7. Qonaqlıq
Страница 4 из 12 · 25%
Əflatun müəllim fikirləşirdi ki, əslində, Ələsgər müəllimin dediyi bu sözlərin özü düşmən sözləridir, siyasi sayıqlığı yayındırmaq deməkdir, amma nə etmək olar?.. «– Bəs raykom, Ələsgər müəllim, bəs raykom ?! Məndən, o adı nədi, şey, tələb edirlər axı!.. Deyirlər niyə xalq düşməni ifşa etmirsən ?!» «– Raykomda da hamısı alicənab adamlardı də, ay Əflatun müəllim, hamısı xeyirxah, hamısı sənin kimi təmiz adamlardı də!..»
Əflatun müəllim «raykom» deyəndə, ilk növbədə, yoldaş Cümşüdlünü nəzərdə tuturdu; yoldaş Cümşüdlü raykomda kadrlar şöbəsinin müdiri idi, amma təbii ki, o da Ələsgər müəllimin haralı olduğunu, kimlərlə tanışlığını bilirdi. Bir dəfə Əflatun müəllim raykomda, yoldaş Cümşüdlünün yanında olanda çəkinə-çəkinə Ələsgər müəllimin liberallığından söz salmaq istədi, amma yoldaş Cümşüdlü o saat keçmiş tramvay sürücüsünün sözünü yarımçıq kəsib üstünə qışqırdı: «– Məni provakasiyaya çəkmək istəyirsən?! Məndən söz almaq istəyirsən?! Sənin kimilərini mən çox görmüşəm!.. Əlindən – g...ündən bir iş gəlmir, istəyirsən provakasiya eləyəsən?! O qədər ifşa eləməyə adam var, gör gəlib kimdən pıçıldayır raykomun qulağına?! Maymaq oğlu, maymaq! Get, kollektivdə xalq düşməni tap, ifşa elə!» Əflatun müəllim, sonuncu dəfə cəhd göstərdi: «Qoymur axı...» Cümşüdlü: «–Qoymur? – dedi. – Onda sənin özünü ifşa eləyərik xalq düşməni kimi!»
Bununla da raykomda Ələsgər müəllim barədə söhbət birdəfəlik qurtardı və Əflatun müəllim üçün göydəndüşmə bir bəxşeyiş oldu ki, Ələsgər müəllimin köməyi ilə («– Əflatun müəllim artıq yetişmiş yoldaşdır! Onu irəli çəkmək lazımdır. Zəhmətkeş təbəqənin nümayəndəsidi! Ona ayrıca bir məktəb etibar edin!» – deyirdi; nə edəydi, zəmanənin üzü qara olsun, öz canını qurtarırdı, amma başqalarını zibilə salırdı...) başqa bir məktəbə müdir təyin edildi; əslində, belə bir təyinat Cümşüdlünün də ürəyindən idi, çünki təcrübəsi və son illərdə cərəyan altındakı çılpaq elektrik məftili kimi həssaslaşmış fəhmi gödəkboylu, kök, burnunun aşağısında ensiz qara bığı olan, əyninə həmişə «Stalinskaya forma» geyən bu adama deyirdi ki, Ələsgər müəllimin müdir olduğu o məktəbdən uzaq ol, düşər-düşməzi olar, elə də ola bilər, belə də...
İndi məktəbdə sakitlik idi, çünki Ələsgər müəllim əməlli-başlı çalışdı, gedib raykomda əlaqədar adamlara, o cümlədən, Cümşüdlüyə ağız açdı, axırı nail oldu ki, Əflatun müəllimin yerinə Firidun müəllimi məktəbdə partiya təşkilatı katibi seçdilər. Firidun müəllim sakit, ziyalı bir adam idi, on beş ildən artıq partiya stajı var idi və Ələsgər müəllimlə birlikdə məktəbin sakitliyi keşiyində dayanmışdı və ikisi də əsas işlə məşğul idilər: uşaqların tədrisi ilə.
Düzdü, təzə idman müəllimi Xıdır müəllim hərdənbir siyasi mövzulara girişirdi, amma Ələsgər müəllim yavaş-yavaş Xıdır müəllimə də təsir göstərirdi, Xıdır müəllimi də özünə yaxın çəkirdi, hətta, bu gün də Xıdır müəllimi Arzunun ad gününə dəvət etmişdi.
Nə isə, dünyanın işləri, deyəsən, yavaş-yavaş sakitləşirdi, hər halda, 37 ilə 38-in Ələsgər müəllim üçün o dəhşətli, o anlaşılmaz və qorxulu fırtınası, deyəsən, daha arxada qalırdı. N.İ.Yejov işdən götürülmüşdü, ÜK(b)P MK-nın və SSRİ Xalq Komissarları Sovetinin 18 noyabr tarixli qərarı çıxmışdı və bu qərarda istintaq zamanı qanunsuz hərəkətlərə yol verildiyi göstərilirdi, bu cür hərəkətlər qəti qadağan olunurdu. Bakı camaatı bu qərara dərhal «Stalin qərarı» adı vermişdi və Bakı camaatının və ümumiyyətlə, xalqın fikrincə yoldaş Stalin onların təəssübünü çəkdiyi üçün, günahsız adamları müdafiə etdiyi üçün bu qərarı qəbul etdirmişdi. İndi L.P. Beriya SSRİ Xalq Daxili İşlər Komissarı təyin olunmuşdu və L.P. Beriya yoldaş da Stalinin yaxın silahdaşı, inandığı, etibar etdiyi adam idi, Bakıda işləmişdi, Azərbaycanı tanıyırdı. Bitərəflərin hörməti qalxmışdı, bitərfləri irəli çəkirdilər, bir sözlə, deyəsən, işıq ucu görünməyə başlayırdı (təki olaydı!) və həmin qış günü hər tətəfi bürümüş o qarın tərtəmiz ağlığı da, elə bil, dünyanın, həqiqətən, düzələcəyindən xəbər verirdi.
Arzunun on yaşı tamam olurdu və məktəbdə ikinci növbədə oxuduğu üçün, hələ dərsdən qayıtmamışdı. Ələsgər müəllim süfrəyə düzmək üçün soyutma toyuqları doğraya-doğraya boşqablara yığırdı. Firuzə xanım əllərini yuyub hansı qohumununsa bir ay bundan əvvəl Ordubaddan pay gətirdiyi qoz ləpəsini, ərik qurusunu səliqə ilə nəlbəkilərə yığırdı ki, yeməkdən sonra çay dəstgahı başlayanda hər şey əlinin altında olsun.
– Uşaq yaxşı geyinib? Bayır soyuqdu yaman...
Firuzə xanım:
– Lap yaxşı geyinib, darıxma... – dedi və soruşdu: – Xosrov müəllim arvadıyla gələcək?
– Hə, yəqin arvadıyla gələcək. Demişəm ki, ikiniz də gəlin.
– Sən də görməmisən də arvadını?
– Yox, harada görəcəyəm?..
Firuzə xanım başını yırğalaya-yırğalaya gülümsədi:
– Yaxşı adamdı Xosrov müəllim... Torpağı sanı yaşasın, xasiyyəti rəhmətlik dədəmin xasiyyətinə oxşayır: dindirməsən, söz deyən deyil. Yaxşı elədi evləndi, heç olmasa, bir gün görər!.. Elə deyil, sən Allah?
– Təki elə olsun! Fağır adamdı...
Xosrov müəllim əsrin yaşıdı idi, düz otuz doqquz yaşı vardı, amma bu uzunboylu, arıq adamın gözlərinin kənarları dərin qırışlarla dolu idi, təkcə saçları yox, yay vaxtı köynəyinin açıq yaxasından görünən sinəsinin tükləri, hətta qolunun tükləri də ağarmışdı; iti sümüklü uzun burnu və nazik boğazında da eynilə burnuna oxşayan uzun hülqumu var idi və Xosrov müəllim hər dəfə udqunanda, o uzun hülqum qalxıb-endikcə adama elə gəlirdi ki, kişi əzab çəkir və ümumiyyətlə, Xosrov müəllimin baxışında da, hərəkətlərində də, hətta ildə-ayda bir dəfə gülümsəyirdisə, o təbəssümündə də bir əzabkeşlik, bir ağrı var idi.
Deyirdilər ki, guya, haçansa Xosrov müəllimin başına böyük fəlakət gəlib, özü də bu, siyasi fəlakət yox, təbii fəlakət olub (bu, əlbəttə, indiki zəmanədə bir az qəribə səslənirdi, çünki adamlar, elə bil ki, təbii fəlakəti yadırğamışdılar), guya, bütün ailəsi məhv olub – Ələsgər müəllim bu barədə dəqiq bir şey bilmirdi, çünki nə Xosrov müəllim bu barədə bir söz deyirdi, nə də Ələsgər müəllim, aydın məsələdir ki, bu barədə bir söz soruşmurdu: bir halda ki, kişinin ürəyində dərdi var idi, o dərdi təzələməyin nə mənası vardı? Ələsgər müəllim bu fikirdə idi ki, heç kimin başqasının ürəyinə girməyə ixtiyarı yox idi, çünki ürək elə bir şeydir ki, təkcə öz yiyəsinə məxsusdur, istəyir – başqasının qarşısında özü açılır, istəmir – qurtardı, getdi, onun ürəyinə, girməyə cəhd göstərmək lazım deyil.
Xosrov müəllim tamam dinməz-söyləməz adam idi, yeddi il idi ki, Ələsgər müəllimin müdir olduğu məktəbdə rus dili dərsi deyirdi və bu yeddi ildə Ələsgər müəllim bir dəfə də görməmişdi ki, Xosrov müəllim ağzını açıb kimdənsə nəsə soruşsun, özü nəsə bir söhbət başlasın, ya bir dəfə bir şeydən şikayət eləsin, bir şeyi tərifləsin; müraciətlərə cavab verirdi və dinməzcə oturub söhbətlərə qulaq asırdı.
Məktəbdə deyirdilər ki, guya, Xosrov müəllim bir az havalıdı, guya, başına gələn o fəlakətdən (təbii fəlakətdən!..) sonra, haçansa dəlixanada yatıb müalicə olunub, amma Ələsgər müəllim Xosrov müəllimdə havalı bir cəhət hiss etməmişdi; düzdü, bəzən görürdün ki, elə bil, heç nə eşitmir, heç nə görmür, hansısa tamam başqa bir aləmin içindədi, rəngi də ağarırdı, adama elə gəlirdi ki, bu arıq, uzun adam öz içində kiminləsə danışır, amma bu, əlbəttə, hələ havalı olmaqdan xəbər vermirdi. İnsandı də... hərənin yüz cürə dərdi-səri var...
Əflatun müəllim Xosrov müəllimi qaralamışdı, iki-üç dəfə partiya iclasında onun məsələsini müzakirə etmək istəmişdi, amma Ələsgər müəllim bundan da duyuq düşmüşdü, imkan verməmişdi: «– Ay Əflatun müəllim, – demişdi, – bu yazıqdan düşmən olar? Görmürsən qaragünün biridi, dərdin-sərin içindədi?..» «–Elə məsələ də bundadı də, Ələsgər müəllim, nəyin dərdini çəkir o, hə? Nəyin? Niyə öz şəxsi, o adı nədi, şey, kədərini ictimai işlərdən üstün tutur? Biz bu cür xoşbəxt həyat qurmuşuq, sosializmin təntənəsi içindəyik, yoldaş Stalinlə bir dövrdə yaşayırıq, onun, o adı nədi, şey, nəfəs aldığı hava ilə nəfəs alırıq, ancaq bu, o adı nədi, şey, dərd çəkir!.. Bəlkə elə sosializmin təntənəsinin dərdini çəkir, hə?!» «– Yox, yox, elə deyil, Əflatun müəllim, sən özün insan psixologiyasının gözəl bilicisisən, hərənin bir xasiyyəti olur, bu da belə adamdı də...» Əflatun müəllim geri çəkilmək istəmirdi: «– İnanın mənə, Ələsgər müəllim, – deyirdi, – bu, gizlin, o adı nədi, şey, trotskiçidir, ya da o, adı nədi, şey, zinovyevçidi! Gözlərindən görürəm!» Ələsgər müəllim asta-asta, təmkinlə, Əflatun müəllimin humanistliyini, incə qəlbli insan olmasını boynuna qoya-qoya o qara dumanları Xosrov müəllimin də başının üstündən dağıdırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-7-qonaqliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:
XIX fəsilAbşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.
XX fəsil... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...