Страница 1 из 2

Yüngül yay mehi əsirdi, tut ağacının yaşıl yarpaqları həzin gecə nəğməsi pıçıldayırdı. Budaqdan asılmış beşyüzlük elektrik lampasının həndəvərində cücülər, kəpənəklər, pərvanələr bir-birinə toxuna-toxuna uçurdular. Həyət qəribə bir sakitlik içində mürgü vururdu.

Nəzər mizin arxasında, öz yerində oturmuşdu, qara telefonu qabağına qoymuşdu. Bikə xanım da, Qərib də qarşı tərəfdə əyləşmişdi. Dinib-danışan yox idi, lal-dinməz hər kəs öz çayını içirdi.

Nəzər əl atıb böyründəki qəzeti götürdü, göz gəzdirdi, nəyisə axtarıb tapdı və öz-özünə danışırmış kimi:

⎯ Taxıl biçinində hələ ki, birinciyik, ⎯ söylədi. Qərib bu sözləri eşidib üzünü yana çevirdi, ancaq Bikə xanım, ərinin sözünü boş buraxmamaq üçün soruşdu:

⎯ Ayın iyirmi beşinə doldurarsız planı, həy?

Nəzər qəzeti kənara qoyub:

⎯ Qəribə söz deyirsən ey, ay Bikə, ⎯ dedi. ⎯ Fikir vermişəm, tək sən belə deyilsən, camaatın bir qismi sənin kimi deyir: «doldurarsız». Niyə «sız» axı, Bikə? Elə çıxır ki, bunun sizə heç dəxli yoxdu, hə? Guya taxıl, pambıq tək mənimdi, Süleymanındı. Axı, elə deyil, hamımızındı. Doldurarıq. Bax, gərək hamı belə desin.

Bikə xanım güldü:

⎯ Ay kişi, yəni o mənada dedim ki, siz ⎯ sən. Süleyman, vəzifəli adamlar bu işnən məxsusi məşğulsuz.

⎯ Hə, düz deyirsən. Məşğuluq, çox ciddi məşğuluq, arvad. Özü də biz doldurmuruq planı, əslində ⎯ bu camaat doldurur, zəhmət adamı doldurur. Bilirsən, bu il, maşallah, nə taxıl var? Plan dolacaq, öhdəlik dolacaq ⎯ buna söz ola bilməz. Bunlardan sonra da hələ nə qədər taxılımız olacaq, Bikə. Çöllərə çıxıram, zəmilərə baxıram, ürəyim dağa dönür. Hər şeyin başı çörəkdi. Çörək ki, bol oldu, elə hesab elə hər şeyin var. Xırmanlar dolub daşır, daşımağa, məntəqəyə təhvil verməyə maşın çatdıra bilmirik. Bakıdan əlli maşın göndəriblər. Yenə çatdırmaq olmur. Özü də bilirsən nə buğdadı? Kəhrəba-zad yalandı bu buğdanın yanında. Adam istəyir elə çiy-çiy yesin.

Bikə xanım ağzını doldurub nə isə demək istəyirdi ki, telefon cingildədi. Arvad daha dinmədi. Nəzər dəstəyi götürdü.

⎯ Bəli, eşidirəm. Hə, mənəm, Cura? Ay səlamməleyküm, nə təhərsən? Yaxşı ol, kişi. Kim? Briqadir Rauf? Hə, hə. Elə şey olmaz, canım. Vay, faşist oğlu faşist. Dəqiqdi? Bir maşın buğda. Kimin həyətinə? Hə, hə. Qaynıdı deyirsən? Onun telefonunu ver mənə. Adı nədi onun? Qaynının, qaynının. Mürsəl. Hə, Mürsəl. ⎯ Nəzər ani olaraq fikrə getdi, gözlərini qıyıb qımışdı və ucadan dedi: ⎯ Cura, sən göz-qulaqda ol, mənə tez-tez zəng elə. Lap indi boşaldırlar? Hə, lap yaxşı. Qoy boşaltsınlar. İndi mən onlara o buğdanı təzədən maşına yığdırım, sən də ordan tamaşa elə, özünçün qarnını tutub gül doyunca. Hə, hə. Ancaq sən gözdən qoyma, gör o buğdanı hara aparacaqlar. Yaxşı, sağ ol. Əlaqə saxla ha.

Dəstəyi asdı. Arvadına baxdı:

⎯ Faşist oğlu faşist. Görürsən. Bir maşın buğdanı sürdürüb düz qaynının həyətinə, boşaltdırır. Bu da mənim briqadirim.

⎯ Kimdi o elə? ⎯ Bikə xanım xəbər aldı.

⎯ Biri var, yaltağın biridi. Üstəlik oğruymuş da.

Nəzər kiminsə nömrəsini yığdı və arvadına göz vurdu:

⎯ Alo? Salam. Bu, Mürsəlin evidi? Ay sağ ol, qızım. Dədən hardadı? Həyətdədi? Yox, çağırma, yavaşca get, qulağına de, o maşını boşaldırlar ha, təzədən yükləsinlər, çünki Nəzarət Nəzər xəbər tutub. Yəqin indi harda olsa özünü yetirəcək; taxılı sizin həyətdə tutsa, qanı getdi. Hə, tez de, qızım. Yoxsa pis olar. Sağ ol, ⎯ deyərək dəstəyi asdı. ⎯ Belə köpəkoğlunu tutdurub qoduqluğa basdırmayasan, neyniyəsən. Özləri başlarını bıçağa sürtürlər də.

Bikə xanım dedi:

⎯ O Yasin biçarənin işi nə oldu, ay kişi?

Nəzər cavab verməmiş Qərib kinayə ilə dilləndi:

⎯ Nə olacaq, ərin böyük, lap böyük yaxşılıq elədi, basdırdı dama. Beş il stroqi rejim verdilər. Ev-eşiyini də müsadirə elədilər, maşınını da aldılar. Dörd körpə uşağı qaldı belə.

⎯ Vay, vay.

⎯ Canı çıxaydı, eləməyəydi. Uşaqlarını çox istəyən adam, heylə iş tutmaz.

⎯ Nə bilirsən, bəlkə elə o uşaqlarını çox istədiyindən elə eləyirmiş.

⎯ Necə, uşaqlarını çox istədiyindən oğurluq eləyirmiş?

⎯ Hə,də. Uşaqlarını yaxşı, firavan dolandırmaq üçün. Elə bilirsən hamı uşaqlarını, ailəsini sənin kimi saxlamalıdı?

⎯ Mən necə saxlamışam ki? Pis saxlamışam sizi?

Qərib əlini evə, anasına uzadıb:

⎯ Bunun nəyinə sən yaxşı deyirsən ki? ⎯ deyə çımxırdı. ⎯ Bu, bəyəm yaşamaqdı? Gün-rüzgardı bu?

⎯ Bəs sən nə istəyirdin? İstəyirdin mən də gedim oğurluq eləyim, rüşvət alım, təmiz adımı ləkələyim, sonra da gedim girim türməyə? Sən bunu istəyirdin? Sən bunu istəyirdin ki, mən də Mikayıl kimi gedim, ailəm, uşaqlarım qalsın başsız? Yasin kimi gedim?

⎯ Yox, mən elə demirəm.

⎯ Bəs nə təhər deyirsən? Sənin sözündən elə çıxır ki, mən oğru olsaydım, səninçün daha yaxşı olardı?

⎯ Əşi, nə oğru, rüşvətxor salmısan ey. Sən heç oğurluq da eləyə bilməzsən. Sən kim idin ki, kim də sənə rüşvət verəydi. Budu, indi Nəzarətdə işləyirsən. Səndən qabaq da orda işləyən vardı. ⎯ Qaz vurdu, qazan doldurdu. Yüz il də xərcləsə qurtaran deyil yığdığı. Tuturdu ⎯ alırdı, buraxırdı. Əti havayaydı, yağı havayıydı, palpaltarınacan havayı gəlirdi. Hörməti də ki, hörmətdi. İndi hamı başına and içir Arifin. Orda oturma, burda otur ⎯ deyirlər. «Kişi» deyirlər. Amma sən, bir ilə yaxındı işləyirsən, hələ bir çöpünü də görməmişik. Üstəlik gözükölgəli də olmuşuq.

⎯ Niyə, niyə gözükölgəli olmusan? ⎯ Nəzər hövsələsini güclə basırdı. ⎯ Nə pis iş tutmuşam ki, sən də gözükölgəli olasan?

⎯ Ta neyniyəcəksən? Camaatın içinə də çıxmaq olmur. Bu az müddətdə neçə adam tutdurmusan?

⎯ Adam yox, denən neçə oğru, rüşvətxor tutdurmusan?

⎯ Oğru, rüşvətxor adam deyil?

⎯ Yox, oğru, rüşvət alan adam deyil. Ləyaqəti olan oğurluq eləməz, rüşvət almaz.

⎯ Əh, ⎯ deyə Qərib durub getdi yatmağa ⎯ Bikə xanımın əhvalı pozuldu. Ata-bala bir-biriylə dil tapıb danışa bilmirdi. Fikir vermişdi, həmişə sözləri çəp gəlirdi və bundan arvad yaman xiffət eləyirdi. İndi də ərinə dil-ağız eləmək istədi:

⎯ Ay kişi, qanını qaraltma, sən allah. Cavandı, hələ başa düşmür çox şeyi.

⎯ Yox, arvad, onun beyni düz deyil, fikri düz deyil. O əqidə ki, onda var, əmələ gəlib ⎯ bilmirəm də hardan, necə əmələ gəlib, ⎯ məni çox nigaran qoyur. Allah onun axırını xeyir eləsin. Gözüm heç su içmir bu uşaqdan. Oğruya, əyriyə haqq qazandıran sabah gedib onların cərgəsində dayana bilər ⎯ buna mənim şübhəm yoxdu, Bikə.

⎯ Allah eləməsin, ay kişi.

… Bikə xanım da stəkan-nəlbəkini yığışdırıb gedib yatmışdı. Nəzər tək oturmuşdu, balaca əl radioqəbuledicisindən verilən və demək olar ki, hər gecə qulaq asdığı, çox xoşladığı «Lirika dəftəri»ndən verilişinə həzz ala-ala qulaq asırdı. Cəmisi on dəqiqəlik idi bu veriliş, amma elə şirin olurdu, elə mənalı təşkil eləyirdilər ki, Nəzər doymaq bilmirdi. Nəzər radioverilişləri komitəsinə bir dəfə məktub da yazıb öz təşəkkürünü bildirmişdi. Hər gecə bir şeyə təəssüflənirdi Nəzər: veriliş tez qurtarırdı. Ancaq sonra başa düşdü ki, elə belə yaxşıdı, çoxun o qədər ləzzəti olmazdı. İndi Zeynəb Müşfiqdən oxuyurdu. «Necə əl çəkim»i yanıqlı bir səslə, Nəzərə nədənsə elə gəlirdi ki, ağlaya-ağlaya oxuyurdu:

«Bu yerlə əlləşən, göylə əlləşən,

İşıqlı dünyadan necə əl çəkim?»

Nəzər o sızıltılı misraları dinləyə-dinləyə, işdə yarımçıq qoyduğu, axırını oxumaqdan, sonuna varmaqdan qorxduğu kitabı xatırladı və peşmançılıq çəkdi ki, gərək gətirəydi o kitabı, iradəsini toplayaydı, axıra çıxaydı. Ancaq yenə öz-özünə dedi: «Yox, mən istəmirəm o rəssamın ölümünü görüm, istəmirəm. Qoy o mənim fikrimdə, xəyalımda elə həmişə diri qalsın. Qoy o «Torpaq həsrəti» əsərini tamamlasın, yarımçıq qalmasın. Görəsən doğrudan elə bir tablo var, ya yazıçı özündən uydurur? Kaş həqiqətən elə bir tablo olaydı, nəyin bahasına olursa-olsun, alardım onu, başımın üstündən asardım, baxardım, baxardım, doymazdım, ölən anda da ona dikərdim gözlərimi və bilərdim ki, ölmürəm! Onda ölüm deyilən şey qorxulu olmazdı mənim üçün! Məktub yazacağam o yazıçıya, təşəkkürümü bildirəcəyəm və o əsərin yerini soruşacağam…»

Nəzər belə düşünə-düşünə telefona baxırdı, telefon isə susurdu ⎯ Cura müəllimdən nə üçünsə hələ bir səs-səmir yox idi. Kişi, veriliş qurtaran kimi, radionun düyməsini burub söndürdü. İstəmirdi ki, aldığı ləzzəti, zövqü dalınca gələn verilişlər korlasın. Darıxıb qalxdı, evə girib öz otağında, stolun üstündəki kitabı götürdü. Qayıdıb yerində oturdu. Kitab dostu Sakit Aranlınınkıydı. Özü avtoqraf yazıb göndərmişdi. Bir vərəqini qatlamışdı, açdı. Yarımçıq qoyduğu hekayəni oxumağa başladı: «… Məmmədağa müəllim dekanlıqda tək idi, başını aşağı salıb nə isə yazırdı. Qapı cırıltı ilə açıldı və Sahir asta, sıxıntı çəkdiyi aşkar hiss olunan bir səslə:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on beşinci fəsil

Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?

10 мин
İkinci hissə, on yeddinci fəsil

Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.

16 мин
İkinci hissə, on səkkizinci fəsil

Rayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.

6 мин
Üçüncü hissə, birinci fəsil

Kaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:

13 мин

Стихи других поэтов