Oğlu ilə barışandan sonra sanki qıvraqlaşıb cavanlaşmış Əziz xan «Pərçəm» qəzetinin darmadağın edildiyi, Rəhgüzərin, Elməddinin həbs olunduğu o ağır günlərdə, həftələrdə, aylarda Bəbirin necə sarsıldığını, canını qoymağa yer tapmadığını, gecəli-gündüzlü ora-bura qaçdığını, yeməyini-içməyini, hətta şirin yuxusunu belə özünə haram etdiyini görüb bir ata kimi çox nigaran olmuşdu. Əvvəllər guşənişin olub oturan, keçmiş illərin xatirələrini qələmə almaqla, günlərini keçirən və bazneşəstə olandan sonra həyatında yaranmış boşluğu bununla doldurmağa çalışan qoca general, son aylarda özü də hiss etmədən məmləkətin siyasi hadisələrinə maraq göstərməyə, şəhərdə çıxan və bir-biri ilə ideya mübarizəsi aparan qəzetləri mütaliə etməyə, asudə vaxtlarında Bəbirlə bnr çox siyasiitcimai məsələlər barəsində fikir mübadiləsi eləməyə başlamışdı. Bu söhbətlərdə məmləkətin ümumi iqtisadi-ictimai həyatının bir çox dumanlı, pərdəli məsələləri qoca generala aydın olmuş və mövcud quruluşu saxlayan möhkəm zəncirin hansı həlqələrinin sürtülüb incəldiyini, qırılmaq üzrə olduğunu anlamışdı. Qoca general bunu da başa düşmüşdü ki, onun gözünün ağı-qarası olan tək balası necə də həssas bir təbib məharəti ilə bu xəstə bədənin dərdini düzgün müəyyən edir, onun kəsilib atılması üçün heç nəyini əsirgəmirdi. Şəhərdə nəşr olunan qəzetləri hər gün böyük diqqətlə oxuyan Əziz xan görürdü ki, «Pərçəm» məsələlərə tam başqa nəzərlə—ayıq və kəskin bir mövqedən yanaşır və camaatı düşündürən nöqtələri işıqlandırmağa çalışır. Məhz buna görə idi ki, «Pərçəm»in tərəfdarları getdikcə artırdı və məhz buna görə idi ki, hökumət, baş nazirin göstərişi ilə, ilk növbədə «Pərçəm»i yaxalamış, onun baş mühərriri Məhəmməd Şəfi Rəhgüzəri və rəssamı Elməddini həbs etmiş, neçə ay davam edən sorğu-sualdan sonra, xalqın tüğyana gəlmiş qəzəbindən çəkinərək, nəhayət, azad eləmişdi. Əziz xan oğlu Bəbirin gücünü, nüfuzunu və onun başçılıq etdiyi təşkilatın qüdrətini ancaq bu zaman layiqincə anlayıb qiymətləndirmişdi. Şəfi və Elməddin həbs olunan günlərdə, Bəbir qolu-qanadı sınmış qartala dönmüşdü elə bil. Fikirli gəzib-dolanmış, üzü gülməmişdi. Rahatlıq nə olduğunu unutmuşdu. Çox vaxt gecələr də evə dönməmiş, vaxtını iclasda, gizli yığıncaqlarda keçirmiş, dara düşmüş yoldaşlarını xilas etmək üçün, azadlıqda qalan həmkarları ilə birlikdə əlindən gələni əsirgəməmişdi. Bu fədakarlıqlarını görəndə Əziz xan həm sevinmişdi, həm də nədənsə qəlbinin dərinliklərində bir gizli qorxu hiss eləmişdi. Ona görə sevinmişdi ki, Bəbirdə öz xasiyyətlərini, ürəyinin bir parçasını görmüşdü — dost, yoldaşcanlı idi Bəbir də onun kimi. Dostunu, yoldaşını darda qoymurdu, onların dadına çatmaq üçün canından belə keçməyə hazır idi. Əziz xanın fikrincə, bu, indiki zamanda böyük kişilik idi, mərdanəlik idi və həmin sifətə malik adamlar hər cür şərəfə, təhsinə layiq idi. Ona görə qorxurdu ki, yuxarıdan üzüaşağı

kükrəyib gələn bu siyasi tufan Məhəmməd Şəfi Rəhgüzər kimi şöhrətli, adı-sanı dillərdə gəzən bir şairi qabağına qatıb həbsxana güncünə ata bilmişdisə, Bəbir kimi cavan və hələ sən deyən bərkiyib bişməmiş bir adamı da öz qoynuna alıb daşa-qayaya çırparaq məhv edə bilər: burada zirək olmaq, çeviklik lazımdır ki, ələ keçməyəsən və dostlarını xilas eləmək üçün çarpışa biləsən. Bu qorxu son vaxtlar Əziz xanın qəlbində lap güclənmiş, kişinin rahatlığını pozmuşdu. Oğlu ilə görüşəndə, dərdləşməyə imkan tapanda qoca general tez-tez bu sözləri təkrar etməyi unutmurdu:

– Oğul, ehtiyatlı ol ki, bu gələn tufan səni də aparmasın. Xahiş edirəm, can oğul, özünü qoru.

Bəbir adəti üzrə mehriban-mehriban gülümsünməklə atasına cavab verir və onu arxayınlaşdırırdı.

Ancaq Əziz xan şəhərin küçələrində ucu-bucağı görünməyən izdihamı müşahidə eləyəndə, Şəfinin şəkillərini əllərdə görəndə, şerlərini bir-birini əvəz edən natiqlərin dilindən eşidəndə — bu qüdrətli nümayişin əzəmətini dərk eləyəndə oğlu sarıdan nigarançılığı qəlbini tərk etmişdi, sinədolusu nəfəs almışdı və hardansa ürəyinə sonsuz bir qürur hissi axıb dolmuş kişi, uşaq kimi sevinərək yerə-göyə sığışmamışdı. «Bu qüdrətin, bu qüvvətin qabağında heç kəs heç nə ilə dayana bilməz» — deyərək özü də fərqinə varmadan səsli-küylü izdihamın böyrüncə xeyli addımlamış və fəxrlə düşünmüşdü ki, bu izdihamın arxasında, onu təşkil eləyən, odlu-alovlu sözlərlə, şüarlarla «silahlandıran» bir qadir təşkilat var ki, onun da başında oğlu Bəbir dururdu. Nümayişçilərin, natiqlərin hər addımında, hər sözündə, qəzəbində, sevincində Əziz xan oğlunun ürəyinin bir parçasını, qəzəbini, sevincini görür, sözlərini eşidir, doğma nəfəsini duyurdu. Qoca general üçün bu əvəzsiz bir sevinc idi və uzun illərdən bəri heç nə, heç bir hadisə onda təzədən cavan olmaq, təzədən dünyaya gəlmək, yenidən yaşamaq arzusunu beləcə dərindən yaratmamışdı, qocaldığına beləcə dərindən təəssüflənməmişdi. Ancaq indi Əziz xan təəssüflənirdi. Lakin kim keçmişi geri qaytara bilərdi, kim yaşanmış ömrü geri qaytarmağa qadir idi, hansı böyük adam təzədən dönüb uşaq olmuşdu? Heç kim, heç vaxt...

Tufan artıq keçmiş, şəhərin təlatümü yatmış, zaman gərgin əsəbləri öz biganə və laqeyd nəfəsi ilə toxtatmışdı; Şəfi, Elməddin azad olunmuşdu, «Pərçəm» yenə öz sevimli oxucuları ilə dərdli-dərdli danışırdı, Bəbirin neçə vaxtdan bəri gülməyən üzü gülürdü, çatma qaşlarının düyünü açılmışdı. Əziz xan da oğlunun rahat olmasına tamaşa edib ata kimi fərəh içində yaşayırdı. Lakin qoca general hiss edirdi ki, bu rahatlıq, bu fərəh zahiri rahatlıqdı, zahiri əmin-amanlıqdı, müvəqqətidi. Mübarizənin böyüyü, kəskini, bəlkə də qurbanlısı hələ irəlidədir, necə deyərlər, bu xəmir hələ çox su aparacaqdı, bu torpaq hələ çox qanlar içmək üçün susamışdı.

– Yox, balam, dilinizə görə dilçəyiniz də varmış. Güclü imişsiniz! — deyə bu qış axşamında ata-oğul üzbəüz oturub dərdləşəndə Əziz xan oğlunu söhbətə çəkdi. Bəbir əlindəki qəzeti kənara qoyub atasına baxaraq gülümsündü:

– Nə barədə, qibləgahım?—atasının nəyə işarə elədiyini fəhmlə anlasa da, özünü o yerə qoymadı, istədi ki, kişi fikirlərini açıq söyləsin.

– O barədə ki, oğul! — deyə Əziz xan yerini rahatladı və sözünə davam etdi, — təşkilatınız güclü imiş, həmrəy imiş.. Düzü, mən əvvəllər sən deyən inanmırdım, şübhə ilə baxırdım.

– Təəssüf ki, sizin kimi bizim gücümüzə inanmayanlar, şübhə ilə baxanlar çox olub, hələ də var.

– Bu təbiidir, oğul. Başqalarını iiandırmaq üçün gördüyün işin haqq olduğuna gərək özün hamıdan çox inanasan, əmin olasan — ancaq onda sənə inana bilərlər, dalınca gedə bilərlər.

– Bəli, düzdür.

– Bu son hadisələrdən mənə aydın oldu ki, siz bu qüdrətə maliksiniz və xalq arasında məhbubiyyət qazana bilibsiniz. Bu, çox yaxşıdı, oğul, Xüsusilə sənin həbsxanaya düşmüş yoldaşlarının dəyanəti, mərdliyi məni heyran elədi. Həqiqətən çox dözümlü və ləyaqətli yoldaşların varmış, Bəbir. Ümumən həyatda dost seçəndə də belələrini seçsən, belələrinə arxalansan, söykənsən, peşman olmazsan, oğul.

– Bizim bu işimiz, mübarizəmiz elə bizim həyatımızdır, qibləgahım. Bundan kənarda bizim həyatımız yoxdu, ola da bilməz.

Gördün ki, Şeyx Əhməd özünü öldürdü, ancaq bizi satmadı. Ağayi Rəhgüzər olmazın əzablara, işgəncələrə tab gətirdi, lakin namərdlik eləmədi. Elməddin, cavan və təcrübəsiz olsa da, dəyanətini itirmədi. Bizim hezbimizin bayrağı qarşısında diz çöküb içdiyimiz and müqəddəs anddı, qibləgahım—bizlərdən heç kəsin o anda xəyanət eləməyə haqqı yoxdur.

– Təki elə olsun, oğul. Təki axıra qədər elə olsun. Yoxsa, kimsə yarıyolda sizə xəyanət etsə, arxa çevirsə, içdiyi anda naxələf çıxsa, sizin hamınız, bəli, hamınız məhv olarsınız və məqsədiniz yerinə yetməmiş qalar. Çünki mən bu dəskahı çox yaxşı, sizdən min dəfə yaxşı tanıyıram və onun nələrə qadir olduğunu gözəl bilirəm, bala. Mən hələ inşallah, işiniz baş tutsa, məramınız yerinə yetsə— ayrı şeyləri də fikirləşirəm.

– Nələri, məsələn? Maraqlıdı, qibləgahım. Əziz xan ani olaraq fikrə getdi və sonra qaşlarını çatıb söylədi:

– Bir anlığa təsəvvür elə ki, siz bu qan üstə dayanan səltənəti; taxt-tacı sərnigun eləmisiniz. Bəli, tutaq ki, eləmisiniz. İşin lap həlledici məqamında da sizin aranızda birlik, sədaqət, həmrəylik olmalıdır. Yoxsa, qırğın düşə bilər aranızda, oğul.

Bəbir dikəldi. Bu, nə isə, mühüm nöqtə idi, qoca nə isə çox incə bir məsələyə toxunmaq istəyirdi, ancaq ya demək istəmirdi, ya fikrini dəqiq ifadə eləyə bilmirdi. Odur ki, Bəbir çiyinlərini azca qaldırıb:

– Başa düşmədim, qibləgahım, — dedi. — Açıq danışsana!

– Açığı budur ki, — Əziz xan mənalı bir təbəssümlə oğluna baxdı, — budur ki, sən hələ bilmirsən rəyasət, hakimiyyət nə deməkdir, oğul. Vəzifə, məqam bəzən o qədər şirin olur, o qədər qiymətli olur ki, adam onu heç kəsə vermək istəmir, hətta öz atasına, qardaşına, can-ciyər hesab elədiyi dostuna belə vermək istəmir, can bala. Tarixə nəzər sal. Taxt-tac üçün oğlunun gözlərini çıxardanlar, qardaşını, atasını məhv edənlər azmı olub?

Bəbir güldü:

– Onda taxt-tac olmayacaq ki, biz də bir-birimizi məhv edək, qibləgahım. Bizim mübarizəmiz elə bunun üstündədir ki, taxt-tac aradan götürülsün, onun üstündə qanlar tökülməsin, qibləgahım. Hakimiyyət xalqın olsun, elin olsun—xalq kimi istədi, sevdi, onu da seçsin, inansın, arxasınca getsin.

Əziz xan da eyni əda ilə güldü:

– Sən hələ, görürəm, cavansan, oğul. Amma mən dünyagörmüşəm, bilirəm ki, insan kimi mürəkkəb, hələ axıra qədər kəşf olunmamış, düyünlərinin hamısı açılmamış ikinci bir məxluq yer üzündə yoxdur. Sən elə bilirsən özünü yaxşı tanıyırsan? Ya mən özümü yaxşı tanıyıram? Yox, insan heç vaxt özünü axıra qədər təsəvvür elədiyi kimi tam şəkildə tanıya bilmir və bilməz də. Hər halda, mənim bu sözlərimi sırğa elə, qulaqlarından as, oğul. Son məqamda, siz hakimiyyəti ələ aldığınız ən məsul anda özünüzü özünüzdən qoruyun, düşmənlərinizdən çox bir-birinizdən gözləyin və çalışın ki, kimin haqqı nədir, qabiliyyəti nədir, onu da verin. Tamah, mənsəbpərəstlik şöhrətpərəstlik etmək, «mən birinci olum» kimi iyrənc fikirləri ürəyinizdən uzaq eləyin. Sizin aranızda təfriqə yaratsa-yaratsa, bax, ancaq bu hisslər yarada bilər, oğul. Bəbirin enli, çatma qaşları düyünləndi; qoca dünyagörmüş atasının sözlərinin mənasını bütün incəliklərinə qədər anlamaq üçün düşünmək lazım idi. Çünki Əziz xan, Bəbirin yadına gələni, hələ heç vaxt mənasız söz danışmamışdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on dördüncü fəsil

Günəş çoxdan başı nizəyə bənzər dağların dalında gizlənmişdi, zirvəyə səpələnmiş, sərilmiş axırıncı qızılı tellərini də asta-asta çəkib arxasınca aparmışdı. İlk axşamın qatı qaranlığı tarlaları, yolları, ağacları bağrına basıb udmuşdu ⎯ axşamın o vədəsiydi ki, hər şey qaynayıb bir-birinə qarışmışdı; bir az keçəcəkdi, qaranlıq adiləşəcək-di, göz qaranlığa alışacaqdı və sonra hər şey də öz tutqun, qara görkəmini alacaqdı.Göylər hələ qapqaraydı, orda-burda təkəm-seyrək közərən ulduzlar səmanın qara-boz sifətini işıqlandıra bilmirdi. Yerdə, çöllərdə, tarlalarda bir az əvvəl eşidilən hay-küy, səs-səmir çəkilib yox olmuşdu; hər yan dilsiz bir sükut içində, sanki bütün günü əlləşib-vuruşan, yorulmuş bir adam kimi, əl-ayağını yığışdırıb mürgüləməyə hazırlaşırdı. Bəli, təbiət dincəlmək istəyirdi.

34 мин
İkinci hissə, on beşinci fəsil

Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?

10 мин
İkinci hissə, on altıncı fəsil

Yüngül yay mehi əsirdi, tut ağacının yaşıl yarpaqları həzin gecə nəğməsi pıçıldayırdı. Budaqdan asılmış beşyüzlük elektrik lampasının həndəvərində cücülər, kəpənəklər, pərvanələr bir-birinə toxuna-toxuna uçurdular. Həyət qəribə bir sakitlik içində mürgü vururdu.Nəzər mizin arxasında, öz yerində oturmuşdu, qara telefonu qabağına qoymuşdu. Bikə xanım da, Qərib də qarşı tərəfdə əyləşmişdi. Dinib-danışan yox idi, lal-dinməz hər kəs öz çayını içirdi.

12 мин
İkinci hissə, on yeddinci fəsil

Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.

16 мин

Стихи других поэтов