Birinci hissə, beşinci fəsil
Страница 2 из 3 · 33%
– Çıxmır, zorlama özünü! — deyə Edməddin gülümsü-nə-gülümsünə dilləndi. Əli Tüğyan səksənmiş halda qanrılıb çiyni üstündən Elməddinə baxdı, qızıl haşiyəli eynəyi altından iri gözlərini qırpa-qırpa:
– O, sənsən? Nə vaxt gəlmisən, heç xəbərim olmayıb! —deyə onun gəlişindən şad olduğunu bildirən bir ədayla dilləndi, — nə yaxşı gəlibsən. Lap darıxmışdım...— O, qələm-kağızını bir kənara itələyib eynəyini çıxartdı, ovuclarının içi ilə gözlərini ovxalayıb belini düzəltdi, şirin-şirin gərnəşərək sinəsinə bir yumruq ilişdirdi: — Səndən nə əcəb, ay Elməddin? Elə biryolluq getdin!
– Nə bilim...— deyə Elməddin qeyri-müəyyən cavab verdi.
Ucaboylu, qarayanız, itibaxışlı Elməddinə Əli Tüğyan tanış olduqları vaxtdan bəri həmişə daxili bir həsəd və qibtə hissilə baxmışdı. Şer məclislərində, ədəbi gecələrdə özünün səmimi, ürəyəyatan, ən başlıcası isə ürəkdən gələn şerlərini sakit, həlim bir səslə, başqaları kimi əl-qol atmadan oxuyan Elməddinin səs-sorağı yayılıb çoxaldıqca xeyirxahları artdığı təki, istəməyənlərin, üzə vurmasalar da, daxili bir paxıllıq və küdurət hissi ilə alışıb-yanan bədxahların da sayı çoxalırdı. Onlardan biri də Əli Tüğyan idi. Onun istedadda, qabiliyyətdə özündən qat-qat üstün olduğunu gördükcə, az bir müddətdə yazanlar arasında adının hörmətlə çəkildiyini hiss elədikcə Əli Tüğyan, neçə kitabın müəllifi olsa da, gecəni gündüzə qatıb çalışır, özünü oda-közə vurur, görüş gecələrində, şairlər müsabiqəsində sürəkli, sakit olmaq bilməyən alqışlar eşitmək həsrətilə yanıb-yaxılırdı, Ancaq hər dəfə belə gecələrdə istəyinin əksinə olaraq soyuq qarşılanırdı, təzə çıxan kitabına susmaqla cavab verirdilər. Bu dərd onu içəridən qurd kimi yeyirdi. İndi onun saçına yavaş-yavaş dən düşürdü. Baxanlar, oxucular, dost-tanışlar onun saçlarının söz üzərində tər tökməkdən, səhərə qədər şam kimi yanmaqdan ağardığını güman edirdilər, o özü də adam yanında buna açıq-gizli işarələr edirdi — fəxrlə. Ancaq özü çox yaxşı bilirdi ki, saçlarının belə erkən ağarmasına səbəb oxucu könlü fəth edə bilməməsi, ədəbi mühitdə ona qarşı tükürpədən soyuqluq və biganəlik dərdi idi. Və o, bu çəkilməz dərdi tək çəkirdi, heç kəsə deyə, açıb-ağarda bilmirdi. Bundan əlavə Əli Tüğyan başqa bir şeyi də xeyli müddət özünə dərd eləmişdi: Elməddin, onun fikrincə, çox xoşbəxt adam idi, nə yoğurmuşdu, nə yapmışdı, hazırca kökə tapmışdı. Ağayi Nəcməddin ona yaxşı iş vermişdi, maşını vardı, hələ bunlar azmış kimi, su sonası kimi gözəl-göyçək qızını — Zərrintac xanımı da vermişdi, ev almışdı. Ağayi Nəcməddin dağ təki Elməddinin dalında dayanmışdı, daha o nə istəyirdi?.. Lakin son zamanlar kişinin ölümündən sonra Zərrintacın onu «qovması» söz-söhbətini eşidib xeyli sevinmişdi, ürəyindən necə deyərlər, lap tikan çıxmışdı. «Köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidi—deyə düşünmüşdü. — İndi bir az burnu ovular. Yoxsa çox yuxarıdan gedirdi».
Həmin günlərində qəribə bir istək də duymuşdu; Elməddinlə qabaq-qənşər gəlmək, ona baxmaq. Zərrintac onu evdən qovandan sonra düşdüyü halı görmək istəyirdi. Bu, nə üçünsə ona çox maraqlı gəlirdi. Neçə dəfə hətta məxsusi axtarmışdı da Elməddini. Ancaq tapa bilməmişdi. Onu soraqlaşanda kitab mağazalarında yenicə satışa buraxılmış «Əfsanəli mahnılar»ını tapmış, qəribə bir hisslə götürüb vərəqləmiş, «alım», «almayım?» — deyə çox götür-qoy eləyəndən sonra, nəhayət, iyirmi rupisinin başından keçib almışdı. Axşam evdə, sakit bir guşəyə çəkilib, kitabı diqqətlə oxumuş, düşünmüş, düşünmüşdü. Şerlərini, hekayələrini dönə-dönə nəzərdən keçirmişdi, onlarda camaatı əfsunlayan cəhətləri axtarmağa çalışmış, sirrini açmağa can atmışdı. Lakin bu yazılarda heç bir qeyri-adilik görməmişdi. Sadə sözlər idi, adi sözlər idi. Vəssalam. O sözlər idi ki, onları Əli Tüğyan da bilirdi, işlədirdi. Bəs sirr nədə idi?! Baxırdı, deyirdi bu şerləri mən də yaza bilərəm. Ancaq yaza bilmirdi. Sən demə, hikmət sözdə deyilmiş, hikmət hissdə imiş, ürəkdə imiş. Sən demə, sənətin canıcövhəri səmimiyyətdə imiş, təmtəraqlı, hay-küylü sözlərdə deyilmiş. Yaşanan hissi, duyulan dərdi, həsrəti, sevinci yazanda əsl şer meydana gəlirmiş. Sözlər ürək qanında çiməndə, hisslərin gah həzin, kövrək, gah da tufanlı dalğalarında, göz yaşlarının büllur saflığında yuyulub cilalananda şerə çevrilə bilirmiş. Sözün bağrının başına öz dərd qığılcımından bir damcı qoyanda o alova çevrilib başqalarını — dinləyənləri yandıra bilərmiş; sözün bağrının başına öz həsrətinin yanıq ciyər iyi verən bir qətrəsini qoyanda o söz həsrət rənginə — sarı rəngə bürünüb həsrətlə ağladırmış. Sözün bağrının başına gah ağlayan, gah gülən məhəbbətinin hamısını yox, bircə parçasını qoyanda ürəklərdə məhəbbət odu, məhəbbət çırağı yandıra bilirmiş... Bəli, bunlar sənətin, şerin əzəli qanunuymuş — bunu Əli Tüğyan bilmirmiş — indi hiss eləyirdi. Ancaq öz yazılarında bunlara əməl edə biləcəkdimi? Gərək bunlar ürəyində, xilqətində olsun, olmasa, tapa bilməzsən, olmasa yarada bilməzsən.
Onlar ordan-burdan söhbət elədilər, son hadisələrdən danışdılar, söz dönüb-dolanıb yazı-pozu üstünə gəldi.
Əli Tüğyan dedi:
– Sənin kitabını almışam, təbrik edirəm. Vaxtım olmayıb hələ oxuyam. İşim o qədər çoxdur ki, başımı qaşımağa imkanım yoxdur.
– Əşi, elə-bir şey deyil, — Elməddin təvazökarlıq elədi. — Kitabdı da.
– Amma «Nadanlı»ğını oxudum. Yaxşı hekayədi. Ürəyimdən tikan çıxartdı.
Elməddin ürəyindən keçirtdi: «Sənin ürəyindən tikan çıxartdı, məni isə onun üstündə evdən çıxartdılar». Güldü:
– Hekayədi də, yazmışdım.
– Deyirlər evdə olan əhvalatdı, hə? Eşitmişəm Zərrintac xanım bərk qəzəblənib səni evdən-eşikdən də qovub? Düzdü? — Bu sözləri deyəndə nədənsə Əli Tüğyanın gözləri parıldayırdı — o, sınayıcı nəzərlərlə müsahibini süzür, nə isə öyrənməyə çalışırdı. Elməddin pərt olmuşdu, qızarmışdı. İrəlicədən bilirdi ki, belə söhbət olacaq və əslində onu bura çəkib gətirən də bu məsələ idi, İstəyirdi ki, Əli Tüğyan onun ailə məsələsini qəzetdə işıqlandırmaqdan daşınsın — çünki, fikrincə, bunun əsl mətləbə heç bir dəxli yox idi, şəxsi məsələ idi. Arvad onu qovub, o, Zərrintacdan tamam-kamal ayrılıb, bunun kimsəyə bir dəxli varmı?..
– Hə, — dedi. — Bir az olmuş əhvalatdı, bir az da özüm bəzəmişəm.
– Öz aramızdı, yaxşı eləmisən. Mənim də neçə dəfə fikrimə gəlib ki, belə nadan, qanmaz qadınları ifşa eləyim. Ancaq, düzü, evdəkindən ehtiyat eləmişəm. Sən isə...
– Həqiqət sənət üçün hər şeydən ucadı, Əli. Həqiqət sənətin tanrısıdı. Gördüm, ağrıtdı ürəyimi, yazdım. Sonrasını düşünmədim.
– Bu ara Əli Tüğyan stolun böyründəki ağ düyməni basdı, o biri otaqdan zəng cingiltisi eşidildi. İki saniyə keçməmiş Xəyalə qapının ağzında göründü:
– Nə buyurursan, Əli can?
– Yeməyə bir şey hazırla.
– Hazırlayıram, — deyib çıxdı. Bu mehriban danışıq və ümumən bayaqdan Xəyalə xanımın tərzi-rəftarında hiss elədiyi dəyişikliklər Elməddinin diqqətindən yayınmırdı, düşündürürdü. «Xəyalə tanınmaz dərəcədə dəyişib. Səbəbi nədir görəsən? Lap möcüzədi».
– Xeyir ola, Əli, bu nə məsələdi, arvad səninlə nə mehriban-mehriban danışır? Əli Tüğyan bic-bic güldü:
– Dünyada, — o, səsini alçaldıb ehtiyat edirmiş kimi astadan cavab verdi, — dünyada bircə arvadın boş damarını tuta bilməmişdim, ona görə də bu neçə ili anadan əmdiyim süd burnumdan gəlib, olmazın əziyyət çəkmişəm. Şükür, indi arvadın da dilini tapmışam. İndi işlərim yağ kimi gedir. Evdə nə dedi-qodu, nə dava-dalaş. Rahatlıq, asudəlik. Yoxsa arvad məni bir gün hirsləndirəndə on gün özümə gələ bilmirdim. Fikrim dağılırdı, heç bir şey yaza bilmirdim. Bircə bizi yaradan bilir ki, bu arvadın axmaq xasiyyəti ucbatından mənim yazı-pozu işimə nə qədər böyük ziyanlar dəyib. Elə vaxtlarım olurdu ki, az qala özümü öldürmək istəyirdim.
– Eh! Bunları təsəvvür edirəm, Əli, — deyə Elməddin bu möcüzəyəbənzər işin sirrini gec də olsa öyrənməyə can atdı,— əsl mətləb üstünə gəl, de görüm necə olub ki, arvadı mələyə döndərə bilibsən?
– Sirri çox sadə və asan imiş, sən demə.
– Nədi axı?
– Bunun üçün, hər şeydən əvvəl, zəmanə adamı olmaq lazımdı, Elməddin. — O, səsini bir az alçaldıb əlavə etdi:— sənə bir söz deyəcəyəm, ancaq gərək acığın tutmasın.
– Tutmaz, de!
Əli Tüğyan şəhadət barmağının ucu ilə öz alnının sağ tərəfinə vurub tıqqıldatdı: — Sənin kəllən bir balaca... xarabdı.
– Necə yəni xarabdı?
– Yəni zəmanə kəlləsi deyil!
– Niyə axı?
– Ona körə ki, —Əli Tüğyan mühüm bir məsələni izah edirmiş kimi, kresloda yerini rahatladı. — Sən zamanın nəbzini tuta bilmirsən, Elməddin. Öz aramızdı, sənin aşığın yaman alçı durmuşdu. Dünən qəryədən gəlmişdin, bu gün hər şeyin var idi—vəzifən, yaxşı maaşın, maşının, evin-eşiyin, hətta Zərrintac xanım kimi arvadın, ağayi Nəcməddin kimi qayınatan—arxan. Bu, hər adama nəsib olan səadətdi məgər? Oğullar var ki, səndən min dəfə qabiliyyətlidir, ancaq bu həyatın dəyirmanında başı daşdan-daşa dəyib, əzilib un olub, ehtiyac içində boğulub məhv olub. Amma səninki gətirmişdi, yamanca gətirmişdi. Mən paxıllıq eləmirəm, ümumiyyətlə mən paxıl adam deyiləm—əsl həqiqəti bilmək istəsən, indi mənim sənə heyfim gəlir. Çünki əlinə düşən yağlı tikənin qədrini bilmədin, şadlığına şitlik elədin. Qoşuldun Şəfiyə, axırını da gördün. Sənin həbsxanada nə işin vardı, baş nazirlə nə işin vardı? Söz açılıb deyirəm ey, mənimlə nə işin var idi?
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakıdan ⎯ Güllügildən rayona dönərkən Nəzər avtobusda, saçları dümağ ağarmış bir qarı görüb qeyri-ixtiyari anasını xatırladı.… Həyatın açılmamış sirlərindən biri də budu ki, insan bəzən öz ölümünü irəlicədən ⎯ bir saatmı, bir günmü qabaq ⎯ hiss eləyir, işlərini sahmana salır, sözünü deyir, yaxın, əziz adamları ilə vidalaşır və sonra arın-arxayın… dünyadan köçür. Belə ölüm ancaq əməli-saleh, qəlbi düz, xeyirxah və mələk-xislət adamlara nəsib olub deyirlər.
Birinci hissə, on altıncı fəsilNəzərin əhvali-ruhiyyəsi o qədər də yaxşı deyildi. İki gün idi Bakıdan qayıtmışdı, neçə vaxt görmədiyi Bikəsini, ev-eşiyini görüb, xeyli toxtamış, rahatlanmışdısa da, bu, uzun çəkməmişdi. Tapdıq ayaqüstü bir stəkan çay içib: «Uşaqlar, Güldanə nigaran qalarlar!» ⎯ deyərək, gedəndən sonra, ər-arvad üzbəüz oturub gecə yarıdan keçənəcən söhbət eləmişdilər; Bikə kənddəki əhvalatlardan, Nəzər isə gördüklərindən söz açmışdı.Gələndən eyni açılmırdı. Bir yandan İmran kişinin ölümü heç cür yadından çıxmırdısa, Süleymanın düşdüyü ağır vəziyyət gözünün qabağından getmirdisə, o biri yandan Qəribin hərəkəti onu rahat buraxmırdı. Qərib onun tapşırığına, anasının xahişinə məhəl qoymayaraq, evdə duruş gətirməmişdi, arvadı dörd divar arasında tək qoyub getmişdi. «Səni yeməyəcəklər ha. Nədən qorxursan? Həmişə biz sənin ətəyinin dibini kəsdirib oturmayacağıq ha! Adamın ürəyi sıxılır burda! Kəsafət basır adamı burda!» «Nə olub, ay oğul, doğulduğun, böyüdüyün ev-eşik döyülmü? Nə olub indi gözünə xox görünür?»
Birinci hissə, on yeddinci fəsilŞam eləmişdilər, indi də çay içirdilər. Hava sərin idi, yüngül meh əsirdi, tut ağacının yaşıl yarpaqları gecə mahnısı oxuyurdu. Başının üstdəki yaşıl budaqdan yarısı saralmış bir yarpaq saplağından üzülərək ləngərli uçuşla düz Nəzərin qabağına düşdü. Nəzər əlini uzadıb yarpağı götürdü, baxdı:⎯ Şeh var ha… ⎯ Xırda, zərif, civə zərrələrinə oxşayan şeh damcılarını Bikə xanıma göstərdi. ⎯ Payız gəlir yavaş-yavaş!..
İkinci hissə, birinci fəsilHava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»
Стихи других поэтов
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Mana mehri ermədi sən məhliqanın, neyləyimMana mehri ermədi sən məhliqanın, neyləyim,Axın olmadı bu cövrü cəfanın, neyləyim.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi