş söz olmasaydı da, Xosrov müəllimin Hadrutda düşmən kimi ifşa ediləsi bir adamı yox idi; altı yaşlı Cəfər idi, dörd yaşlı Aslan idi, iki yaşlı Azər idi, bir də ki, Şirin idi və Azərbaycanda doqquz il idi Sovet hakimiyyəti qurulmuşdu, hələ ki, altı yaşında, dörd yaşında, iki yaşında düşmən ifşa olunmamışdı... Amma elə ki, Xosrov müəllim daha Şuşada bazar başında faytonçu Ovanesi görmədi, elə ki, Hadrutla bütün əlaqələr doğrudan da kəsildi, Xosrov müəllimin ürəyində sızıltısını bütün ömrü boyu unutmadığı bir nigarançılıq baç qaldırdı və həmin nigarançılıq onu seminarın işini yarımçıq buraxmağa, heç bir icazə almadan Hadruta qayıtmağa məcbur etdi.
Səhər tezdən Şuşadan çıxıb yoldakı faytonlara, arabalara minə-minə axşamüstü gəlib Hadrut yaxınlıqlarına çıxan Xosrov müəllim uzaqdan yamac boyu yolu kəsmiş qızıl əsgərləri gördü; qızıl əsgərlər Hadruta getmək istəyən faytonları, arabaları, atlıları, çiyni xurcunlu piyada adamları saxlayıb geri qaytarırdılar.
Xosrov müəllimə elə gəlirdi ki, bütün bunların ona dəxli yoxdu, bütün Hadrut onu tanıyır, onun Hadrutda üç uşağı, arvadı qalıb və heç kim onu Hadruta buraxmaya bilməz; yolun ortasına, kənarlarına doluşmuş, faytonların, arabaların, atların, eşşəklərin arasına yığışmış, dostları, yaxınları, doğmaları Hadrutda olan nigaran adamların içindən keçib qızıl əsgərlərə yaxınlaşdı, rəislərini soruşdu və nə dedisə də, özünü necə təqdim etdisə də, milliyətcə əsasən rus olan qızıl əsgərlər ancaq bir sözlə cavab verdilər:
– Nelzya!.. V Qadrut nelzya!..
– Ya je tam jivu! Tam moya semya, moi deti, moya jena!
– Nelzya!..
– Poçemu? Poçemu nelzya? Xot obyasnite!
– Nelzya!..
Əlbəttə, o zaman Xosrov müəllim bilmirdi ki, bu cavan qızıl əsgərlərə Hadruta gəlmək istəyən adamlarla söhbət etmək, Hadrutdakı hadisələr barədə bir söz demək qəti qadağan olunub (heç o cavan qızıl əsgərlərin də çoxunun Hadrutda, həqiqətən, nə baş verdiyindən xəbərləri yox idi);düzdü, Xosrov müəllim bunu bilmirdi və çox dərin bir nigarançılıq keçirirdi, amma onun o nigarançılığı, narahatlığı Hadrut müsibətinin yanında bir heç idi, Xosrov müəllim hələ bilmirdi ki, necə bir faciənin içindədi, bu faciənin əsl dəhşəti o zaman onun heç ağlına gəlmirdi...
Amma nə isə baş vermişdi, nə isə çox ciddi bir hadisə olmuşdu, amma bu mürəkkəb dövrün, bu amansız zəmanənin özündə belə, altı yaşında, dörd yaşında, iki yaşında uşağın, bu uşaqların anasının başına nə gələ bilərdi? Qəribə idi, Xosrov müəllim yalnız baş verə biləcək siyasi hadisələr barədə düşünürdü, təbii fəlakət, misal üçün, yanğın, zəlzələ, heç ağlına da gəlmirdi.
– Posluşayte, ya uçitel, prepodayu russkiy yazık! Sprosite lyuboqo qartrudtsa! Vse znayut menya! Pozvonite v ispolkom, pozvonite rukovoditelyam rayona, vse menya znayut!
– Nelzya!.. V Qadrut nelzya!..
– No poçemu? Poçemu nelzya? V çyem priçina? Mojet moqu bıt poleznım? Ya je prepodavatel russkoqo yazıka!
– Nelzya!..
Bu axşam evlərinə çatmağına ümidini, az qala, tamam itirmiş Xosrov müəllim yolu bağlamış yolbəndin o tərəfində qızıl əsgərlərdən birinə yaxınlaşıb nəsə deyən Qırmızı Yaqubu gördü. Qırmızı Yaqubun sifətinin rəngi, əslində, solğun idi və ümumiyyətlə, bədəncə zəif bir adam idi, inqilabdan əvvəl bütün bu tərəflərin məşhur nalbəndi idi, sonra zəhmətkeş sinfin nümayəndəsi kimi partiyaya keçdi, Qırmızı Yaqub oldu və həmin 1929-cu ildə Hadrut qəsəbə sovetində katib işləyirdi. Xosrov müəllim Qırmızı Yaqubu görəndə, elə bil ki, o axşamçağı gözlərinə işıq gəldi.
– Yaqub yoldaş! Yaqub yoldaş!
Qırmızı Yaqub Xosrov müəllimə tərəf baxdı. Xosrov müəllim kepkasını yuxarı qaldırdı, şərfini çənəsinin üstündən aşağı çəkdi:
– Mənəm də, Yaqub yoldaş! Tanımadın məni? Xosrov müəlliməm də!.. Uçiteləm!..
Qırmızı Yaqub o cavan qızıl əsgərdən ayrılıb yolbəndin yanına gəldi və Xosrov müəllimlə üzbəüz dayandı:
– Niyə tanımıram! – dedi və Xosrov müəllim Qırmızı Yaqubun səsində dünyanın ən dərin bir kədərini hiss etdi və bax, elə həmin dəqiqə Xosrov müəllimin içindəki o nigarançılıq dəhşətli bir qorxu hissinə çevrildi, ürəyi ən bəd bir xəbər ərəfəsində şiddətlə döyünməyə başladı və Xosrov müəllim sonralar da uzun ömrü boyu Qırmızı Yaqubla həmin üzbəüz məqamı xatırlayanda, ürəyi eləcə şiddətlə döyünürdü, elə bil ki, yenə heç nə bilmirdi və o dəhşətli xəbərin ərəfəsində idi; Qırmızı Yaqubun səsi də dəyişmişdi və cansızlığına, çəlimsizliyinə baxmayaraq, amiranə danışan, özünü yeni hökumətin inanılmış nümayəndəsi hesab eləyən bu adam indi, elə bil ki, başqalaşmışdı, yenə də əvvəlki adi nalbənd olmuşdu; yox, bu, düşmən-zad əhvalatı deyildi.
– Tanıdın? Bəs niyə buraxdırmırsan məni?
– Getmə, uçitel, getməli yer deyil Hadrut!..
– Niyə?– Bu sualı Xosrov müəllim vermədi, yox, bu – ərəfəsində olduğu o dəhşətin səsi idi, o dəhşətin sualı idi.
Hadrutun bütün aktivinə, o cümlədən də Qırmızı Yaquba tapşırıq belə idi ki, taun haqqında bir kəlmə də söz demək olmazdı və Qırmızı Yaqubun gəlib bu yolbəndin arxasından Xosrov müəllimlə danışmağının özü də təlimatı pozmaq idi, bunun üstündə onu güllələyə bilərdilər, amma Qırmızı Yaqub Xosrov müəllimi beləcə yolbəndin ardında qoyub gedə bilmirdi, bu bolşeviki də qəhər boğurdu.
– Soruşma, uçitel, soruşma...
– Nə olub axı?!
– Başını götür, get, uçitel, qaç buralardan! Bir də ömründə heç vaxt bu tərəflərə gəlmə!..
– Sən nə danışırsan, a kişi?! Mənim orda üç balam var, ailəm var! Heç bilirsən nə danışırsan?!– Xosrov müəllim iki əli ilə yolbəndin üstündən Qırmızı Yaqubun şinelinin yaxasından yapışdı, silkələməyə başladı və silkələdikcə də o şinelin içindəki bədənin cansızlığını, yüngüllüyünü hiss etdi, hətta Xosrov müəllimə elə gəldi ki, bu saat buraxmasa, bu adam ölə bilər – əlləri süst yanına düşdü və tamam ümidsiz bir səslə: – Axı, mənim orda... – təkrar etdi, – mənim orda üç balam var, ailəm var...
– Yoxdu, uçitel, sənin daha orda heç kimin yoxdu!.. – Və Qırmızı Yaqub daha o axşamüstü, Xosrov müəllimin böyüyüb, az qala, hədəqəsindən çıxacaq gözlərinə baxa bilmədi, arxaya çevrilib yorğun addımlarla yolbəndin yanından uzaqlaşdı.
Qırmızı Yaqub işin içində idi, Hadrutda taundan həlak olanların hamısını tanıyırdı və yaxşı bilirdi ki, Xosrov müəllimin oğlanlarının üçü də, arvadı da dalbadal həlak olublar...
Qızıl əsgərlərin komandirlərindən biri şübhə ilə Qırmızı Yaquba tərəf baxırdı və bu adamın təlimatı pozub, indicə yolbəndin yanında Hadruta gəlmək istəyənlərdən biri ilə danışdığını görmüşdü, amma o şübhəli baxışlar daha Qırmızı Yaqubun vecinə deyildi və ayaqları onu cəhənnəmin içinə – Hadruta sürüyürdü...
Bakıdan yenicə qayıtmış professor Lev Aleksandroviç Zilber həmin gecə o qədər yorğun idi ki, ayaq üstündə güclə dayanırdı, hərdən ona elə gəlirdi ki, bu saat yıxılacaq və yatacaq və o yuxudan heç vaxt oyanmayacaq; bu yuxu hissi uzun müddət əzab-əziyyət içində susuzluqdan yanmış bir adamın birdən-birə suya rast gəlməsinə və həmin sudan içdikcə içməsinə, doymaq bilməməsinə bənzəyirdi və buna görə də professor Zilber özü də təəccüb edirdi ki, bədəninin bütün hüceyrələrini zəbt etmiş o yuxu istəyinə necə dözür.
Odundan və meyitlərdən ibarət o nəhəng ocağın alovu get-gedə artdıqca, bu alovun işığı gecənin, elə bil ki, qapqara şam kimi qaranlığını əridib bütün ətrafa şölə saçdıqca, professor Zilberin yuxusu qaçırdı və o dəm onun gözləri yuxusuzluqdan, yorğunluqdan yox, gecənin xəncər kimi kəsən sazağında uzaq məsafədən də istisi get-gedə daha artıq hiss olunan o ocaq şöləsinin gətirdiyi sonsuz kədər hissindən qıyılırdı.
Odunların üstünə qalanmış meyitlərin ən yuxarısındakı həkim Xudyakovun cəsədi idi və tonqalın alovu şölələndikcə bir kənarda dayanıb həyəcandan dizləri əsə-əsə, ürəkləri döyünə-döyünə o dəhşətli tonqala tamaşa eləyən yerli partiya və komsomol fəalları həkim Xudyakovu o saat tanıdı. Faytonçu Ovanesin qapıbir qonşusu olan bu xeyirxah, xoşsifət, gözütox, ziyalı adam partiya işçilərini, komsomolçuları da az müalicə etməmişdi və indi bu adamın özünün tonqalda beləcə yanması, o bir qalaq meyitin üstündə birinci olması, elə bil ki, o gecə o tonqalın qorxusunu, vahiməsini daha da artırırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-5-tonqal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.
Birinci hissə, VGecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.
Birinci hissə, VIİndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.
Birinci hissə, VIIYunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:
Стихи других поэтов
Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
AyrılmayaqXəyalın yanımda, sən uzaqdasan,Hicranın yolları ömür qədərdir.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.