Qızıl diş
Страница 5 из 6 · 67%
Əliqulu heç vaxt liftə minmirdi, nə idisə, liftə qəti etibarı yox idi, hündür binaları da mərtəbə-mərtəbə piyada qalxırdı və həmin iyul axşamı «Sabunçu vağzalı»nda elektrik qatarından düşüb bu tərəfə üz tutanda da, indi də Müseyibin yaşadığı bu binanın mərtəbələrini qalxdıqca, ürəyində bir nigarançılıq var idi: Əliqulu yaxşı bilirdi ki, yalan danışmağı bacarmır, heç əslinə qalsa, onun həyatında yalan danışmaq üçün bir səbəb də olmamışdı, amma bu on altı qızıl dişli karonkanı Müsüyə göstərib nə deməliydi? hardandı bu? kim verib? arvadımındı? özümündü? bəs kimindi? və Allahın bu gözəl qismətini ki, həyatında ilk dəfə Əliqulunun bəxtinə düşmüşdü, nə adla Müsüyə satmalıydı?
Və Əliqulu səkkizinci mərbəyə çatıb Müseyibin qoz ağacından tünd qəhvəyi rəngli qapısı ağzında dayananda da bu nigarançılıq içində bir müddət nəfəsini dərdi, hətta elə bir an oldu ki, Əliqulu düşüb buradan qaçmaq da istədi, amma, bu Allah qismətinin müqabilində, əlbəttə, belə iş görmək olmazdı və Əliqulu elə o nigarançılıq içində də özünü gözgörəti bir zor ilə məcbur edib boş torbanı tutmuş sol əlini qaldırdı və o qoz ağacından tünd qəhvəyi rəngli qapının zəngini basdı.
O zəng səsindən sonra, həmin o hissiyyat təzədən qayıtdı və bu dəfə Əliqulu özünə güc gələ bilməyib elə, doğrudan da, qaçmaq istədi, amma Müseyibin kiçik oğlu indicə atasının sağlığına içdiyi konyakın boş qədəhini mizin üstünə qoydu və o gözəl mizin arxasından qalxıb arakəsməyə çıxdı, tünd qəhvəyi rəngli çöl qapısını açdı və sağ əlini boz rəngli köhnə pencəyinin cibinə basmış, sol əlində eləcə də bir boz rəngdə boş torba tutmuş bu adama – Əliquluya baxdı.
– Nə istəyirsən?
– Salam-əleyküm!..
– Nə istəyirsən?
– Müsünü...
– Nə?
– Müsünü istəyirəm...
– Müsü kimdi?
– Müseyib... Müseyib həkimi istəyirəm...
Müseyib də o gözəl mizin arxasından qalxıb arakəsməyə çıxdı:
– Kimdi elə?– Və qapının ağzında dayanan Əliqulunu gördü, gülümsəyib başını buladı.– Əşşi, üç gün bundan qabaq gəlməmişdin? Butulkaları verdim, apardın də!.. Elə bilirsən bura butulka zavodudu?
Müseyibin ardınca böyük oğlu da arakəsməyə çıxdı.
Əliqulu:
– Yox...– dedi, sonra da nəsə mızıldadı, amma heç kim onun nə mızıldadığını başa düşmədi.
Kiçik oğul:
– Nə?– soruşdu.
Bu dəfə Əliqulu qan-tər içində sol əlini boz pencəyinin cibindən çıxartdı və udquna-udquna:
– Başqa işim var...– dedi.
Müseyib qapının ağzına yaxınlaşdı.
– Nə işin?
Əliqulu ovcunu açmaq istədi, amma barmaqları sözünə baxmırdı, elə bil ki, on altı qızıldişli karonkadan heç cürə ayrılmaq istəmirdi. Axır ki, Əliqulu güclə əlini açdı və Müseyibin göy gözləri elə həmin andaca o karonkanı aldı və ən əsası isə, Müseyib elə həmin anda da gülümsəyib:
– Zibillikdən tapmısan?– soruşdu və karonkanı götürüb arakəsmənin ortasındakı çılçırağın altına getdi və çilçırağın işığında karonkaya diqqətlə baxandan sonra kiçik oğluna: – Bir az pul ver, onu yola sal, getsin.– dedi və otağa keçdi.
Kiçik oğul əlini cibinə saldı və cibindən nə qədər pul çıxartdısa, bir göy əlliminlik götürüb Əliquluya verdi:
– Ala!– Sonra da tünd qəhvəyi rəngli qapını düz Əliqulunun burnunun ucunda bağladı.
Əliqulu əlində tutduğu o pula baxdı və bir müddət beləcə dayandı və bu vaxt qəribə bir iş oldu: düyməsini səhv basmışdılar, ya nə olmuşdusa, birdən-birə içi bomboş liftin qapısı həmin səkkizinci mərtəbədə Əliqulunun yanında səs-küylə taybatay açıldı və Əliqulu, bəlkə də, qaçıb o liftə minməmək üçün, heç özü də bilmədi ki, tünd qəhvəyi rəngli qapının zəngini təzədən necə basdı.
Bu dəfə qapını böyük oğul açdı və elə həmin anda da liftin qapısı eləcə səs-küylə bağlandı. Böyük oğul, az qala, ikimetrlik boyunun hündürlüyündən balaca Əliquluya baxdı, sonra qapısı örtülmüş liftə tərəf baxdı, sonra yenə balaca Əliquluya baxdı və:
– İndi nə istəyirsən?– soruşdu.
Əliqulu yenə də nəsə mızıldadı və bu dəfə də böyük oğul onun nə mızıldadığını başa düşmədi, eynilə kiçik qardaşı kimi əlini cibinə saldı, yenə nə qədər pul çıxartdısa, arasından üç dənə on, minlik seçdi və pulları Əliquluya verdi. Bu vaxt Müseyib də təzədən arakəsməyə çıxdı, Əliqulunu görüb bu dəfə başını açıq-aşkar bir narazılıqla buladı:
– Yenə budu?– dedi. – Qoy dayansın.
Müseyib otağa keçdi, indicə oğlanları ilə birlikdə içdikləri konyakın boş şüşəsini götürdü və arakəsməyə qayıtdı, şüşəni böyük oğluna tərəf uzadıb:
– Al, bunu da ver ona.– dedi və təzədən otağa keçdi.
Böyük oğul o boş şüşəni Müseyibdən aldı və qapıya yaxınlaşdı. Əliquluya elə gəldi ki, o nəhəng oğlan bu saat o boş şüşəni onun başına çırpacaq, hətta o məqamı gözləyə-gözləyə Əliqulu gözlərini də yumdu, amma belə olmadı, nəhəng oğlan şüşəni Əliqulunun qoltuğuna dürtdü, sonra barmağını da uzadıb, az qala, bu balaca adamın gözünün içinə soxa-soxa:
– Sən öləsən,– dedi,– bir də buralara gəlib kişini narahat-zad eləsən, sənin gözlərüvü çıxardacam!
Sonra böyük oğul hirslə qapını çırpdı və bu dəfə o tünd qəhvəyi qapı, həqiqətən də, Əliqulunun burnuna dəydi.
Allahın qisməti iki cür olur.
Varlının bir qisməti var, kasıbın başqa qisməti.
Və Allahın işinə qarışmaq olmaz, naşükür olmaq da lazım deyil.
Beş «şirvan», bu da üç «şirvan», elədi səkkiz «şirvan».
Səkkiz «şirvan»dan ötrü neçə gün zibil yeşiklərini axtarmalıydın?
Hələ bir tərəfdən də o bahalı boş şüşə...
Hara uçdu o ulduz?
Bu gecə də dünənki gecənin eyni idi, göyün üzü ulduzla dolu idi.
Dünənki kimi və əlli il bundan əvvəlki o gecə kimi.
Gecə yarını keçmişdi və indi Bakı sakinləri bürkünün fərqində deyildi, Bakı yatmışdı.
Müseyib yenə taybatay açdığı o geniş pəncərənin qarşısında dayanıb göydəki o ulduzlara baxırdı.
O ulduz əlli il bundan əvvəl axıb getmişdi.
Bu əlli ildə nələr olmuşdu...
Müseyibin ürəyi birdən-birə bir siqaret istədi, amma siqaret yox idi, Müseyib ki, üç il bundan əvvəl oğlanlarının tələbinə davam gətirmədi və siqareti tərgitdi (gərək heç tərgitməyəydi!), onlar bu evdə bircə dənə də siqaret qoymadılar, hamısını yığışdırıb aparıb tulladılar, ya kiməsə bağışladılar və Müseyib də daha siqaretsizliyə öyrəndi, üç ildən artıq idi ki, heç yadına da düşmürdü.
Amma indi birdən-birə ürəyi siqaret istədi.
Məsələ burasında idi ki, Müseyib oğlanlarını aldatmışdı.
Səhər tezdən Diaqnostika Mərkəzində tanış həkimlərlə zarafatlaşıb müayinəyə başlayandan bir az sonra həkimlərin sifətində zarafatdan əsər-əlamət qalmadı və fəhmi çox həssas olan Müseyib bunu o saat hiss etdi. Müayinə qurtarandan sonra, həkimlərin dili topuq vurmağa başladı. «Mənim işlərim necədi? «Gərək... məsləhətləşək...» «Kimlə məsləhətləşəcəksiz?» «Görək də...» «Kimlə?..» «Gərək götür-qoy eləyək...» «Kimlə?» «Fərəcovla...»
Fərəcov Bakının ən məşhur onkoloqu idi.
Müseyib Diaqnostika Mərkəzindən çıxıb «Mersedes»i birbaşa Onkologiya İnstitutuna sürdü və köhnə tanışı Fərəcovun kabinetinə girdi, özünü müayinə elətdirdi. «Hə, köhnə dost, de görək nə gəzdiririk içimizdə?» «Sən get, dincəl, mən də bir əməlli-başlı götür-qoy eləyim, sabah söhbət edərik.» «Mənə diqqətlə qulaq as, köhnə dost! Belə başa düşürəm ki, işlərim yaxşı deyil. Əgər, sən bu fikirdəsən ki, indi mən gedəcəyəm, sən də oğlanlarımı çağırıb özümə demək istəmədiklərini onlara deyəcəksən,– elə şey yoxdu! Nə varsa, elə indi özümə deyəcəksən!» «Get istirahət elə, sabah danışarıq.» «Xərçəngdi?» Və Müseyib göy gözlərini Fərəcovun gözlərinin lap dərininə zillədi. Fərəcov bu baxışlara açıq-aşkar dözə bilmədi və guya, ciblərində nəsə axtarmağa başladı. «Səninləyəm, xərçəngdi?» Fərəcov güclə: «– Deyəsən...»– dedi. «Vaxtı keçib?» «Gec gəlmisən...» Fərəcovun kabinetində bir anlıq sükut çökdü, sonra Müseyib kreslodan qalxıb qapıya tərəf addımladı. «Mən getdim.» «Analizlər...» Müseyib Fərəcovun daha nə dediyini eşitmədi və qapıdan çıxdı....
... hara uçdu o ulduz?
... harasa, naməlum, tanınmaz-bilinməz bir məkana...
Kimsə səhər evdən çıxıb balıq tutmağa gedir və burada nə əcaib bir şey var?
Kimsə də evdən çıxıb şüşə yığmağa gedir və bu da...
bu da...
bu da elə qaydasında olan bir şeydi...
Bu gecə də dünənki gecənin eyni idi, göyün üzü ulduzla dolu idi, bir dırnaq ucu da desən, bulud parçası yox idi və hava da tamam dayanmışdı, elə bil ki, ortada – ötən gecə ilə bu gecə arasında – bu boyda bir gün olmamışdı və bir də ki, bu ulduzlar ki, bu qədər uzaqlardadır, bu ulduzlar ki, bu qədər saysız-hesabsızdır, yəni, bu dünya ki, bu qədər sirri-xudadı, bu sirri-xudanın, bu uzaqlığın və bu çoxluğun müqabilində dünənki gecə ilə bu gecə arasında fərq var idi? yox idi?– bu, tamam mənasız bir şey idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-qizil-dis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..
XVI fəsilGözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacınınaltındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə
XVII fəsilÇəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi: