Qızıl diş
Страница 2 из 6 · 17%
Əliqulunun o bir oğlu isə hələ sovet hökuməti vaxtı əsgərliyini gedib Rusiyanın Barnaul deyilən bir şəhərində çəkmişdi, əsgərlik vaxtı qurtarandan sonra da Azərbaycana qayıtmamışdı, orada qalmışdı, az qala iyirmi il idi ki, orada işləyirdi, orada bir rus qızıilə evlənmişdi və onun da bir oğlu olmuşdu, üç, ya da dörd qızı və bu iyirmi ildə Əliqulu oğlunun da, gəlininin də, nəvələrinin də üzünü görməmişdi, çünki burdan Barnaula gərək təyyarə ilə uçaydın, onun da bileti çox baha idi, oğlu da o vaxtdan buralara gəlməmişdi, yəqin o bilet bahalığı oğlunun da cibinə görə deyildi və Əliqulu da, arvadı da bircə onu bilirdilər ki, oğul nəvələrinin adı rus adıdı: Svyatoslav və arvad da nəvəsinin bu adını heç cürə yadında saxlaya bilmirdi, hərdən soruşurdu: «– Necə oldu o uşağın adı?».
Dünyanın ən gözəl səsi nə səhərin gözü açılmamış böyük bir dəstə ilə məhəllədəki qoşa tut ağacına qonmuş sərçələrin cik-ciki idi, nə qonşuları Fətullanın klarnetinin səsi, nə də bir başqa səs – bunlar gözəl idi, öz yerində, amma dünyanın ən gözəl səsi elektrik qatarının təkərlərinin çuqqa-çuku idi və Əliqulu həmişə elektrik qatarının o çuqqa-çuku altında vaqonun pəncərəsindən eşiyə baxanda bütün bədəninə bir rahatlıq gəlirdi, altmış altı illik həyatının işıqlı nə xatirəsi varıydısa, yadına düşürdü və o məqamlarda qətiyyən fərqi yox idi ki, qatar getdikcə pəncərədən görünən və bir-birini əvəz eləyən Abşeron mənzərələri nədən ibarət idi? o dəm Əliqulu gözünün qabağındakı o xatirələrin içində olurdu, misal üçün, birinci sinifə getməsini yadına salırdı, düzdü, yeddinci sinifi güc-bəla ilə qurtardı, sonra daha məktəbi buraxdı, çünki oxumağa nə həvəsi var idi, nə də şəraiti və gedib vağzalda paravoz kömürü daşımağa başladı, amma o birinci sinifə getdiyi günün tərtəmizliyi, o balaca Əliqulunun məktəbə getməyi münasibətilə anasının qayçılayıb, guya, sahmana saldığı pırpızaq saçları, elə anasının da mürəkkəbqabı qoymaq üçün qalın pambıq ipdən toxuduğu mürəkkəb torbacığı, «Əlifba» kitabındakı o şəkillər gözlərinin qabağına gəldi; həmin qatar çuqqa-çukuda basma kağız mürəkkəbi özünə necə çəkirdisə, Əliqulunu da eləcə özünə çəkirdi və qatarın o gözəl çuqqa-çuku altında zibil eşələməyə getməyi, xüsusən də yay vaxtı zibilliyin qurdlamış iyiüfunəti tamam yaddan çıxırdı.
Sovet hökumətinin vaxtında Bakının mərkəzində bir çox hündürmərtəbəli binalar var idi ki, onların sakinləri, xüsusən arvadlar, yəni, ev sahibələri bu qısaboylu, arıq kişini – Əliqulunu yaxşı tanıyırdılar: səhər tezdən günortayacan Əliqulu çiynində torba o hündür binaların həyətinə girib və başını qaldırıb: «– Butulka pakupayu-u-u!.. Butulka pakupayu!..»– deyə qışqırırdı və elə ki, çiynindəki o böyük torba səkkiz qəpiyə, on qəpiyə, on bir qəpiyə aldığı çaxır, su, araq, kefir şüşələri ilə dolurdu, aparıb Şüşəalma Məntəqəsində onları on qəpiyə, on iki qəpiyə, on dörd qəpiyə dövlətə təhvil verirdi və pis də qazanmırdı.
Sonra sovet hökuməti dağıldı və aradan keçən bu müddət ərzində Bakı camaatının bir qismi harınlamışdı, boşalmış şüşələri atırdı zibil yeşiyinə, qalan qismi də tamam kasıblamışdı və hərgah onların evində bir şüşə boşalırdısa, özləri aparıb Şüşəalma Məntəqələrinə təhvil verirdilər və o Şüşəalma Məntəqələri də daha dövlətin deyildi, ayrı-ayrı adamların idi və onlar hər şüşəni bittə-bittə yoxlayırdılar.
İndi daha hündürmərtəbəli binaların həyətinə girib:
«– Butulka pakupayu!.. Butulka pakupayu!..» – qışqırmağın mənası yox idi və indi Əliqulu belindəki həmin torba ilə o hündür-mərtəbəli binaların həyətlərinə girib çubuqla zibil yeşiklərini eşələyirdi və tapdığı şüşələri də ordan yığıb belinə şəlləyirdi və aparırdı Şüşəalma Məntəqəsinə.
Düzdü, indi yüz cürə içki peyda olmuşdu və o içkilərin də yüz cürə şüşəsi var idi, amma qazanc sovet hökumətinin vaxtındakından az olurdu və ümumiyyətlə, indi belə məlum olurdu ki, sovet hökuməti elə, doğrudan da, fəhlələrin hökuməti imiş, bir də ki, məsələ hökumətdə deyildi, sovet vaxtı kim pis yaşayırdısa, elə indi də it günündə yaşayır, yox, kim ki, o vaxt yaxşı yaşayırdı, indi də elə həmin adamlar o vaxtkından da yaxşı yaşayırdılar.
Fikirlər gəlib bu məqama çatanda, Əliqulu ürəyində deyirdi:
«– Halal xoşları olsun!»
Həyatın öz qanunları var...
Göydəki o ulduzların sayı-hesabı yox idi və dünyaya gəlib-gedən insanların da bu ulduzlar kimi, sayı-hesabı yox idi.
Və belə məlum olur ki, kürreyi-ərzdə insana doğma olan ən birinci bir şey varsa, o da torpaqdır, çünki bu qədər insan ki, dünyaya gəlib, sonra da köçüb gedib, onların adı da yaddan çıxıb, kim kimin əcdadıdı?– o da itib gedib və onlardan nəsə bir iz-soraq qalıbsa, o da torpaqdadı, torpaqda əriyib bir-birinə qarışıb və deməli, Əliquluya da, o birinə də ən doğma bir şey – torpaqdır.
Ən çox şüşə Bakının mərkəzindəki o hündürmərtəbəli binaların həyətindəki zibil yeşiklərində olurdu, amma zibil maşınları Bakıda, ilk növbədə, elə o həyətlərdəki zibil yeşiklərini səliqə ilə boşaldıb aparırdı və Əliqulu çox zaman mərkəzə o zibil yeşiklərinin boşaldılmış vaxtlarında gəlib çıxırdı və belə vaxtlar belindəki o torba da, əlbəttə, boş qalırdı. Onda, yəni, belindəki o torba tamam boş olanda Əliqulu elektrik qatarına minib Zibilliyə gedirdi, sonralar isə, hərdən səhər evdən çıxanda heç o hündürmərtəbəli binaların həyətindəki zibil yeşiklərinə baş da çəkmirdi, elə birbaşa Zibilliyə yola düşürdü, uzun çubuğu ilə Zibilliyi eşələyib tapdığı şüşələri torbasına yığırdı, geri qayıdıb Şüşəalma Mərkəzinə təhvil vrirdi.
Və Əliqulu sabah səhər Zibilliyə gedəcəkdi.
Neçə illərsə bundan əvvəl Əliqulu cırılmış bir jurnal səhifəsində rəngli bir şəkil görmüşdü, o şəkili çəkən rəssamın adı nə idi?– bilmirdi, amma bir dəfə gördüyü o şəkil heç yadından çıxmırdı: yekə bir saat idi, amma o saat elə bil ət parçasıydı, ya qalın və yaş əsgi parçasıydı, ya nəydisə, yarısı mizin üstünə sərilmişdi, yarısı da mizin üstündən yerə sallanmışdı və Əliqulu nə üçün o şəkili heç cürə yadından çıxara bilmirdi?– bunun da səbəbini bilmirdi, amma hərdən ona elə gəlirdi ki, hər gün sübh tezdən çiyninə salıb evdən çıxdığı o boz torba, bax, həmin o saat kimi bir şey idi...
Elə bil ki, damın üstündəki o yorğan-döşək damın üstündə yox, elektrik qatarındakı vaqonda salınmışdı və o elektrik qatarı da Abşeronun qumsallığı ilə yox, baxımsız qalmış qədim zeytun və əncir ağaclarının arası ilə yox, biri qurtarıb, o iri başlayan qəsəbələrin kənarından yox, göy üzünü bürümüş o ulduzların arası ilə gedirdi və o elektrik qatarı adamı yayın bu cırhacırında üfunətindən baş gicəllənən Zibilliyyə yox, harasa naməlum bir uzaqlığa aparırdı və o uzaqlıqda nə o üfunət var idi, nə də o Zibillik, orada hər şey başqa cürə idi, – necə idi?– Allah bilirdi, amma tamam başqa cürə idi...
Diş həkimi Müseyibin əlləri qızıl idi və bunu kiçikdən tutmuş böyüyəcən Bakının bütün stomatoloqları təsdiq edirdi və bu stomatoloqların arasında, əlbəttə, Müseyibi istəməyənlər də vardı, ona paxıllıq edən, onu gözügötürməyənlər də vardı, amma onlar da təsdiq edirdi ki, bəli, bu kürən və codxasiyyət adamın əlləri qızıldır və hərgah diş həkimliyi də vergiylədisə, Allah bu vergini birinci elə Müseyibə vermişdi.
Müseyib Allaha inanan adam idi və sovet vaxtı düz on bir il – 1979-cu ildən 1990-cı ilə, yəni, camaat Kommunist partiyasından qaçmağa başladığı vaxta qədər – işlədiyi poliklinikanın – Bakının ən böyük stomatoloji poliklinikasının ilk partiya təşkilatının katibi oldu, amma o on bir ildə bir gün də olmadı ki, Müseyib anasındanqalma kiçik bir «Quran»ı pencəyinin döş cibində,– özü də sol tərəfdə – gəzdirməsin və əlbəttə, o zaman partiya iclaslarına yığışan partiyaçı stomatoloqlar və poliklinika işçiləri ağıllarına gətirməzdilər ki, iclası aparan partkomun, yəni, Müseyibin cibində «Quran» var, amma, kim bilir, bəlkə o iclas iştirakçılarının özlərinin də arasında eləsi, yaxud elələri var idi ki, o da (onlar da) cibində (ciblərində) «Quran» gəzdirirdi, bunu kim biləcəkdi? o adamdan və o adamın Allahından başqa heç kim və bir dəfə (onda Qorbaçov hakimiyyətə təzə gəlmişdi, amma «perestroyka» hələ başlamamışdı) partiya iclası ateizmin təbliğinə həsr olunmuşdu, məruzəçi də Müseyib idi və Müseyib məruzə etdikcə, dinin əleyhinə danışdıqca, İslamı xaçpərəstliyə, xaçpərəstliyi musəviliyə qatıb, hamısını ifşa etdikcə, Leninin «Din xalqlar üçün tiryəkdir»– kəlamını sitat gətirdikcə, tez-tez əlini pencəyinin sol yaxasına toxundururdu, ona elə gəlirdi ki, cibindəki o balaca «Quran» indicə cibindən düşüb, qaçıb gedəcək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-qizil-dis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..
XVI fəsilGözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacınınaltındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə
XVII fəsilÇəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi: