Bir dəfə – mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü başlamamışdı, dənizin sahilində, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam kimsəsiz, bomboş olurdu – axşam Cümü yenə Sonanı motorollerin kuzovuna mindirib qayalığa apardı və yenə də o qayalıqda Sonanın solub rəngi məlum olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pırtlayıb zühur elədi, bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra toxtayıb:

– Alə, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!..

Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa sıçrayıb motorollerə tərəf qaçdı və kuzova minib hönkürə-hönkürə çığırdı:

– Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..

Birdən-birə bütün sifəti təndir közü kimi alışıb-yanan Cümü heç bilmədi nə üçün, əlini atıb yerdən ovuc boyda bir qaya parçası götürdü, sonra arxasını onlara çevirib qayalıqdan uzaqlaşan o kişinin ardınca baxdı, bütün varlığı ilə istədi ki, əlindəki daşı öz başına çırpıb özü öz beynini dağıtsın, sonra birdən-birə boşalan, taqətdən düşən əlindəki qaya parçasını güclə bir tərəfə tulladı və tır-tıra tərəf getdi.

Uzaqlaşıb qaranlıq içində gözdən itən o kişi yerli adam idi, deyəsən, avtobus sürücüsü idi, adı da deyəsən, Ağarəhim idi, ya Ağadadaş idi, nəsə belə bir şey idi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов