Həmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini boşaltmağa fürsət tapırdılar.

Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.

Həmin sentyabr günündən bir müddət əvvəl o arvadlar it ləhlədən istinin və evdəki (otaqdakı) nəm bürkünün əlindən o iydə ağaclarının kölgəsində ayaq saxlayıb söhbət edirdilər.

Kolxoz kişinin dul arvadı Xədicə dedi:

– Az, deyirlər xaricdən yenə qəmisyə gələcək...

– Onnarın qəmisyəsi başlarına dəysin!.. Gəlib nağayrajaqlar, az? İndiyədək gəlib-gedib nağayrıblar ki, bunnan sonra da eləsinlər?.. – Bunları da Gözlə-Gəlirəm Məmməd kişinin arvadı Sürəyya xala dedi.

Sonra o biri arvadların da giley-güzarı bir-birinə qarışdı.

– O qəmisyədəkilər gəlib bir gün burda bizim günümüzdə yaşasınlar, onnan sonrasına baxarıq!..

– Az, bunnar hamısı erməninin şipyonudu!..

Bu vaxt Cümü ilə Sona yataqxananın yeganə blokundan çıxdılar, Cümü motorollerini işə saldı, Sona da qalxıb kuzova atılmış köhnə ehtiyat təkərin üstündə oturdu.

– Cümü bunu hara aparır, az?

– Teatra!.. Hara aparacaq? Bilmirsən?

– Vallah, bunun, heç olmasa, tır-tır lafeti var, öz arvadıdı, hara istəyir, ora da aparır! Bizim kişilər neyləsin? Səkkiz nəfər bir otaqdayıq! Sən də qəmisiyədən danışırsan! On bir ildi nağayrıb bizə o qəmisyə, hı?

– Düz deyir, dayna! Odu ha, dağ kimi Məmməd indi oturub o sınıq-salxax skamyada, bərkdən özü özüylə danışır!.. Bu da sənin qəmisyən! – Bu son sözləri də Sürəyya xala dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов