III fəsil
Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.
Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?
Kabinetin qapısı açıldı və Bakıdan gələn qonaq içəri girib:
– Salam, – dedi, – sonra qapını ardınca örtdü.
Prokuror Dadaşlı əynindəki kürkü də soyunmayıb birbaş içəri girən bu adamı təəccüblə nəzərdən keçirdi və elə bil ki, Azərbaycan SSR prokuroru yanında mühüm işlər müstəntiqi, ədliyyə müşaviri Gündüz Kərimbəylini bu dəm qarşısında gördüyünə inanmırmış kimi:
– Gündüz Kərimbəyli? – soruşdu və yəqin özü də hiss etmədən «Gündüz» sözünü xüsusi bir vurğu ilə tələffüz etdi.
Gündüz Kərimbəyli öz məşhur təbəssümü ilə gülümsəyib:
– İcazə olar? – dedi.
– Buyurun, buyurun, əlbəttə!.. – Prokuror Dadaşlı birdən-birə peyda olmuş bu qonaqla əl tutuşdu. – Gəlin, əyləşin! – Sonra yoğun biləkli, ətli əlini Gündüz Kərimbəylinin çiyninə qoyub onunla birlikdə mizə tərəf addımladı.
Prokuror Dadaşlının kündə kimi girdə, dolu sifətinin müqabilində xırda qara gözləri vardı və bu gözlər gülümsəyəndə o, dünyanın ən mehriban adamına oxşayırdı; prokuror beləcə gülümsəyə-gülümsəyə öz mizinin arxasına keçdi, geniş və yumşaq kürsüdə əyləşib qonağa da yer göstərdi.
Gündüz əynindən çıxartdığı kürkü divanın üstünə atıb oturdu.
Prokuror Dadaşlı iki qara üzüm giləsi kimi işıldayan xırda gözlərini qıyıb, Gündüz Kərimbəyliyə baxa-baxa dedi:
– Adam tanıyanam mən, inanın mənə, amma vicdan haqqı, sizi tanımasaydım, ömrümdə deyə bilməzdim ki, mühüm işlər müstəntiqisiniz, ədliyyə müşavirisiniz, hələ üstəlik də Gündüz Kərimbəylisiniz! Hər dəfə sizi görəndə belə fikirləşirəm...
Görünür, bu cür təriflər, məşhurluq, hətta Gündüz Kərimbəyliyə də təsir edə bilərmiş – yaman şeydir tərif! – və o, bir balaca özündən razı halda gülümsəyib:
– İstidi bura, – dedi. – Yaman qızdırmısınız.
Bu söhbət, deyəsən, prokuror Dadaşlının ürəyindən idi:
– Belə havanınkı odur ki, yaxşıca odun yandırıb oturasan qırağında. Fəttah dayı da ki, peç qalamağın ustasıdı. – Prokuror Dadaşlı ləzzətlə əlini əlinə sürtdü, sonra dirsəklərini səliqə ilə mizin üstünə sərdiyi nişastalanmış dəsmala söykəyib ətli barmaqlarını bir-birinə keçirdi və heç vaxt, hətta ciddi olanda da sifətindən çəkilməyən bir mehribanlıqla qonağına baxa-baxa:
– Mənim kimilər Amosovun gözündən iraq, – dedi. – Mənimki bax, bu peçdi, kitabdı, bir də ki, bu yerlərin sakitliyi. Bilirəm, siz də kitabbazsız yaman. – Söhbət kitabın üstünə gələndə prokuror Dadaşlının kefi lap yüz əlli faiz duruldu. – Mən də ki, kitabbazın ən böyüyü! Kitabxanamı gərək göstərim sizə!
– Mütləq. İşimizi qurtaran kimi, sizin kitabxananıza baxarıq.
Prokuror Dadaşlı mühüm işlər müstəntiqinin sözlərindəki işarəni, təbii ki, başa düşdü və burası da açıq-aşkar hiss olunurdu ki, kitab söhbətindən sonra cinayət söhbətinə keçmək onun üçün bir o qədər də xoşagələn iş deyil.
– Neçə gündü rahatlığım yoxdu. İyirmi yeddi ildi bu sistemdə çalışıram, amma belə bir vicdansızlığı... İşi özüm aparıram, özü də... özü də düşmüşük, deyəsən, izə...
– Prokuror əllərini bir-birindən ayırıb pəncələrini mizin üstünə qoydu və yəqin ki, daxili bir əsəbilikdən barmaqları ilə mizi döyəclədi. – İstəyirsiniz əməliyyat qrupunu da çağırım, ətraflı söhbət edək.
Prokuror Dadaşlı əlini zəngin düyməsinə tərəf aparıb katibəni çağırmaq istədi, amma Gündüz Kərimbəyli dedi:
– Hələlik ikilikdə söhbət edək. Yoldaşlarla sonra görüşərik.
Bakıdan gələn bu qonaq, açıq-aşkar prokuror Dadaşlının xoşuna gəlirdi və o, mizin arxasından qalxıb, Gündüz Kərimbəyli ilə üzbəüz stulda əyləşdi; o, stula lövbər salanda adama elə gəlirdi ki, stulun nazik ayaqları bu nəhəng bədəni saxlaya bilməyib çilik-çilik olacaqdı bu saat.
Dadaşlı stulun üstə yerini rahatlayıb:
– Sakit rayondu bura, – dedi. – Ölüm hadisəsi, demək olar ki, yox idi. Demək olar ki, deyirəm, çünki iyirmi ildə bircə ölüm hadisəsi olub burda, namus üstdə bir kişi arvadını doğramışdı xəncərlə... on beş il bundan əvvəl... İndi birdən-birə bu cür bir iş!.. Özü də prokurorluğun binasının üç addımlığında, rayonun mərkəzində!.. Vicdan haqqı, elə bil ki, sakit günlərimin hayıfını alıblar məndən, neçə gündü gecə yerimə girəndə də, əlimə bir kitab alıb vərəqləyə bilmirəm əsəbilikdən... Mən heç bilmirdim ki, respublika prokurorluğundan adam gələcək... Niyə xəbər eləmədiniz qarşılayaq sizi?
– Nə ehtiyac var buna?
– Oğlum düz deyirmiş ki, Gündüz Kərimbəyli konsperasiyanı xoşlayır. Bakıda hüquq fakültəsində oxuyur oğlum. Bunu bilirsiniz özünüz yəqin, amma mən də deyim: – Adınız hüquq fakültəsi tələbələrinin dilinin əzbəridi. Xüsusən Mehrəlizadənin cinayət işinin açılması...
Görünür, mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli ilə prokuror Dadaşlının fərqi yalnız onda deyildi ki, biri yetmiş altı kilo, o biri yüz otuz kilo idi, həm də onda idi ki, birinin səbr kasası daşmaq bilmirdi, o biri, yəni Gündüz Kərimbəyli isə bir o qədər də səbrli deyildi.
Mühüm işlər müstəntiqi soruşdu:
– Hadisə nə zaman baş verib? (Yəni ki, indi Mehrəlizadə söhbətinin yeri deyil.)
Prokuror Dadaşlı, əlbəttə, bu dəfə də mühüm işlər müstəntiqinin eyhamını başa düşdü və yəqin bu qərara gəldi ki, keçsin birbaş mətləbə:
– Hadisə tasrağagün gecə saat on iki ilə bir arasında baş verib. Məhkəmə tibb ekspertizasının rəyi belədir. Bütün gecəni sulu qar yağırdı. Meyit səhərə kimi yağışın altında qalıb. Bir iz qoymayıb hadisə yerində. Öldürülən adam – Mahmud Qəmərlinski Bakıdan buraya iyirmi iki iyirmi beş qatarı ilə gəlib. Nəvəsinin dediyinə görə, təxminən on bir üçün evə çatıblar. Yenə də təxminən on beş-iyirmi dəqiqədən sonra evdən çıxıb.
– Nə üçün?
Prokuror Dadaşlı çiyinlərini çəkdi və onun buxağı daha da ətləndi, şişdi:
– Nəvəsi deyir ki, ürəyi qısılırdı. Belə havada adamın ürəyi qısılmasın, nə eləsin?
Gündüz Kərimbəyli gülümsədi:
– O baxır adamına.
Prokuror Dadaşlı:
– Orası da düzdü, – dedi və sözünə davam etdi. – Evlərindən hadisə yerinəcən təxminən on beş-iyirmi dəqiqəlik yoldu.
Prokuror Dadaşlı stulun üstündən qalxıb sobaya tərəf getdi və səliqə ilə düzülmüş odun parçalarından birini götürüb sobanın içinə atdı; təzə odun parçasının o saat alışıb-yanması bircə anın içində kişinin kefini yenə də kökəltdi və o:
– Vələsdir, – dedi. – Qiyamət yanır. – Sonra sobanın ağzını açıq qoyub mizə tərəf gedə-gedə soruşdu. – Siz kitabsevənlər cəmiyyətinin üzvüsünüz?
Gündüz Kərimbəyli öz məşhur təbəssümü ilə gülümsəyib:
– Əlbəttə, dedi və sonrakı sözlər də elə bil kitabsevənlər cəmiyyəti ilə əlaqədarıymış kimi, əlavə etdi. – Mahmud Qəmərlinski ilk dəfə idi bu rayona gəlirdi?
Prokuror Dadaşlı:
– Bəli! – dedi. – İlk dəfə gəlirmiş. – Sonra mizin üstündəki qovluqlardan birini açdı. – Qəmərlinskinin öldürülməsi ilə əlaqədar qaldırılmış cinayət işi budur.
– İcazə olar?
Prokuror Dadaşlı:
– Əlbəttə, buyurun, – dedi və barmaqları ilə gicgahını ovuşdurdu; görünür, bu da əsəbiləşəndə sakitləşmək üçün bir gicgah masajı idi və yəqin hansı köhnə kitabda isə bu barədə ətraflı təlumat yazılmışdı.
Gündüz Kərimbəyli qovluğun içindəki sənədləri vərəqləyə-vərəqləyə soruşdu:
– Qızıl saatını götürüblər?
Prokuror Dadaşlı əllərini gicgahından çəkib dedi:
– Hə. Köhnə qızıl qol saatını götürüblər. Bir də portmanatını çıxarıblar cibindən. İçində nə qədər pul varıymış – məlum deyil. Nəvəsi deyir ki, otuz-qırx manatdan artıq olmazdı... Pensiyaçıymış, respublika dərəcəli...
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli bu dəfə əlindəki sənədi oxudu:
– Qəmərlinski Fazil, iyirmi dörd yaşında, tarix müəllimi. Nəvəsidir, hə?
– Hə, nəvəsidir. – Prokuror Dadaşlı bu sözləri dedi və birdən özü öz fikirlərindən hirslənib yumruğunu mizin üstünə vurdu; əli çox ətli olduğundan top kimi öz-özünə atılıb-düşdü. – Belə də vicdansızlıq olar?! Bir insanı vur öldür ki, qəpik-quruş qazanacaqsan! Bir köhnə qızıl saat, otuz manat da pul!
Gündüz Kərimbəyli isə qovluğun içindəki fotoları bir-bir gözdən keçirirdi.
Fotolarda üzüstə səkiyə sərilmiş kişinin şəkli idi.
Gündüz Kərimbəyli gözlərini fotoşəkillərdən çəkib dedi:
– Bayaq siz izə düşməyinizi deyirdiniz...
– Hə, mənim üçün şəxsən məlumdur məsələ... Burda biri var, İmaş deyərlər adına. Anasının əmcəyini kəsəndi! Onun işidi bu!
– Dəlilləriniz nədir?
– Mahmud Qəmərlinski Bakıdan gələndə İmaş vağzalda imiş. Kassanın qabağında dayanıb gözlərini onlardan çəkmirmiş. Kassir deyir bunu. Amma özü danır. Qorxur ki, soruşum ondan: a oğru İmaş, o cür qarda-boranda, gecə vaxtı vağzalda nə işin vardı? Bir yerə ki, getməyəcəkdin... Nə cavab versin? Desin ki, yoldaş prokuror, şikara çıxmışdım, ov axtarırdım?
– Başqa dəlilləriniz də var?
– Var.
Gündüz Kərimbəyli prokuror Dadaşlıya baxdı, yəni ki, – hansılardır?
Prokuror Dadaşlı:
– İyirmi yeddi ilin yaratdığı intuisiya, yoldaş mühüm işlər müstəntiqi, – dedi. – İmaşın gözlərinə baxıram və hiss edirəm ki, bu, əclafdı, bağışlayın, qəpik-quruş üstündə adam öldürəndi! İki dəfə oğurluq üstündə dustaq yatıb.
– Özü nə deyir?
– Özü ilə hələ üstüörtülü danışıram. Kassirlə də üzləşdirməmişəm hələ. Düzdü, evlərində yoxlama aparmışam, amma saatla portmanat tapılmayıb... Harda gizlədib, Allah bilir!
Gündüz Kərimbəyli gülümsəyib bir söz demədi. Prokuror Dadaşlı sözünə davam etdi:
– Eybi yox, taparıq!.. Bıçağı sapına qədər yeridiblər. Yaranın uzunluğu on yeddi santimetrdir, təsəvvür edirsiniz? Qəmərlinski hündür adam idi. Gərək İmaş kimi boy-buxunun olsun ki, belə vəhşiliyi bacarasan.
Gündüz Kərimbəyli fotoları qovluğa qoyub, yeni sənəd götürdü və bu sənədi gözdən keçirdikdən sonra soruşdu:
– Ekspertiniz təcrübəli yoldaşdır?
– Tibb institutunu bu il bitirib, gəlib. Ağıllı oğlandı. Bir də ki, burda hər şey kor-kor, gör-gördür də...
– Onunla görüşmək istəyirəm.
– İndi?
Gündüz Kərimbəyli saatına baxdı:
– Yox, gecdi indi, sonra bir yerdə söhbət edərik. İş vaxtı qurtarıb daha...
O, qovluğu örtüb ayağa qalxdı və birdən-birə öskürməyə başladı.
Prokuror Dadaşlı seyfi açarla bağlayıb, ona tərəf gəldi:
– Soyuqlamısız deyəsən?
– Hə, deyəsən, bir balaca soyuqlamışam.
– Belə havanınkı odu ki, heç bir dərdin-sərin olmaya, oturasan özünçün sobanın qırağında, qabağına da bir qalaq kitab yığasan! Bizim qonaq evinin də sobası yaxşı yanır.
– Uzaqdı burdan?
– Yox, canım. Bizim bu rayon balaca yerdi, burda nə uzaq, nə yaxın?! Qonaq evinin bağbanı Fəttah dayı da yaxındakı kitab mağazasının gözətçisidi.
Onlar üz-üzə dayanmışdılar. Hərgah bütün yer üzündə, görkəminə görə bir-birindən ən çox fərqlənən iki nəfər vardısa da, mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli ilə prokuror Dadaşlı idi: biri həddən artıq kök, başının tükü tökülmüş və əlli dörd, əlli beş yaşı olsa da, yaşından yaşlı görünən, amma səliqə və zövqlə qara kostyum, qara çəkmə, ağappaq köynək geymiş, qırmızı güllü enli qalstuk taxmış bir kişi, o biri isə ortaboylu, çəkisi qaydada, kobud toxunmuş yun cemper və «cins» şalvar geymiş, yaşından çox cavan görünən bir oğlan; doğrudan da, heç kimin ağlına gəlməzdi ki, bu oğlan Azərbaycan SSR Baş prokuroru yanında mühüm işlər müstəntiqi, ədliyyə müşaviri və prokuror Dadaşlı demişkən, həm də Gündüz Kərimbəylidir; on nəfərdən doqquzu deyərdi ki, futbolçudur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-ox-kimi-bicaq-iii-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
V fəsilRayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
VI fəsilSulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.
VII fəsilXoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.
Стихи других поэтов
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır