Страница 2 из 5 · 20%

Siminbər isə — hər axşam ağasının qayıdacağına gizli bir ümid bəsləyən və pünhan-pünhan gözünü darvazadan çəkməyən Siminbər isə içəridə, qəlbinin dərinliklərində Zərrintac xanıma dərin bir nifrət hissi duymuş, ancaq açıb-ağarda bilməmiş, sözünü udmuşdu. Başa düşmüşdü ki, onun xanıma heç nə deməyə ixtiyarı yoxdur. Lakin buna baxmayaraq Siminbər bir dəfə kin-küdurətini mümkün qədər gizləməyə çalışaraq mülayim-mülayim;

– Xanım, yaxşı düşbərə bişirmişəm, götür ağama zəng elə, gəlsin. Həm barışın, həm də o, düşbərə yesin — demişdi. Ancaq Zərrintac xanım jurnal stolunun arxasında qəzəblə qıçını qıçının üstünə aşırıb:

– Kim? Mən, mən ona zəng eləyim?!—çımxırmışdı, — Bunu, qulağının dibini görəndə görər. Ölmüşdü Zərrintac xanım. İt kimi sürünə-sürünə, şırvana-şırvana gəlib ayağımın altına düşməsə, ömründə bağışlamaram onu. Belədi də bu kətçi-kütçü. O saat qudurub cızığından çıxır, başlayır tanrısına şıllaq atmağa. Sənin ağan da çox tez qudurdu, qız.

Bu sözlərəin müqabilində Siminbər heç nə söyləməmiş, məyus-məyus mətbəxə keçib pəncərədən yenə darvazaya — həmişə Elməddinin gəldiyi yola boylanmışdı.

Bəli, Zərrintac qüruruna sığışdırmamışdı ərini geri çağırsın, Elməddin də endirməmişdi. İndi ağayi Nəcməddinin qəfil ölüm xəbərini eşidəndə qaribə idi ki, Zərrintacın yadına birinci Elməddin düşən kimi, onun da yadına Zərrintac xanım düşmüşdü.

....Elməddin darvazanın ağzında maşından sıçrayıb həyətə cumdu. Qabağına çıxan Əbdülü görən kimi dayandı. Həyəcanlı idi, sifəti ağarmışdı. Əbdül baş endirib salam verdikdə o, tələsik:

– O beçə, bu, həqiqətdi? — deyə soruşduqda Əbdül:

– Bəli, ağam, həqiqətdi, — söylədi. — Bu, boyda zarafat olar? Mənim sizinlə belə zarafat eləməyə nə haqqım var.

Elməddin taqətsiz halda hasarın içərisində, divarın dibindəki taxta oturacaqda əyləşdi:

– Necə oldu bu?

Əbdül, kişinin son saatlarını qırıq-sökük cümlələrlə Elməddinə şərh elədi və danışdıqca özünü saxlaya bilməyib ağladı. Elməddin onun söhbətini dinləyib:

– Kişi pozulmuşdu son vaxtlar, — dedi. — Mən bilirdim ki, o, çox yaşamayacaq... Dünyadan sonra o... — Elməddin sözünə ara verib həyətə baxındı: — Bəs Dünyadan bir xəbər çıxmadı?

Əbdülün canından bir gizilti keçdi və çaşqın halda.

—Yox, çıxmadı, ağam,— dedi.

Elməddin ona ciddi, sınayıcı bir nəzər saldı:

– Sən onun yerini bilmirsən yəni?

– Kim? Mən?

– Yox, mən! Əlbəttə, səni deyirəm. — Elməddin hövsələdən çıxdı.

– Yoox, ağam...

Araya ani sükut çökdü. Əbdül baxışlarını yayındırdı. Elməddin onu başdan-ayağa süzüb:

– Yaxşı, bu barədə səninlə sonra danışaram, — dedi,— mənə elə gəlir ki, sən çox şey bilirsən, Əbdül...

Əbdül udqundu, kəkələyə-kəkələyə nə isə demək istədisə də ancaq xoşbəxtliyindən Elməddin daha ona əhəmiyyət verməyib yuxarı qalxmaq üçün ayağa durdu. Pilləkənləri çıxanda Zərrintacı eyvanda qucağında uşaq dayanan görüb ani olaraq nə edəcəyini bilmədi. Hiss olundu ki, Zərrintac xanım da eyni, çaşqın hisslər keçirirdi. Çünki o, Elməddinlə üz-üzə gəlməmək üçün çevrilmək istədi, ancaq bacarmadı və baxışları rastlaşdı. Elməddin, nəhayət, özünü ələ alıb irəli yeridi və Zərrintacın qabağında başını əydi, sonra əlini irəli-uzadaraq sol əlini qaldırıb ehmalca öpərək:

– Müsibətinizə şərik oluram, xanım! — dedi. Sonra dikəlib onun gözlərinin içinə baxarkən yanaqları aşağı axan ağ qətrələri görüb doluxsundu və qəhərli səslə: — Ölməli kişi deyildi, hayıf oldu... Min təəssüf....— deyə bildi.

– Lap başımı itirmişəm... — dedi Zərrintac xanım, — heç bilmirəm...

Onun nə dediyini o dəqiqə Elməddin anladı və təskinlik verdi:

– Darıxma, xanım. Hər şeyi necə lazımdırsa, eləcə də edəcəyik.

Elməddin belə deyib içəri keçdi, Zərrintac xanım isə düşündü: «Mənə «xanım» deyir, adımı dilinə də gətirmək istəmir...»

Elməddin otaqda üzünə qara örtük çəkilmiş Nəcməddinin başı üstündə xeyli dayandı, xalçanın qanlı parçasına tamaşa elədi, hannan-hana örtüyü qaldırıb ona çox yaxşılıqlar eləmiş o qəribə, məğrur və şerpərəst kişinin ağappaq ağarmış sifətinə ötəri nəzər saldı və ürəyində: «Allah sənə rəhmət eləsin! - dedi, — Amma sən hələ ölməzdin, ağam, səni Dünya məhv elədi, ağam. Təfərrüatını bilmirəm, amma mənə gün kimi aydındır ki, səni ocağının başında oturan məlaikə sifətli o iblis qadın məhv elədi, ağam. Qəbrin nurla dolsun…»

O, eyvana çıxanda Əbdül Zərrintacın yanında idi—uşaq indi onun qucağındaydı. Elməddin Zərrintaca baxmadan:

– Məktubdan-filandan yazıb qoymayıb kişi? — deyə Əbdülə müraciət elədi.

Zərrintac:

– Bilmirəm! — söylədi.

– Səhər məndən qələm-kaqız istədi ağam. — dedi Əbdül.

– Bir şey yazmadı?

– Nə isə yazırdı.

– Hanı bəs?

– Bilmirəm... Qoy baxım... — O içəri qaçdı, onun dalınca onlar da otağa keçdikdə Əbdül Nəcməddinin yastığının altından iki bükülmüş bir vərəq götürüb Elməddinə uzatdı. O, əlləri əsə-əsə kağızı açıb ürəyində oxumaq istəyəndə Zərrintac dilləndi:

– Ucadan oxu...

Elməddin ilişikli səslə ucadan bu sözləri oxudu:

– «Mən yaşaya bilmədim. Ölümümdə heç kəs təqsirkar deyil. Bankda saxlanılan yüz milyon pulumun əlli milyonu qızım Zərrintacın və onun əri Elməddinin, qalan əlli milyonu isə sonbeşik oğlum Nəcməddinin və onun dayəsi Əbdülün adına keçirilsin. Bundan əlavə indi yaşadığım mülk Nəcməddinin və Əbdülün olmalıdır, oğlum on səkkiz yaşına çatandan sonra bütün şirkət və onun idarəsi ona təhvil verilməlidir. Ona qədər bu işləri qızım Zərrintacla əri Elməddinə həvalə edirəm. Böyük oğlanlarımın hamısını vərəslikdən məhrum edirəm».

– İmza qoyub, möhür vurub?—Zərrintac xanım, atasının başına doğrudan da hava gəldiyini yəqin eləyib narahat halda tələsik soruşdu.

– Bəli! —dedi Elməddin. — İmza da eləyib, möhür də vurub...

Susdular. Əbdül bu söhbəti kişinin öz dilindən eşitdiyinə görə və cibində belə məzmunda ayrı bir kağız da olduğuna görə heç nəyə təəccüblənmədi və başını yana döndərib həyətə baxdı. Zərrintac isə özünü saxlaya bilməyib:

– Kişi dəli olubmuş? — dedi. Və onun nə demək istədiyini yaxşı başa düşən Elməddin kinayə ilə:

– İndi bu söhbətlərin yeri deyil, xanım! — dedi. — Kişinin meyidi hələ ortalıqdadır. Onun dəfnini təşkil eləmək lazımdır. — Elməddin bu sözləri deyib telefon olan otağa keçdi. Yarım saat sonra radio ilə ağayi Nəcməddinin ölüm xəbəri elan olundu, çox keçməmiş məscidi-camedən molla və mürdəşir gəldi. Qəbristana məzar qazdırmaq üçün adam göndərildi. ...Həyətdə, hamamdan o yanda, hasarın dibində, xəlvət bir guşədə mürdəşir Ağayi Nəcməddinin meyidini lay taxtanın üstündə yuyurdu. Köməkçisi su tökür, o isə qüsl verirdi. Mürdəşir arıq, uzun, qabaq dişləri tökülmüş ağsaçlı bir kişi idi. Hərəkətindən, rəftarından hiss olunurdu ki, çox can-dildən işləyir. Ağayi Nəcməddinin bir sümük, bir dəri olan vücudunu taxtanın üstündə həvəslə o yan-bu yana çevirir;

– Su tök, atam, su tök! — deyə tez-tez öz köməkçisinə müraciət eləyirdi. — Suya qənaət eləmə, atam, bu ağaların o qədər günahı var ki, yer üzündə, bu su ilə təmizləmək olmaz, gərək bunları qır qazanında yandırasan, bəlkə onda günahlarından çıxa bilərlər. Su tök, atam.

– Sən tanıyırdın məgər ağayi Nəcməddini? — deyə köməkçi xəbər alanda mürdəşir kənara tüpürüb:

– Dabbaqda gönünü tanıyıram, atam, — dedi, — Bir vaxt onun nəssacı şirkətində işləmişəm. Onda cavan idim, təzə evlənmişdim. Körpəmiz vardı. Arvad-uşağı dolandırmaq üçün çox iş axtardım. Heç yerdə iş tapa bilmədim. Ya dilənməli, ya da oğurluq etməli idim. Acından arvadımın südü qurumuşdu, uşaq gecə-gündüz ağlayırdı, yemək istəyirdi. Nəhayət, bu ağayi Nəcməddinin yanına gəldim— onda cavan idi. Məni işə götürdü. Yalvardım ki, mənim tanqahımdan bir qədərini bu başdan versin, uşağım ölməsin. Dedi yox. Mən isə əlacsız qalıb elə birinci gün işdən çıxanda bir köynək oğurladım ki, satım, arvad-uşağımı ölümün cəngindən xilas eləyim. Ancaq tutdular məni. Bax bu ağa, indi sənin, mənim hüzurumda uzanmış bu ağa özü məni o qədər döydü ki, ağzımdan-burnumdan qan sel kimi axdı. Bununla da ürəyi soyumadı. Məni polisin əlinə verdi, apardılar, atam. O gedən getdim, düz bir ildən sonra qayıtdım. Gəlib gördüm uşağım acından ölüb, arvadımı da bir hacı siğə eləyib saxlayır... Yazıq çarəsiz qalıb razı olub. Ağladı biçarə, dedi siğəmi geri oxudum, qayıdım yanına. Dedim yox.…Göz yaşı tökə-tökə çıxıb getdi... İndi, atam, bunlar belə murdar adamlardılar. Tök, sudan tök, atam. Ürəyini güllə gör necə dağıdıb? Qabırğasının da ikisini qırıb. Belə ürək dağılmalıdı, atam, Özüm onun qulaqlarını hələ tıxamıram. O mənim dediklərimi eşidir, atam. Qoy eşitsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, ikinci fəsil

General Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.

15 мин
İkinci hissə, üçüncü fəsil

Əbdül son vaxtlar təsəvvürə gətirilməz dərəcədə dəyişmişdi. Saqqalını qırxdırmış, özünə iki-üç dəst müxtəlif rəngli kostyum, köynək, ayaqqabı almışdı. Kostyumlarına münasib papaq və palto tikdirmişdi. Yeməyini özü hazırlamırdı, lazım olan şeyləri «spinzər» restoranına telefon vasitəsilə sifariş verirdi. Nəcməddin xəstələnəndən qarajda qalan maşını çıxarmışdı, əvvəl həyətdə, məhəllədə sürmüş, əl-ayağı öyrəşəndən sonra küçəyə, şəhərə belə çıxmağa cəsarət eləmişdi. Balaca Nəcməddin şən, qayğısız böyüyürdü, yavaş-yavaş danışır, yeriyirdi. Əbdül bir an da olsa ondan nəzərlərini çəkmir, qayğısından, əzabından yorulub usanmır, can-dildən ona qulluq eləyirdi. Böyük adam kimi uşaqla danışır, məsləhətləşirdi — onu taleyin verdiyi bir nemət hesab eləyir, varlığına güvənirdi. Uşaq Əbdülün başını qatır, darıxmağa qoymurdu, tez-tez öz cinayətini, Dünya xanımı xatırlatsa da, bu əzabı da qanuni bir şey sayıb yaşayırdı.Son günlər Əbdül Zərrintac xanımın zəhmi-zabitəsi barəsində düşünməyi unutmuşdu. İndi onun fikrini Heyran xanım zəbt eləmişdi. Gecə-gündüz yadından çıxmırdı Heyran, hər gün o gələn vaxt Əbdülün gözü yolda, qulağı səsdə olurdu. Gözləyirdi, gözləyirdi, o isə gəlmirdi. Vaxt-vədə keçəndə isə Əbdülün qəlbini anlaşılmaz bir kədər çulğalayırdı. Eyni intizarla səhər də gözləyirdi, birisi gün də. O isə gəlib çıxmırdı ki, çıxmırdı. Dəqiq ünvanını soruşmadığına görə özünü danlayırdı. Pul verdiyinə görə özünü danlayırdı. «Pul verməsəydim, bəlkə indiyə gəlmişdi. Ehtiyacı nə bilmisən». Sonra özünə təsəlli verirdi ki, pulu qurtaran kimi gələcək. Heç olmasa bacısının uşağına baş çəkmək üçün harda olsa gələcək!

7 мин
İkinci hissə, dördüncü fəsil

Havada bərk şaxta olsa da, qapı-pəncərəni cingildədən külək əssə də, içəri isti idi. Yan otaqda daş kömür sobası asta-asta yanır, çaydan həzin-həzin cızıldayırdı. Ara qapı açıq olduğundan bu biri — iri otaq da isinmişdi. Elməddin ev paltarında yazı masasının arxasında əyləşmişdi; qabağındakı piyalədə təzəcə süzdüyü çay buğlanırdı.Elməddinin kefi kök idi. Stolunun üstündə qatı açılmış qəzet vardı, ora-burasına göz gəzdirirdi; Oxumurdu, çünki bir az əvvəl onu başdan-ayağa qədər oxumuşdu. Bu, «Pərçəm»in növbəti nömrəsi idi; burada onun iki yazısı çıxmışdı; biri son hekayəsi idi—«Xurma çərdəyi». İkincisi isə məqalə idi — «Fəsad» adlandırmışdı. Onu çoxdan yazmışdı, ürəyi ağrıya-ağrıya yazmışdı. Qəryadar Qulamın qardaşı oğlu, köhnə tanışı Ətiqullaya o dəhşətli vəziyyətdə rast gələndən sonra qələmə almışdı. Şəfiyə oxuyanda çox bəyənmişdi, çünki burada qoyulan məsələ—şəhərin xəlvət evlərində, qanundan kənar, Siracəddin kimi, İnsaf xanım kimi adamların gəlir mənbəyi təkin saxladıqları xəlvətgahların qurbanları məsələsi Şəfini də çoxdan düşündürürmüş, sən demə, Elməddin Ətiqullanı şəxsən tanıdığını, onun milyoner Mümtazın oğlu olduğunu və indi yavaş-yavaş çürüyüb töküldüyünü Şəfiyə danışanda kişi çox fikrə getmişdi və məqaləni fürsət düşən kimi çap edəcəyini bildirmişdi. Sonra nə isə baş qarışmışdı, material çox olmuşdu, məqalə xeyli yubanmışdı. İndi budur, ruznamənin bugünkü nömrəsində Elməddinin hər iki yazısı işıq üzü görmüşdü. Şəfinin dediyinə görə, Elməddinin bu yazıları aləm idi — hər ikisində son dərəcə vacib, ağıllı adamları düşündürən ciddi məsələlər qoyulmuşdu və çox səs-küyə səbəb olacaqdı. Əlbəttə, ustadından belə tərifli sözlər eşitmək Elməddin üçün çox xoş idi, həm də üstəlik, Bəbirin onun hekayəsi barədə dediklərini xatırlayanda Elməddin, bir qələm əhli kimi fərəhindən yerə-göyə sığışmırdı. Bu şirin əhvali-ruhiyyə ilə qəzetin sütunlarına baxa-baxa çayını içir, fikrində, xəyalında bunlardan da tutarlı yazılar yazmaq əzmində olduğunu yəqin edib sinəsi qabarırdı. Bəbirin, Şəfinin onun qələmindən çıxanları belə yüksək qiymətləndirməsi qəlbini coşqun sevinc hissilə doldurmuşdu və kiməsə, ən müqəddəs adamına söz verirmiş kimi ürəyində demişdi: «Yol budur, mənim əsl yolum budur. Bu yolda öldü var, döndü yoxdur! Mənim yolum Bəbirin, Şəfinin yoludur. Son nəfəsimə qədər bu yolla gedəcəyimə söz verirəm, çünki, qəlbən inanmışam ki, bu yol haqq yoludur, həqiqət yoludur».

8 мин
İkinci hissə, beşinci fəsil

Heyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.

19 мин

Стихи других поэтов