7. Qonaqlıq
Страница 9 из 12 · 67%
– Osip Kolıçev. «Priqlaşeniye k pesne». Otrıvok iz stixotvoreniya.
Vı bıli vçera
Bezımennı,
Sedaya zurna
Suleymana, Djambula
Sedaya dombra...
Tak poyte je
Stalinu
Slavu
Stixami,
Podobnımi splavu
Zolota i serebra!..
Yenə hamı əl çaldı və Ələsgər müəllim fikirləşdi ki, görəsən, yenə də qalxıb Stalin yoldaşın sağlığına içsinlər, yoxsa yox? Yox, lazım deyildi, bu lap ağ olardı və Ələsgər müəllim qaş düzəltdiyi yerdə vurub gözü də çıxarardı.
Əlbəttə, Arzunun bu cür şerlər əzbərləməyi, əslində, Ələsgər müəllimin ürəyincə deyildi, amma nə etmək olardı, Arzu zəmanə uşağı idi və bu axşam Arzunun bu iki şeri söyləməyi lap yerinə düşdü; Xıdır müəllim, hər halda, tamam eşşək deyildi, qoy başa düşsün, görsün ki, məktəb müdirinin ailəsi necə ideyalıdır və Xosrov müəllimin bayaqkı hərəkəti də təsadüfi bir şeydir.
Əvvəlcə, o vaxtlar ki, Əvəz bəy hələ ingilis casusu və terrorçu kimi ifşa olunmamışdı, belə ad günlərindən birində Arzu əllərini arxasında tutub, sinəsini qabağa verib (onda hələ pioner deyildi) əziz Stalin baba haqqında əvvəlcə Azərbaycan dilində, sonra da rus dilində şerlər deyəndə Əvəz bəy (Ələsgər müəllimin yanında oturmuşdu) dodaqaltı pıçıldadı: «–Yaxşı ki, fransız dilində də belə şerlər demir». Onda Ələsgər müəllim özünü eşitməzliyə vurdu, amma bir müddət ürəyi nigarançılıqla döyündü, diqqətlə mizin arxasında oturanlara, xüsusən, Əflatun müəllimə baxdı –yox, Əvəz bəyin o pıçıltısını heç kim eşitməmişdi və Əflatun müəllim də içib keflənmişdi, dünya da vecinə deyildi. Bu hadisə o vaxt olmuşdu – üç il bundan əvvəl, o vaxt heç kim Əvəz bəyin pıçıltısını eşitməmişdi, amma buna baxmayaraq, Əvəz bəy indi həyatda yox idi. Əvəz bəy güllələnmişdi və güllələnəndən sonra da məktəbdəki iclaslarda, mitinqlərdə, «izhari-nifrət» yığıncaqlarında hamı, o cümlədən, Ələsgər müəllim Əvəz bəyin adını çəkir, onu dönə-dönə ifşa edir, sayıq olmağa, maskalanmış xalq düşmənlərini görməyə çağırırdı. Pıçıltını eşitmək vacib deyildi, bəzən Ələsgər müəllimə elə gəlirdi ki, əlaqədar orqanlar uzaqdan-uzağa adamın ürəyinə də girir, düşüncəsini də oxuyur və həmin vaxtlar Ələsgər müəllimin bütün əhvalı pozulurdu, güclə özünü ələ alırdı, Əflatun müəllimi tovlaya-tovlaya, qoltuğuna verə-verə, pişim-pişimlə məktəbdə camaatı yola verirdi.
Arzunun on yaşı tamam olduğu həmin qarlı qış axşamı Xıdır müəllim eləcə papiros çəkir, hərdənbir araq içir, danışmır və fikirləşirdi. Xıdır müəllim dünyanın işləri barədə, insanların naşükürlüyü barədə, qeyrətsizliyi, vicdansızlığı barədə fikirləşirdi. İnqilabdan əvvəl biz nə idik? Heç nə, bir nəfər də fərli idmançımız yox idi. Bu boyda Azərbaycanda beş-altı dənə pəhləvan var idi, beş-altı dənə də ağırlıq qaldıran, vəssalam! Onlar da primitiviydi, beynəlxalq arenaya çıxmamışdılar. Bakının cəmi-cümlətani ikicə dənə idman klubu var idi: «Sokol», bir də ki, «Unitas», vəssalam. Elə Rusiyanın özündə nə var idi? Bircə Poddubnıydı, bir də ki, Zaikin də, başqa nə varıydı. Yoldaş Stalin ölkədə bədən tərbiyəsini bu cür inkişaf elətdirdi!.. İndi ölkədə altmış minə (minə!) qədər bədən tərbiyəsi kollektivi var, idmançıların sayı beş milyona yaxındı, minə qədər idman zalı var, stadionların sayı üç yüzü (üç yüzü e!) ötüb! Daha nə istəyirsiz, ay qeyrətsizlər?! Sovet gimnastları Antverpendə Üçüncü Fəhlə Olimpiadasında iştirak etdi! Bu qədər yüksəlişi görməmək olar? Kim eləyib bizim bu yüksəlişimizi? Yoldaş Stalin! Bəs Azərbaycanda kim eləyib bunları? Yoldaş Mir Cəfər Bağırov! Gimnastika, yüngül atletika, basketbol, voleybol... İnqilabdan əvvəl varıydı bunlar? Allahın topu yox idi, cındır əsgiləri basırdılar girdə torbanın içinə, ağzını tikirdilər, guya ki, topdu, Kömürçü meydanında futbol oynayırdılar... Bəs indi necə olur ki, adını da müəllim qoymusan, yeni nəsil tərbiyə edirsən, ay Xosrov müəllim, adamın dili də gəlmir sənə müqəddəs sovet müəllimi sözünü desin! – o boyda kişinin, o boyda rəhbərin sağlığına içmirsən? Üzdən baxırsan ki, fağırın biridi, amma, əslində, vələdüznanın cövhəridi bu Xosrov müəllim. Görmürsən zaraza, gedib özünə necə arvad tapıb alıb? Arvad deyil, balıqdı köpək qızı!..
Xıdır müəllim nifrət dolu nəzərlərlə Xosrov müəllimə baxdı və Xosrov müəllim də bu baxışların altında ağappaq ağardı, hiss etdi ki, kiçilir, tamam balacalaşır və dünyanın hər üzünü görmüş bu adam Xıdır müəllimin həmin baxışları altında az qaldı ağlasın. Xosrov müəllim sövq-təbii hiss edirdi: elə bir səhv buraxıb ki, bunun axırı mütləq pis qurtaracaq; iki aydı ki, Xosrov müəllim hər dəfə evdən çıxıb məktəbə gedəndə (məktəbdən başqa bir yerə getmirdi) Gülzarla bir yerdə yatdıqları çarpayıdakı döşəyin, balıncın o mehriban, o sevimli istisini də özü ilə aparırdı, sinifdə uşaqlara dərs keçirdi, amma boynunun ardında, kürəyində o istini hiss edirdi, o balınc istisi də, o döşək istisi də, əslində, Gülzar xanımın sim kimi tarım çəkilmiş, dolu və hamar bədəninin istisi idi və Arzunun on yaşının tamam oduğu həmin qış axşamı Xosrov müəllimə elə gəlirdi ki, o istini güclə onun bədənindən, hisslərindən dartıb çıxarırlar.
Kələntər müəllim bir az içəndən sonra, dostluqdan, etibardan, vəfadan, səmimilikdən, xeyirxahlıqdan gözəl sözlər dedi. Füzulidən və Seyid Əzim Şirvanidən müdrik misallar söylədi, Ələsgər müəllim məclisin siyasi səviyyəsini qaldırmağa çalışa-çalışa bir bəhanə tapıb yenidən Mir Cəfər Bağırov yoldaşın şərəfinə sağlıq dedi (və mizin arxasındakıların hamısı ayağa qalxıb qədəhlərini dibinəcən boşaltdılar), sonra Bakı ilə, Azərbaycan bolşevikləri ilə xüsusi bağlı olduqları üçün, yoldaş Stalinin yaxın silahdaşlarından və şagirdlərindən yoldaş Anastas İvanoviç Mikoyanın və yoldaş Lavrenti Pavloviç Beriyanın şərəfinə sağlıq dedi, mizin arxasında əyləşənlərin də hamısının haqqında ayrı-ayrılıqda sağlıqlar deyildi (bircə Xosrov müəllim və Gülzar xanım haqqında heç kim, o cümlədən, Ələsgər müəllim də cəsarət edib sağlıq demədi), hətta Firidun müəllim iki-üç xalq mahnısı da oxudu, amma bütün bunlara baxmayaraq, məclisdəki o gizli, o üstüörtülü gərginlik axıradək davam etdi. Təkcə Gülzar xanım dünyadan xəbərsiz idi, hətta sağlıqlarına söz deyilmədiyi də bu qadına təsir etməmişdi, eləcə mehribanlıqla, eləcə səmimiyyətlə hamının üzünə gülümsəyirdi, eləcə məhəbbət dolu gözləriylə Xosrov müəllimə baxırdı və Gülzar xanımın iri, qara gözlərinin dərininə çökmüş və o iri qara gözləri işım-işım işıldadan o xoşbəxtlik, o səadət də bütün məclis boyu o qadınla birgə oldu. Xıdır müəllim isə bütün idmançı iradəsini toplayıb özünü məcbur etdi ki, məclisin axırına qədər otursun və hamı ilə birlikdə bu mizin arxasından qalxsın, yoxsa belə çıxardı ki, Xıdır müəllim meydandan qaçır; yox, Xıdır müəllim meydandan qaçmayacaqdı, çünki rəqibin qarşısından geri çəkilmək, güzəştə getmək Xıdır müəllimin idmançı təbiətinə zidd idi, bu adamlar hələ Xıdır müəllimi yaxşı tanımırdılar.
Gecə qonaqlar dağılandan sonra, Ələsgər müəllim, elə bil ki, bütün məclis boyu oynadığı roldan çıxa bilmirdi, şəstlə Arzudan soruşdu:
– Hə, necə oldu? Gördün sənin yubileyini necə keçirtdik?!
Arzu başı ilə təsdiq edə-edə:
– Hə, yaxşı oldu, – dedi. – Ancaq divar qəzetində Xosrov müəllimi də tənqid edəcəyəm.
Ələsgər müəllim hiss etdi ki, qızarır:
– Niyə?
– Bəs görmədin?
– Nəyi?
– Stalin babanın sevimli şagirdi Mir Cəfər Bağırovun sağlığına içmədi!
Həmişə təmkinli Ələsgər müəllim o qədər yanıb-yaxıldı ki, özünü saxlaya bilmədi, əməlli-başlı hirsləndi:
– Ay qız, sən necə adamsan? Bəs, o sənin sağlığına içmək istəyirdi də!
– Nolsun? Sən özün dedin ki, mənim sağlığıma həmişə içmək olar. Ancaq rəhbərlərin sağlığına birinci içmək lazımdır. Sən də bir şeyi düz eləmədin.
– Mən? Mən nəyi düzgün eləmədim?
– Sən dedin ki, Arzu özümüzünküdür, onun sağlığına sonra içərik. Belə çıxır ki, rəhbərlər özümüzünkü deyil...
Ələsgər müəllimin matı-qutu qurudu:
– Mənim daha sənə heç bir sözüm yoxdur...
– Nədi? Düz demirəm? Rəhbərlər özümüzünkü deyil?
Ələsgər müəllim özünü ələ aldı:
– Özümüzünküdü, əlbəttə... Ola bilsin ki, mən fikrimi düzgün çatdırmamışam. Amma sən də Xosrov müəllimi düz başa düşməmisən. Xosrov müəllim o cürə demək istəmirdi...
– Bəs necə demək istəyirdi?
– İstəyirdi ki... Bilirsən, elə şeylər var ki, sən hələ balacasan, başa düşmürsən...
– Başa düşmürəm?
– Başa düşmürsən... Sən ağıllı qızsan, amma elə şeylər var ki...
– Çox yaxşı. Onda bizim divar qəzetimizdə sən mənə cavab yazarsan!
– Belə şeyləri yazmaq olmaz.
– Niyə?
Ələsgər müəllim gəlib qızının yanında oturdu, Arzunu öpdü, Arzunun xoşladığı maraqlı hadisələrdən danışmağa başladı, Arzunun fikrini yayındırmaq istədi, Firuzə xanım (fikrində Xıdır müəllimin yeddi arxa dönənini söyə-söyə) mətbəxdə çəngəl-bıçağı, boşqabları yuyub quruladıqca, Ələsgər müəllim Arzuya xoş sözlər dedi və birdən-birə özü də hiss etdi ki, o qarlı qış gecəsi qızına yaltaqlanır...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-7-qonaqliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:
XIX fəsilAbşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.
XX fəsil... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...