Birinci hissə, on altıncı fəsil
Страница 1 из 4
Nəzərin əhvali-ruhiyyəsi o qədər də yaxşı deyildi. İki gün idi Bakıdan qayıtmışdı, neçə vaxt görmədiyi Bikəsini, ev-eşiyini görüb, xeyli toxtamış, rahatlanmışdısa da, bu, uzun çəkməmişdi. Tapdıq ayaqüstü bir stəkan çay içib: «Uşaqlar, Güldanə nigaran qalarlar!» ⎯ deyərək, gedəndən sonra, ər-arvad üzbəüz oturub gecə yarıdan keçənəcən söhbət eləmişdilər; Bikə kənddəki əhvalatlardan, Nəzər isə gördüklərindən söz açmışdı.
Gələndən eyni açılmırdı. Bir yandan İmran kişinin ölümü heç cür yadından çıxmırdısa, Süleymanın düşdüyü ağır vəziyyət gözünün qabağından getmirdisə, o biri yandan Qəribin hərəkəti onu rahat buraxmırdı. Qərib onun tapşırığına, anasının xahişinə məhəl qoymayaraq, evdə duruş gətirməmişdi, arvadı dörd divar arasında tək qoyub getmişdi. «Səni yeməyəcəklər ha. Nədən qorxursan? Həmişə biz sənin ətəyinin dibini kəsdirib oturmayacağıq ha! Adamın ürəyi sıxılır burda! Kəsafət basır adamı burda!» «Nə olub, ay oğul, doğulduğun, böyüdüyün ev-eşik döyülmü? Nə olub indi gözünə xox görünür?»
Kəndə gəldiyi və qaldığı o bircə gecədə ana-bala arasında belə bir söhbət olmuşdu, Bikə xanım həmin söhbəti eynən ərinin ovcuna yazmışdı və arvadının dediklərinə qulaq asa-asa Nəzər aşkarca görmüşdü ki, Bikə xanım bu sözləri necə göynəyə-göynəyə söyləyir.
Nəzər övürüb-çevirməmişdi, qəzəbini, ağrısını arvadına bildirməmişdi, ana nigarançılığını artırmaq istəməmişdi. Ancaq içəridə çox götür-qoy eləyib, çox çəkmişdi. Saymazlıq idimi, biganəlik idimi bu? ⎯ kişi dəqiq aydınlaşdıra bilmirdi. Yerinə girəndə də, həyət-bacada gəzib-qurdalananda da, elə hey bu barədə düşünmüşdü ⎯ tut ağacına baxmışdı, oğlu haqda fikirləşmişdi:
«Nə sirdisə, uyuşmur evə bu qırışmal. Ocağa bağlılıq yoxdu onda. Əsmir ocaq üstə, qədrini-qiymətini bilmir. Günü harda xoş keçsə, oranı özünə vətən sayanlardan olmasınmı? Əgər belə olsa, onda heç nə! Tulla getsin, bir qəpiyə də dəyməz. Bəlkə getdi, şəhəri iki-üç il gəzdi, çox şey gördü, fikri çaşdı gədənin?! Nə orda yaşayıb oxuya bildi, nə buralara sığışır! Axtarır. Nə axtarır, axı? Bəlkə özünü axtarır? Tapa biləcəkmi?..» «Burda kəsafət basır adamı!» «Bəlkə eveşiyimizdən utanır? Bəlkə məni kasıb müəllim baba sayıb özünə yaraşdırmır? Yeyib-içən, gəzən vaxtıdı, cavan oğlandı ⎯ bəlkə pulu çatmır, bəlkə pulunu mən də çatdıra bilmirəm? Yüz on manat maaş alır. Anasının da bir əli üstündədi! Daha nə istəyir? Tək adamdı. Bəlkə paltarı? Hə. Deyəsən, məsələ bundadı ⎯ paltardadı. Nə alıram, bəyənmir, «mestnidi» deyib kənara atır. «Bunnarı indi kəndçi-küççü də geymir, kişi!..» Gəl, indi bunnan danış görüm, necə danışırsan! Tutasan qulağından, deyəsən, adə, ay qırışmal, sən özün axı neynəmisən ki, belə-belə şeylər tələb eləyirsən? Yox, bu xəstəlikdi, özü də yaman xəstəlikdi. Xərçəng kimi sirayətedicidi bu! Yayılır, getdikcə ildırım sürətilə yayılır. Tək qəribi məngirləməyib, çox-çox cavanların qanına, iliyinə işləyib. Ac qalmağa, susuz qalmağa razıdılar, təki yaxşı geyimləri olsun. «İmportnı» deyilən o zir-zibil üçün bunlar hər şeylərindən, hətta məsləklərindən də keçməyə, əl çəkməyə hazırdılar, aman allah! Rusiyətdə-filanda belə şeylər yoxdu. Heç xaricdə də yoxdu. Baxırsan, uşaq da, böyük də, lap alimlər də, yazıçılar da, hətta vəzifəli adamlar da elə sadə geyinirlər ki, həsəd aparırsan! Ucuz, yaraşıqlı, qəşəng! Amma bizdə… allah göstərməsin… Bir də görürsən, elələri var ki, özünün vücudu beş qəpiyə dəyməz, amma əyni-başında beş min manatlıq pal-paltar var! Dərindən yoxlasan, yüz manat, yüz əlli manat pul alır. Bə, bu hardandı? Oğurlayırlar? Atasının-anasının hesabına alıb? Ha sındır başını, ay tapdın, ha!»
Qəribin dərdini unutmağa çalışanda Şakir Şakirzadə gəlib durmuşdu gözünün qabağında. Sən demə, Nəzərin kənddən çıxıb getməsi Şakirin qarnına yaman girgirə salıbmış. Elə bilirmiş ki, Nəzər Bakıya şikayətə-zada gedib. Rahatlığını itiribmiş, məktəbdə də, evində də qulağı səsdə, gözü telefonda imiş: indicə Bakıdan, nazirlikdən zəng çalacaqmışlar, lap ola bilsin, nazirin özü zəng eləyəcəkmiş, «Bu nə biabırçılıqdı, Şakir? Nəzəri qaytar yerinə, onunla işin olmasın. Heç utanmırsan?!» ⎯ deyəcəkmiş!..
Şakir neçə vaxt kürkünə birə daraşmış adam kimi çırpına-çırpına yaşamışdı. Bütün bunları Zakirə xanım dünən danışmışdı ona. Nəzər siqaretini sümürə-sümürə qulaq asıb, qəmli-qəmli gülümsünmüşdü:
⎯ Doğrudan da… O məni heç tanımırmış? ⎯ demişdi. ⎯ Nabalığ imiş, nadan imiş!
⎯ İki-üç dəfə elə burdan, məktəbdən Bakını sifariş verdi, nazirlikdə kiminləsə danışdı Şakir. Soruşdu ki, Nəzəri oralarda, nazirlikdə görməyibsən ki?.. O da nə isə dedi, ta eşidə bilmədim.
⎯ Xain xoflu olar, qızım!.. Deyirəm axı, səndən qabaq Hüsünü görəndə, məndən niyə soruşurdu ki, nazirlikdə nə var, nə yox, ay Nəzər müəllim? Mən də başa düşmədim, dedim hansı nazirlikdə, ay Hüsü? Gülüb deyir: ⎯ öz nazirliyimizdə də. Bəs nazirliyə getməmişdin? Deyirəm yox, orda mənim nə işim var? Gülür… Sən deyirsən, indi başa düşürəm ki, bu sorğu-sual nə üçün imiş!.. Ay dədə, necə cılız adamlar varmış bizim aramızda?!
Sonra Zakirə xanım rayon ictimai-təminat idarəsinə getdiyini, Nəzər müəllimin təqaüd məsələləri ilə məşğul olduğunu nağıl eləmişdi və axırda demişdi:
⎯ Yüz otuz iki manat təqaüd alacaqsız, Nəzər müəllim.
Nəzər müəllim əlini bığına çəkib gülmüşdü:
⎯ Xərcləməsək, bəsimizdi, qızım!
Zakirə sözü dəyişib, məktəbin, uşaqların üstünə gətirmişdi:
⎯ Amma sizsiz məktəbin ləzzəti yoxdu elə bil, müəllim. Bunu müəllimlər də, uşaqlar da hiss eləyirlər.
⎯ Hə, ilk vaxtlar adama elə gəlir, Zakirə xanım. Yadımdadı, o vaxt Əli müəllim məktəbdən gedəndə mənə elə gəlirdi ki, məktəbin yarısı uçub dağılacaq. Amma sonralar gördüm ki, heç nə uçub eləmədi. Həyat öz təbii axarıyla axıb getdi. Adət elədik Əli müəllimsiz məktəbə. Siz də adət eləyəcəksiz, qızım. Dünya belə qurulub, Zakirə!.. İnsan ən əziz adamının belə yoxluğuna adət eləyir ⎯ belə olmasaydı, yaşamaq mümkün olmazdı!..
Zakirə xanım kolxoz idarəsinin tuşunda Nəzərdən ayrılıb tarlaya ⎯ pambıq yığan uşaqların yanına gedəndə, Nəzər adını eşidib geri qanrılmışdı. Və laybalay açılmış pəncərədən sədr Qurbanın əl eləyib onu çağırdığını görmüşdü…
İdarə çayın qırağındaydı, dörd yanı ağac idi, yaşıllıq içindəydi. Birmərtəbəli, yeddi-səkkiz gözlü bina əhənglə ağardılmışdı. Həyətin yaraşığı bir də ondaydı ki, uzun, dəmir çubuqlardan düzəldilmiş talvarı ağlı-qaralı salxımları göz oxşayan tənəklər əməlli-başlı örtmüşdü. İdarənin pillələrinə qədər uzanıb gələn asfalt döşəmənin sağında-solunda xüsusi səliqə ilə qızılgül kolları əkilmişdi. Üstünə «Sülh kolxozu» yazılmış daş tağlı darvazadan keçib, pillələrə çatanacan həyətdəki təmizlik, yaşıllıq adamın gözünü-könlünü oxşayırdı…
Nəzər bura çoxdan ayaq basmamışdı. İki-üç il bundan qabaq, hələ Mikayıl sədr olanda çıxan idi burdan. Elə onda, Mikayılın aşığının alçı duran, adı qəzetlərin səhifələrindən düşməyən vaxtı Nəzər müəllim uzaqdan-yaxından Mikayılın hərəkətlərinə, əməllərinə neçə illər göz qoyub, iki-üç dəfə də ağzını arayıb danışdırandan sonra yəqin eləmişdi ki, o, yerində oturmayıb. Bu vəzifəyə, bu stola layiq adam deyil. Mikayılın Nəzərə məlum olan ən böyük qəbahəti ⎯ ağzının yava olmasıydı, söyüşcül olmasıydı. Nəzərin fikrincə isə bu, ən böyük mədəniyyətsizlik idi. Onun hərzə-hərzə danışıqlarını eşitməmək üçün üç-dörd dəfə işarə ilə yox, açıqca özünə qandırandan sonra demək olar ki, əlaqəni kəsmişdi, ayağını idarədən çəkmişdi, «salam əleykəssalamla» kifayətlənmişdi. Və həmişə də buna təəccüb eləmişdi ki, axı, Mikayılı hansı ləyaqətinə, keyfiyyətinə görə gətirib rayonun ən böyük kolxozuna sədr qoyublar və niyə qoyublar? Mikayıl əslən buralı deyildi, hansı rayondansa neçə il qabaq gəlmişdi, istehsalat birliyində işləmişdi və günlərin birində, on iki il əvvəl, əsgərabadlılar gözlərini açıb görmüşdülər ki, bu arıq, çopur, gözü-başı qaynayan adam onların sədri təyin olunub. Onu üçüncü katib yanına salıb gətirmişdi, kolxozçulara təqdim eləmişdi və «Rayon partiya komitəsinin fikri belədi» ⎯ deyib, əsgərabadlıların və «Sülh» kolxozunun taleyini ona tapşırıb getmişdi.
On iki il qabaq «QAZ-24»də gətirmişdilər, üç ay əvvəl milis maşınında apardılar Mikayılı. Və Nəzər onda bir daha öz «diaqnozunun» səhv olmadığını görüb, ürəyində kədər qarışıq bir sevinc duymuşdu. Ona görə kədər qarışıq ki, o «diaqnozun» təsdiqi üçün çox uzun bir vaxt lazım olmuşdu. Həm də iş-işdən keçəndən sonra. Nəzərin on il, on bir il əvvəl gördüyünü, təyin etdiyini kimlərsə, yəqin ki, məsul şəxslər indi görüb başa düşmüşdülər. Aman allah, necə də gec idi! Bax, axşamacan çöldə-bayırda, istirahət bilmədən, özləri üçün, ümumi üçün işlədiklərini düşünən, hərdən də Mikayılın qurdları tərpənəndə, başı ağrıyıb çalmağa, sancmağa, zəhərini tökməyə bəhanə axtaranda söyülüb təhqir olunan bu Əsgərabad camaatının və dövlətin nə az, nə çox ⎯ düz bir milyon pulu yeyilib, üstündən də su içiləndən sonra başa düşmüşdülər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.
Birinci hissə, dördüncü fəsilQəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.
Birinci hissə, beşinci fəsilKimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:
Birinci hissə, altıncı fəsilAraya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Стихи других поэтов
Əlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
دلیل ما شد آن ساقی به دارالعیش میخانهبیا گر آرزومندی به جام لعل جانانه
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.