Birinci hissə, beşinci fəsil
Страница 1 из 3
Üzdə özünü tox tutsa da, sındırmasa da, içəridə, dərində bu hadisə Elməddini çox silkələmişdi. İyirmi beş illik ömründə az sarsıntılar keçirməmişdi, qəlbinə az zərbələr dəyməmişdi, hərəsi də bir cür göynətmişdi. İlk eşqi daşa dəyib parçalanmışdı — bu, həyatında daddığı ilk acı, göz yaşardan ağrı idi. Deyirdin daha yaşamağına dəyməz. Amma ağrılı canını dişinə tutub yaşamışdı. Sonra Yusif ölmüşdü — qardaş itkisi də onu yaman yandırmışdı. Sonra, Əfsanəsini itirmişdi — o vaxtdan özü də evdən-eşikdən didərgin düşmüş, tale onu bu böyük şəhərə gətirib çıxartmışdı. Daha sonra anası ölmüşdü — o, anasının ölümünü, dəfnini. görməmişdi deyə bu dərdə nisbətən asan dözmüşdü, daha doğrusu hardasa ürəyinin dərinliklərində bu ölümə inanmaq istəmirdi, tutqun bir ümid yaşayırdı varlığında — hərdən özü də bilirdi, dərk edirdi ki, özünü aldadır, anasının ölməyi həqiqətdir.
İndiyə qədər görüb-yaşadığı əzabları unutmağa çalışdığı, nisbətən rahat yaşamağa başladığı vaxtda Zərrintac xanım da ona — çəkdikləri az imiş kimi — belə bir zərbə vurmuşdu, dostlarının və tanıyıb-bilənlərin yanında da onu yamanca pərt eləmişdi. «Zərrintac xanım—ağayi Nəcməddinin qızı Zərrintac xanım atası rəhmətə gedən kimi əri Elməddini evdən qovmuşdur!» — xəbəri ildırım sürəti ilə dostlar arasında yayıldı, istəyənləri məyus, istəməyənləri şad elədi. Elməddin döyülmüş, təhqir olunmuş kimi gəzib-dolanırdı. Şəfi, Məleykə, Ziyaülhəqq, Ətiqulla, Əhədulla ona təsəlli verirdilər, bu isə onu daha da sıxıb balacalaşdırırdı. Məleykə xanım zarafata salıb aradakı gərginliyi dağıtmaq, Elməddini yumşaltmaq istəyirdi. Söhbət ciddiləşdikdə isə, Şəfi də Elməddinin tərəfinə keçmişdi:
– Yox, Məleykə, bu adicə ər-arvad savaşı deyilmiş, əzizim. Burada daha ciddi məsələlərdən söhbət gedir. Zərrintac milyoner qızı olsa da, çox nadan və qansız bir qadın, imiş. Elməddin adi əmələ, kəndli-filan olsa da, mən səninlə razılaşardım. Axı o, qələm əhlidi, sənət adamıdı—onu evdə başa düşən bir qadın olmalıdı. O isə buna qabil deyilmiş, əsla qabil deyilmiş. Necə yəni ya sənin kağız-kuğuzun, yazın-pozun, ya da mən? Bu nə sözdü? — deyə Şəfi lap əsəbiləşmişdi, — Ya mən, ya dostların? Bu nə sözdü?
– O məgər elə deyirdi?
– Bəli, Məleykə xanım, məhz belə deyirdi! Elə bilirdi milyonları var, hamı onun qulu olmalıdı. Elə bilirdi mil-yonlara hər şeyi satın almaq olar. Xeyr! Mən öz azadlığımı milyonlara dəyişən oğul deyiləm, bacı.
– A, onda bu qudurubmuş. Fəxr eləmək, sevinmək əvəzinə, tanrısına şıllaq atırmış. Başı xarab olubmuş deyəsən! — deyə bu söhbətləri eşidəndən sonra Məleykə də hirslənmişdi. Şəfi bir az sakitləşib demişdi:
– Fikir eləmə, qardaş. Bir ölümə çarə yoxdu. Hər şeyi öz yoluna qoyarıq. Hələlik bizdə yaşarsan, sonra sənin üçün bir ev alarıq. Pulumuz ki var, elə deyil?
– Var.
– Bəli, bir ev alarıq, orada yaşayarsan. Yaxşı eləmisən, əhsən. Xoşum gəldi səndən. İndi elə kişi az tapmaq olar ki, o qədər var-dövlətə tüpürüb çıxsın. Sən öz ömrünü elə nadanla çürütməyəcəkdin ki.
– Əsla!
– Bu, cinayət olardı. Mən buna ömrümdə razı ola bilməzdim. Belə qalsaydı biz bir sənətkarı itirə bilərdik — bu isə bizim üçün bağışlanılmaz günah olardı, Elməddin.
Şəfi və dostları bu ağır günlərdə də Elməddinə dayaq oldular, əlindən tutdular, darıxmağa qoymadılar. Vaxt ötüb keçdikcə Elməddin yavaş-yavaş özünə gəldi və bu hadisəyə də həyatda insanın başına gələ biləcək adi əhvalat kimi baxmağa başladı. Ancaq şəhərdə, idarədə, şirkətlərdə, kombinatlarda söz-söhbət kəsilmir, adamlar qəribə bir hərisliklə onu görən kimi qoşalaşıb pıçıldaşır, deyib-gülürdülər, bu isə ona çox ağır təsir eləyirdi. Unutmağa çalışdığı zaman kiminsə rişxəndlə gülümsündüyünü, yanındakının qulağına nə isə pıçıldadığını görür və dilxor olurdu — təzədən hər şey yadına düşür, Zərrintaca qəlbində nifrət hissi güclənir, əzəldən belə yanlış addım atdığı üçün özünə acığı tuturdu. Hələ kənddə ikən, qəryədar Qulamın evində tanış olduğu Ətiqulla xan bu günlərdə görüşərkən işarə eləmişdi ki, «Sülh» qəzetinin redaktoru şair Əli Tüğyan Elməddinin başına gələn ailə müsibətini mətbuat səhifələrinə də çıxartmaq istəyir. Əlbəttə, Əli Tüğyan üçün müxtəlif cəbhənin hər bir nümayəndəsini camaat içində rüsvay eləmək xüsusi bir ləzzət verərdi. Əli Tüğyan düşməni vurmaq, gözdən salmaq üçün elə belə fürsətlər gözləyirdi. Əbəs deyildi ki, «Pərçəm»in nəşri dayandırılanda bu məsələni böyük məmnuniyyət hissilə, rənglərini, boyalarını, tikanlı sözlərini əsirgəmədən işıqlandırmış, onları hətta ələ salıb gülmüşdü.
Elməddin bu mühitə düşəndə əvvəl-əvvəl bir cəhətə heyrət eləyirdi: görürdü siyasi, ədəbi mühitdə bir-birinə düşmən olan, bir-birinin kölgəsini qılınclayan adamlar uşaq kimi küsü saxlamır, görəndə yolunu dəyişmir, «filankəs filan məclisdədi, mən ora getmirəm» demir, yeri düşəndə, arada heç bir şey yoxmuş kimi deyib-danışır, yeyib-içirdilər. Görürdü bu gün bir məclisdə oturmuş iki adam, səhər mətbuatda bir-birini biabır etdi. Bu, Elməddinə həddən artıq müəmmalı və anlaşılmaz görünürdü. Ancaq zaman keçdikcə o da buna öyrəşdi, buna ikiüzlülük kimi yox, adi bir qayda kimi baxmağa başladı. «Əqidə düşməni ayrı şeydi, şəxsi düşmənlik isə ayrı məsələdi» — deyə kimdənsə eşitdiyi sözlər Elməddini bu mühitə tez alışdırmışdı. O özü də yeri gələndə belə eləyirdi. Yadına düşdü ki, Əli Tüğyan Şəfini tənqid atəşinə tutanda o da Əli Tüğyanın karikaturasını çəkmişdi—hələ ondan sonra onlar Ətiqulla ilə bir yerdə «Bağibala» restoranında bir stol arxasında əyləşib çörək də yemişdilər, mübahisə də eləmişdilər. Ondan sonra da Elməddin, bir neçə dəfə Əli Tüğyanın təkidilə onlara getmiş, evi, ailəsi ilə tanış olmuşdu. Çox ötəri görsə də Əli Tüğyanın arvadı Xəyalədən xoşu gəlməmişdi. Deyəsən, qarağabaq, qonaq-qara sevməyən arvad idi. Əli Tüğyan onun yanında bir kişi kimi yox, bir nökər kimi sıxıla-sıxıla, çəkinə-çəkinə gəzib-dolanır, danışırdı. Bunu o zaman Elməddin təbii bir şey hesab etmişdi, çünki Xəyalə Ətitullanın bacılığı, milyoner Mumtazın ikinci arvadının birinci ərindən olan qızı idi. Xəyalə səsini çıxardanda Əli Tüğyan, necə deyərlər, siçan deşiyini satın alırdı. Evə gələn qonaq-qaraya özü qulluq eləyirdi. Xəyalə isə o biri otaqda qıçlarını altına yığıb divanın üstündə oturaraq özünə paltar toxuyardı. İki dəfə gəlmişdi Elməddin onlara, ikisində də onu eyni vəziyyətdə oturub cürbəcür-rəngli saplardan nə isə toxuyan görmüşdü: birinci gəlişi ilə ikinci gəlişi arasında neçə ay fasilə olsa da, deyərdin bəs bu arvad elə o vaxtdan heç yerindən tərpənməyib, elə oturub hey toxuyub, toxuyub...
…Elməddin hündür laylı, kəhraba rəngli qapının zəngini basdı. İçəridən çox həlim, mehribanlıqla dolu qadın səsi eşidildi: — bu, Xəyalənin səsi idi. Elməddin təəccübləndi, o, ömründə gələn adamın üzünə qapını özü açmazdı. Həmişə Əli Tüğyan gələrdi qonağı qarşılamağa.
– Bəli, bu dəqiqə... gəldim. — Sonra o tərəfdən soruşdu: — Kimdi?
– Mənəm, Elməddindi, Xəyalə xanım.
Qapı cırıltı ilə açıldı. Xəyalə çiyninə ağ ipək yundan toxunmuş şal atmışdı. Əynində zərli ev xalatı vardı. Qulaqlarından asılmış brilyant qaşlı sırğalar, sinəsindəki qızıl sinəbənd işım-işım işıldayırdı, alaqaranlıq dəhlizə nur saçırdı.
– A, Elməddin qardaş, xoş gəlmisiniz. Buyurun, buyurun.
– Evdədi? — Elməddin içəri keçib soruşdu.
– Hə, evdədi, buyurun.
Xəyalə onu böyük otaqdan keçirib kabinetə buraxdı. Ara qapı açıq idi. Kabinet təmtəraqla bəzənmişdi. Tavandan büllur çilçıraq asılmışdı. Döşəməyə qalın herat xalçası salınmışdı. Divar boyu qoyulmuş şkaflar nəfis kitablarla dolu idi. Qarşı divardan, iki hündür pəncərənin arasında Əli Tüğyanın böyüdülmüş şəkli zərli çərçivəyə salınmışdı. Görünür, bu, onun ən çox xoşladığı şəkil idi — çünki kitablarında, qəzet və jurnallarında həmişə bu şəklini verirdi. Əli Tüğyan yazı masasının arxasında oturmuşdu. Qarşısında bir qalaq kağız və kitab vardı. Sol əlinin barmaqlarını cod saçlarının içində gizləmişdi. Fikir dəryasına elə qərq olmuşdu ki, deyəsən Elməddinin gəlişindən belə xəbəri olmamışdı. Elməddin səssiz addımlarla gəlib onun başının üstündə dayandı, qabağındakı kağızlara baxdı. Aman allah, bu nə yazı idi? Yazıb, pozub, yazıb, pozub! Səhifənin bir qırıq salamat yeri yox idi. Pozulub təzədən yazılmamış, yenidən pozulmamış nəinki bir cümlə, hətta bir söz belə tapmaq çətin idi. Yox, var idi, yazılıb ancaq pozulmamış bir «və» var idi.
Elməddin əlini ehmalca onun çiyninə qoydu. O, başını qaldırmadan, cana doymuş kimi narazı bir şikayətlə, yanındakının arvadı olduğunu güman edib:
– Çıxmır, zəhrimar, Xəyal, — dedi, — çıxmır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakıdan ⎯ Güllügildən rayona dönərkən Nəzər avtobusda, saçları dümağ ağarmış bir qarı görüb qeyri-ixtiyari anasını xatırladı.… Həyatın açılmamış sirlərindən biri də budu ki, insan bəzən öz ölümünü irəlicədən ⎯ bir saatmı, bir günmü qabaq ⎯ hiss eləyir, işlərini sahmana salır, sözünü deyir, yaxın, əziz adamları ilə vidalaşır və sonra arın-arxayın… dünyadan köçür. Belə ölüm ancaq əməli-saleh, qəlbi düz, xeyirxah və mələk-xislət adamlara nəsib olub deyirlər.
Birinci hissə, on altıncı fəsilNəzərin əhvali-ruhiyyəsi o qədər də yaxşı deyildi. İki gün idi Bakıdan qayıtmışdı, neçə vaxt görmədiyi Bikəsini, ev-eşiyini görüb, xeyli toxtamış, rahatlanmışdısa da, bu, uzun çəkməmişdi. Tapdıq ayaqüstü bir stəkan çay içib: «Uşaqlar, Güldanə nigaran qalarlar!» ⎯ deyərək, gedəndən sonra, ər-arvad üzbəüz oturub gecə yarıdan keçənəcən söhbət eləmişdilər; Bikə kənddəki əhvalatlardan, Nəzər isə gördüklərindən söz açmışdı.Gələndən eyni açılmırdı. Bir yandan İmran kişinin ölümü heç cür yadından çıxmırdısa, Süleymanın düşdüyü ağır vəziyyət gözünün qabağından getmirdisə, o biri yandan Qəribin hərəkəti onu rahat buraxmırdı. Qərib onun tapşırığına, anasının xahişinə məhəl qoymayaraq, evdə duruş gətirməmişdi, arvadı dörd divar arasında tək qoyub getmişdi. «Səni yeməyəcəklər ha. Nədən qorxursan? Həmişə biz sənin ətəyinin dibini kəsdirib oturmayacağıq ha! Adamın ürəyi sıxılır burda! Kəsafət basır adamı burda!» «Nə olub, ay oğul, doğulduğun, böyüdüyün ev-eşik döyülmü? Nə olub indi gözünə xox görünür?»
Birinci hissə, on yeddinci fəsilŞam eləmişdilər, indi də çay içirdilər. Hava sərin idi, yüngül meh əsirdi, tut ağacının yaşıl yarpaqları gecə mahnısı oxuyurdu. Başının üstdəki yaşıl budaqdan yarısı saralmış bir yarpaq saplağından üzülərək ləngərli uçuşla düz Nəzərin qabağına düşdü. Nəzər əlini uzadıb yarpağı götürdü, baxdı:⎯ Şeh var ha… ⎯ Xırda, zərif, civə zərrələrinə oxşayan şeh damcılarını Bikə xanıma göstərdi. ⎯ Payız gəlir yavaş-yavaş!..
İkinci hissə, birinci fəsilHava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»
Стихи других поэтов
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Mana mehri ermədi sən məhliqanın, neyləyimMana mehri ermədi sən məhliqanın, neyləyim,Axın olmadı bu cövrü cəfanın, neyləyim.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi