Birinci hissə, üçüncü fəsil
Şəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.
Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.
İndi «Pərçəm»in redaksiyasında, Elməddinlə üzbəüz oturan Şəfinin fikri-zikri ancaq bu idi ki, onun dərdini öyrənsin, qarnının altındakını bilsin. Elməddin yenə tutqun idi. Gizlənməyə çalışsa da, gözlərindəki kədəri Şəfi aydın görürdü. Elməddinin əzablarının üstünə indi bir əzab da əlavə olunmuşdu; o, ailə həyatı kimi mühüm məsələni həll edərkən təkbaşına hərəkət etmişdi. Qardaş hesab elədiyi Şəfiyə, bacı dediyi Məleykə xanıma heç nə söyləməmişdi. Srağagün kəbinini də geri oxutdurmuşdu — Zərrintacdan, demək olar ki, tamamilə üzülüşmüşdü. İşinn də, idarəni, haqq-hesabını, seyfi, gecələr yatdığı tək otağı da təhvil vermiş, «kəbinim halal, canım azad» deyib rahatlanmışdı. İndi Elməddin, neçə il əvvəl bura gələrkən olduğu vəziyyətdə idi — nə ev-eşiyi vardı, nə işi. Fərq bircə bunda idi ki, indi onun dostları və pulu vardı. Vəssalam! Dostlarına da bu boyda işi deməmişdi, onlar buna necə baxacaqdılar? İnciyəcəkdilərmi? Elməddini bu suallar üzürdü. Lakin qəlbinin dərinliyində düzgün hərəkət elədiyinə əmin idi — bu, azca da olsa, ona təsəlli verirdi.
Şəfi mətləb üstünə gəlmək üçün uzaqdan başladı:
– Hə, Elmi, belə-belə işlər. Bizim ümumi fəaliyyətimiz, ruznaməmizin müvəffəqiyyəti məni çox sevindirir. Bu saat bizim ruznaməmiz kimi oxunan, əl-əl gəzən ikinci bir ruznamə tapmaq mümkün deyil. Bəlkə var, mən bilmirəm, hə?
– Görəsən, — mənim üçün maraqlıdı, — sənin Zərrintac xanımın bu işlərə necə baxır, Elməddin?
Elməddin Zərrintacın adını eşidən kimi, yerində qurcalandı, siqaret yandırdı:
– Eh, ustad. Zərrintac xanımın işi.uzun dəsgahdı.
– Niyə ki?
– O, ruznamə-filan oxuyan deyil, ustad.
– Pis tərbiyə eləmisən, Elmi. Öyrətməmisən.
– Gecdi, ustad.
– Neyçün ki? Hələ cavandı, başa salmaq, öyrətmək olar.
Məncə, o qədər də qabiliyyətsiz olmasın gərək Zərrintac xanım. Elməddin ustadın üzünə baxdı, hiss elədi ki, məsələni daha gizlətməyin heç bir mənası yoxdur. Gec də olsa, demək lazımdır. Odur ki, siqaretin kötüyünü külqabına basıb:
– Ustad, — dedi və udqundu, — ustad, mən neçə gündü sizinlə elə bu barədə danışmaq istəyirəm, ancaq bacarmıram. Utanırammı, xəcalət çəkirəmmi, bilmirəm.
– Axı nə olub? Danış görək!
Elməddin əhvalatı necə olmuşdusa, yerli-yataqlı, bütün təfsilatı ilə ustadına nağıl elədi. Şəfi eşitdiklərinə inanmaq istəmədi, ancaq Elməddinin yana-yana, kədər dolu bir səslə danışdığını görəndə bütün bunların həqiqət olduğuna inandı və dilxor oldu. O da siqaret yandırdı, Elməddinin üzünə baxıb fikrə getdi. Nəhayət, ah çəkib dedi:
– Mən hiss edirdim. Sən sözlü, dərdli adama oxşayırdın. Ancaq dərdini nədənsə bizdən gizlədirmişsən. Məleykə bacının da, mənim də xətrimə dəyir bu? Axı biz sənə yad adamlar deyilik. Sən bizdən gərək heç nə gizləməyəsən, Elmi.
– Düzdü, ustad. Mənim sizdən başqa kimim var ki? Sadəcə istəmirdim sizə dərd verim. İndiki zəmanədə dərdsiz-qayğısız adam yoxdu, ustad. Əvvəl deyirdim keçib gedər. Amma gördüm yox. Uçurum getdikcə dərinləşdi, dərinləşdi. Axırı da ki, belə.
– Təəssüf, min təəssüf. Mən Zərrintacı bu qədər nadan və belə qürurlu bilməzdim. Baxırsan, mədəni, müasir qızdır. Ancaq sən demə...
– Hə, ustad, sən demə, buynuzları içəridə imiş. Mən heyfsilənmirəm, ustad, ondan ayrılmağıma. Mən ömrümü onunla çürüdə bilməzdim. O məni qətiyyən başa düşmürdü, ustad. Nəylə yaşayıram, nəylə nəfəs alıram — maraqlanmırdı. Üzr istəyirəm səndən, mən onun üçün ancaq və ancaq bir kişi idim. Mən ona ancaq gecələr, ipək yorğan-döşəyində lazım olurdum. Vəssəlam. Mən olmayım, başqa kişi olsun — onun üçün fərqi yox idi. Bəzən lap heyrət eləyirdim: elə gözəl, zərif qız olasan, şeri, sənəti sevməyəsən, anlamayasan, qiymətləndirə bilməyəsən — savadsız olsaydı, məni o qədər yandırmazdı, deyərdim oxumayıb, qanmır. Əfsanə biçarə savadsız idi, güclə yazıb-oxuya bilirdi. Onunla belə mən evdə olmayanda şer dəftərimi tapıb yazılarımı əzbərləyərdi, sevinərdi mən şer oxuyanda. Yaxud Dünya xanım şer ölüsü deyildimi? Ağayi Nəcməddin şersiz onun yanına getməyə ehtiyat eləyirdi. Nəcməddin kimi şerpərəst, əhli-zövq bir kişinin qızı bilmirəm niyə belə kobud, bədrəftar, incə hisslərdən məhrum olsun. Ha fikirləşirəm, başımı sındırıram, axırını bir yana çıxarda bilmirəm, ustad.
– Doğrudan da qəribədir.
– Məni bilirsiz niyə qovdu ilk dəfə evdən?
– Yox.
– «Nadanlıq» hekayəsinə görə.
– «Nadanlıq» hekayəsinə görə? O ki yaxşı hekayədir, balam.
– Məsələ onun yaxşı, ya pis olmasında deyil. Çoxdan, biz təzə evlənəndən sonra belə bir əhvalat olmuşdu: kağız-kuğuzumu stolun üstündə qoyub işə getmişdim. Gələndə gördüm yoxdu yazı-pozum. Axtardım, yoxdu. Axırda haradan tapsam yaxşıdı? Zibil qutusundan. Sən demə, açıq pəncərədən külək vurur, vərəqləri salır yerə, o da süpürüb atır zibil qutusuna. Hirsləndim, əsib-coşdum. Nə desə yaxşıdı? Deyir çox böyük şey olub? Dünya-zad dağılmayıb ki? Balam, bu zəhrimarı özündən, öz başından yazmayıbsan? Kağız-qələm qıtlığı deyil ki. O kağız, o qələm. Zəhmət çək, otur, təzədən yaz. Elə bil başıma çəkiclə vurdular. Hələ indiyəcən məni heç nə belə yandırmamışdı, ustad.
Şəfi qəmli-qəmli gülümsündü:
– Doğrudan da nadan imiş bədbəxt!
– Nadan dedin qoydun?! Sonra mən özümü saxlaya bilməyib siz çap eləyən o «Nadanlıq» hekayəsini yazdım. Çap olunan günü...
– Sənət adamının arvadı sənət pərəstişkarı olmalıdı. Elməddin. Ruhən şair olmasa da, heç olmasa zövq əhli olmalıdı. Ərinin ilk tənqidçisi, ilk oxucusu, ilk məsləhətçisi olmalıdı, yaxşı sirdaş, köməkçi olmalıdı, qardaşım. Bunları da bacarmasa, heç olmasa kitabxanaçı, arxiv müdiri təbiətinə malik olmalıdı ki, sənin yazdıqlarının yerini bilsin, onları qoruyub saxlaya bilsin. Bunların heç biri görünür, Zərrintacda yoxmuş.
– Bəli, yox idi, ustad, yox idi.
– Bu barədə mənim Məleykəmdən olmaz. Yazıq ömrünü-gününü mənə həsr eləyib. Demək olar ki, o, özü üçün yaşamır, Elməddin; o, mənim fədakar Məleykəmdir. Gecə səhərəcən işləsəm, o da yatmır, tez-tez gəlir, baş çəkir, çayımı verir. Hər hansı yazımı qurtaran kimi ilkin ona oxuyuram, məsləhətinə qulaq asıram.
– Siz xoşbəxtsiniz, ustad, sizin xoşbəxtliyinizin təqribən yarısı Məleykə xanımdandır, ustad. Şəfi güldü:
– Yox, səhv eləyirsən, Elməddin. Mənim xoşbəxtliyimin hamısı ondandır. Bilirsənmi, o, mənim əsərlərimin altında imzasını yazmaqdan könüllü surətdə imtina eləyən ikinci fədakar müəllifidir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İşıqlı dünya…Yeni il gecəsidir. Otaqda iki cavan – bir qız, bir oğlan üz-üzə oturmuşdur. Hər ikisi qəmlidir. Onlar istər-istəməz, bəzən özləri də bilmədən soyuq ah çəkirlər. Axı onların – bu iki sevgilinin bu əziz gündə heç nələri yoxdur! Oğlan qızdan utanır, qız da oğlandan…
Birinci hissə, birinci fəsilİnsan bəzən öləndən sonra da sevilə bilərmiş. Qəribə taleyi olan, gizli, təmənnasız, şirin, yandırıb-yaxan bir məhəbbətlə sevən, ancaq sevdiyi qadın tərəfindən oxşanıb əzizlənməyən Orxanın qismətinə belə məhəbbət yazılıbmış, sən demə. Bu sevgi Orxan dünyadan köçəndən sonra dünyaya gəlməliymiş, bu inanılmaz sevginin ömrü — arzuları da, eşqi də gül açmamış cahana əbədi göz yuman Orxanın cavan ömründən uzun olmalıymış, sən demə....Zaman hiss olunmadan yel kimi qanadlanıb tarixə, keçmişə, əbədiyyətə çevrildikcə Orxanın heç kəsin ağlına sığışdırmaq, inanmaq istəmədiyi qəfil ölümü və yoxluğu hamıdan çox Gülmirəni yandırıb külə döndərirdi. O özü də hiss eləmədən, artıq yox olmuş, çıraqla da gəzsən tapılmayan, ancaq quruca adı, yadigarları yaşayan Orxana daha çox bağlanır, onu heç cür ölmüş hesab eləyə bilmir, çox dirilərdən üstün sayırdı: nə qədər qəribə və inanılmaz olsa da, özünü tez-tez bu nöqtədə tuturdu ki, o, ərindən — təyyarəsində qəzaya uğrayıb həlak olmuş Əqdəmdən daha artıq Orxan haqqında düşünür, ondan sarı daha çox göynəyir və qəlbindən heç vəchlə qovub çıxara bilmədiyi bu anlaşılmaz fikirdən böyük qəbahət işləmiş bir qadın kimi utanır, xəcalət çəkirdi.
Birinci hissə, ikinci fəsilİistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Birinci hissə, üçüncü fəsilGülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Стихи других поэтов
Güldür bu? deyil, gül belə xəndan olmaz,Gündürmü? deyil; gün gecə rəxşan olmaz.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.