5. Tonqal
Страница 7 из 8 · 75%
Həmin sazaqlı gecədə, o tonqalın kənarında özü qərara aldığı kimi, həyatının son saatlarını yaşayan Murad İldırımlının bütün bədəni qızdırma içində yanırdı, amma taunun qamarladığı beyninə indi (və ümumiyyətlə...) yalnız dəhşətli bir qəzəb hakim idi: düşmənə qarşı qəzəb; bir də, əlbəttə, bir təəssüf hissi var idi: düşmənlərlə, banditlərlə atışmalarda qurban getmiş bir çox silah dostları kimi, o da mübarizəni sona kimi davam etdirə bilmədi. Amma bunun fərqi yox idi, fəhlə və kəndli hakimiyyəti qalib hakimiyyət idi, heç bir tauna baxmayaraq, kommunizm qurulacaqdı!.. Gələcək kommunizmin idi!.. Vladimir İliç Lenin beş il bundan əvvəl vəfat etmişdi, amma bunun da fərqi yox idi, gələcək – Vladimir İliç Leninin idi!..
Tonqalın alovu o gecəyarısı sükut içində dövrə vurub dayanmış sanitarların, həkimlərin, bakterioloqların, rəhbər rayon işçilərinin sifətini işıqlandırmışdı və yaşları, rəngləri, quruluşları bir-birindən tamam seçilən o sifətlər indi eyni bir kədər içində donub qalmışdı. Səs ancaq tonqaldan gəlirdi:odunlar çıqqaçıq yanırdı və hər dəfə də ocaqdan gələn bu səs o cavan qızıl əsgərlərin kürəyini üşüdürdü, onlara yenə də elə gəlirdi ki, səs çıxaran – yanan sümüklər, yanan saçlardır.
Bir də ki, o ocaq yerindən təxminən yüz əlli metr aralıda axan kiçik dağ çayı tərəfdən qurbağaların qurultusu eşidilirdi, elə bil ki, it aya hürən kimi, qurbağalar da o gecəyarısı birdən-birə beləcə peyda olmuş nəhəng tonqala quruldayırdılar. Qurbağaların o gecəki qurultusunda tonqalın ətrafında dövrə vurub dayanmış o adamların çoxunun heç vaxt yadından çıxmayacaq bir soyuqluq, qeyri-təbiilik var idi; bu qurbağa qurultusu təbiətin səsi deyildi, elə bil ki, taleyin səsi idi.
Bu vaxt uzaqdan bir uğultu get-gedə tonqala tərəf yaxınlaşmağa başladı. Professor Zilber də, bakterioloji dəstənin başqa üzvləri də, rayon rəhbərliyi də, qızıl əsgərlərin komandanlığı da, bax bundan qorxurdu– camaatın bu tonqaldan xəbər tutacağından, axışıb bura gələcəyindən, tonqala hücum çəkəcəyindən...
Gecənin qaranlığından axıb gələn o uğultu tonqalın səsini də, qurbağaların qurultusunu da batırdı və bayaqdan bəri o tonqalın şöləsi və səsi altında əzab çəkən qızıl əsgərlərə elə gəldi ki, bu dəqiqə, arxada yanan o tonqalın özündən də qat-qat artıq bir dəhşətlə üz-üzə gələcəklər. Cavan qızıl əsgərlər gəlib burada dövrə vurmazdan əvvəl aldıqları təlimata əsasən, tüfəngləri çiyinlərindən aldılar və o tüfənglərin lüləsini yuxarı tutub qaranlıqdan gələn və get-gedə tükürpədən bir sürətlə artan uğultu ilə qarşı-qarşıya hazır dayandılar.
O Hadrut camaatı – ərləri, arvadları, uşaqları, ataları, anaları, qardaşları, bacıları tonqalda yanan o yaşlılar, cavanlar, uşaqlar necə xəbər tutmuşdular, tonqalın yerini beləcə dəqiq haradan öyrənmişdilər? – bunu sonralar da nə professor Zilber, nə də bu hadisənin istintaqını aparan orqanlar heç cürə başa düşə bilmədilər. Düzdü, çox adam həbs edildi (o zaman Hadrutdakı o həbslər taundan az iş görmürdü və taundan az qorxunc deyildi...), bəlkə də bu, bir sövq-təbii idi, sel kimi, qasırğa kimi bir təbiət hadisəsi idi.
Uğuldayan o camaat gəlib tamam yaxınlaşdıqda, ayın və tonqalın işığı onların ağrıdan, iztirabdan, işgəncədən əyilib tanınmaz olmuş sifətlərini işıqlandıranda, hərəkət edən o insan qaraltıları qaranlıqdan seçiləndə tonqalı dövrəyə almış rayon rəhbərlərinin, bakterioloji dəstənin üzvlərinin, sanitarların, milis işçilərinin arasında da səs-küy düşdü və qızıl əsgərlər havaya güllə atmağa başladılar.
Sel kimi uğuldaya-uğuldaya gələn o adamları nəyin bahasına olursa-olsun, o tonqala yaxın buraxmaq olmazdı, o tonqalla təmasdan sonra nəticə elə ola bilərdi ki, bunu təsəvvürünə gətirən professor Zilberin tükləri qabardı, az qaldı paltarını deşsin... Professor Zilber irəli çıxmağa, qışqırmağa, danışmağa, camaatı başa salmağa çalışırdı, amma heç kim onun səsini eşitmirdi, heç kim ona məhəl qoymurdu.
Qızıl əsgərlər elə hey havaya güllə atırdılar, amma camaat bunun da fərqinə varmadı və qızıl əsgərlərə hücum çəkdi, qızıl əsgərlərin arasından buraxılıb tonqala tərəf qaçmaq istədi. Qızıl əsgərlər daha havaya güllə ata bilmirdilər, adamlar onların əllərindən, qollarından, tüfənglərin qundağından yapışırdı; əsgərlər bir-birilərinə kömək edə-edə və yavaş-yavaş geriyə çəkilə-çəkilə tüfəngin qundağı ilə, lüləsi ilə camaatı itələyirdi, vururdu, amma o gecə, elə bil ki, tamam ağlını itirib dəli olmuş Hadrut camaatı heç nəyə baxmırdı, heç bir qüvvə o dəli həyəcanın, o dəli ehtirasın qarşısını ala bilmirdi.
Professor Lev Aleksandroviç Zilber otuz beş illik ömrü ərzində heç vaxt hiss etmədiyi bir ümidsizlik içində başa düşdü ki, indi bu adamları gülləyə tutsan da, yerə sərilənlərin üstündən keçib özlərini o tonqala yetirəcəklər; başa düşdü ki, hər şey bitdi: bu adamlardan ikisi, üçü o tonqaldakı meyitlərə toxunsa (əlbəttə, toxunacaqdılar, hələ yanmamış meyitləri dartıb tonqaldan çıxarmaq, tonqalı söndürmək istəyəcəkdilər; yanan o meyitlər bu diri adamların balaları idi, əzizləri idi...), taun onların hamısına yoluxacaqdı və bu adamlar da həlak olacaqdı.
Tonqal işığında dəli gözləri yerindən oynayan adamların qışqırtısı, fəryadı içində professor Zilber də, bakterioloji dəstənin bütün başqa üzvləri də – heç kim özü barədə fikirləşmirdi; özlərinin ayaq altında qalacaqlarını, bu axının qarşısında həlak olacaqlarını heç ağıllarına da gətirmirdilər, çünki neçə gündən bəri Hadrutda taunla vuruşan bu həkimlər, virusoloqlar, mikrobioloqlar, sanitarlar üçün, elə bil ki, həmin günlər ərzində özləri yox olmuşdu, özləri unudulub getmişdi, yalnız bir qorxu – taunun yayılması qorxusu var idi, görünür, bu da sövq-təbii idi, bu da təbiət hadisəsi kimi bir şey idi...
Bu zaman həmin uğultu ilə qızıl əsgərlərin üz-üzə gəldiyi dəqiqədən etibarən tapançasını çıxarıb ora-bura qaça-qaça (hətta belə bir məqamda da adamlara yaxın durmurdu, elə edirdi ki, heç kimlə toqquşmasın, adamlar isə daha «Çeka»nı belə tanımırdı və tanımaq da istəmirdi) havaya dalbadal güllə atan Murad İldırımlı birdən-birə tapançasını yerə çırpdı, tonqala tərəf qaçdı və tonqaldan iri bir odun dartıb çıxardı, məşəl kimi yanan o yoğun və uzun odunu iki əli ilə yuxarı qaldırıb (bu xəstə adama o güc haradan gəldi?!) başının üstündə fırlada-fırlada o uğuldayan camaatın üstünə hücum çəkdi, qızıl əsgərlərin arasından keçib camaatın arasına girdi.
Məşəl kimi yanan o iri odun zərblə bir-neçə nəfərə dəyib onları yerə sərdi və həmin dəm Azərbaycan SSR Baş Siyasi İdarənin səlahiyyətli müvəkkili elə bir qeyri-insani səslə bağırırdı ki və başının üstündə fırlatdığı o məşəldən qaranlığın içində elə bir dəhşət yağırdı ki, elə bil, camaat birdən-birə ayılmağa başladı, səs-küy yavaş-yavaş azaldı, adamlar hərəkətsiz dayandı, kimisi özünü yerə atıb üz-gözünü torpağa sürtə-sürtə ağladı, kimisi dizləri üstə çöküb tamam bir taqətsizlik içində susdu, elə bil, o məşəl bütün bu adamların sonuncu gücünü əlindən aldı.
Yavaş-yavaş yalnız Murad İldırımlının o vəhşi bağırtısı eşidilirdi, sonra elə bil ki, araya çökmüş bu sükut müvəkkili qamarlayıb səsini batırdı. «Çeka» da birdən-birə taqətdən düşdü, ayağı ayağına dolaşa-dolaşa tonqala tərəf qayıdıb sönmüş (o məşəlin də, elə bil ki, taqəti qurtarmışdı...), amma közü qıpqırmızı qızaran odunu iki əlilə də tonqala tulladı, sonra da eləcə ayağı ayağına dolaşa-dolaşa geri qayıtdı, tapançasını yerdən götürdü, kənara çəkilib yol verən qızıl əsgərlərin, Hadrut camaatının arasından keçib uzaqlaşdı və qaranlıqda tamam görünməz oldu.
Qurbağalar da, elə bil ki, o uğultudan, o səs-küydən, dalğa-dalğa bütün bu ətrafa yayılıb, bütün bu ətrafı sarsıtmış o həyəcandan qorxub susmuşdular və indi yenə də quruldamağa başladılar və o kiçik dağ çayından gələn qurbağa qurultusu o gecənin özünün iztirab səsi, o gecənin özünün matəm səsi idi.
Tonqal eləcə çıqqaçıqla yanırdı, amma tonqalın o səsi cavan qızıl əsgərlərə daha əvvəlki kimi təsir etmirdi, çünki o uğultudan, camaatla o çarpışmadan sonra, elə bil ki, həmin səkkiz-on dəqiqənin içində birdən-birə böyümüşdülər, bərkimişdilər; bir də ki, indi taqətsiz düşüb qalmış o Hadrut camaatının tonqalın işığında parıldayan gözlərində elə bir dərd, elə bir dəli ağrı-acı var idi ki, tonqalın həmin çıqqıltısı o dərdin, o ağrı-acının yanında zəifləmişdi, kiçilmişdi, təsirini itirmişdi...
Professor Zilber taqətsiz düşüb qalmış o adamlara baxırdı, o adamların iztirabları o gecə professor Zilberin bütün içindən keçib gedirdi, həmin iztirabı cismən hiss edirdi və o dəqiqələrdə professor Zilber Azərbaycan SSR Baş Siyasi İdarəsinin səlahiyyətli müvəkkilinə elə bir minnətdarlıq hissləri keçirirdi ki, bunu heç nə ilə müqayisə etmək olmazdı, bunu ifadə etmək mümkün deyildi (illər keçəcəkdi, o adamı isə həmişə də beləcə bir minnətdarlıqla, hətta vəcdlə yad edəcəkdi). Professor Zilber o dəqiqələrdə müvəkkilin kobudluğunu da, hər şeydən şübhələnməsini də, tərsliyini və sərtliyini də bağışlamışdı, müvəkkil bütün bu adamları xilas etmişdi və əslində, elə bakterioloji dəstənin üzvlərini də ayaq altında qalmaqdan, ölümdən qurtarmışdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-5-tonqal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.
Birinci hissə, VGecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.
Birinci hissə, VIİndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.
Birinci hissə, VIIYunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:
Стихи других поэтов
Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
AyrılmayaqXəyalın yanımda, sən uzaqdasan,Hicranın yolları ömür qədərdir.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.