Nizami
Bu hansı əsr idi, hansı qərinə?Torpaq köks ötürdü, yer parçalandı.Od düşdü Gəncənin meşələrinə,Yüzillik palıdlar alışdı, yandı.
Sabun köpüyütək qabardı torpaq,Qabardı, qabardı, partladı birdən.Alov parça-parça, od qalaq-qalaqQalxdı mağmalardan – atəşli yerdən.
Zəlzələ! Bəşərin ilk vahiməsi,Sonsuz uğultular, atəş vulkanı.Min il buxovlanmış əjdaha səsiLərzəyə salırdı bütün dünyanı.
Bir vaxt hamar olan bu düzən, bu çölOdlu eniş-yoxuş, dağlı-dərəli.Zirvədə yarandı lacivərd bir göl,Ellər “Göygöl” dedi onu görəli.
Gəncənin görkəmi dəyişdi bütün,Dedilər gözəllik gəldi cahana.Bir az aşağıda elə həmin günAğrılar çəkirdi boylu bir ana.
Göylərə qaldırıb titrək əliniYusif dua etdi ibadət ilə.Öz bari-həmlini Gəncə gəliniO gün qoydu yerə məşəqqət ilə.
O gün zəlzələli qoca aləməİlyas Yusif oğlu göz açıb baxmış.Göygöllə Nizami, yurda sən deməHəmin bir gün şöhrət yaranacaqmış!
İnqilab olurmuş təbiətdə də,Bu təsadüf deyil, haqq-hesab idi.Göygöllə Nizami həqiqətdə dəYurdumda birinci inqilab idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-nizami
Клавиши ← → для перехода, R — случайное стихотворение