Страница 1 из 5

Ayrılıq var — sonu şirin vüsaldı.

Ayrılıq var — sonu yoxmuş, ay aman.

Bir yarımçıq şerdən.

Ölüm insanı soyundururmuş, ölüm hər şeyin üstündən pərdəni götürürmüş: sən daha vücudunun heç bir əzasını — gözəlliklərini də, əgər varsa, eyiblərini də mürdəşirdən gizləməyə qadir olmadığın kimi, ömrün boyu tutduğun yaxşı-pis əməllərini də kimsədən pünhan saxlamağa qadir olmursan — ancaq ölüm sənin gözlərini öz soyuq və rəhmsiz əlləri ilə qapayandan sonra sənin haqqında gizli-aşkar əsl həqiqətlər meydana çıxır, unudulan, çoxdan olmuş yaxşılıqların, unudulmayan, ancaq dilə gətirilməyən pisliklərin xatırlanır, söylənir; çünki heç kəs daha sabah səninlə üz-üzə gələcəyindən, utanacağından ehtiyat eləmir, kimsə daha səndən qorxmur, çəkinmir. Sənin yoxluq dünyan başlayan andan həyatda necə olmusansa, eləcə də qiymətini alırsan: yaxşı olubsansa, yaxşı, pis olubsansa, pis... Daha o anlarda, günlərdə deyiləndərdə yalan olmaz, riya olmaz, ikiüzlülük olmaz, haqq olar, həqiqət olar. Bəli, əsl haqq söz məhz o anlarda, o günlərdə söylənər sənin barəndə və deyilənlər yaxşıdırsa, sən sevinə bilməzsən, fərəhlənə bilməzsən, qürrələnə bilməzsən; əgər deyilənlər acıdırsa, zəhərdirsə, böhtandırsa, ən məxfi sirrindirsə, sənin adına-sanına ləkə gətirirsə sən qəzəblənə bilməzsən, etiraz eləyə bilməzsən, inkar eləyə bilməzsən, bax, bu, elə deyil, belədir, sən səhv eləyirsən «gör sənin başına nə oyun gətirəcəyəm» — deyə bilməzsən, çünki artıq sən ölmüsən, sən artıq öz taxt-tacından düşmüsən və ölümün sükuta qərq olmuş səltənətində qərar tutmusan. Ölümün dəhşəti də məhz bu lal-kar sükutundadır, sənin sükutundadır, əbədilik sükutundadır!

Bəli, aylarla içində yaşayan, ürəyini iti və zəhərli caynaqları ilə zərrə-zərrə didib-parçalayan və nəhayət, dırnaq boyda bir qurğuşuna çevrilib öz əlilə öz qəlbinin başına sancılan bu nagahani ölüm ağayi Nəcməddin kimi qüdrətli bir kişini də soyundurmuşdu.

...Nəcməddin güllü-naxışlı Herat xalçasının üstünə üzüqoylu düşmüş və elə dərhal da, güllə səsi eşidiləndən azca sonra canını tapşırmışdı. İrəli uzanmış sağ əlində balaca, qara tapança vardı — bu, o tapança idi ki, kişi iyirmi ildən çox yanında gəzdirmiş və bu müddət ərzində bircə dəfə də atmamışdı; bu, həmin tapança idi ki, onun üç gülləsini özündən də çox sevdiyi, əzizlədiyi, inandığı, sonra isə bütün bəxş elədiyi səadətləri əlindən alıb əvəzində zəhər dolu camla, dözülməz əzablarla olmazın işgəncələr verən Dünya xanımın ürəyinə boşaltmışdı. Barmaqları qıc olduğundan, sonra o tapançanı çox çətinliklə Nəcməddinin əlindən «ala» bildilər. Ürəyinə atəş açıbmış, sol sinəsi, döşünün üstü dağım-dağım olmuşdu. Qanı naxışları od tutub yanan Herat xalçasının üstünə axıb tökülmüş və gül butalarını bir-birinə qarışdırmışdı.

Zərrintac xanım dünyada hamıdan artıq istədiyi, sayəsində arın-arxayın yaşadığı atasını yerə sərilmiş görəndə özünün də birinci dəfə eşitdiyi vəhşi bir səslə bağırmış, kişinin üstünə atılıb başından tutaraq arxası üstə çevirmiş:

– Qibləgahım-qibləgahım! — deyə fəryad qoparmışdı; Nəcməddinin hələ də diri olan, nurunu hələ də itirməmiş gözləri geniş açılmış halda ona zillənmişdi və eləcə də donub qalmışdı. Zərrintac yalnız bu zaman başa düşmüşdü ki, kişi bu «səfərə» əməlli-başlı hazırlaşırmış: yoxsa o dəllək əhvalatı, o şəkil çəkdirmək mərasimi nə üçün imiş bəs? Və elə o anda dəhşətli səhv elədiyini başa düşmüşdü — gərək onu tək qoymayaydı, tək qoymayaydı... Bu təəssüf hissi onu iliklərinəcən yandırmışdı, ancaq neyləyə bilərdi— gec idi. Güllə səsi eşidəndə qucağındakı uşağı yerə atıb hövlnak içəri qaçan Əbdül gördüyü mənzərədən şaşırmış olsa da, Nəcməddinin açıq baxışlarında işığın donduğunu fəhmlə duyanda dizlərini yerə qoyub kişinin kirpiklərini sığamış və gözlərini bağlamışdı. Sonra dönüb çaşqın-çaşqın Zərrintac xanıma baxmışdı. Qız atasının başını dizinin üstünə qoyub oturmuş, gözlərini yaş boğa-boğa onun hələ də qan fışqıran sinəsinə nəzər salmış və ağlar səslə:

– Sən niyə belə elədin, qibləgahım, niyə belə elədin?— demişdi. — Bəs məni kimə tapşırıb getdin, qibləgahım? — Bu, fəryadın müqabilində ağayi Nəcməddin susmuş, susmuşdu. Balaca Nəcməddin isə özünə qarşı bu gözlənilməz rəftardan — yerə atıldığından, ağladığına kimsənin əhəmiyyət vermədiyindən sanki qəzəblənmişdi — bir az da bərk qışqıra-qışqıra iməkləyərək ara qapının ağzına gələrək otaqdakı mənzərəni görüb bir neçə an kirimiş, sonra nə isə sanki dəhşətli bir hadisə baş verdiyini duyub təzədən ciyərdolusu bağırmağa başlamışdı.

İlk dəqiqələrdə nə edəcəklərini bilməyən Zərrintac da, Əbdül də karıxmış halda gah meyidə, gah bir-birinə baxıb ah-uf etmiş, ağlamışdı. Sonra Əbdül uşağın qışqırtısına dözməyərək əyilib onu yerdən götürmüş, sinəsinə basıb yırğalamış, sakitləşdirməyə çalışmışdı. Uşaq nəhayət, Əbdülün qucağında səsini kəsmiş, maraq, heyrət və yaşla dolu gözlərini ortalıqda uzanmış Nəcməddinə və onun başını dizi üstə qoymuş Zərrintaca zilləyib içini çəkə-çəkə dayanmışdı.

Gərgin anlar, dəqiqələr, ilk sarsıntılar ötüb-keçəndən sonra Zərrintac ayağa qalxmış, Əbdülə sarı gələrək uşağı ondan almış, bağrına basıb təzədən hönkürtü vura-vura:

– Can qardaş, biz yetim qaldıq! — demişdi. — Sən də, mən də yetim qaldıq, qardaş!

O belə deyəndə balaca Nəcməddin də təzədən ona qoşulub ağlamışdı. Bunu görən Əbdül:

– Ağlama, xanım. Sən ağlayırsan, o körpə də sənə qoşulub özünü öldürür, — demişdi.

Zərrintac xanım içini çəkə-çəkə:

– Ağlamayım bəs neyləyim, Əbdül! — söyləmişdi.— Nəcməddin kimi atası ölən də ağlamazmı? Əbdül də bu sözlərdən kövrəlmişdi:

– Ağlar, xanım, ağlar!

– Allah sənin ananın ciyərini yandırsın, qardaş!—deyə Zərrintac burnunu çəkərək qucağındakı uşağa müraciət etmişdi. — Bu müsibətlərin hamısına o baisdi, bala, o çərxi dönmüş baisdi. Qoy başım açılsın, o həyasızı, o çörəyi dizinin üstündə olanı yerin deşiyində olsa da axtarıb tapacağam, öz əllərimlə tikə-tikə doğrayacağam. Mənə, o kişiyə yazığı gəlmirdi, heç olmasa sənə yazığı gələydi. Gəlmədi, rəhm eləmədi. Allah cəzasını verəcək onun…

Dünyanı deyirdi. Əbdül Zərrintacın yana-yana söylədiyi bu sözləri eşidəndə qeyri-iradi gözlərini yummuş və xəyalında üç ay bundan qabaqkı o dəhşətli gecə canlanmış, yerdə, qabağında uzanan Nəcməddinin meyidi harasa yox olmuş, əvəzində Dünyanın vücudu, qanlı sinəsi, açıq gözləri peyda olmuşdu...

Elə bil bu hadisə indicə baş vermişdi— bax bu, o idi, Dünya xanım idi, hələ bədəninin istisi də soyumamışdı.

Əbdülün vücudu titrəmiş, dizləri əsmiş və o, özünün də xəbəri olmadan yerə çöküb titrək əllərini meyidə sarı uzadaraq;

– Dünya!.. — deyə inləmişdi. Yaxşı ki, elə bu an Zərrintacın səsini eşidib huş-xəyal aləmindən ayılmışdı; gözünü açanda Nəcməddinin meyidini görüb çaşmışdı.

– Əbdül! — demişdi Zərrintac xanım, — dur get, Elməddinə zəng elə, qoy gəlsin! Demə xanım çağırır, öz adından de.

Əbdül tələsik qalxmış, özünü ələ alıb: «İlahi, mənim başıma hava gəlir deyəsən!» — deyə ürəyindən keçirib:

– Baş üstə xanım! — demiş və yan otağa qaçmışdı. Az sonra qayıtmışdı:

– Bu saat gəlir, xanım.

– Sən ona dedin kişi özünü öldürüb?

– Bəli, xanım.

– O nə dedi?

– O, eşidəndə... dili topuq çaldı, xamım… Elə şey olmaz! dedi. Dedim belədi, ağa, Dedi vay-vay... Gəlirəm... Zərrintac xanım daha heç nə xəbər almamış, Əbdülə tapşırmışdı:

– Sən düş həyət-bacanı sahmana sal, indi eşidən-bilən gələcək. Elə et ki, hər şey qaydasında olsun.

– Baş üstə, xanım, — deyərək otaqdan çıxmışdı Əbdül. Zərrintac xanım meyidlə bir yerdə tək qalmaqdan hövllənərək qucağındakı uşaqla eyvana çıxmış və darvazaya nəzər salmışdı. Özünü bu nöqtədə tutmuşdu ki, o, indi məhz Elməddin üçün darvazaya baxmışdı...

Ərini evdən qovduğu gündən bir aydan çox keçmişdi. Bu müddətdə Elməddin o həyətə ayaq da basmamışdı, zəng belə eləməmişdi. Peşman-peşman gəzib-dolaşmış, işə getmiş, axşamlar isə evlənməmişdən əvvəl ağayi Nəcməddinin onun üçün ayırdığı təkotaqlı mənzilinə qayıtmış, nə rahat yata bilmiş, nə də yazı-pozu ilə məşğul olmuşdu. Fikri, hissləri çarpaşıq, qat-qarış idi. Ağayi Nəcməddinin vəziyyəti isə onda elə idi ki, əhvalatı ona demək faydasız olardı; bu, həm də kişinin dərdinin üstünə dərd qoymaq kimi çıxardı. Şəfiyə də, Məleykəyə də dərdini deməmişdi — utanmışdı. Başına gələn qəziyyədən təkcə Əhədullanın xəbəri vardı — çünki ona Zərrintac xanımın yanında qalan qızı Siminbər söyləmişdi.

Zərrintac xanımın isə bu ötən vaxt ərzində fısı-fısqırığı yatmamış, ərinin qarasınca o ki var deyinmiş, asıb-kəsmiş, kölgəsini qılınclamışdı. O da Elməddin kimi, əhvalatı atasına danışmamışdı. Əvvələn, kişi söz eşidib məsləhət verəsi halda deyildi; ikincisi də, əlinin içi kimi bilirdi, desəydi, Nəcməddin qızını danlayacaqdı, günahı onda görəcək, əsəbiləşəcəkdi. Yəqin idi ki, Elməddini çox istəyir, nəsə quşu yaman qonub ona. Buna görə də hadisələri öz axınına buraxaraq susmağı daha üstün tutmuşdu Zərrintac xanım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, ikinci fəsil

General Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.

15 мин
İkinci hissə, üçüncü fəsil

Əbdül son vaxtlar təsəvvürə gətirilməz dərəcədə dəyişmişdi. Saqqalını qırxdırmış, özünə iki-üç dəst müxtəlif rəngli kostyum, köynək, ayaqqabı almışdı. Kostyumlarına münasib papaq və palto tikdirmişdi. Yeməyini özü hazırlamırdı, lazım olan şeyləri «spinzər» restoranına telefon vasitəsilə sifariş verirdi. Nəcməddin xəstələnəndən qarajda qalan maşını çıxarmışdı, əvvəl həyətdə, məhəllədə sürmüş, əl-ayağı öyrəşəndən sonra küçəyə, şəhərə belə çıxmağa cəsarət eləmişdi. Balaca Nəcməddin şən, qayğısız böyüyürdü, yavaş-yavaş danışır, yeriyirdi. Əbdül bir an da olsa ondan nəzərlərini çəkmir, qayğısından, əzabından yorulub usanmır, can-dildən ona qulluq eləyirdi. Böyük adam kimi uşaqla danışır, məsləhətləşirdi — onu taleyin verdiyi bir nemət hesab eləyir, varlığına güvənirdi. Uşaq Əbdülün başını qatır, darıxmağa qoymurdu, tez-tez öz cinayətini, Dünya xanımı xatırlatsa da, bu əzabı da qanuni bir şey sayıb yaşayırdı.Son günlər Əbdül Zərrintac xanımın zəhmi-zabitəsi barəsində düşünməyi unutmuşdu. İndi onun fikrini Heyran xanım zəbt eləmişdi. Gecə-gündüz yadından çıxmırdı Heyran, hər gün o gələn vaxt Əbdülün gözü yolda, qulağı səsdə olurdu. Gözləyirdi, gözləyirdi, o isə gəlmirdi. Vaxt-vədə keçəndə isə Əbdülün qəlbini anlaşılmaz bir kədər çulğalayırdı. Eyni intizarla səhər də gözləyirdi, birisi gün də. O isə gəlib çıxmırdı ki, çıxmırdı. Dəqiq ünvanını soruşmadığına görə özünü danlayırdı. Pul verdiyinə görə özünü danlayırdı. «Pul verməsəydim, bəlkə indiyə gəlmişdi. Ehtiyacı nə bilmisən». Sonra özünə təsəlli verirdi ki, pulu qurtaran kimi gələcək. Heç olmasa bacısının uşağına baş çəkmək üçün harda olsa gələcək!

7 мин
İkinci hissə, dördüncü fəsil

Havada bərk şaxta olsa da, qapı-pəncərəni cingildədən külək əssə də, içəri isti idi. Yan otaqda daş kömür sobası asta-asta yanır, çaydan həzin-həzin cızıldayırdı. Ara qapı açıq olduğundan bu biri — iri otaq da isinmişdi. Elməddin ev paltarında yazı masasının arxasında əyləşmişdi; qabağındakı piyalədə təzəcə süzdüyü çay buğlanırdı.Elməddinin kefi kök idi. Stolunun üstündə qatı açılmış qəzet vardı, ora-burasına göz gəzdirirdi; Oxumurdu, çünki bir az əvvəl onu başdan-ayağa qədər oxumuşdu. Bu, «Pərçəm»in növbəti nömrəsi idi; burada onun iki yazısı çıxmışdı; biri son hekayəsi idi—«Xurma çərdəyi». İkincisi isə məqalə idi — «Fəsad» adlandırmışdı. Onu çoxdan yazmışdı, ürəyi ağrıya-ağrıya yazmışdı. Qəryadar Qulamın qardaşı oğlu, köhnə tanışı Ətiqullaya o dəhşətli vəziyyətdə rast gələndən sonra qələmə almışdı. Şəfiyə oxuyanda çox bəyənmişdi, çünki burada qoyulan məsələ—şəhərin xəlvət evlərində, qanundan kənar, Siracəddin kimi, İnsaf xanım kimi adamların gəlir mənbəyi təkin saxladıqları xəlvətgahların qurbanları məsələsi Şəfini də çoxdan düşündürürmüş, sən demə, Elməddin Ətiqullanı şəxsən tanıdığını, onun milyoner Mümtazın oğlu olduğunu və indi yavaş-yavaş çürüyüb töküldüyünü Şəfiyə danışanda kişi çox fikrə getmişdi və məqaləni fürsət düşən kimi çap edəcəyini bildirmişdi. Sonra nə isə baş qarışmışdı, material çox olmuşdu, məqalə xeyli yubanmışdı. İndi budur, ruznamənin bugünkü nömrəsində Elməddinin hər iki yazısı işıq üzü görmüşdü. Şəfinin dediyinə görə, Elməddinin bu yazıları aləm idi — hər ikisində son dərəcə vacib, ağıllı adamları düşündürən ciddi məsələlər qoyulmuşdu və çox səs-küyə səbəb olacaqdı. Əlbəttə, ustadından belə tərifli sözlər eşitmək Elməddin üçün çox xoş idi, həm də üstəlik, Bəbirin onun hekayəsi barədə dediklərini xatırlayanda Elməddin, bir qələm əhli kimi fərəhindən yerə-göyə sığışmırdı. Bu şirin əhvali-ruhiyyə ilə qəzetin sütunlarına baxa-baxa çayını içir, fikrində, xəyalında bunlardan da tutarlı yazılar yazmaq əzmində olduğunu yəqin edib sinəsi qabarırdı. Bəbirin, Şəfinin onun qələmindən çıxanları belə yüksək qiymətləndirməsi qəlbini coşqun sevinc hissilə doldurmuşdu və kiməsə, ən müqəddəs adamına söz verirmiş kimi ürəyində demişdi: «Yol budur, mənim əsl yolum budur. Bu yolda öldü var, döndü yoxdur! Mənim yolum Bəbirin, Şəfinin yoludur. Son nəfəsimə qədər bu yolla gedəcəyimə söz verirəm, çünki, qəlbən inanmışam ki, bu yol haqq yoludur, həqiqət yoludur».

8 мин
İkinci hissə, beşinci fəsil

Heyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.

19 мин

Стихи других поэтов