Страница 3 из 12 · 17%

Əflatun müəllim, əslində, müəllim deyildi, Ələsgər müəllimin təsərrüfat işləri üzrə müavini, eyni zamanda, məktəb partiya təşkilatının katibi idi. Vaxtilə tramvaysürən olmuş bu adam 1936-cı ilin avqustunda Moskvada «Trotskiçi – zinovyevçi terrorçuluq mərkəzi»nin məhkəməsi başlayandan və qəzetlər Zinovyevin, Kamenyevin, on dörd digər müttəhimin qanlı cinayətlərini, bu azğınlaşmış alçaqların böyük sovet xalqına, işıqlı leninizm ideyalarına, şəxsən dahi rəhbər Stalin yoldaşa qarşı qatı düşmənçilik fəaliyyətini ifşa edəndən sonra, partiya sıralarına daxil olmuşdu. Əflatun müəllim böyük sayıqlıq göstərərək elə həmin 36-cı ildə Bakı Tramvay Parkında iki nəfər tramvaysürən yoldaşını trotskiçi, bir nəfər konduktoru isə zinovyevçi kimi ifşa etmişdi və o vaxtdan da fəal ictimai fəaliyyətini davam etdirirdi, xalq düşmənlərini, casusları axtarıb tapmağa və ifşa etməyə xüsusi həvəsi var idi, amma Ələsgər müəllimin yanında işi keçmirdi.

Məsələ burasında idi ki, Ələsgər müəllim qubalı idi, yəni Azərbaycan K(b)P MK-nın birinci katibi Mir Cəfər Bağırov yoldaşın yerlisi idi və Ələsgər müəllim özü bu barədə bir kəlmə deməsə də, belə bir şayiə gəzirdi ki, guya, Mir Cəfər Bağırov yoldaş Ələsgər müəllimi şəxsən tanıyır, guya, uşaqlıqları bir yerdə keçib. Düzdü, Ələsgər müəllim Azərbaycan bolşeviklərinin rəhbəri Mir Cəfər Bağırov yoldaşdan altı yaş böyük idi– Mir Cəfər Bağırov yoldaş 1896-cı ildə anadan olmuşdu, Ələsgər müəllim isə 1890-cı il təvəllüdlü idi– amma heç kim bunun fərqinə varmırdı və heç kim də bu barədə Ələsgər müəllimdən bir söz soruçmurdu;bir halda ki, söhbət şəxsən Mir Cəfər Bağırov yoldaşdan gedirdi, o yerə burun soxmaq məsləhət deyildi. Əlbəttə, bu şayiələrdən raykomun da, 37-38-ci illərdə hər iki aydan bir dəyişən maarif rəhbərliyinin də – yeni maarif müdirləri gəlirdi, bir azdan xalq düşməni kimi ifşa olunurdu, yerinə təzələri gəlirdi– xəbəri var idi və heç kim bu söhbətin dərininə getməsə də (kim gedib Mir Cədər Bağırov yoldaşdan soruşacaqdı ki, Ələsgər müəllim sənin uşaqlıq dostundu, yoxsa yox?), bərayi-ehtiyat, Ələsgər müəllimə hörmət edirdilər.

Əflatun müəllim böyük oğlunun adını Stalinin kollektivləşdirmə siyasətinin şərəfinə Kolxoz qoymuşdu və fikirlərini bir o qədər də dəqiq ifadə edə bilmədiyinə baxmayaraq, partiya iclasından tutmuş pioner toplanışlarına qədər, bütün iclaslarda çıxış edirdi, xalq düşmənlərinin əhatəsində həmişə sayıq olmağa çağırırdı. Əflatun müəllim məktəbdə xalq düşməni kimi ifşa etmək üçün kimisə qaralayanda, material toplamağa başlayanda, Ələsgər müəllim təmkinlə işə qarışırdı, Əflatun müəllimin boynuna qoyurdu: «– Sən, axı, ay Əflatun müəllim, humanist adamsan, xeyirxahsan, hamıya yaxşılıq eləmək istəyirsən, tələsmə...»

Ələsgər müəllimin bu sözləri açıq-aşkar Əflatun müəllimin ürəyinə yayılırdı və dili böyük olduğu üçün kələ-kötür danışan Əflatun müəllim: «– Bunlar hamısı belədi e, Ələsgər müəllim...– deyirdi. – Ancaq biz gərək, o adı nədi, şey, siyasi sayıqlığımızı itirməyək də! Hər tərəf, o adı nədi, şey, maskalanmış xalq düşmənidi də! Elə bilirsən bunları tutmağnan qurtarandı?!! Baxırsan ki, hə,nədi ki, artistdi də, o adı nədi, şey, Ülvi Rəcəbdi, ancaq bir də görürsən ki, qatı xalq düşmənidi, qaniçəndi!..» «– Düzdü, düz deyirsən, Əflatun müəllim, yaxşı deyirsən, amma sən tələsmə, qoy bir baxaq, görək...»

Əlbəttə, Ələsgər müəllim yoldaş Stalinin yaxın silahdaşı və tələbəsi Mir Cəfər Bağırov yoldaşın yerlisi və deyilənə görə uşaqlıq dostu olmasaydı, Əflatun müəllim böyük bir həvəslə, ilk növbədə, elə onun özünü ifşa edərdi. «–Yox e, Ələsgər müəllim, axı, raykomda da mənnən, o adı nədi, şey, tələb eləyirlər!.. Məktəbdə cəmi iki nəfər xalq düşməni kimi ifşa olunub, onları da ki, o adı nədi, şey, biz ifşa eləməmişik, yuxarılar özü ifşa eləyib! Cəmi iki nəfər e, Ələsgər müəllim! Axı, biz bolşevikik! Bəs hanı bizim, o adı nədi, şey, siyasi sayıqlığımız? Axı, raykomda mənə verirlər e, bu sualları! Haqları da var də... Cəmi iki nəfər, özü də bizsiz... – Əflatun müəllim açıq-aşkar bir həsəddən yana-yana: – O adı nədi, şey, – deyirdi. – camaat birdən-birə on dənə düşmən ifşa eləyir e!..» «– Başa düşürəm, Əflatun müəllim, hamısını başa düşürəm!.. Nolar bitərəf olanda? Özün bilirsən ki, mən bitərəf bolşevikəm! Amma sənin kimi xeyirxah bir adam gərək belə işlərdə tələsməsin, yüz ölçsün, bir biçsin...» Suda boğulan, saman çöpünə əl atan kimi, Əflatun müəllim də son ümid kimi Ələsgər müəllimə təsir etmək üçün, kolxoza, plana əl atırdı: – «– Kolxozçu planı doldurmasa nə olar, hə? Bax, Ələsgər müəllim, kolxozçu, o adı nədi, şey, dövlət planlarını artıqlamasıyla doldurur, ancaq biz düşmən ifşa etmirik!.. Bunu bağışlamaq olar bizə?! Adımızı da bolşevik qoymuşuq!..» Ələsgər müəllim əlini bu balaca, cansız adamın çiyninə qoyurdu: «Düz sözə nə deyəsən? Düz deyirsən, Əflatun müəllim, düz deyirsən. Ancaq tələsmə....» Əflatun müəllim tamam ümidsiz bir halda: «– Onda... – deyirdi, – onda gəlün bizim məktəb, o adı nədi, şey, məsələ qaldırsın. Təzə Piri söksünlər! Təzə Pir dayanıb camaatın gözü qabağında, o adı nədi, şey, dini təbliğ edir!» Ələsgər müəllim nə qədər təmkinli və ağayanə adam olsa da, ürəyində bu Əflatun müəllimin atasının goruna söyürdü və udquna-udquna deyirdi: «– Hə... Bax, bu yaxşı fikirdi, Əflatun müəllim!.. Ancaq sən hələ tələsmə...»

Təxminən bir il bundan əvvəl, 1938-ci ilin mart ayının əvvəllərində N.İ. Buxarinin, A.İ.Rıkovun və başqalarının başçılığı ilə «Sağçı-trotskiçi blok»un cinayət işi haqqında SSRİ prokuroru A.Vışinskinin ittihamnaməsi qəzetlərdə çap olundu və bundan sonra mərkəzi qəzetlər hər gün iki-üç səhifələrini həmin məhkəmə prosesinə həsr edirdi. Prokuror Vışinski Buxarinlə Rıkovdan başqa o biri satqın düşmənləri – Krestinskini, Rakovskini, Rezonqoltsı, İkramovu, Çernovu, Xocayevi və başqalarını qəzet səhifələri boyunca bir-bir dindirirdi. O zaman Bakıda qəribə bir təzad yaranmışdı: küçələrdə, evlərdə, adamlar bir-biriylə, az qala, pıçıltıyla danışırdı, amma iclaslarda xitabət kürsüsünə qalxan adamlar guruldayırdılar, sağçı-trotskiçi casusları lənətləyirdilər, öz aralarında yenilərini tapıb ifşa edirdilər və Əflatun müəllim də deyirdi: «–Görürsüz bu maskalanmış düşmənləri, Ələsgər müəllim!.. Kirovu, o adı nədi, şey, Mic... Mej... – Əflatun müəllim bu familiyanı yaxşı yadında saxlaya bilmirdi. – Menj... Menjiskini, Kuybışevi, Qorkini, Qorkinin yazıq oğlunu bu şpiyonlar gör necə öldürüblər!.. Svoluşlar!.. Molotovu, Kaqanoviçi, Voroşilovu, hətta... hətta... Bu svoluşların işlərini, o adı nədi şey, adamın dili də gəlmir desin, hətta əziz atamız Stalin yoldaşı öldürmək istəyirlərmiş... Ay siz öləsiz!.. Qoymarıq!.. Biz, o adı nədi, şey, sayıq dayanmışıq keşikdə! Svoluşlar! Ancaq, Ələsgər müəllim, məktəbdə hələ bir dənə də buxarinçini, əclaf rıkovçunu ifşa eləməmişik!.. Mən elə bilirəm ki, Ələsgər müəllim, bu bizimçün, o adı nədi, şey, pazordu!»

Ələsgər müəllim məktəbdə mitinqlər keçirirdi, cürbəcür tədbirlər fikirləşib tapırdı, bu mitinqlərdə müəllimlərin hamısı, misal üçün, Moskvada məhkəməsi gedən «Solçu-trotskiçi blok» üzvlərini lənətləyirdi, tədbirlərdə komsomolçular, pionerlər dərs əlaçısı və yeni nəslin siyasi cəhətdən sayıq nümayəndəsi kimi yoldaş Stalinə raport verirdilər, yoldaş Stalinə həsr olunmuş, xüsusən, Kobanın Bakıdakı fəaliyyətindən, «Nina» mətbəəsi ilə bağlı apardığı gizli işdən, 1907-ci ilin sentyabrında Bakıda vəhşicəsinə öldürülmüş bolşevik Xanlar Səfərəliyevin dəfnində nitq söyləməsindən bəhs edən səhnəciklər göstərirdilər və Ələsgər müəllim bu mitinqlərlə, tədbirlərlə, raportlarla Əflatun müəllimin başını qatırdı, məktəbin özündə isə heç kimi ifşa etməyə qoymurdu: «–Sən tələsmə, Əflatun müəllim, tələsmə... Armud vaxtında dəyər...»

Bu cür tədbirlərdən ən geniş yayılmışı «izhari-nifrət» mitinqləri idi. «İzhari-nifrət» mitinqləri məktəbin idman zalında keçirilirdi və çıxış edən müəllimlər, şagirdlər mətbuatda ifşa olunan tanınmış xalq düşmənlərinə, misal üçün, Əhməd Cavada, Abbas Mirzə Şərifzadəyə, Salman Mümtaza, adlarının siyahısı bitmək bilməyən bir çox başqalarına nifrətlərini izhar edirdilər. Məktəbdə oxuyan şagirdlərin valideynlərindən kimsə xalq düşməni kimi ifşa olunanda da idman zalında beləcə «izhari-nifrət» mitinqləri təşkil olunurdu və bəzən həmin mitinqlərdə məktəbdən qovulmasın, komsomoldan, pionerdən çıxarılmasın deyə, şagird özü həbs edilmiş valideynini lənətləyirdi: «Mən bilmirdim ki, atam belə əclafdı!..» Belə məqamlarda Əflatun müəllimin siyasi keşikdə dayanmaq ehtirası lap coşurdu və valideynlərini lənətləyən bu cür şagirdlərə qulaq asdıqca: «– Malades!»... – deyirdi. – Əsl komsomolçu (yaxud pioner)belə olar! Görürsən, Ələsgər müəllim! Biz isə, o adı nədi, şey, dayanmışıq bir kənarda!» Ələsgər müəllim bir dünya dərd dolu gözlərini o şagirdlərdən çəkib, Əflatun müəllimə baxırdı: «– Sən tələsmə, Əflatun müəllim, yüz ölç, bir biç!..» – deyirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XVII fəsil

Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.

2 мин
XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 мин
XIX fəsil

Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

1 мин
XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 мин

Стихи других поэтов