Dördüncü hissə, beşinci fəsil
Страница 1 из 2
Əfsanənin zahirən günü-güzaranı yaxşı idi, hətta həsəd aparmalı idi. Yemək-içmək, pal-paltar dərdi çəkmirdi. Evin iş-gücünü könüllü surətdə öz boynuna götürmüşdü. Zərrintac xanımın neçə il əvvəlki qulluqçusu Siminbər indi xanım olmuşdu — Əfsanənin xanımı. İnsafən, Siminbər buna heç cür razı deyildi, yetimin ürəyinə pis gələr deyə özünü xanım kimi aparmırdı. Bacardıqca ona bacı gözüylə baxır, arada ayrı-seçkilik eləmirdi. Amma di gəl ki, Əfsanə özü buna imkan vermir, hər işi özü görməyə, Simini əlini ağdan-qaraya vurmağa qoymurdu. Simin Əfsanənin canfəşanlıq dərəcəsinə qədər gələn bu hərəkətinin səbəbini anlamırdı, anlaya bilmirdi. Bu, təkcə Əfsanənin özünə bəlli idi — Elməddin də başa düşməzdi bunu. Əfsanə bütün bunları boş qalmamaq, düşünməmək, bərk yorulmaq, axşamlar yerinə girən kimi daş tək düşüb şirin yuxuya getmək xatirinə eləyirdi. Axşamacan biçarə yanını yerə qoymurdu, paltar yuyur, evləri silir, təmizləyir, sonra həyətə keçir, şum eləyir, gül sulayır, xəzəl süpürürdü, qışda qar təmizləyirdi. Bir sözlə, bir saat bekar qalmaq istəmirdi. İstəyirdi ki, yorulub əldən düşsün, təki beynini çulğalayan, ona rahatlıq verməyən o dəhşətli, üzücü fikirlər qəlbinə yol tapmasın, yuxusunu ərşə çəkməsin, şirin gecələrini zəhərə döndərməsin. Ancaq, heyhat! Ürəyinin, fikirlərinin əlində aciz idi Əfsanə, uşaq kimi, qoca kimi aciz idi. Gündüzlər o cür yorğun olduğuna baxmayaraq, gecələri də diri gözlü açırdı, gözlərini yumsa da fikri, beyni səhərəcən oyaq qalırdı. Odur ki, əsəbləri sim kimi gərilmişdi, toxunsaydın qırılardı, toxunmasaydın min yerindən sel-su töküb min fəğan qoparardı. Özünü tox tuturdu, şax tuturdu, Siminlə, Əfsanə ilə deyib-gülürdü — ancaq bir Allah bilirdi ki, bunlar ona nəyin bahasına başa gəlir! Arıqlamışdı. Qəşəng sifəti nazilib uzanmışdı, gözlərinin lap dərinliyində ilk gənclik illərində — Elməddindən əli üzülüb Yusifə arvad olan vaxtda, Yusif öləndə, Elməddin onu «toxunulmaz» elan eləyəndə həkk olunub qalmış o sehrli kədər bir az da çoxalmışdı, qəlizləşmişdi. Daha o gözlərin, kirpiklərin, qaşların gözəlliyi o kədəri həssas adamın yanında gizləməyə qadir deyildi. Elməddin bunu görə bilməzdi. Çünki Əfsanənin gözlərinin içinə şax, dik baxa bilmirdi, cəsarət eləmirdi. Qorxurdu sanki kimdənsə! Simindən? Yox! Bəlkə Əfsanədən? Yox! O, özündən qorxurdu. Qorxurdu ki, Əfsanənin bəbəklərinin içinə yazılmış o həsrəti görər və dayana bilməz. Görər, hər şeyi — Siminin də, Yusifin xatirəsini də unudar və... Yox, yox bunu istəmirdi Elməddin! Bax, bundan qorxurdu Elməddin.
Onun gözlərinə baxan bu kədəri görməyə qadir deyildi. Hətta ən çox baxan Simin də... hər baxanda o, ancaq bunu düşünürdü ki, ölmüşün gözləri mənim gözümdən qəşəngdir. Və bu hiss onun baxışlarını da, qəlbini də dumanlandırırdı, daha o, gözlərin dərinliyinə, içinə nüfuz edə bilmirdi. Bəli, Əfsanənin burada zahirən günü xoş keçsə də, əslində yanar bir vulkan içinə, təlatümlü bir dəniz qucağına düşmüşdü elə bil. Həqiqət, onun çəkdiyi əzablar ağır idi, adam qocaldan idi, ürək parçalayan idi.
Əfsanə sonralar, bu evə gələndəi xeyli sonra başa düşdü ki, Elməddini — gözünün, bəxtinin ilk ovu olan bu qəribə xasiyyətli, qəribə taleli oğlanı təkcə elə-belə, sadəcə görmək, səhərlər işə yola salmaq, axşamlar evə qayıdanda qarşılamaq, onunla qorxusuz-hürküsüz kəlmə kəsmək, sağ-salamat olduğunu bilmək səadət deyilmiş, bu, səadətin ancaq kiçik bir parçası imiş, doyulmaz, əlçatmaz, ürəktoxtamaz cüzi bir hissəsi imiş! O zaman Elməddinlə danışanda belə demişdi — ancaq bu yanlış imiş, yalan imiş! Yəqin bunu ona görə belə deyibmiş ki, bir zamanlar, Qarabağ qəryəsində öz acılı-şirinli xəyallarına sığınanda bunların həsrətini çəkirmiş və elə bilirmiş, səadət elə budur! Lakin sən demə, bütün bu şeylər əsl səadət ola bilməzmiş. Əsl səadət qaynayıb-qarışmaq, bir-birinin ürəyinə, mənliyinə, hisslərinə hopmaq, iki canda bir ürək olmaq imiş! Yoxsa, burada hansı xoşbəxtlikdən danışmaq olardı ki, sən, bir damın altında yaşasan da, əzizin, ümidgahın, sığınacağın hesab elədiyin, illərlə həsrətilə yaşadığın, sinəni yarıb bağrının içinə qoymaq istədiyin adama yaxın düşə bilməyəsən, dərdini deyə bilməyəsən, dərdli vaxtında başını sinəsinə söykəyib ürəyin boşalınca ağlamayasan, nəfəsini ciyərlərinə çəkib illərin həsrətini — hicranı canından çıxarda bilməyəsən, ya onun başı ağrıyanda əlini alnına qoyub «Ağrıların mənə gəlsin!» deyib gözlərindən öpməyəsən... Bunlar olmayandan sonra hansı səadətdən danışmaq olardı?.. Bu nə səadət idi ki, sənin sevdiyin, gözünün qabağında başqa birisinin ağuşuna girsin, sənə deyiləsi nəvazişli sözləri ona desin, sən isə, divarın o tayında yanıb yaxıla-yaxıla qalasan, tüstün təpəndən çıxsın, heç kəs görməsin, fəryadın göylərə ucalsın, kimsə eşitməsin! Bu nə səadət idi?
Əfsanə qadın idi, insan idi, gəncliyinin ən yaxşı dövrünü yaşayırdı və bəlkə bu ən yaxşı dövrdən də bir az o yana keçmişdi. Elməddinin ailə həyatı indi onun gözləri önündə cərəyan eləyirdi və onun Siminlə xoş rəftarının, mehribanlığının, gəlinin ərinə bəslədiyi səmimi hisslərini hər gün, hər axşam bir zərrəsini görür, bunların nə demək olduğunu yaxşı başa düşürdü. Darılmamağa, tox dayanmağa çalışırdı belə anlarda. Ancaq hiss edirdi ki, içəridə nə isə uçub dağılır, qəlbi əriyib suya dönür və o, durduğu yerdə bədbəxtləşir, yetimləşir, kimsəsizləşir; ona görə çox vaxtı onlardan tez ayrılıb ya başını işküclə qatmağa çalışır, ya da öz otağına çəkilib Elməddinin kitabxanasından götürdüyü kitablardan birini oxuyurdu. Düzdü, fikri dağınıq olduğundan, qulaqları tutulduğundan heç nə başa düşmürdü oxuduğundan, ancaq kitabı əlindən yerə qoymurdu. Axşamlar ər-arvad işıqları söndürüb yatandan sonra, arada iri bir mətbəx və iki qapı olmasına baxmayaraq, gecənin sakitliyində onların danışığını eşidəndə, Əfsanə dəli olmaq dərəcəsinə gəlirdi, sözləri ayırd eləyə bilmirdi, dediklərindən heç nə başa düşmürdü, ancaq bununla belə, gələn səs onun əsəblərində dəli küləklər teleqraf tellərində tufan qoparıb min hava çalan kimi oynayır, sızladırdı qəlbini. Elə bil, qapılar, divarlar aradan götürülürdü, işıqlar yanırdı. Əfsanə onları — Elməddinlə Simini çarpayıda yatıb qucaqlaşan, nəfəs-nəfəsə verib bir-birini əzizləyən görürdü. Hissiyyatı qəribə bir sehrlə ər-arvadın qırıq-qırıq, hərdənbir eşidilən səsini sanki tutqunluqdan, xırıltıdan, xışıltıdan silib təmizləyir, aydınlaşdırırdı. Ancaq o bilmirdi ki, bu sehrli hissiyyat onu aldadır, eşitdiyi ancaq səsdi, söz deyil. Əfsanə xəyalının, duyğularının, təsəvvürünün gücü ilə o səsləri sözə çevirir eşidirdi. Onda yadına biçarə Yusiflə keçirdiyi o yuxu kimi günlər gəlib düşürdü, sevməsə də, öyrəşməsə də, onun o uzaq gecələrdə dediyi sözləri təzədən eşidirdi, iri, kobud əllərinin sinəsində gəzdiyini, nəfəsinin sifətini boyun-boğazını yandırdığını xatırlayırdı. Qəribə idi, onda Əfsanə bunları demək olar ki, hiss eləməmişdi, qiymətləndirməmişdi onda, Əfsanə Yusifin əvəzinə Elməddini görmüşdü yanında xəyalən! Elməddini? Hə, onu, onu. O Elməddini ki, o zaman, Əfsanə Yusifin odlu nəfəsini üzündə-gözündə hiss edərkən divarın bu tayında eynən indi Əfsanə eləyən kimi, əzab, həsrət, ağrı içində qovrula-qovrula yanağını balışa söykəyərək isti göz yaşları tökürdü, səhərəcən yerinin içində çırpınır-çapalayır, anasında şübhə doğurmasın deyə ah-uf da eləyə bilmirdi. O Elməddin ki, günü-gündən sarılıq azarına tutulmuş adam kimi saralıb-solurdu, arıqlayırdı. Səbihə arvad uşağın nə isə sağalmaz bir mərəzə tutulduğunu güman eləyib xiffət çəkirdi. Onda Əfsanə Elməddinin nələr çəkdiyini, belə təsəvvür eləyə bilməzdi, ağlına da gətirə bilməzdi bu, necə əzablı şeymiş! Onda Əfsanənin Elməddinə yazığı gəlirdi — sevgilisinə qovuşmayan bir adama yazığı gələn kimi. Ancaq indi, özü o günə düşəndən sonra, təzədən, üstündən neçə illər keçəndən sonra Elməddinə, o vaxtkı Elməddinə yazığı gəlirdi. Bu, nə qəribə tale idi, aman allah!.. Onda Əfsanə özündən asılı olmayaraq, Elməddinə çəkdirmişdi, əzab vermişdi, indi Elməddin Əfsanəyə əzab verirdi.
Nə yaxşı ki, balaca Əfsanə varmış. Elə bil, Allah bu məsum, qəşəng körpəni ona təsəlli tapmaq, baş qarışdırmaq üçün dünyaya gətirmişdi. Çox şirin olmuşdu, ağıllı-ağıllı danışırdı, birlikdə ikisi gəzməyə çıxırdı, atasından-anasından çox mehrini Əfsanəyə salmışdı. Sadəcə, Əfsanə Əfsanə üçün göydən düşmüş bir nemət idi, ona görə qızcığazı çox sevirdi. Əfsanə, lap çox. Öz balası kimi. Son vaxtlar yanında yatırdırdı.
Əfsanə bu evə düşdüyü gündən keçən illər ərzində o, açıbağardılması mümkün olmayan, qüruruna sığışdırıb dilinə gətirə bilmədiyi gizli qısqanclıq hissi qəlbinə yol tapan gündən bəri barmaqla sayıla biləcək qədər gecə əsl yuxu yatmışdı, əsl yuxunun nə olduğunu bilmişdi. O da... Elməddin harasa... gedib axşam evə gəlməcəyini bildirəndə... və həqiqətən evə gəlməyəndə. Bax o axşam Əfsanə daş kimi düşüb ağır div yuxusuna getmişdi. Və səhərlər də... gülərüzlə durmuşdu. Bu onun özünə qəribə gəlmişdi — bu qədər əziz olan adamı — Elməddin... evdə gecələməyəndə o rahat yata bilirmiş! O, hardasa oyaqdı, işləyir, yuxusuzdur — eybi yoxdur— burda Əfsanə əvəzində rahat yatır!.. Bu nə anlaşılmaz hiss idi? Əfsanə Elməddini sevmirdi? Xeyr, məsələ burada... Elməddinin... Siminin yanında olmasında imiş, sən demə! Bunlar azmış. kimi, Əfsanənin əhvalına soğan doğrayan, daha doğrusu, onu dərin düşüncələrə salan başqa bir hadisə də baş verirdi son vaxtlar. Siminbər deyəsən, hamilə olmuşdu. Hamiləliyin ilk günləri, ilk həftələri idi deyə tez-tez öyüyürdü, qusurdu. Sifətini mərci dənəsindən kiçik, mərci rəngli çillər basmışdı. Əfsanə, üzü çilləşmiş, tez-tez gözləri yaşarıncaya qədər öyüyən Siminə paxıllıq hissilə yox, qəribə bir qibtə ilə baxırdı. Simin xoşbəxtdi, anadır, Əfsanə kimi gözəl-göyçək uşağı var... Səkkiz-doqquz aydan sonra ikinci dəfə ana olacaq. Ana olmaq isə, Əfsanənin fikrincə, böyük səadətdi. Ana olmaq — barlı ağac olmaq deməkdir. Canından-qanından əmələ gəlmiş körpəni bağrına bas, duz kimi yala, süd qoxulu nəfəsini ud, əziyyətini çək, böyüt... sonra da... boy-buxununa bax, fəxr elə, de ki, bu mənim balamdı, bu mənim ciyərparamdı. Bundan da böyük səadət olarmı qadın üçün? Əfsanənin saçlarına vaxtsız dən düşmüşdü, ancaq o, hələ ana olmamışdı, o şirin səadəti dadmamışdı. Yusifdən uşağı olmamışdı, sonra da...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Orxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»
İkinci hissə, ikinci fəsilSalman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:– Bəli, eşidirəm... Mənəm, Salmandı...
İkinci hissə, üçüncü fəsil«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.
İkinci hissə, dördüncü fəsilŞirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.
Стихи других поэтов
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
YatarlarSəhərdən oğradım məzərisdana,Əlini dünyadan çəkmiş yatarlar.