Sonanın böyük bacısı Solmaz anadangəlmə kor idi və elə ki, ermənilər Şuşaya hücum çəkdi, Şuşada qaçaqaç düşdü, kim nə tapdısa, ona mindi, şuşalıları köçürən vertalyotda, yük maşınlarında, başqa maşınlarda yer qalmadı, onda hərə canını götürüb bir tərəfə dağıldı, kimi pay-piyada Turşsu meşələrindən keçib Laçına qaçdı, kimi dağlardan enib Ağdama gələ bildi, bir qismi işğalçı gülləsinə tuş oldu, bir qismi girov götürüldü, güllədən və girovdan yayınan bir qismi də elə o meşələrdə, o dağlarda tələf oldu. Ana oğuldan xəbərsiz qaldı, oğul bacıdan, bacı atadan və o vaxt Solmaz da itdi və Cümügil minbir məşəqqətlə gəlib Ağdamda yığışanda Solmazı «gördüm» deyən olmadı, Solmazdan xəbər-ətər çıxmadı.

Bütün bu müsibətlər azmış kimi, Solmazın da sevimli və köməksiz sifəti gecə-gündüz Sonanın gözlərinin qabağından getmirdi və belə məqamlardan birində Güllü arvad dediyi sözlərə özü də inanmayaraq, Sonaya toxtaxlıq vermək istədi:

– Az, özünü üzmə... Dünyada elə möcüzələr olur ki!.. Allah kərimdi!..

Sona burnunun suyunu çəkə-çəkə:

– Allahın üzü dönüb də, bizdən, ay nənə!.. – dedi. – Görmürsən?

Güllü arvad içini çəkdi:

– Boy-y-y, ay qız, əstəğfürullah de!

Sona:

– Demirəm! – dedi.

Güllü arvad, elə bil, elə bu dəqiqəcə, indikindən də pis günə qalacaqlarından qorxub gəlinin yerinə özü həyəcanlı bir canfəşanlıqla:

– Əstəğfürullah!.. – dedi.

Amma Güllü arvadın o «əstəğfürullah»ının nəticəsiydi, ya nə idisə, onun özünün də inanmadığı o möcüzə, həqiqətən, baş verdi – Şuşadan qaçdıqları vaxtdan düz on üç gün sonra Solmaz Əsgərandan aşağıda, Qasımlı kəndinin yaxınlığında tapıldı – huşu özündə deyildi, çöldə, bir gilənar ağacının altında yerə sərilib qalmışdı, əyni-başı cırılıb dağılmışdı, arıqlayıb təkcə sümükdən və dəridən ibarət baldırları adda-budda göm-göy göyərmişdi, yalın ayaqları qan içində idi, amma özü sağ idi.

Camaatın sağlam ərindən, oğlundan, qızından xəbər yox idi, amma kor Solmaz gecə-gündüz pay-piyada Şuşa dağlarından enib, ermənilərin gözündən yayınıb Ağdamacan gəlib çıxmışdı və bir neçə gündən sonra danışa bilən Solmaz belə bir söz dedi:

– Allah əlimdən tutub aparırdı məni...

Kor bacısının bu sözü Sonanın bütün beyninə sahib oldu, Sona fikirləşdi ki, yox, Allahın üzü hələ onlardan dönməyib, pis günün ömrü az olar, yenə Şuşaya qayıdacaqlar, Ağadədəli məhəlləsindəki evlərində yaşayacaqlar, Cümünün (Qızıldiş Cümşüdün) qara «Volqa» taksisi yenə gəlib məhəllədə, həyət darvazalarının qabağında dayanacaq, amma günlər keçdi, aylar keçdi, gəlib Buzovnadakı fəhlə yataqxanasında məskunlaşdılar, illər keçdi və Sonanın beyninə sahib olan o hisslər də bütün bu müddət ərzində qaxaca döndü, sonra da ovulub töküldü, amma tamam yox olmadı, çünki o ümid axıracan ovulub tökülsəydi, tamam yox olsaydı, o zaman, ümumiyyətlə, həyat, yaşamaq sona yetəcəkdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II hissə

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

45 мин
I fəsil

(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.

13 мин
II fəsil

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

21 мин
III fəsil

Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.

13 мин

Стихи других поэтов