Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:

⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?

Qərib əlini vaxtından qabaq tökülüb, seyrəlməyə başlamış saçına çəkərək:

⎯ Yox, əşi, heç nə olmayıb. Gərək bir şey olsun ki, gəlim? ⎯ söylədi.

⎯ Belə çıxır da. Mədəniyyət eviynən buranın arası heç yüz addım deyil, bu vaxta qədər bir dəfə də qapını açıb içəri girməmisən.

⎯ Sən iş adamısan. ⎯ Nəzər oğlunun səsindəki kinayəni duydu, ancaq üstünü vurmadı. ⎯ Mane olmaq istəməmişəm, dədə. Bizim kimi bekarçılıqdan milçək tutmursan ki…

⎯ Otur görüm. ⎯ Nəzər oğluna yer göstərdi, sonra əl atıb böyrünə, ayağının altına qoyduğu soyutmazdan təmiz stəkana çay süzüb Qəribin qabağına sürüşdürdü. ⎯ Bir stəkan çay iç, yanğın yatsın. Görürəm, dilin-dodağın təpiyib.

⎯ Hə, yaman istidi, heç nəfəs almaq olmur. Deyirsən yanı çay yanğı yatırandı?

⎯ Bə nədi? Siz cavanlar elə bilirsiz, yayda ancaq sərin pivə ilə ürəyin, ciyərin atəşini söndürmək olar. Yox, oğul. Yayda, yayın cırramasında yanğını yatıran çaydı, qışın zəlo-zəlo vaxtında da canı qızdıran çaydı. İşlərin nə təhər gedir, a bala?

⎯ Gedir də. «Üç badam, bir qoz» öyrədirəm xorumuza. Amma heç cür öyrədib qurtara bilmirəm. Axmaqlar yekə adamlardı, ancaq bir yerdə bir ağızdan bir «qoz» sözünü də deyə bilmirlər.

⎯ Niyə?

⎯ Nə bilim. Gələn də yoxdu. Birini tutub gətirirsən, o biri qaçır.

Qərib istəyirdi desin ki, bu mədəniyyət evində işləmək heç cür mümkün deyil, çünki rayonun rəhbər təşkilatları incəsənətə fikir vermirlər, güc-bəla ilə ordan-burdan adam tapıram, yalvarıb-yaxarıb dərnəklərə, özfəaliyyətə, xora yazıram, amma qoymurlar ⎯ deyirlər, işin-gücün bu vaxtı nə xor, nə özfəaliyyət, a bala. Plan yanır ⎯ sən də kef hayındasan. Səhər də elə özləri məni çəkəcəklər məhşər ayağına ki, bəs Qərib Nəzəroğlu, niyə işləmirsən? Hanı sənin konsertin, hanı sənin mədəni-kütləvi işin?» Bunları deməkdən vaz keçdi, çünki onun gözlərinin qabağında bu saat ağ «Jiquli» cilvələnirdi ⎯ başqa heç nə yox. O, elə pərvazlanmışdı, elə ruhlanmışdı, xəyal öz qanadlarına alıb elə aparmışdı ki, burada, atasının qabağında oturmağına baxmayaraq, özünü Yasinin hər gün kəhər at kimi, iki-üç dəfə qaşovladığı, yuyub-sildiyi o cağ maşının sükanı arxasında hiss eləyirdi; maşın düz-hamar Bakı yolunda yel kimi uçurdu, pəncərənin şüşəsini də açıq qoymuşdu ⎯ hər yan cəhənnəm odu içində zəbanə çəkib yansa da, onun üzünə, sinəsinə yel dəyirdi, köynəyinin yaxasını şaqqıldadırdı və qəribəydi ki, Qərib bu şaqqıltını da eşidirdi. Arxada isə düm ağ paltar geymiş qız oturmuşdu, çiyinlərinə tökülmüş qara saçlarını külək oynadıb üz-gözünə çırpırdı və bunu qabağındakı aynadan görən oğlan indiyəcən duymadığı qəribə bir həzz alırdı. Bu da qəribəydi ki, Qərib o qızı tanımırdı, adını bilmirdi, gözlərinin rəngini də xatırlamırdı. Qız arxadan nəsə deyirdi, gülürdü, ancaq o, heç nə başa düşmürdü. Elə sürürdü o ağ maşını, o maşın da az qala asfalt yoldan qopub qanad gətirirdi, uçmağa başlayırdı…

⎯ Heç deyəsən mənim sözlərimə qulaq asmırsan, ay oğul. Göylərdəsən elə bil, ⎯ deyəndə Qərib doğrudan da səksənən kimi oldu, uzun kirpiklərini qırpıb atasına, o yan-bu yanına baxdı və özünü o ağ maşında uçan yox, yerdə, bu kiçik otaqda görüb çaşqın-çaşqın:

⎯ Yoox, ⎯ dedi, ⎯ qulaq asıram.

⎯ Mənə heç vaxt yalan danışma, oğul, ⎯ deyə Nəzər ciddiləşdi ⎯ bu sözü sənə neçə dəfə demişəm, amma bil ki, indi axırıncı dəfə deyirəm. Hə, hə, o yan-bu yan eləmə, mənim gözümdən tük də yayına bilməz. Mən görürəm, bayaqdan sənin özün burdasan, amma fikrin-zikrin ayrı yerdədi. İndi de görüm nə olub?

Atasının həssaslığının çox şahidi olmuşdu, elə bil bu kişidə nə isə gözdən ürəyi oxumaq qabiliyyəti vardı. Və həmişə də özünə söz vermişdi ki, heç nə gizləmək lazım deyil, onsuz da o hər şeyi görür, nə qədər məharətlə içini-ürəyini, əməlini ört-basdır eləmək istəsən də, faydası yoxdu ⎯ açıq desən, udarsan, xoşuna gələrsən Nəzərin. Lakin öz ürəyiylə bacara bilmirdi, iş elə gətirirdi ki, o, həmişə sözü birbaşa yox, dolayısı ilə, dolanbac yollarla gələ-gələ demək istəyirdi və nəticədə uduzurdu, pərt olurdu. Bir də buna heyrət eləyirdi ki, bu kişi nə qədər də hövsələlidi, səbirlidi, təmkinlidi. Qəribdə bu səbir, bu dözüm yox idi…

Bayaqdan bu cansıxıcı söhbətin tez qurtarmasını istəyən Qərib, indi, atası sualı kəsəsinə qoyub cavab tələb eləyəndə başlamağa çətinlik çəkirdi.

⎯ Hə, niyə susursan, dillənsənə?

⎯ Dədə, sən… mən…

⎯ Ədə, nə məkkildəyirsən, de görüm nə deyirsən?

⎯ Dədə, mən… ⎯ deyə, nəhayət, o, bütün gücünü toplayıb mətləb üstünə gəldi ⎯ mən Yasinin işi üçün gəlmişəm yanına.

Nəzər Yasinin adını eşidən kimi pırpız qaşlarını çatıb qaşqabağını salladı. Qəribin gözlərindəki ümid, sevinc qığılcımları öləzidi.

⎯ Yasinin nə işi üçün, ay oğul? ⎯ Nəzərin səsi quru və sərt idi.

⎯ O işi üçün də… Yağ məsələsi…

⎯ Hm. Belə de. Özü gəlmişdi sənin yanına?

⎯ Hə, dədə. Özü gəlmişdi. Yazıq ölüb ayaq üstə. Yalvardı ki, sənə deyim, o aktı cırıb atasan. Mən indiyəcən heç kəsin xahişini eləməmişəm səndən, dədə. O, Yasin tay-tuşdu mənimlə. Yaxınıq, çox yaxınıq. Xahiş eləyirəm…

⎯ Heç bilirsən o neyləyib?

⎯ Neyləyib ki? Deyir, bir az yağ satmışam.

⎯ Bir az? Faşist oğlu faşist. Sənin yanına xahişə gəlir, səni də aldadır. Adə, bir qutu yağ bir azdı? Özü də kilosunu neçəyə versə yaxşıdı? Səkkiz manata. Bir qutu yağ. Bu heç bilirsən nə deməkdi? O deməkdi ki, Məmmədin evində iyirmi kilo yağ olacaq, amma qırx ailənin evində bir qram da yağ olmayacaq. Niyə? Məmməd allahın bacısı oğludu? Ya Yasini ora ona görə qoyublar ki, yağ yox, vicdanını tərəzinin gözünə qoyub satsın?

⎯ İndi bir işdi də olub, dədə. Oformit eləmə. Özü də bilirsən, sənə necə deyim… Bilirsən, mənim ən böyük arzumu yerinə yetirir Yasin. Əgər sən bu işi düzəltsən.

Nəzərin qaşları gözlərinin üstündən qalxıb alnının ortasına gəldi:

⎯ Nə arzunu, a bala?

⎯ Dədə, mən… ⎯ Qərib yağlı tikə görmüş ac adam kimi udqundu ⎯ mən həmişə maşın almaq arzusu ilə yaşamışam. Mənim tay-tuşlarımın çoxunun maşını var ⎯ bunu sən özün yaxşı bilirsən. Mənim yoxdu, dədə. Sən də mənə maşın ala bilməyəcəksən. Müəllim olanda da ala bilmədin. İndi heç ala bilməyəssən, dədə. Amma mən istəyirəm, dədə, çox istəyirəm.

Nəzər maraqlandı:

⎯ Hə, Yasin deyir ki, sənə maşın alacaq?

⎯ Yox ey, almır ey, öz maşınını verir mənə. Deyir, sən öl Qərib, dədənnən o aktı al, cır at, ləğv elətdir, bax bu maşını keçirirəm sənin adına. Guya satır da mənə? İnanmırsan?

⎯ …

⎯ İnanmırsansa, bax, bu da açarları. Verib mənə. Deyir…

Nəzər ayağa qalxdı, Qəribin əlində cingildətdiyi açarlara baxdı və oğlanın gözləmədiyi halda yumşaq bir səslə:

⎯ Hə? Lap açarları da verib? ⎯ deyə soruşdu.

⎯ Bə nədi? Yasin sözübütöv oğlandı, dədə. Anam canı, elə yalvarırdı ki, daş da olsa, əriyərdi. Deyirdi, məni Nəzər müəllimin qılıncından xilas elə, ömrüm boyu sizin hamınızın quluyam. Hələ bunu da dedi ki, əgər maşın lazım deyilsə, nağd pul verim, beş min, on min ⎯ nə qədər istəyir verim, təki məndən əl çəksin.

⎯ Demək, on minə gücü çatar?

⎯ Əlbəttə, çatar. On min onun üçün nə puldu ki, dədə. On ilə yaxındı ki, ticarətdədi.

⎯ Hə… Yığıb demək.

⎯ Bə nədi? Camaat qaz vurur, qazan doldurur.

Qərib sevincək olmuşdu. Açarlar əlinin içində isinmişdi, doğmalaşmışdı elə bil. Kişinin belə yumşaq-yumşaq danışmağından ürəyi atlanmışdı. «Şükür ki, deyəsən, saçının-saqqalının çal vədəsində, nəhayət, ağıllanmağa başlayıb kişi. Başa düşüb ki, belə yaşamaq olmaz. Yəqin o dəfə Arif haqqında dediklərim başına batıb. Amma yaman dedim ha. Adə, hamı yeyir. Kimin əlinə harda nə düşür yeyir. Bu isə, bədbəxtin oğlu, elə bil heç bu dünyanın adamı döyül. Yox, yola gəlir kişi. Ay allah, yola gəlir» ⎯ deyə düşünürdü ki, Nəzər soruşdu:

⎯ Sən bilirsən ki, Məmmədi tək mən tutmamışam mağazadan yağı çıxaranda?

⎯ Hə, bilirəm. Yanında Balamirzə də olub ⎯ milis kapitanı.

⎯ Bəs onu neyniyək?

⎯ Əşi, o, heç. Onnan özü danışar. Onun da haqqını verəcək. Əsas qorxusu səndəndi, dədə.

⎯ Yəni mən belə qorxulu olmuşam?

⎯ Hə, dədə. Sənin heç özünün də xəbərin yoxdu ki, bu bazar-dükan adamı səndən necə tük salır. Belə getsə, heç ticarətdə-zadda bir adam da qalmayacaq, hamı başını götürüb qaçacaq. Neçəsi özü deyib ⎯ ta ticarətdə də ticarətlik qoymadı Nəzər kişi. Quru-quru papağı günə yandırmağın heç bir mənası yoxdu.

⎯ Yəni belə?

⎯ Hə, vallah, dədə. Olanı belədi, düzü belədi.

Oğlunun bu sözləri Nəzərin ürəyinə yağ kimi yayılırdı. Ancaq bu fərəhi o adamlara ⎯ «papaqlarını quru-quru günə yandırmaq istəməyənlərə», «qaz vurub qazan dolduranlara» olan qəzəbi örtüb azaldırdı. Əslində kişi, indi onlardan da çox, oğluna qəzəbliydi. «Gör necə düşünür bu uşaq, aman allah. Necə zəifdi, necə nəfsinin quludu.

Bizim nəsildə belə adam olmuyub, heç olmuyub. Hamısı gözü-könlü tox adamlar olub. Yox, deyəsən bu uşaq babasına çəkib. Bu belə getsə, axırı nə olacaq görəsən?» Qəzəbini hələ də üzə vurmurdu, ürəyindəki təəssüf hissi içini yandırırdı, hardasa ona yazığı da gəlirdi, ələ salıb gülmək də istəyirdi.

⎯ Köhnə maşındansa pul yaxşı döyülmü? ⎯ Ağır-ağır nəfəsi daralırmış kimi soruşdu. ⎯ Bir var onun maşınını adına keçirəsən, bir də var gedib təzə maşın götürəsən. Hansı yaxşıdı?

Qərib gül kimi açıldı:

⎯ Əlbəttə, nağd pul yaxşıdı. On min istəyərəm. Sonra özümüz götürərik. Sən Süleyman müəllimə desən, elə günü sabah verər ispolkom. Yox? Verməz?

⎯ Verər… ⎯ Nəzərin gözləri yol çəkdi. Qəribə elə gəldi ki, kişi qəti qərarını bildirmək üçün düşünür. Sevincdən par-par parlayan gözlərini atasına zilləmişdi, gözləyirdi. Nəzər əlini stolun sağ siyərməsinə atanda Qəribin ürəyi əsdi: «Aktı çıxardır, indi ya özü cıracaq, ya da verəcək mənə, deyəcək apar Yasinin yanında, lap gözünün qabağında cır ki, inansın. Əvvəl pulu al, sonra cır ha. Yoxsa aldadar. O köpəyoğlu elə adamdı ki, doğma dədəsini də aldadar. Yox, ay dədə, arxayın ol, mən uşaq ha döyüləm. Narahat olma».

Amma gözlədiyinin əksinə ⎯ o, akt-filan yox, siyirmədən pul çıxarıb oğlunun qabağına qoydu:

⎯ Götür bu pulu, maaş almışam, get, Ataxandan bir kostyum al özünə. Qorxma, öz qiymətinə verəcək. Kostyumun lap köhnəlib. ⎯ Çaşıb qalmış, gözlərini döyən Qəribə baxıb gülə-gülə əlavə elədi: ⎯ Təzə maşını bu köhnə kostyumda sürməyəcəksən ki. Yaraşmaz.

Bu son sözləri elə dedi ki, rişxəndi, lağı hiss etməmək mümkün deyildi. Qəribin rəngi ağardı:

⎯ Məni bayaqdan sarıyırdın?

⎯ Adə, qırışmal. ⎯ O, ayağa qalxdı ⎯ bəs sən mən boyda kişini sarımaq, ələ salmaq, el gülüncü eləmək istəyirsən? Utanmırsan heç? Sən atana belə hörmət eləyirsən? Get, o faşist oğlu faşistə de ki, ağlı özgələrə getməsin, Nəzəri pulla satın almaq olmaz.

Qərib ayağa durub əlini başına çəkdi, atasına sərt-sərt baxıb qapıya sarı addımlayanda Nəzər:

⎯ Ə, pul qaldı, ⎯ dedi, lakin o, geri dönmədi, bir söz də deməyib kabinetin qapısını çırpıb çıxdı.

Nəzər «uff» eləyib başını əlləri arasına aldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, yeddinci fəsil

Zümrəyin meyitini həsirin üstünə qoymuşdular. Səkidə. Üzünə qara parça örtmüşdülər. O, bir də tezdən ayağa qalxmayacaq, heybəsinə pendirdən-çörəkdən qoyub hay-küylə mal-qaranı çölə-örüşə aparmayacaqdı. O, bu doğma həyətdən tək bircə dəfə çıxacaqdır, — çiyinlərdə və bir daha onu nə bu evdə, nə həyətdə, nə dükanda görən olmayacaqdı. Ömrünün gündüzlərini tək-tənha keçirən Cahan arvad, indi və bundan sonra ömrünün gecələrini də bu kimsəsiz, qu deyəndə qulaq tutulan həyətdə tək-tənha keçirəcəkdi. Kənd camaatının çiynində bu həyətdən axırıncı dəfə çıxanacan...Cahan arvadın ağı deyib ağlayan səsi ilk axşamın qaranlığında uzaqlara, kəndin hər tərəfinə yayılırdı. Qonşu arvadlar da onun dərdinə şərik olub səsinə səs verir, qopan vay-şivəndən adamın tükləri biz-biz qalxırdı.

11 мин
Birinci hissə, səkkizinci fəsil

Zümrəyin yeddisi çıxandan, yasa gəlib-gedənlərin əli-ayağı çəkilib ara seyrələndən sonra, sakit və hüznlü yay axşamlarından birində qəryədar Qulam ağsaqqallarla birgə Cahan arvadın qapısına gəldi. Elməddin də onların arasında idi. Belə yerlərə başıləçəkli getməməli idi. Ona görə Səbihəni götürməmişdilər. Amma Səbihə çox can atırdı ki, minnətə gedən dəstəyə qoşulsun, Cahan arvadın ayağına yıxılsın, yalvarsın, oğlunun günahından keçməsini xahiş eləsin... Lakin qəryədar Qulam məsləhət bilməmişdi. Arvad kəsilə-kəsilə qalmışdı. O biri yandan da Elməddinin Cahan arvadın qapısına getməsi özü də xata idi. Ancaq Elməddin heç nəyə baxmadan getmişdi. Səbihə oğlu qapıdan çıxanda nigarançılıqla dedi:– Oğlu öldürülmüş ana, balası öldürülmüş ilan kimi, canavar kimi quduz olur, bala. Arvadın əlindən xata-zad çıxar, ehtiyatlı ol.

6 мин
Birinci hissə, doqquzuncu fəsil

İçəridə, pəncərənin ağzında yanan çırağın öləziyən işığı səkidə salınmış süfrənin üstünə düşürdü. Kasalara çəkilmiş şorba soyumuşdu. Üzbəüz oturmuş Səbihə və Əfsanəni fikir aparmışdı. Yusifin başına qəza gələni onlar iştahayla, ürəklə bir loğma kəsməmişdilər. Çörək-xörək ortalığa gəlirdi, amma doyunca yeyən olmurdu.İndi də gəlin-qayınananın boğazından tikə keçmirdi. Nigarançılıq üzürdü. Elməddinin getdiyi bir aydan çox idi. Keçini, inəkləri satmış, qəryədar Qulamdan da on beş min rupi borc götürüb Yusifin işinin dalınca Süleymanşəhrə getmişdi. Bu pulun kifayət etməyəcəyini Elməddin irəlicədən bilirdi, — onunla ölüm işini yuyub-təmizləmək mümkün deyildi. Amma Elməddin yenə getməyi, öz qardaşlıq borcunu imkanı daxilində yerinə yetirməyi lazım bilmişdi. Budur, indi Elməddindən də bir xəbər-ətər yoxdu. Nə təhər oldu, məhkəmə Yusifin cinayəti barədə nə hökm çıxartdı. Bəlkə, allah üzünə baxdı, ölüm hökmü kəsmədilər?

6 мин
Birinci hissə, onuncu fəsil

Deyirlər, gözləmək ölümdən betərdi. Bu, doğrudu. Bəs arzuları, həvəsləri, ümidləri öldürən dəhşətli ölümün özünü gözləmək necə?? Bir var ki, bilməyəsən o qorxulu kabus səni nə vaxt yaxalayacaq, sinənə çöküb şirin canını alacaq — yuxudamı, yoldamı, iş başındamı? Ölüm hələ əsl siması ilə sənin təsəvvüründə canlana bilmir.Bir də var ki, öləcəyini bilirsən. Bunu sənə rəhmsizcəsinə və ya bəlkə də haqlı olaraq elan eləyiblər. Bax, bu zaman sən ölümün qanla dolu gözlərini aydın görə bilirsən, soyuq, öldürücü nəfəsini üzündə duyursan — rəngin getdikcə ağarır, saralırsan, solursan. Sənin fikrində ancaq bir şey dolanır — ölüm... Məhz bu zamam insan mənən, ruhən, fikrən ölməyə başlayır.

10 мин

Стихи других поэтов