Moskvada yazıçıların VII qurultayı gedir və Moskvada dözümsüz bir isti var. Qəzetlərin yazdığına görə iyun ayında Moskvada belə isti axırıncı dəfə 1901-ci ildə olub.

Gecə mehmanxanada yatmaq mümkün deyil, nəfəs almaq olmur və bu gün bu gecə havasızlığı birdən-birə Bakıdakı kiçik bir hadisəni mənim yadıma saldı.

Bakıda keçirdiyimiz böyük ədəbi məclisdə bir nəfər nadan və cahil ayağa qalxıb, necə deyərlər, gözlərini yumub, ağzını açıb, böhtanlar söyləyirdi; bu böhtanları o qədər ürəkdən, o qədər həyəcanla deyirdi ki, xitabət kürsüsünə sığışmırdı, bütün ətrafa ağzından tüpürcək səpələnirdi, kinli gözləri, az qala, pırtlayıb hədəqəsindən çıxacaqdı.

Mən yerimdə oturub ağzı köpüklənə-köpüklənə böhtanlar söyləyən, naqis, paxıl, acgöz hisslərdən ilham və qüvvət alan bu adama baxırdım və birdən-birə mən goreşənləri xatırladım.

Goreşənlər, deyilənə görə, murdar heyvanlardı, çox pis iy verirlər, cəsəd yeməklə dolanırlar.

Amma... amma goreşənlərin də bütün canlılar kimi yaşamaq istəyi var, onların da yəqin öz mehribanlıqları, öz əzizləmələri, ağrıları, problemləri var və goreşənlərin də balaları var.

Ağzı-gözü zalda əyləşənlərin çoxunun nifrətinə, ikrahına bulaşmış bu adama mənim yazığım gəldi: o da yaşamaq istəyir, onun da arzuları var və onun da balaları, əzizləri var.

Mənim indi də ona yazığım gəldi.

Bu bürkülü Moskva gecəsinin havasızlığı, ürək sıxıntısı, nəfəssizliyi onu mənim yadıma salmışdı və dünyanın böhtanlarından, dünyanın əyri işlərindən, iyrənc hisslərindən xəbər verən sifəti yenə gözlərimin qabağına gəldi və mən bu gecə qaranlığında onun kinli, qəzəbli gözlərinə baxa-baxa: «–Yazıq sənə...» – fikirləşdim.

Və qəribə idi, ürəyimdə o adamı yavaş-yavaş bağışlayırdım, onun sifətinin indiyə qədər mənim üçün iyrənc cizgiləri elə bil ki, gecənin qaranlığında əriyib yox olurdu, ömrümdə görmədiyim uşaqlarını yadıma salırdım («yadıma salırdım» ifadəsi burada yerinə düşürmü? o uşaqlar elə bil, gözəgörünməz varlıqlar idi və mən o varlıqları «görürdüm»...) və elə bil ki, o adama da o uşaqların gözü ilə baxırdım...

Sonra isə daha qəribə bir hadisə baş verdi: mən onun gözləri ilə özümə baxdım...

Sonra elə bil ki, tamam unutduğum, əlçatmaz, ünyetməz bir keçmişdə qalmış xatirələr baş qaldırdı və o xatirələrin o adamla heç bir əlaqəsi yox idi: o xatirələrdə mən yaxşı idim, mən pis idim, mən gülünc idim, mən qorxunc idim... Sonra o bürkülü Moskva gecəsinin o havasızlığı içində birdən-birə bir qəbiristanlıq soyuğu duydum, haqq dünyasına köçmüş qohumlar, dostlar, tanışlar bir-bir gəlib gözümün önündən keçdi və dünyasını dəyişmiş o rəhmətliklərlə birlikdə: «– Yazıq bizə...» – fikirləşdim.

30 iyun 1981.

Moskva.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Proloq

Gecə qaranlıq gecə idi, nə ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün dünyanın qaranlığı idi; elə bil daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq deyilən bir şey görünməyəcəkdi.Belə bir intəhasız qaranlıq gecə xofu əmələ gətirmişdi və bu xof elə bil ki, rayonun kimsəsiz küçələrinə, birmərtəbəli, ikimərtəbəli binaların divarlarına, darvazalara, zülmət içində əcaib bir görkəm almış çılpaq ağaclara hopmuşdu; ağaclar elə bil bu dünyanın ağacları deyildi, başqa bir aləmin ağacları idi və pisi bu idi ki, hər tərəfi bürümüş bu gecə xofu yaş idi, sulu idi – sulu qar yağırdı; küçələr başdan-başa suyun içindəydi; evlərin pəncərə şüşəsindən, qapı-bacadan su süzülürdü.

2 мин
I fəsil

Ağaclar, kollar, bütün yer qarın içində idi; göy də ağappaq idi və hər tərəfi bürümüş bu qar ağlığında bir təmizlik, şəffaflıq var idi.Ağacların budaqlarından lopa-lopa qar sallanmışdı, yerin üzü isə tamam hamar idi, heç bir ayaq izi, heç bir ləpir yox idi və belə görünürdü ki, bu yerlərdə qar lap təzəcə dayanmışdı.

5 мин
II fəsil

Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.

4 мин
III fəsil

Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?

9 мин

Стихи других поэтов