7. Qonaqlıq
Страница 7 из 12 · 50%
Bir azdan Kələntər müəllimlə arvadı gəldi. Kələntər müəllim kimyadan dərs deyirdi, ixtisasını yaxşı bilirdi, baməzə və nikbin bir adam idi, neçə vaxtıydı ki, «Məşədi İbad»ı rus dilinə tərcümə etmək istəyirdi; yeddi qızı var idi, hələ heç biri ərə getməmişdi, arvadı evdar qadın idi və o boyda ailə təkcə Kələntər müəllimin maaşına baxırdı. Kələntər müəllim deyirdi: «–Əşşi, mənim işim əladır, çünki əvvəldən bəxtim gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik! Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam, deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Bayramlar münasibəti ilə məktəbdəki təntənəli gecələrdə, yuxarı sinif şagirdləri musiqi çalanda, Kələntər müəllim o saat ortaya çıxıb oynayırdı və kişinin camaatın içində beləcə süzə-süzə oynamağını, ümumiyyətlə, əzginiş işləri xoşlamayan Əvəz bəy (o vaxtlar ki, hələ xalq düşməni kimi ifşa olunmamışdı) dodaqaltı deyinirdi: utanmasan, oynamağa nə var ki?..
Sonra Əlibaba müəllim tək gəldi:
– Bizim Sofya Kovalevskayamızın bu gün ilk yubileyidi, on yaşı tamam olur, – dedi. – İndi bunu ancaq biz qeyd edirik, gələcək yubileylərini isə bütün elmi ictimaiyyət qeyd edəcək! Görərsiz!
Düzdü, Əlibaba müəllim çox ciddi müəllim və ciddi adam idi, amma araq içməyi bir az həddindən artıq xoşlayırdı, indi də özünü bir balaca düzəldib gəlmişdi. Bir dəfə Ələsgər müəllim Əlibaba müəllimi kabinetinə çağırıb: «Vurmağı bir az azalt», – dedi. Hələ Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl, 1919-cu ildən partiyanın üzvü olan Əlibaba müəllim də düz on səkkiz il idi ki, bu məktəbdə işləyirdi, Ələsgər müəllimlə bir-birilərini yaxşı tanıyırdılar və bir-birilərinə etibarları var idi, buna görə də dedi: «–Vurmayım, nə eləyim? Görmürsən nə qayırırlar bu köpək uşağı. Biz belə demişdik bəyəm?!». Ələsgər müəllim cəld yerindən qalxıb, kabinetin bağlı qapısını təzədən yoxladı və o vaxtdan sonra, bir də içki barədə Əlibaba müəllimə bir söz demədi.
Nəhayət, Xosrov müəllim arvadı ilə gəlib çıxdı və həmişə necə gəlib, necə getməyindən heç kimin xəbəri olmayan bu adam, elə bil ki, bu dəfə özü ilə birlikdə bayırdakı o qarın sevincini, sağlamlığını da içəri gətirdi. Hamı, hətta qonaqlığın səbəbkarı və həmin məqamda qonaqlıqdan daha artıq, evdə çıxaracağı divar qəzetinin eşqi ilə yaşayan Arzu da maraq və diqqətlə Xosrov müəllimə və Xosrov müəllimin təzə həyat yoldaşına baxırdı. Xosrov müəllimin təzə arvadı otuz beş yaşlarında, yaraşıqlı, dolu bədənli, ağ bənizli bir qadın idi, qıpqırmızı yanaqları bu bədənin sağlamlığından, bu bədəndəki ehtirasdan xəbər verirdi, amma ən maraqlısı bu idi ki, Xosrov müəllimin özü tamam dəyişmişdi, o ağ saçlara, gözlərinin ətrafındakı o dərin qırışlara, nazik boğazının qalxıb-enən o iti hülqumuna baxmayaraq, elə bil, Xosrov müəllim tamam cavanlaşmışdı, gözlərində bir eşqlə, istəklə işıldayan elə ifadə vardı ki, heç inanmaq olmurdu ki, bu adam həmin məlul, dinməz-söyləməz Xosrov müəllimdi; səsi də dəyişmişdi və bu səsdə də bir gümrahlıq, bir şövq var idi, elə bil ki, o şövqü də, o gümrahlığı, həyat eşqini də əvvəlki Xosrov müəllimin simasında paslı bir qabın içinə yığmışdın və indi o əvvəlki Xosrov müəllim yox idi, o paslı qab birdən-birə itib yox olmuşdu, amma o gümrahlıq da, o şövq də, o həyat eşqi də açılmışdı, azadlığa çıxmışdı, necə vardısa, eləcə də göz qabağında idi.
Ələsgər müəllimlə Firuzə xanım qonaqların hamısını girdə mizin arxasında yerbəyer elədi, ən yaxşı yerlərdə Xosrov müəllimlə arvadını oturtdu və ümumiyyətlə, bu evdə və bu qonaqların arasında Xosrov müəllimgilə elə bir münasibət vardı ki, elə bil, qonaqlıq Arzunun yox, onların şərəfinədi. Xıdır müəllim bir balaca həsəd aparmağa başlasa da, belə işlərdə mükəmməl səriştəsi olduğu üçün, Xosrov müəllimin gözlərindəki o sevinci, o xoşbəxtliyi bir kişi kimi hiss edirdi. Həmişə idmançı qadınlarla görüşən, xüsusən, gimnastikanı çox sevdiyi üçün, gimnast qadınlarla yaxınlıq edən Xıdır müəllimin ürəyində birdən-birə idman növləriylə (hətta gimnastika ilə!) məşğul olmayan, bədənində əzələ olmayan, bax, Xosrov müəllimin bu arvadı kimi, qeyri-idmançı bir qadına güclü meyl yarandı.
Xosrov müəllim hamıya gülümsəyirdi, hamıya yaxşı bir söz demək istəyirdi və hərdən də arvadına elə baxırdı ki, bu baxışlardakı o açıq-aşkar məhəbbəti, sevinci görmək, başa düşmək üçün, Xıdır müəllim kimi belə işlərdə səriştəli olmaq, heç vacib də deyildi; bu baxışlar, elə bil ki, bu təzə ər-arvadın keçirdikləri gözəl gecələrin bütün gün ərzindəki davamı idi və irəlidə onları yeni bir gecə gözləyirdi...
Firuzə xanım da təcrübəli arvad idi, uşaqları olmayan vaxtlar o qədər türkəçarə etmişdi, o qədər həkimə getmişdi ki, bilmədiyi şey yox idi və Firuzə xanım Xosrov müəllimin təzə arvadının da gözlərində açıq-saçıq bir məhəbbət görürdü, amma o açıq-saçıqlıq arsızlıqdan yox, xoşbəxtlikdən xəbər verirdi və bu, Firuzə xanımın xoşuna gəldi. Xosrov müəllimin arvadı da həyəcanlı idi (çünki xoşbəxt idi!), elə hey gülümsəyirdi.
Xosrov müəllimin də, təzə arvadının da hərəkətlərində, təbəssümlərində elə bir uşaq sadəliyi, elə bir açıq-aşkar vəfadarlıq vardı ki və illərlə qaraqabaq, dinməz-danışmaz gəzib-dolanan Xosrov müəllimlə bugünkü Xosrov müəllim arasında elə bir fərq vardı ki, məclisdəkilərin hamısının birinci dəfə bir yerdə gördükləri bu ər-arvada qanı qaynamışdı, təkcə Arzu mizin arxasında oturub diqqətlə Xosrov müəllimlə arvadına baxırdı və Ələsgər müəllimə elə gəlirdi ki, Arzu Xosrov müəllimlə arvadını, evdə çıxaracağı o divar qəzetində tənqid etmək üçün material toplayır...
Bayırdakı o gözəl qar isə təzədən yağmağa başlamışdı və elə bil ki, Ələsgər müəllimgilin o balaca otağında, o süfrəsi dolu mizin arxasında əyləşmiş o adamlar da – Arzu ilə birlikdə düz on bir nəfər idi – o qar təmizliyi ilə nəfəs alırdılar; Xosrov müəllimlə arvadı həmişəki eyniliyə öyrəşmiş bu balaca otağa bir yenilik gətirmişdi və bu yenilik, elə bil ki, bayırdakı o qar kimi, bu dəm bu balaca otaqdakı adamların bütün qayğılarının, bütün dərd-sərlərinin üstünü örtmüşdü.
Xıdır müəllim yalnız idman yarışlarına baxanda həyəcanlanan, qəmgin olan, yaxud ruh yüksəkliyi keçirən bir adam idi, amma o qış gecəsi, Ələsgər müəllimgilin o otağında, elə bil ki, Xosrov müəllimlə arvadının həyəcanı, xoşbəxtliyi ona da sirayət etmişdi və Xıdır müəllim də nəsə gözəl bir iş görmək, nəsə fərəhli bir söz demək istəyirdi.
Hamı bir ağızdan Kələntər müəllimi masabəyi seçdi və Kələntər müəllim:
– Qədəhləri doldurun, – deyib xüsusi bir şövqlə ayağa qalxdı, konyakla dolu qədəhini əlinə alıb (Kələntər müəllim məclislərdə həmişə konyak içirdi, çünki maaşı az və ailəsi böyük olduğu üçün, özü konyak ala bilmirdi), Arzuya baxa-baxa ilk söz demək istədi, amma bu zaman birdən-birə Xıdır müəllim də ayağa qalxdı, qollarının, pencəyinin üstündən də hiss olunan əzəmətli əzələlərini oynatdı:
– Bir dəqiqə! Bir dəqiqə, əziz dostlar!– Xıdır müəllim içinə araq süzdüyü iri qədəhi yuxarı qaldırdı. – İcazə verin bu gözəl gündə ilk sözü mən deyim. Mən bir söz deyim, ondan sonra Kələntər müəllim nə qədər istəyir söz desin! Ürəyimdə sözüm var mənim, əziz dostlar! Gəlin bu gözəl axşamda bu ilk qədəhləri atamız və rəhbərimiz, əziz Stalin yoldaşın sağlığına içək! Yaşasın, min il yaşasın İosif Vissarionoviç Stalin! Tarixin ən müdrik adamıdır yoldaş Stalin! Təsadüfi deyil ki, yoldaş Stalin 72 dil bilir!– Xıdır müəllim bu sözləri deyən kimi, arağın insan orqanizminə pis təsir etdiyini yaxşı bilsə də, qədəhi başına çəkdi və arağın hamısını içdi, sonra qədəhi ağzı üstə çevirib mizə qoydu, yəni ki, baxın, dibində bircə qram da qalmayıb.
Məclisə bir anlıq sükut çökdü, sonra Ələsgər müəllim cəld ayağa qalxdı:
– Gözəl sağlıqdır!– dedi. – Qalxın ayağa, dostlar! Xıdır müəllim ürəyimizdən xəbər verdi! Əziz Stalin yoldaşın sağlığına!
Hamı, hətta Arzu da, arvadlar da ayağa qalxdı və başqa vaxt bütün məclis boyu heç yarım qədəh araq içməyən Ələsgər müəllim bu sağlığa əlindəki dolu qədəhi axıracan içdi. Kələntər müəllim də, Əlibaba müəllim də, Firidun müəllim də qədəhləri dibinəcən içdilər. Xosrov müəllim arvadının qulağına pıçıldadı:
– Sənin sağlığına!.. – və o da qədəhi axıracan içdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-7-qonaqliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:
XIX fəsilAbşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.
XX fəsil... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...