Birinci hissə, altıncı fəsil
Əhədulla son günlər Elməddinin gözünə fikirli dəyirdi. Kişinin elə bil, rəngi də qaralmışdı, beli də donqarlaşmışdı. Demək olar ki, «salamdan», «əleyküssalamdan» başqa sözünü eşitmirdi. Elməddin özü də pərişan olduğundan, başı öz dərdinə qarışdığından onun əhvalının niyə belə pozulduğunu ətraflı soruşa bilməmişdi. Hərdən ona elə gəlirdi ki, Əhədulla amirinin o təmtəraqlı, firavan həyatının belə asanlıqla və kökündən dağıldığını anlayıb xiffət eləyir, təəssüflənir. Əhvalatı lap elə ilk günlər Əhədullaya qızı danışmışdı. Zərrintac xanımın evə ac-susuz, ancaq kefikök gəlmiş Elməddinin üzünə qapını necə rəhmsizcəsinə açmamasını, onu o şaxtalı-ayazlı havada «çöldə qoymasını» qız, böyük bir müsibət üz vermiş kimi, az qala ağlaya-ağlaya atasına söyləyəndə kişi əvvəlcə qulaqlarına inanmamışdı, Siminbərə «özündən şey toqquşdurma, qız» — deyib üstünə çımxırmaq da istəmişdi. Lakin Siminbər balaca, ailədə indi hamının müqəddəs and yeri olan Vətənyarın canına and içəndə o, Zərrintaca qarşı ürəyində qəribə bir qəzəb duymuşdu. O gözəl, cavan, ipək paltarlar içində itib-batan, brilyant, qızıl-gümüş içində bərq vurub parıldayan Zərrintac xanımın nə qədər rəzil, alçaq nifrətə layiq adam olduğunu ürəyində etiraf eləmişdi. Onun aləmində, Elməddin kimi mələk xislətli təmiz, mehriban bir adamın ürəyinə dəymək, könlünü sındırmaq dunyada ən ağır cinayət idi, günah idi. «Bunu Allah sənə heç vaxt, yüz il dərgahında qolubağlı, dizin-dizin sürünə-sürünə ibadət eləsən də bağışlamaz!» — deyə düşünmüşdü. Həqiqətən bu pis xəbərlər Əhədullanın kefinə soğan doğramışdı, qanını möhkəm qaraltmışdı, Ancaq kişi baxıb görmüşdü ki, Siminbər ondan da yaman hala düşüb. «Mən burda daha qalmaq istəmirəm, qibləgahım, — deyib dururdu. — Apar məni evimizə, apar, qibləgahım!» —deyib yalvarırdı.
– Yox, hələ qal, qızım! Qayıdıb gələrsən, bundan sarı xiffət eləmə. Ər-arvaddırlar, savaşıblar, yəqin barışarlar da. Yaxşı deyil, hər necə olsa, ağamız Nəcməddinin qızıdı,— deyirdi Əhədulla ona.
– Kimin qızı olur-olsun, qibləgahım. Ondan zəhləm gedir, elə zəhləm gedir ki, görəndə az qalıram üstünə atılım, parçalayım.
– Eh, qızım, səbrin olsun. Əvvələn, bu söz-söhbətin sənə heç bir dəxli yoxdur. İkincisi də, yadında saxla, dünyada yaxşılar çox vaxt xar olublar, qızım. Sən hələ nə görübsən ki, can bala! — deyərək Əhədulla qızını birtəhər dilə tutub fikrindən daşındırmışdı.
Sonrakı günlər Əhədulla Elməddini Zərrintac xanımın yanından yox, əvvəl yaşadığı təkotaqlı mənzildən gəlib işə apardıqda Siminbərin dediklərinin həqiqət olduğunu anlamışdı. Əhədulla ona heç nə deməmişdi, Elməddin də açıb-ağartmamışdı, Bilirdi də ki, Əhədulla, Zərrintac xanımın tapşırığı ilə gündə bir dəfə bazarlığa gedir, lazım olan şeyləri alıb gətirir, qapının ağzındaca Siminbərə verib qayıdırdı, ancaq bir kərə də Zərrintacı ondan soruşmamışdı. Əhədullanın əzvayışından məlum idi ki, o da — Zərrintac xanım da onunla maraqlanmır. Yox, Zərrintac xanım qüruruna sığışdırıb sürücüdən Elməddini soruşmazdı. Buna ehtiyac da duymurdu yəqin. Ehtiyac duysa yəqin, əlinin altında telefon vardı, götürüb zəng eləyərdi heç olmasa. Atasıgilə zəng eləyə bilir, ona yox? Sadəcə istəmir, gərək deyil sadəcə! Bax, bu zaman Elməddin Zərrintacın ona, özünün Zərrintaca bəslədiyi hisslərin ötəri, keçici hisslər, gözqamaşdıran parıltılar olduğunu daha dərindən anlayır və tutduğu bu işə elə peşman olurdu ki, daha sözlə demək mümkün deyildi. Sən demə, ürək boşmuş, sən demə, göz iş görübmüş burda, ürək yox, ağıl yox. Bu izdivac ötəri bir duyğunun nəticəsi imiş ki, gözlənilmədən başladığı kimi, gözlənilmədən də uçulub dağıldı. Bu ev yanıb kül oldu — nə atəşinə qızınmaq mümkün oldu, nə də tüstüsündən göz yaşardı. Elməddin belə anlarında ürəyinə diqqət yetirirdi, boş imiş, aman allah. Onda acı təəssüfdən başqa heç nə qalmamışdı — nə şirin bir xatirə ki, sonralar yad eləyəndə səni yandıra, göynədə; nə unudulmaz bir gün ki, yad eləyəndə kədərli gözlərini nur çeşməsi kimi işıqlandıra. Necə ki, illər boyu, üstündən neçə-neçə sənələr etməsinə baxmayaraq, Əfsanəni xatırlayanda qəlbi odsuz-alovsuz yanırdı, bağrının başı göynəyirdi. Onun uzaq-uzaq illərin arxasından gələn səsi də yadında idi, uzaq-uzaq illərin arxasından baxan gözləri də yadında idi. Amma Zərrintacdan ayrıldığı dünən idi, nə qalmışdı ondan xatirində, gözlərində, beynində, ürəyində nə qalmışdı? Heç nə! Heç nə! Yalnız yad bir qadın bədəninin ağ kağız kimi məzmunsuz gözəlliyinin hərdən-birdən yanıb-sönən işıltısı, parıltısı. Vəssalam. Bir də acı peşmançılıq hissi. Düşüncələri onu yormuşdu. Stolun arxasından qalxıb pəncərədən bayıra baxdı. İndi redaksiyada, Elməddinin, Şəfinin yanında kuryer işləyən Əhədulla küçədə, ağacın dibində oturmuşdu. Yatmışdımı, fikir eləyirdimi — başa düşmək olmurdu. Pəncərənin bir layını açdı, Əhədullanı çağırdı. O, səsi eşidən kimi yerindən sıçrayıb Elməddinin yanına yüyürdü. İçəri girəndə, heç cür tərgidə bilmədiyi adəti üzrə əlini sinəsinə qoyub:
– Bəli, qurban! — dedi və əmrə müntəzir kimi dayandı.
– Keç otur, — dedi Elməddin və yer göstərdi. Əhədulla idarədə başqa adamların olub-olmadığını yoxlayırmış kimi o yan-bu yana baxındı, kimsəni görməyib ehtiyatla keçib qənşərdəki stulda əyləşdi, Elməddin, görünür, hardan başlamağı aydınlaşdırmağa vaxt qazanmaq üçün siqaret yandırdı və bir qullab vurub Əhədullaya tüstü pərdəsi arxasından nəzər saldı. Əhədulla nə isə ciddi söhbət olacağını anlayıb yerində qurcalandı və nədənsə büzüşdü. Elməddin təmkinlə sözə başladı:
– Hə, — dedi, — indi danış görək nə var, nə yox? Niyə iki-üç gündü qəm dəryasına batıbsan? Yoxsa... — o güldü, — yoxsa səni də mənim kimi arvad evdən qovub, hə?
Əhədulla sözün deyilişindən o saat anladı ki, söhbət məhramanə söhbətdi, qorxulu heç nə yoxdu, ürəkləndi:
– Yox, Elməddin qardaş. Bizim arvadın ağzı nədi məni evdən qovsun... «yəni bu deməkdi ki, mən səndən yaxşı kişiyəm» — deyə Elməddin ürəyindən keçirtdi, mehribai-mehriban gülümsünməyə çalışdı, ancaq deyəsən, bu, heç alınmadı.
– Əlbəttə, zarafat eləyirəm, Əhəd. Bilirəm ki, sənin arvadın səni çox istəyir. Mən bunu elə-belə dedim. Ancaq görürəm iki-üç gündü heç özündə deyilsəi. Bəlkə bir hadisə-zad üz verib, məndən gizləyirsən?
– Yox, Elməddin qardaş, heç nə olmayıb.
– Nə isə olub, mənə demirsən. Mən axı görürəm ki, nə isə olub, Əhədulla. — Əhədulla Elməddinin incə yerdən tutduğunu hiss edib çarəsiz halda əlini saqqalına çəkdi, başını azca əyib gülümsündü. Bilirdi əvvəlcədən, ondan gizləmək mümkün olmayacaq. Çünki bir yerdə işlədikləri bu müddət ərzində Elməddinlə onun arasında elə səmimi və qardaşyana münasibət yaranmışdı ki, deməmək olmazdı; Elməddindən sirr, dərd gizləmək kimi çıxırdı. Siminbər də bir yandan kişini lap çaşdırmışdı.
– Düzü budu ki, qız Zərrintac xanımın yanından qaçıb, qurban!
– Qaçıb? Haçan?
– Üç gündü. Elə o vaxt sən evdən çıxan kimi, bu da dedi ki, mən də gedirəm, qalmaq istəmirəm. Dedim yox, hələ qal, görək işin axırı necə olacaq. Hər görəndə yazıq yalvarırdı ki, qibləgahım, məni apar evimizə. Qoymurdum. Srağagün bir də görürəm qaçıb gəlib. Danlamışam, «qayıt» demişəm. Dirənib üzümə ki, getmirəm, öldür məni, getmirəm.
Əhədullanın əksinə, Elməddin bu xəbərdən çox xoşhal oldu. Səbəbini dürüst anlamasa da, nə üçünsə sevindiyini duydu. Siminbərin buxarı qırağındakı oturuşu gəldi gözünün qabağına. Şəklini çəkdiyini xatırladı, həmin şəkli qızın ürkək bir hərəkətlə qoynunda gizlətdiyini xatırladı. Son gecə yadına düşdü — Zərrintac onu evə buraxmayanda Siminbərin pərt və pərişan olmuş sifəti xəyalında canlandı. Sonra, Elməddin axırıncı dəfə Zərrintacdan üzülüşmək üçün gedəndə onu necə həyəcanlı gördüyünü, darvaza ilə pilləkən arasındakı söhbətlərini xatırladı və Elməddinin yorğun, pəjmürdə üzündə işıqlı bir təbəssüm gəzib-dolaşdı.
– Yaxşı eləyib gəlib, Əhəd! — dedi nəhayət. — Zahiri bəzək, içi təzək olan o mühitə düşən nə qədər bədbəxtdirsə, vaxtında ordan qaçan, uzaqlaşan adam da bir o qədər xoşbəxtdi. Çirkabdı, üfunətdi başdan-başa o mühit!
Əhədulla ah çəkdi:
– Qaçmağı cəhənnəm, qıza neyləyibsə, büsbütün dəyişib. Qız havalı kimi olub. Boğazı tıxanıb elə bil, allah verəndən yeyib-içə də bilmir—gözləri elə hey yol çəkir. Gecələr rahat yata da bilmir. Anası nə qədər soruşursa, heç nə demir. Bir az da bərkə çəkəndə gözlərinin qorasını sıxıb ağlayır... Bilmirəm neyləyim, başımı lap itirmişəm, qurban, Gül parçası kimi uşaqdı, gözümün qabağında şam kimi əriyib sönür, solur...
Elməddin hər şeyi başa düşdü: Siminbər deyəsən ona vurulmuşdu. Buna o, heç şübhə eləmirdi; Onun xiffətini eləyir qız yəqin. Elməddin qəlbində nə isə bir bəxtiyarlıq duydu. Ancaq bu hissi özündən uzaqlaşdırmağa çalışdı. «Tələsmə, Elməddin, hələ tələsmə! Təzədən yağışdan çıxıb yağmura düşməkmi istəyirsən?» — deyə tamam yad bir adama nəsihət verirmiş kimi öz-özünə söylədi. «Görünür sən daha xoşbəxt ola bilməyəcəksən, Elməddin. Adamın ilk bəxti, gözünün-könlünün ilk ovu. Sənin xoşbəxtliyin Əfsanə ilə getdi, qardaş. Ondan sonra sən çətin bəxtəvər ola bilərsən.»
Ancaq Siminbər fikrindən silinib getmirdi. Yemir, içmir, solub gedir—ona yazığı gəldi. Sonra o, xeyli susub nəhayət, Əhədullaya təskinlik verdi:
– Sən narahat olma, Əhəd, — dedi, — o keçib gedəcək. Bu yaşda qızlarda belə-belə şeylər olur. Elə bu gün o sağalacaq. Onun üçün dava-dərman lazım deyil—sadəcə yorğundu qız. Al bu pulu — o, qırmızı beşyüzlük çıxartdı, stolun üstünə qoydu,— get bazardan yaxşı qoyun əti al, un, göy-göyərti al, apar evə. Siminbər xanıma de ki, bir qazan düşbərə bişirsin; könlümə yaman düşbərə düşüb, Əhəd. Sabah axşam sizə gələcəyəm, düşbərə yeməyə.
—…
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cəfərlə söhbət eləyib ayrılandan sonra, Gülmirənin içi, bütün vücudu işıqla dolmuşdu elə bil. Ürəyindən dağ götürülmüşdü. Cəfərin alicənablığı, həssaslığı, dediyi müdrik sözlər ona qol-qanad vermişdi, düşüncəsinin düyün düşmüş kələfini açmışdı. Cəfər Gülmirə üçün sanki bir məktəb olmuşdu. O ağsaçlı kişidən zəhmətkeşlik, dözüm-dəyanət, təmizlik öyrənmək olardı. Tək bircə cəhətindən xoşlanmırdı Cəfərin. Onda pislikdən, pis adamdan küsmək xasiyyəti vardı — küsürdü, vəssalam. Halbuki pisliyə, pis adamlara qarşı mübarizə aparmaq lazım idi, barışmaz olmaq lazım idi. Görünür, qocanın həyat fəlsəfəsi belə idi, daha onu dəyişmək olmazdı: görünür, onun bu üsulu da, pisliklə, pis adamlarla mübarizə aparmağın bir yolu idi. Cəfər, məsələn, professor Salman Qurbanzadədən küsmüşdü. Salman daha ona pislik eləyə bilməzdi– ancaq başqalarına ki, pislik, yamanlıq eləməyə qadir idi. Cəfər bu üsulla ancaq özünü müdafiə mövqeyi tutmuş olurdu. Yox, bu yol düzgün deyildi. Gülmirənin fikrincə — Salmanlara, Dombagözlərə, lap Nurəddin kimilərə qarşı sərt olmaq lazımdı, onların mövqeyindən, qələmindən qorxmaq, geri çəkilmək, onların «yaxşılıq», «yaxşı olmaq» pərdəsi altında kimin və ya kimlərinsə haqqını tapdalamasına yol vermək qətiyyən olmaz, olmaz! «Ancaq mənim kimi də yox. Belə də mübarizə aparmaq olar? Başla, get, de, sonra da sözünü sübut eləyə bilmə, axırda da üzr istə!.. Bu da yaramaz Gülmirə!» — deyə o, atdığı o qətiyyətli addımlarda yenə haradasa səhv etdiyini etiraf etmək istəyirdisə də, qəribə idi ki, bundan da ehtiyatlanırdı. Bu döyüşdə — Salmanla olan döyüşdə o, sınıq çıxmışdı və ona görə əzab çəkirdi. Orxana inanmışdı. İnanmaya bilməzdi. Orxan onun üçün büt idi, yerdə allah idi. Heç ola bilməzdi ki, Orxan bu boyda səhv eləsin və çox sevdiyi Gülmirəni belə pis vəziyyətdə qoysun. Yox, burada başqa nə isə var idi; hələ Gülmirənin aça bilmədiyi, başa düşmədiyi nə isə var idi. Nə idi bu «nə isə»? Necə açmaq olardı bu müəmmanı, düyünü? Görünür, heç cür. Çünki Orxan yox idi, ondan heç nə soruşmaq, dəqiqləşdirmək mümkün deyildi. Salman gözübağlıca idi, nə idi ki, Orxanın Mirzə Yanarın əsəri kimi ona verdiyi qovluğu dəyişə biləydi?...
İkinci hissə, yeddinci fəsilDirektor öz əsil kabinetində oturmuşdu, katibəsi Şərqiyyəyə tapşırmışdı ki, heç kəsi içəri buraxmasın, işləyirəm. Amma düz demirdi — o, direktor olandan sonra nəinki burda, heç evdə də bircə cümlə də yaza bilməmişdi. Ürəyi yazmaq istəyirdi, ancaq fikrini cəmləşdirə bilmirdi. İnstitutun problemləri, qayğıları başını elə qatmışdı ki, gecələr yerində də rahat yatmaqdan məhrum olmuşdu. Əslində narahat olmalı, yuxunu ərşə çəkən heç nə yox idi. Nurəddin təbiətən narahat və bədgüman adam olduğundan, heç bir şeydən özü üçün «problem» yaradırdı, «qayğı» yaradırdı. İnstitutda laborantlardan başqa hamının fərdi planı vardı, mövzusu vardı. O gələnə qədər hər kəs — kim necə bacarırdısa, başını aşağı salıb öz işini yazır, müdafiə eləməyən əsərini bitirməyə, monoqrafiya yazan monoqrafiyasını tamamlayıb çapa verməyə çalışırdı. Onda heç bir qorxu yox idi. Lakin indi işləyənin də, işləməyinin də başının üstündən bir qəribə qorxu qılıncı asılmışdı. Bu qılıncın haçan, harada, kimi kəsəcəyi kimsəyə bəlli deyildi. Maraqlı idi ki, işləyən də, məhsulu olan da qorxurdu, işləməyən də, məhsulu — kitabı, məqaləsi olmayan da. Kənardan baxan soruşa bilərdi ki, daha işləyən, yazıb-yaradan niyə qorxmalıdı, nədən qorxmalıdı? Yox, təkcə bununla iş bitmirdi. Nurəddinin gözünə xoş görünüb görünməmək məsələsi burada mühüm cəhət idi. Doğrudur, o, hər iclasda, elmi şurada açıq deyirdi: «İşləməyən mənim gözümün düşmənidir!». Bəli, bunu o, açıq söyləyirdi. Ancaq «xoşum gəlməyən mənim gözümün düşmənidir!» fikrini aşkar bildirmirdi — yalnız bu düşüncə ilə hərəkət edirdi. Adamlar, institut əməkdaşları isə bunu aydın görür və başa düşürdü. Hamının başı üzərində asılan o qorxu qılıncını hərəkətə gətirən Nurəddinin subyektiv mülahizələri idi. Məhz buna görə işləyən də, işləməyən də qorxu içində idarəyə gəlib gedirdi.Nurəddin özü bu barədə düşünmürdü, bunu «yenilik», «işləmək» kimi anlayıb qələmə verirdi. Lakin kollektiv bu cür idarəetmənin fəna nəticələri barədə ciddi narahat idi. Nurəddin gələndən idarəni bu və ya başqa adla tərk edib gedənlərin sayı getdikcə çoxalırdı. Özü də o alimlər getmişdi, yaxud işdən uzaqlaşdırılmışdı ki, institutun aparıcı, nüfuzlu adamları idi, hamı onları ciddi, məhsuldar, savadlı alim kimi tanıyırdı. Bunların elə vaxtı idi ki, artıq uşaqlarını böyütmüş, ev-eşik sahibi eləmiş, elmə, yazıb-yaratmağa mane olan məişət qayğılarından tamam azad olmuşdular. Vaxtlarını yeyib-içməkdə, gəzməkdə, qonaqlıqlarda keçirən çağları da çoxdan keçib getmişdi. İndi yalnız bircə işləmək, yazıb-yaratmaq qalmışdı onlara. Yalan olmasın, hərəsinin başı bir dolu kitabxana idi. Nə soruşsaydı cavanlar, yeriylə, yatağıyla, nadir və qədim kitabların şifrinəcən, hətta bəzən səhifəsinəcən deyirdilər. Onların adicə institut kollektivinin arasında olması cavanlar üçün nümunə məktəbi idi. Ancaq Nurəddin iş başına keçən kimi, birinci onlardan başladı. «Təqaüd vaxtınız çatıb, ərizə verin, gedin!» — söylədi. Ən müdrik çağlarını yaşayanlardan professor Səlim Səlimzadə, Şamil Nəsirzadə, — bu təmiz və ziyalı adamlar bu adla institutdan uzaqlaşdırılmışdı. Professor Namiq Kamal, kiçik bir şeyin üstündə yazılı töhmət aldığı üçün, elmlər namizədi Abbas Quluzadə «Mən sözün düzünü adamın düz gözünün içinə deyənəm, bununla isə — Nurəddinlə bir yerdə oxumuşam, yaxşı tanıyıram — mənim kimilərdən əsla xoşu gəlmir!» — deyərək institutdan «könüllü surətdə» çıxıb getmişdi.
İkinci hissə, səkkizinci fəsilYüngül dəniz küləyi əsirdi. Suları qırçın-qırçın sahilə çırpıb sındırırdı. Sahildən xeyli aralı iki gəmi lövbər salıb dayanmışdı. O tərəfdə, gündoğan səmtdə dənizin içinə doğru taxta qol kimi uzanan körpünün kəlləsində «Sadko» kafesinin pəncərələrinin şüşələri, qüruba enən günəşin şüaları altında şəfəqlənirdi.Dəniz qırağında adam seyrək idi. Sakit əllərini paltosunun cibinə qoyub lap sahildə, daş məhəccərin yanında dayanmışdı, ora-bura uçuşan ağ qağayılara tamaşa eləyirdi. Yorğun gözlərini dənizin maviliyi oxşayıb dincəldirdi. Bütün günü işləmişdi, başı dumanlı idi elə bil. Barmaqları qələm tutmaqdan keyimişdi, kötüyə dönmüşdü. Son vaxtlar çox ciddi işləyirdi. Düşündüyü roman gecə-gündüz ona rahatlıq vermirdi. Yazdığı adamlar yanındaydı, talelər gözünün qabağındaydı, heç nəyi quraşdırmaq, düzüb qoşmaq lazım deyil. Hadisələr elə sürətlə inkişaf edirdi ki, Sakit yazıb çatdıra bilmirdi. Qəribə idi ki, Nurəddinin hərəkətlərinin kollektivdə doğurduğu qəzəb artdıqca Sakitdə də ona qarşı anlaşılmaz bir kin əmələ gəlirdi. Nurəddin Sakitə şəxsən heç nə eləməmişdi — ancaq Sakit hiss edir və görürdü ki, o, institutu idarə etməyə layiq adam deyil; o, alimləri — bu «qələm fəhlələrini» həvəsləndirmək, qanadlandırmaq əvəzinə, qamçılayır» ruhdan salır, qol-qanadını sındırır, əsəbi və gərgin şərait yaradır və ən dəhşətlisi bu idi ki, o, bunu işləmək və tələbkarlıq sayırdı. Alim zəkası, alim beyni — məmləkətin qızılından da, neftindən də, yeraltı-yerüstü xəzinələrinin hamısından qiymətlidir və üstəlik də çox zərifdir. Ona qayğı ilə, həssaslıqla yanaşmaq lazımdır. O, ağıllı adamın əlində dürr-gövhər saça bilər. Nadanın əlinə düşsə, qəzəb və nifrət püskürə bilər. Nurəddin kimi üzdəniraq «rəhbərlərin» kobudluğu, özbaşınalığı alim beyninin düşünmə düzümünü, saf niyyətini pozub qaralda bilər, inamını öldürə bilər. Ona görə Nurəddinləri — tək-tük olsalar da — ifşa etmək, başa salmaq, bu yanlış və əyri yoldan döndərmək hamının, birinci növbədə qələm sahiblərinin borcu olmalıdır. Belə adamları ictimaiyyətə tanıtmaq vacibdir ki, gələcəkdə vəzifə başına qoyanda səhv etməsinlər və özləri isə öz əməllərinə baxıb utansınlar.
İkinci hissə, doqquzuncu fəsilRegina Samirlə görüşüb Ceyhunun faciəli şəkildə öldürüldüyünü öyrənəndən sonra bir neçə müddət özünə gələ bilməmişdi. Hara getmişdi, neyləmişdi, kiminlə tanış olub, oturub durmuşdusa da, Ceyhun gözlərinin qabağından çəkilməmişdi. Səsini eşitmişdi, nəfəsini duymuşdu. Bu, əlbəttə, sevgi deyildi, sadəcə olaraq, yaxşı bir oğlan üçün gənc, gözəl bir qadının çəkdiyi xiffət ola bilərdi uzaq başı. Daha zəng eləməkdən, «Ceyran» restoranı tərəflərdə hərlənməkdən əl çəkmişdi. Nə mənası var idi ki!. Günlər ötüb-keçdikcə, iş-güc, güzəran, atasız uşağı böyütmək qayğısı başını qatdığından Ceyhun həsrəti, Ceyhun xiffəti də öləziyib sönmüşdü. İndi hərdən-birdən, o da Salehin «yoxa» çıxmasının səbəblərini araşdıranda, istər-istəməz Ceyhunu da xatırlayırdı və o cavanın ölümünə yüngülcə köks ötürməklə təəssüflənirdi.Samirlə söhbət eləyərkən ürəyinə dammış fikir isə beynindən çıxmırdı: Ceyhunu Saleh öldürüb! Blokda dayanan, onu görən kimi üzünü yana çevirən mütləq Saleh imiş!. Qısqanıb öldürüb. Bəs sonra niyə Reginanın yanına gəlməyib? Bəs niyə onunla «haqq-hesab» çürütməyib — Bax, bu məsələ indi də onu düşündürürdü. «Ola bilsin məndən etibarsız bir qadın kimi küsüb, üz döndərib. Məni görməyə daha gözü yoxdu. Yaxud başqa bir qadın tapıb, başı qarışıb, mən yaddan çıxmışam. Ola bilər. Saşadan hər şey gözləmək mümkündür. Yox, o, sadəcə olaraq, ona görə yanıma gəlmir ki, mən onun gözlərinə baxan kimi biləcəyəm Ceyhunu o öldürüb ya yox. Özü də söz saxlayan deyil: mənim o uşağa bəslədiyim yaxşı münasibəti bilirdi Saşa. Ona görə, məni yandırmaq, qorxuzmaq üçün özü hər şeyi açıb deyərdi mənə. Hə, bax, buna görə gəlmir!»
Стихи других поэтов
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Düşər könlüm, əzizim, qanə sənsizDüşər könlüm, əzizim, qanə sənsiz,Gəlir şamü səhər əfğanə sənsiz.