Atlantlar
Qədim binaların giriş yerindəDayanan atlantlar çəkir fikrimi,Binanı saxlayıb çiyinlərindəDurublar minillik bir azman kimi.
Ağırlıq altında əyilib bellər,Qollar qabarıbdır əzələsiylə,Gözlər sanki çıxır hədəqəsindən,Sanki canlıdırlar, daşdan deyillər.
Baxın qüdrətinə heykəltəraşınNecə məharətlə çəkib siqləti:Ağırlıq altında bu cansız daşınGörünür, duyulur hər əziyyəti.
Sanki atlantların ağrıyır canı,Ötürüb köksünü inləyir hərdən,Salmaq istəyirlər bu daş binanı,Bu daş ağırlığı çiyinlərindən.
Mən gəzib-dururam, yeyib-içirəm,Onlarsa mıxlanıb öz yerlərinə.Tərpənə bilməzlər dağıla aləm,Bununçün həsədlə baxırlar mənə.
Onlar həsəd çəkir:Görmürlər fəqətSinəmi odlayan qəm-qubarı da,Mənim çiynimdəki ağırlıq, siqlətTorpağa sərərdi atlantları da!
Onlar həsrət çəkib, hicran görübmü?Varını əliylə veribmi yada?Bir Buhenvald kimi zindan görübmü?Oda qalanıbmı Hirosimada?
Dünyanın coğrafi dörd cəhətindənYalnız ikisini əzbər bilibmi?Təhqir olunandaxəcalətindənÜrəyi ağlayıb, gözü gülübmü?
Onlara tanışmı mühasirələr?Onlar ac qalıbmı iki il yarım?O daş ürəklərə edərmi əsərCanımda qövr edən çarpanaqlarım?
Gedərli-gəlməzli sürgünlər, yollarO daş atlantlara tanışmı görən?Görəsən, onların qəlbində nə var?Atlantlar dil açıb danışmır görən...
Yüz-yüz binada da ağırdı dərdim,Atlantlar, siz həsəd çəkməyin mənə.Əgər daş olsaydım tez əriyərdim,İnsan olduğumçün dözürəm yenə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-atlantlar
Клавиши ← → для перехода, R — случайное стихотворение