Birinci hissə, beşinci fəsil
Kimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:
⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:
⎯ Elə də çox qalmayıb, Aslan. Tələsmirlər. Asta eləyirlər, usta eləyirlər.
⎯ Hm. ⎯ Aslan fikrində nəyisə ölçüb-biçdi: ⎯ Elə girib evdə öldürəcəklər?
⎯ Yəni bunun sənin üçün bir fərqi var?
Aslan dinmədi, ancaq ürəyindən keçirtdi: «Xalı-xalça, parket qana bulaşacaq». Elə bu anda Leylanın rişxəndlə ona baxıb qımışdığını görərək özünü itirdi.
⎯ Canlı insan ölür, amma gör sən nəyin fikrini çəkirsən!
Aslan qəlbində, beynində dolaşdırdıqlarını Leylanın oxuduğunu başa düşüb utanan kimi oldusa da, hikkə ilə:
⎯ Mən heç istəmirəm o murdarın qanı da mənim evimə tökülsün, ⎯ dedi. ⎯ Canlı insan! Məgər o, insandır? O, insan libasında şeytan imiş ki, mənim ürcahıma çıxıb. Mən onun qanını da ovuc-ovuc içərəm, yenə ürəyim soyumaz. Sən düz deyirsən; mən çox qəddar adamam. Mən, mənə xəyanət eləyən heç kəsi, ağlım kəsəndən üzü bəri, bağışlamamışam, hamısının xəcalətindən çıxmışam və bir kimsəyə borclu qalmamışam.
⎯ Sənə də borclu qalmayıblar, Aslan. Sən niyə elə fikirləşirsən ki, bu qüdrətə təkcə sən maliksən?
Oğullar da var ki, sənin qanını ovuclayıb içə bilərlər. Əgər bilsələr, səni tanısalar!.. Elə deyil?..
⎯ …
⎯ Susursan! Çünki yaxşı bilirsən ki, mən düz deyirəm. ⎯ Leyla baxışlarını qaldıranda Aslanın gözlərinin yaşardığını gördü. Baxmaq istəməyib üzünü yana çevirdi. Aslan sinə dolusu «ah» çəkib köks ötürəndə Leyla xanım dözməyib:
⎯ Yaxşı, yaxşı, özünü ələ al. Yadına sal ki, başına belə iş gələn yeganə kişi sən deyilsən: belələri səndən qabaq da olublar, indi də var, sabah da olacaqlar. Dünya bineyi-qədimdən belə qurulub. Aldadarsan, aldadarlar, xəyanət eləyərsən, sənə də xəyanət eləyərlər. Dünyada heç bir bəd əməl cəzasız, heç bir yaxşı iş də mükafatsız qalmır ⎯ söylədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-mocuze-birinci-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əfsanənin zahirən günü-güzaranı yaxşı idi, hətta həsəd aparmalı idi. Yemək-içmək, pal-paltar dərdi çəkmirdi. Evin iş-gücünü könüllü surətdə öz boynuna götürmüşdü. Zərrintac xanımın neçə il əvvəlki qulluqçusu Siminbər indi xanım olmuşdu — Əfsanənin xanımı. İnsafən, Siminbər buna heç cür razı deyildi, yetimin ürəyinə pis gələr deyə özünü xanım kimi aparmırdı. Bacardıqca ona bacı gözüylə baxır, arada ayrı-seçkilik eləmirdi. Amma di gəl ki, Əfsanə özü buna imkan vermir, hər işi özü görməyə, Simini əlini ağdan-qaraya vurmağa qoymurdu. Simin Əfsanənin canfəşanlıq dərəcəsinə qədər gələn bu hərəkətinin səbəbini anlamırdı, anlaya bilmirdi. Bu, təkcə Əfsanənin özünə bəlli idi — Elməddin də başa düşməzdi bunu. Əfsanə bütün bunları boş qalmamaq, düşünməmək, bərk yorulmaq, axşamlar yerinə girən kimi daş tək düşüb şirin yuxuya getmək xatirinə eləyirdi. Axşamacan biçarə yanını yerə qoymurdu, paltar yuyur, evləri silir, təmizləyir, sonra həyətə keçir, şum eləyir, gül sulayır, xəzəl süpürürdü, qışda qar təmizləyirdi. Bir sözlə, bir saat bekar qalmaq istəmirdi. İstəyirdi ki, yorulub əldən düşsün, təki beynini çulğalayan, ona rahatlıq verməyən o dəhşətli, üzücü fikirlər qəlbinə yol tapmasın, yuxusunu ərşə çəkməsin, şirin gecələrini zəhərə döndərməsin. Ancaq, heyhat! Ürəyinin, fikirlərinin əlində aciz idi Əfsanə, uşaq kimi, qoca kimi aciz idi. Gündüzlər o cür yorğun olduğuna baxmayaraq, gecələri də diri gözlü açırdı, gözlərini yumsa da fikri, beyni səhərəcən oyaq qalırdı. Odur ki, əsəbləri sim kimi gərilmişdi, toxunsaydın qırılardı, toxunmasaydın min yerindən sel-su töküb min fəğan qoparardı. Özünü tox tuturdu, şax tuturdu, Siminlə, Əfsanə ilə deyib-gülürdü — ancaq bir Allah bilirdi ki, bunlar ona nəyin bahasına başa gəlir! Arıqlamışdı. Qəşəng sifəti nazilib uzanmışdı, gözlərinin lap dərinliyində ilk gənclik illərində — Elməddindən əli üzülüb Yusifə arvad olan vaxtda, Yusif öləndə, Elməddin onu «toxunulmaz» elan eləyəndə həkk olunub qalmış o sehrli kədər bir az da çoxalmışdı, qəlizləşmişdi. Daha o gözlərin, kirpiklərin, qaşların gözəlliyi o kədəri həssas adamın yanında gizləməyə qadir deyildi. Elməddin bunu görə bilməzdi. Çünki Əfsanənin gözlərinin içinə şax, dik baxa bilmirdi, cəsarət eləmirdi. Qorxurdu sanki kimdənsə! Simindən? Yox! Bəlkə Əfsanədən? Yox! O, özündən qorxurdu. Qorxurdu ki, Əfsanənin bəbəklərinin içinə yazılmış o həsrəti görər və dayana bilməz. Görər, hər şeyi — Siminin də, Yusifin xatirəsini də unudar və... Yox, yox bunu istəmirdi Elməddin! Bax, bundan qorxurdu Elməddin.Onun gözlərinə baxan bu kədəri görməyə qadir deyildi. Hətta ən çox baxan Simin də... hər baxanda o, ancaq bunu düşünürdü ki, ölmüşün gözləri mənim gözümdən qəşəngdir. Və bu hiss onun baxışlarını da, qəlbini də dumanlandırırdı, daha o, gözlərin dərinliyinə, içinə nüfuz edə bilmirdi. Bəli, Əfsanənin burada zahirən günü xoş keçsə də, əslində yanar bir vulkan içinə, təlatümlü bir dəniz qucağına düşmüşdü elə bil. Həqiqət, onun çəkdiyi əzablar ağır idi, adam qocaldan idi, ürək parçalayan idi.
Dördüncü hissə, altıncı fəsilMir Əkbər uzun illərin ayrılığından sonra, nəhayət, ürəyi istəyən kimi, azad yaşamağa müvəffəq olduğuna görə hədsiz dərəcədə bəxtiyardı. Jandarm libasını əynindən çıxarmışdı, qəlbi daş, vicdanı kor, qulağı kar adamlardan — jandarm və polis amirlərindən, nəfərlərindən uzaqlaşmışdı, öz məslək və mübarizə dostlarına qovuşmuşdu, hər gün onların yanında idi, dərdləri-sərləri bir idi, istədiyi, sevdiyi, həsrətini çəkdiyi işi görürdü — bu onun üçün nəyə desən dəyərdi. Əslində, sən demə, heç bir xidmət, fədakarlıq itmirmiş, unudulmurmuş. Onun kiçik, gərəksiz hesab elədiyi xidmətləri də sən demə, hezbin, burdakı yoldaşların nəzərindən qaçmırmış; yaşadığı günlər, gördüyü işlər, sən demə, elə onun həyatı imiş, tərcümeyi-halı imiş. Bunu Mir Əkbər o vaxt iclasda Bəbirin təqdim etdiyi, az sonra, özünün redaktorluğu ilə nəşr olunan «Pərçəm»in birinci və dördüncü səhifələrində çıxmış məqaləni oxuyanda bir daha başa düşmüş və sevincdən gözü yaşarmışdı. Həmin nömrədə, baş məqalə kimi, Bəbirin yoldaşlara oxuduğu kəsərli məqalə dərc edilmişdi, onun altında isə Mir Əkbərin şəkli və tərcümeyi-halı çıxmışdı. Burada onun bütün həyatı, ailəsinin başına gələn müsibət, həbsxana illəri, polis və jandarm idarəsindəki məcburi xidməti, inqilabi fəaliyyəti, sürgün olunması və s. qeyd edildikdən sonra deyilirdi:«Mir Əkbər Xeybərin əfqan xalqının demokratik hərəkatının meydana gəlməsi və təkamülündə çox böyük və təsirli xidmətləri vardır. Buna görə də, o, istefaya çıxandan indiyə qədər əziz, igid, sadiq, təvəzökar, alim və vətənpərvər bir yoldaş kimi əfqan xalqı ilə, əfqan xalqının demokratik hərəkatı ilə sıxı əlaqədə fəaliyyət göstərir və bu hərəkatın rəhbərlərindən biri kimi kargər sinfinin idoelogiyasını, onun elmi dünyagörüşünü müdafiə edir və Bəbir Karməndin döyüş dostu kimi qorxmadan çalışır.
Dördüncü hissə, yeddinci fəsilİsti iyul ayının ikinci yarsının ikinci günü məmləkətə heç kəsin ağlına gəlməyən, çoxlarının gizli arzusu olan, ancaq kimsəyə etibar edib demədiyi bir xəbər ildırım sürətilə yayıldı: «Əlahəzrətin taxt-tacı devrilmişdir. Şahlıq-üsulu-idarəsi ləğv edilmişdir. Əfqanıstan respublika olmuşdur. Əlahəzrətin doğma bacısı oğlu Sərdar Məhəmməd məmləkətin rəisi-cümhurudur. O Sərdar Məhəmməd ki, düz on il baş nazir olub.»Bu xəbər bütün məmləkəti silkələmişdi. Uşaq da, böyük də sevinirdi. Sevinməyənlər də vardı, təbii ki, Əlahəzrəti sevənlər, onu allahın kölgəsi hesab edənlər, uşağının adını əlahəzrətin adıyla çağıranlar sevinmirdi, təbii ki! Dostları, övladları qohum-əqrəbası yas içində idi.
Dördüncü hissə, səkkizinci fəsilHava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.
Стихи других поэтов
Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
Qəzəl: Xudaya, mən düşən dərdə sən əğyarı giriftar etXudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
دلها همه از شرح جمالت مستندنادیده ترا به مهر پیمان بستند