Qızıl diş
Страница 3 из 6 · 33%
Hərdən Müseyibə elə gəlirdi ki, sağ tərəfindəki o ağrı da əslində elə o partiya iclasından sonra başlamışdı, amma belə deyildi, o ağrı son ayların, uzaqbaşı, bu axırıncı bir ilin işi idi və nəhayət ki, bu gün səhər tezdən «Mersedes»i işə salıb sağ tərəfindəki o ağrıya görə Bakı Diaqnostika Mərkəzinə gedəndə, elə ilk yadına düşən, gözünün qabağına gələn də o uzaq illərin həmin o partiya iclası oldu və Müseyib qeyri-şüuri əlini sol döşünə toxundurdu, amma iyul ayının o istisində, təbii ki, pencək əynində deyildi və ümumiyyətlə, o balaca «Quran» daha o pencəyin sol cibində deyildi, çünki daha «Quran»ı gizlətməyə ehtiyac yox idi, Sovet İttifaqı dağılıb getmişdi və indi Müseyibin evində ən nəfis şəkildə nəşr olunmuş bir-birindən gözəl «Quran»lar var idi, amma bu gün səhər tezdən ki, Müseyib «Mersedes»inə minib Bakı Diaqnostika Mərkəzinə gedirdi, heç xoşuna gəlməyən, nəinki xoşuna gəlməyən, bir andaca əməlli-başlı ürəyini qısan bir hissiyyat birdən-birə onun bütün içini bürüdü: ona elə gəldi ki, o zaman, ateizmə həsr olunmuş o partiya iclasında onun pencəyinin sol tərəfində, cibində saxladığı, anasındanqalma o balaca «Quran», həqiqətən, cibindən düşüb qaçıb çıxıb, getmişdi...
...həmişəlik getmişdi...
Elə həmin isti iyul səhəri də Əliqulu elektrik qatarının o gözəl çuqqa-çuku içində yol gedirdi və Əliqulu o isti iyul səhəri yadından çıxarmaq istəyirdi və yadından çıxarırdı da ki, bu qatar (bu gözəl çuqqa-çuku!) onu üfunət dolu bir Zibilliyə aparır.
Əliqulunun həyatında bir həqiqət var idi və elə bil, illər keçdikcə, bu həqiqət özü ilə bir qəmginlik gətirirdi: bütün həyatı ərzində Əliqulu bu elektrik qatarından başqa heç bir qatara, heç bir təyyarəyə, heç bir gəmiyə minməmişdi, çünki ömründə Bakıdan kənara çıxmamışdı və bütün ömründə bircə gecə də olsun, rəhmətlik Nəcəfəlidən (yoxsa Əlinəcəfdən?) miras qalmış o ikiotaqlı, birmərtəbəli evdən kənarda yatmamışdı.
Abşeron çölləri ilə gedən bu elektrik qatarının beləcə çuqqa-çuku Əliqulunun həyatında hansısa səyahətdən xəbər verən yeganə bir...
nə idi?..
yeganə bir... nişanə idi və o da Əliqulunu Zibilliyə aparırdı və həmin isti iyul səhəri birdən-birə Əliquluya elə gəldi ki, o elektrik qatarı, o çuqqa-çuku, əslində, onu ömrün son məqamına, torpağa aparır və bu, düzdü, bir az qəmgin bir hissiyyat idi, amma burda təəccüblü də bir şey yox idi, çünki Əliqulunun həyatı da elə o üfunətli zibillik kimi bir şey idi.
Əliqulu bir-bir vaqonun pəncərəsindən ötüşən elektrik dirəklərinə baxa-baxa öz-özünə:
«– Olsun də!» – dedi.
Bakının «Sabunçu vağzalı»ndan çıxan elektrik qatarı ilə dörd dayanacaq getdikdən sonra, stansiyanın qarşısındakı şose yolu keçirsən və qumluqla, baxımsız adda-budda zeytun ağaclarının arasından ötüb günbatana tərəf gedirsən və birdən-birə dəniz sahilinin o gözəl havası dəyişməyə başlayır, get-gedə üfunət iyi aləmi bürüyür və kor da olsan, o üfunəti tuş tutub gəlib həmin Zibilliyə çıxacaqsan.
Zibil maşınları Bakının o əraziyə yaxın rayonlarından, qonşu qəsəbələrdən gətirdikləri zibili bura boşaldırdılar və sovet zamanı burada xüsusi briqadalar kağızı ayrı yığırdılar, dəmiri ayrı yığırdılar və sairə və bunların hamısını təkrar emala verirdilər, yerdə qalanı isə yandırılırdı, amma elə ki, Sovet İttifaqı dağıldı, elə bil, bu Zibilliyin də sahibi öldü, buralar itin-pişiyin, milçəklərin ümidinə qaldı və ümumiyyətlə, Zibilliyin Sovet İttifaqında olan möhtəşəmliyi get-gedə azalmağa başladı, maşınlar zibilləri vaxtında yığmırdılar, vaxtında gətirib bura boşaltmırdılar və daha dəmir-dümür də heç gedib zibil yeşiklərinə çatmırdı, müştərilər onları əvvəldən yığıb-yığışdırıb aparıb qaramalçılara satırdılar, kağız-kuğuz da tamam azalmışdı və kağız-kuğuzun əvəzinə külli miqdarda sellofan torbalar peyda olmuşdu və xüsusən Abşeronun məşhur küləkləri əsəndə o sellofan torbalar uçub ağacların qol-budağına, evlərin qapı-pəncərəsinə ilişib qalırdı.
Üstü sellofan torbalarla dolmuş qoca bir əncir ağacının yanından ötəndə Əliqulu fikirləşdi ki, dünya, deyəsən, doğrudan da, dəyişib, indi quşların əvəzinə ağaclara sellofan torbalar qonur.
Müseyibin əlləri yalnız məcazi mənada qızıl deyildi, bu əllər həm də həqiqi mənada qızıl istehsal edirdi, yəni, bu əllərin qabiliyyəti, bacarığı sayəsində Müseyib hələ Sovet İttifaqı zamanı Bakının ən nüfuzlu gizli qızıl...
bunu necə deyək?..
gizli qızıl...
gizli qızıl mütəxəssislərindən (!) biri, əslində, elə birincisi idi və Bakının qarabazarında dövrə vuran Nikolay qızıl onluqlarının, imperialların və ümumiyyətlə, qızıl məmulatının çox böyük hissəsi onun o qızıl əllərindən keçib-gedirdi və aydın məsələdir ki, söhbət yalnız qızıl diş salmaqdan yox, gizli qızıl alverindən gedirdi, sonra elə ki, Sovet İttifaqı birdən-birə tar-mar oldu, Müseyibin və onun uzun illər boyu əsl yaradıcılıq eşqi və hörümçək torunun səliqəsi ilə yaratdığı şəbəkənin gizli fəaliyyəti açıq-aşkar bir biznesə çevrildi.
Hər şey gözəl idi, hörmət də artırdı, var-dövlət də artırdı, oğlanlarının ikisi də nər kimi idi, nəvələrin sayı da artırdı, amma hər şey, elə bil, ləzzətini itirmişdi, o sovet dövründəki (ateizm vaxtı!) gizli həyatın sevincini indi həmin gözəl həyəcanla yaşamaq mümkün deyildi, nə üçün? – iş burasındaydı ki, bu sualın cavabını da vermək mümkün deyildi... Görünür, qadağanın (sovet qadağalarının!) öz şirinliyi olur və o zaman ki, hər şey açıq-aşkardır, nə istəyirsən, onu da edirsən, hər şey sadələşir və indi Müseyibin bir sükut içində oturub gözünü zillədiyi II Yekaterinanın qoz ağacından gümüşlə işlənmiş o kiçik kürsüsü də, elə bil ki, tamam adi bir şey idi...
Müseyib antikvar vurğunu idi və onun dənizə baxan bu binanın səkkizinci mərtəbəsindəki beşotaqlı mənzili, əslində, antikvar muzey kimi bir yer idi və rəhmətlik arvadı – o da qəribə adamlardan biri idi – hərdən deyirdi ki, qonaq gələndə, vallah, adam utanır... Misal üçün, bir yeniyetmə təzə paltarını geyib camaat arasına çıxanda necə şaşırırdı, utanırdısa, arvadı da, rəhmətlik, görünür, o cürə utanmağı deyirdi...
II Yekaterinanın bu kətilini Sovet İttifaqı dağılandan sonra, Leninqradda (indi təzədən Sankt-Peterburq olub) gizli və gərgin sövdələşmədən sonra məşhur bir demokratdan almışdı, o demokrat isə, bunu hansı muzeydən, necə əldə etmişdi?– özü bilərdi və Yekaterinanın bu kətili Müseyib üçün, həqiqətən də, bir sevinc və fəxarət mənbəyi idi, amma indi, bu bürkülü iyul axşamı o da beləcə adiləşmişdi.
İndicə oğlanları gələcəkdi və şübhəsiz ki, yenə konyak açılacaqdı, soyuducudakı delikatesləri özləri çıxarıb mizin üstünə düzəcəkdilər və üç kişi oturub dünyanın gözəl işlərindən danışacaqdılar, gözəl xatirələr yada düşəcəkdi, sonra da oğlanları gedəcəkdilər. Arvadı öləndən sonra, Müseyib bu beş otaqda tək qalmışdı, qoca bir yəhudi qadın xidmətçisi var idi, axşam saat altıdan sonra o da gedirdi və o zaman bu əntiq-füruş şeylər tamam-kamal adiləşirdi, sadələşirdi və o adiləşmə, sadələşmə özü ilə bir qüssə gətirirdi...
Oğlanlarının hərəsinin öz evi var idi, amma ikisinin də ürəyi burada, atasının yanında idi və Müseyibin sağ tərəfindəki bu ağrı başlayandan sonra, ikisi də, az qala, dava edirdilər ki, həkimə getmək lazımdır. Müseyibin də ki, özü həkim idi, amma həkimə getməklə qəti arası yox idi və həyatında heç vaxt həkimə getməmişdi.
Bir tərəfdən o ağrı dilxor edirdi, o biri tərəfdən də oğlanları məcbur edirdi və Müseyib şeytana lənət deyib, Diaqnostika Mərkəzində həkimlərlə danışıb bu gün səhər ora müayinəyə getdi. Cib telefonunu söndürmüşdü və Müseyib evə gələndə hələ qapını açmamış, liftdən çıxanda eşitdi ki, telefonun səsi aləmi dağıdır.
Böyük oğlu idi:
– Əşşi, telefonu da söndürmüsən, səhərdən birtəhər olmuşam! Nə oldu?
– Nə olmalıydı ki?
– Baxdılar? Nə dedilər?
– Dedilər ki, hər şey əladı!
– Yaxşı baxdılar? UZI-dən keçdin?
– UZI-dən də keçdim, analizlərin də hamısını verdim!
– Dedilər əladı?
– Hə!
– Bir şey yoxdu?
– Hə də, dedilər heç nə yoxdu. Yüngül soyuqdəymədi, keçib gedəcək. Tərtəmizdi, dedilər, hər şey!– Müseyib güldü.– Nə olacaqdı e, mən də bilirdim ki, boş şeydi də!..
– Axşam gəlirəm!
Və Müseyib, elə bil, gözüylə gördü ki, oğlunun gözləri sevincdən necə doldu və oğlunun belə bir münasibətindən elə Müseyibin özünün də gözləri doldu.
Telefonun dəstəyini yerinə qoymağa macal tapmamış, telefon təzədən zəng çaldı.
Kiçik oğlu idi.
Və eyni söhbət – söz-sözə!– onunla oldu və onun da o nigarançılığının ürəyindən çıxmasını Müseyib, elə bil, gözü ilə gördü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-qizil-dis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..
XVI fəsilGözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacınınaltındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə
XVII fəsilÇəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi: