İkinci hissə, on səkkizinci fəsil
Rayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.
Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.
Baş küçəyə sallanmışdı. Heç kəsə rast gəlməmişdi. Bütün idarələr, müəssisələr bağlıydı. Elə bil rayon mərkəzində həyat ölmüşdü, bir ins-cins gözə dəymirdi. Kinoafişaları üçün düzəlmiş ikiayaqlı taxta elanlar lövhəsinə qırmızı mürəkkəblə yazılmış bir şüar gözünə dəydi: «Hamı ⎯ pambıq tarlalarına». Nəzər dodaqlarını bir-birinə sıxdı. Hər yanı bulud aldı və qara buludların arxasından sıyrılıb çıxan başqa bir şüar göründü gözlərinə: «Hər şey cəbhə üçün». Hə, bu, müharibə vaxtının ən yadda qalan, ən hökmlü şüarıydı. Təkcə yazmırdılar ⎯ hara gedirdin deyirdilər də. «Hər şey cəbhə üçün».
Dörd il yarım o şüar Nəzərin demək olar ki, yol yoldaşı olmuşdu. İndi də budur: Pambıq ⎯ zərbəçi cəbhədir.
Nəzər onlara yaxınlaşırdı. Hələ danışıqlarını qulağı almasa da, bilirdi söhbət nəyin üstədir. Pambığın qızğın vaxtıydı, necə deyərlər, məmə deyəndən pəpə yeyənə qədər hamı çöldə, tarladaydı. Bu şlaqbaumu da Süleymanın tapşırığı ilə bura qoyub iki nəfər də dayanmışdı ki, gələnin, gedənin yolunu kəsib, maşından salıb ağızlarını heç olmasa dörd-beş saatlığa pambıq tarlasına döndərsinlər; nə yığsalar, qənimətdi ⎯ qırılan qoşundandı. Bu məsələ o gün iclasda ortalığa gələndə Nəzər etiraz eləmişdisə də, sözünə fikir verən olmamışdı.
İndi budur, o işi həyata keçirirlər.
Nəzər yaxınlaşanda Balamirzə ucadan deyirdi:
⎯ Yox, olmaz. Buraxa bilmərəm, ay yoldaş.
⎯ Yoldaş kapitan, mən insan kimi sizə deyirəm ⎯ biz qonağıq, toya gedirik, ⎯ deyə həmin ucaboy kişi kim bilir neçənci dəfə izah eləyirdi. ⎯ Biz toya gəlmişik, ay kapitan, pambıq yığmağa yox. Başa düşürsən ya yox?
⎯ Mən başa düşürəm. Amma olmaz, bizə də tapşırıblar.
⎯ Kim tapşırıb axı? ⎯ Kişi əsəbi-əsəbi qışqırırdı.
Balamirzə sakit-sakit başı ilə yaxından görünən rayon partiya komitəsinin binasına işarə eləyirdi:
⎯ Ordan tapşırıblar.
Kişi o tərəfə boylanıb:
⎯ Ora haradı, ay kişi, ⎯ deyə soruşanda Balamirzə yenə arxayın-arxayın cavab verirdi:
⎯ Raykomdu da.
⎯ Raykom belə tapşırıq verə bilməz.
⎯ Verib də.
⎯ Axı, ay yoldaş, heç yerdə belə qanun yoxdu. Raykom necə belə tapşırıq verə bilər axı? Burda bəyəm Sovet hökuməti-zadı yoxdu?
⎯ Ey, ey, ağzını təmiz saxla ha. İndi səni pambıq tarlasına yox, bilirsən hara göndərərəm? Necə yəni Sovet hökuməti-zadı yoxdu? Bu nə sözdü sən danışırsan?
Nəzər lap böyürlərində dayanmışdı. Bu söhbət ürəyini ağrıdırdı. «Bax, belə eləyirlər ha, adamlarda nifrət hissi yaradırlar. Bax, mən bunun üçün deyirdim ha, yoldaş katib, ⎯ deyə sanki Süleyman yanındaymış kimi ona müraciət eləyirdi. ⎯ Sənin üçün beş kilo pambıq bir insanın ürəyində Sovet hökumətinə olan məhəbbətə zədə düşməsindən qiymətlidi?»
Qolunda qırmızı sarğı olan oğlan uzun boğazını irəli uzadıb özünün də burada vəzifə başında olduğunu xatırlamaq üçün dilləndi:
⎯ Pambığın öz qanunları var, ay şəhərli əmi. O, heç nəyi gözləmir. Yetişdi, açıldı, gərək dərəsən, yığasan. Sən bir vətəndaş kimi, bu dəstəni də götürüb gedib o tarlada, hansındakı bizim arvad-uşaq səhərin gözü açılandan gecə düşənə qədər pambıq yığır, iki-üç saat bizə kömək eləsən, dünya dağılar? Əksinə, lap yaxşı olar. Radioda, televizorda bar-bar bağırırsız, ay şəhərin kəndə köməyi belə gəldi, elə getdi. Gəlmisiz, əlimizə düşmüsüz, eləyin də bu köməyi, biz də görək.
⎯ Adə, cüllüt, sən şəhərə gələndə mən səni tutub gətirirəm zavoda ki, mənə kömək elə? ⎯ deyə bayaqdan susub gah Balamirzənin, gah da uzun kişinin ağzına baxan ikinci kişi sözə qoşuldu. ⎯ Hə, nə gözlərini döyürsən? Sən mənim zavodumda işləyə bilərsən heç? İşləyə bilməzsən. Bax, bunlar ⎯ kənarda dayanıb peşiman-peşiman bu mübahisənin nəylə bitəcəyini gözləyən arvad-uşağı göstərdi ⎯ bunlar heç pambıq yığana oxşayırlar? Səni inandırım ki, onlar heç jivoy pambığın üzünü də görməyiblər.
Kişi kök idi, cüssəli idi, elə zəhmlə danışdı ki, drujinaçı susdu və düşündü ki, doğrudan da, o elə bu il üç-dörd dəfə Bakıya gedib ⎯ heç kəs onun qolundan tutub mədənə, zavoda, fabrikə, müəssisəyə aparmayıb. Ağlına batdı və dönüb Balamirzəyə fikir verdi. Bu zaman ucaboylu adam drujinaçının qabağına gəldi:
⎯ Ay oğul, ay qardaş, nə vətəndaş, vətəndaş salmısan, nə kömək deyib boğazını yırtırsan? Bax, mənim bir oğlum Ağsuda pambıq yığır bu saat ⎯ universitet aparıb. O biri qızım da Puşkindədi ⎯ o da pambıq yığır. Pedaqoji institutdan aparıblar. Daha nə istəyirsiz? Bu kömək deyil?
Nəzəri öskürək tutdu. Səsə çevrildilər. Balamirzə onu görən kimi, elə bil kimləsə vuruşan gücsüz bir uşaq atasını qəfil gördü və sevincək:
⎯ Hə, bax, budur, Nəzarət komitəsinin sədri də gəldi, ⎯ dedi. ⎯ Nəzər müəllim… ⎯ o, müraciət edib nəsə demək istəyirdi ki, Nəzər dəsmalı ilə ağzını silib irəli yeridi. Ucaboy kişi də nəhayət, danışa biləcəyi, başa sala biləcəyi bir adam tapıbmış kimi ona sarı çevrildi. Ancaq Nəzər onların heç birinə imkan vermədən söylədi:
⎯ Bayaqdan söhbətinizi eşidirəm. Siz toya gedirsiz. Mübarəkdi toyunuz. Xoşbəxt olsunlar, qardaş. Ay Balamirzə, aç o şlaqbaumu, burax çıxıb getsinlər. ⎯ Balamirzə tərəddüd elədi.
⎯ Aç, aç.
⎯ Katib…
⎯ Katibə deyərəm mən buraxmışam. Sən aç, qoy getsinlər. Pambıq az qalıb bizim insanlığımızı da əlimizdən alsın.
⎯ Çox sağ olun, müəllim. ⎯ Ucaboy dedi. ⎯ Sonra Balamirzəyə: ⎯ Paqon gəzdirirsən, amma hayıf ⎯ dedi.
Balamirzə dartındı, ancaq nə fikirləşdisə dayandı. Kök kişi isə «cüllüt» adlandırdığı drujinaçıya gülə-gülə barmaq silkələdi:
⎯ Həlbət, Bakıda əlimə keçərsən, səni tutub gətirərəm BMZyə, qoyaram stanokun dalına, deyərəm kəççi qərdeş, indi də sən mənə kömək elə, görüm necə eləyirsən. Vətəndaş kəççi.
Onlar hay-küylə maşınlara doluşdular. Nəzərə əl eləyə-eləyə yola düşdülər. Nəzər də gülümsünüb doğma adamlarını yola salırmış kimi əlini havada yellədi və sonra Balamirzəyə sarı döndü:
⎯ Ə, heç onların dediklərini siz həzm eləyə bildiz? Başa düşdüz olar sizə nə dedilər? Yox. Hardan başa düşəcəksiz, ay yazıqlar. Siz buyruq qulusuz ⎯ əmr versinlər, siz də yerinə yetirin. Vəssalam. Ta baş işlətmək, o əmri saf-çürük eləmək, xeyrini-ziyanını götür-qoy eləmək sizin nəyinizə lazımdı ki?
Balamirzə Hərbi xidmətdə öyrənib bərk-bərk yadında saxladığı kəlamı avtomat kimi üyüdüb tökdü:
⎯ Əmr müzakirə olunmur, Nəzər müəllim.
⎯ O əsgərlikdədi, Balamirzə, müharibə vaxtındadı.
⎯ Ay Nəzər müəllim, ⎯ «cüllüt» dilləndi ⎯ biz neyniyək, bizə deyirlər, biz də eləyirik.
Balamirzə udqundu:
⎯ Əşi, baş açmaq olmur sizin də işinizdən. Ağayev deyir ki, katib tapşırıb ⎯ bir adam da buraxmayın, basın hamısını pambığa. Sən də ayrı cür deyirsən… Adam heç bilmir hansınızın sözünə qulaq assın.
⎯ Adam qanunun sözünə qulaq asmalıdı, Balamirzə, ⎯ deyə Nəzər bığlarını tumarladı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-on-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kəndin kənarındakı düzənlikdə qırmızı lalələr açılmışdı. Göz işlədikcə hər yan sanki alışıb-yanırdı, sakit bir atəşlə yanırdı. Hərdən çırpınan bahar mehi çöllərin allı-güllü xalısını dalğalandırırdı.Kömgöy çəmənlikdə ağır-ağır, tələsmədən addımlayan Elməddinin ayaqqabıları səhər şehindən islanmışdı. Ağ dağın zirvəsindən yenicə qalxmış Günəş hələ lalələrin xallı piyalələrindəki ağ mirvari danələrini ilıq nəfəsi ilə qurutmağa macal tapmamışdı.
Birinci hissə, altıncı fəsilElməddin evə qayıdanda Əfsanə damın böyründə çömbəltmə oturub qabağına qoyduğu iri, paxırdan qızarmış teştdə paltar yuyurdu. Su isti olduğundan teştdən buxar qalxır, bir az aralıdakı ocağın burulubucalan tüstüsünə qarışırdı. Ocağın üstündə iri su qazanı qaynayırdı.Əfsanə islanmış paltarları çəngələdikcə bədəni yırğalanır, su kənara sıçrayırdı. Başı, üzü açıqdı. Ağ dizləri görünürdü. Uzun hörüklərinin biri ağ çiynindən sürüşüb qabağa, o biri isə kürəyindən axıb yerə dəyirdi. Əndamı tərpəndikcə hörükləri də asta-asta yırğalanırdı.
Birinci hissə, yeddinci fəsilZümrəyin meyitini həsirin üstünə qoymuşdular. Səkidə. Üzünə qara parça örtmüşdülər. O, bir də tezdən ayağa qalxmayacaq, heybəsinə pendirdən-çörəkdən qoyub hay-küylə mal-qaranı çölə-örüşə aparmayacaqdı. O, bu doğma həyətdən tək bircə dəfə çıxacaqdır, — çiyinlərdə və bir daha onu nə bu evdə, nə həyətdə, nə dükanda görən olmayacaqdı. Ömrünün gündüzlərini tək-tənha keçirən Cahan arvad, indi və bundan sonra ömrünün gecələrini də bu kimsəsiz, qu deyəndə qulaq tutulan həyətdə tək-tənha keçirəcəkdi. Kənd camaatının çiynində bu həyətdən axırıncı dəfə çıxanacan...Cahan arvadın ağı deyib ağlayan səsi ilk axşamın qaranlığında uzaqlara, kəndin hər tərəfinə yayılırdı. Qonşu arvadlar da onun dərdinə şərik olub səsinə səs verir, qopan vay-şivəndən adamın tükləri biz-biz qalxırdı.
Birinci hissə, səkkizinci fəsilZümrəyin yeddisi çıxandan, yasa gəlib-gedənlərin əli-ayağı çəkilib ara seyrələndən sonra, sakit və hüznlü yay axşamlarından birində qəryədar Qulam ağsaqqallarla birgə Cahan arvadın qapısına gəldi. Elməddin də onların arasında idi. Belə yerlərə başıləçəkli getməməli idi. Ona görə Səbihəni götürməmişdilər. Amma Səbihə çox can atırdı ki, minnətə gedən dəstəyə qoşulsun, Cahan arvadın ayağına yıxılsın, yalvarsın, oğlunun günahından keçməsini xahiş eləsin... Lakin qəryədar Qulam məsləhət bilməmişdi. Arvad kəsilə-kəsilə qalmışdı. O biri yandan da Elməddinin Cahan arvadın qapısına getməsi özü də xata idi. Ancaq Elməddin heç nəyə baxmadan getmişdi. Səbihə oğlu qapıdan çıxanda nigarançılıqla dedi:– Oğlu öldürülmüş ana, balası öldürülmüş ilan kimi, canavar kimi quduz olur, bala. Arvadın əlindən xata-zad çıxar, ehtiyatlı ol.
Стихи других поэтов
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsibVay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib,Ləblərinin şərbətindən binəsibəm, ya nəsib.
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,