Adamın öz evi, öz isti ocağı necə yaxşı imiş, rahat imiş! Ata yurdundan çıxdığı gündən keçən bu illər ərzində Elməddin haralarda yaşamamışdı? — çayxana günclərində, təpə üstündə açıq havada, Şəfigildə, ağayi Nəcməddinin işlər müdiri üçün ayırdığı tək otaqda, nəhayət, nəhayət, bərli-bəzəkli gəlin otağında — Zərrintacla birgə!..

Bunların hamısı — hərəsi bir cür onu sıxmışdı, əzmişdi. Özgə paltarı geymiş adam kimi hiss eləmişdi özünü Elməddin. Hətta Zərrintacla yaşadığı o gen-bol, muzəyyən otaqlarda da o, qonağa oxşamışdı.

Ancaq indi... indi bu qədər sıxıntıdan sonra; Şəfinin köməkliyi və bələdçiliyi ilə aldığı otaqlarda yazıq rahatlığa çıxmışdı, sıxıntısız, çəkinmədən yaşayırdı; bu otaqlar elə bil, daha geniş idi, daha işıqlı idi. Düzdü, Zərrintacın otaqları kimi zəngin, bahalı mebellə, xalılarla, çilçıraqlarla bəzənməmişdi, müqayisədə çox sadə idi, kasıbyana idi.

Nə olsun, bunun heç bir eybi yoxdu. Ona ləzzət verən bu idi ki, özünün idi hər şey — yerli mebel də, daş-divar da, həyət-baca da onun idi. O, kəndə, anasının, qardaşının qəbrini ziyarətə gedəndən sonra Əhədulla evə nə lazım idisə alıb gətirmişdi. O gələnə qədər isə, arvadı və qızı Siminbər ev-eşiyi silib-süpürmüş həyət-bacaya əl gəzdirmiş, alınan şeyləri səliqə-sahmanla otaqlara yerləşdirib bəzəmişdi. Bu işi elə həvəslə və ölçüb biçə-biçə görmüşdülər ki, heç nəyin yerini dəyişmək lazım gəlməmişdi.

Elməddin heyran-heyran otaqları gəzmiş, bəyənmişdi, yanındakı Əhədullaya minnətdarlıq dolu nəzərlərlə baxaraq dil-ağız eləmişdi. Həyətə açılan pənəcərənin ağzına qoyulmuş yazı stolunun arxasında oturmuş, rahat olub-olmadığını yoxlamaq istəmişdi və bu zaman düz gözləri önündəki divara vurulmuş şəkli görəndə heyrətlənmişdi — bu, Siminbərin Elməddin tərəfindən çəkilmiş şəkli idi. Onu Əhədullagildə divarda görmüşdü. Şəfi də... Elməddin də qanrılıb Əhədullaya baxanda o, qəribə bir sıxıntı içərisində cavab vermişdi:

– Hə, onu bizim qız vurub. Dedim, ay bala, onu Elməddin əmin sənə bağışlayıb, qoy qalsın evdə. Dedi, yox, bizdə uşaqlar cırarlar, həm də çırağın hisi qaraldar.

– Nə olar, qoy burda qalsın, — deyə Elməddin nədənsə şəklin bura gəlib çıxmağına qəlbən çox sevindiyini duymuşdu. Və bu nə cür sevinc idisə, Əhədulla çıxıb gedəndən sonra da onu tərk etməmişdi. Evdə hərlənib-fırlanıb təzədən bura qayıtmış, divara vurulmuş o sadə, lakin mənzərəli-mənalı şəklə dönə-dönə baxmışdı; hətta ona elə gəlmişdi ki, bu şəkil olmasaydı, onun evi daha kasıb və işıqsız görünərdi. Bu nə hiss idi? Öz əsəri olduğuna görəmi belə doğma gəlirdi həmin şəkil? Yaxud onda təsvir olunan o məsum qız qəlbini ovlamışdı?.. Gözünün qabağına gəldi: Simin öz əksinə necə maraqla, hətta deyəsən heyrətlə baxmışdı. «Elə et, Zərrintac xanım görməsin!» deyəndən sonra necə ürkək bir hərəkətlə onu qoynunda gizlətmişdi?! Və indi, bu şəkli evlərindən gətirib bura, Elməddinin gözləri önünə vuranda nə düşünürmüş görəsən? Hələ Elməddini həyətlərində görərkən düşdüyü o həyəcanlı vəziyyət? Bütün bunlar kino lenti kimi birər-birər onun xəyalında canlanır, qəlbini qəribə hisslərlə doldururdu. Şübhəsiz idi ki, Siminbər ona vurulmuşdu, — bunu görməmək, duymamaq mümkün deyildi. Ancaq... Elməddin daha evlənmək barəsində düşünmək istəmirdi. «Lazım deyil, — deyirdi, — mən daha evlənməyəcəyəm. Zərrintac kimi qəşəng və varlı qızla xoşbəxt ola bilmədimsə, demək, mən heç vaxt xoşbəxt ola bilmərəm. Əfsanənin ahı tutub məni yəqin. O bədbəxt məni çox istəyirdi, ağladı, göz yaşları axıtdı — yaxın durmadım. Arada nə maniə vardı? Kəbin kəsilmişdi, hamı «mübarək olsun, xoşbəxt olsunlar!» — demişdi. İkimiz bir otaqda idik — arada bir yorğan vardı, ancaq bir nazik yorğan. Yorğanın o üzündə o idi, bu üzündə mən. Bircə soyunub yorğanın altına girmək qalırdı — bunu etmədim, edə bilmədim. O nazik yorğanı adlayıb keçə bilmədim. Yox, yorğan söhbəti boş söhbətdi. Arada Yusif vardı, Yusifin ruhu, Yusifin nəfəsi vardı. Bəli, mən bunların üstündən adlayıb keçə bilmədim—ən uca hasar bunlar idi qabağımda. Sənin tökdüyün o göz yaşları qoymadı mən xoşbəxt olam, Əfsanə. Mənim o vaxt sənin hıçqırıqlarına rəhmim gəlmədi. Bəlkə də daşürəkli bir adam belə göz yaşlarından yumşalıb rəhmə gələrdi. Ancaq mən yox... İndi... budur qabağıma çıxır. Düzdü, mən onun — Zərrintacın qabağında ağlamadım, ağlamazdım da. Lakin onun məni saldığı vəziyyət ağlamalı idi. Əfsanə. Sənin xəbərin yoxdu, ola da bilməzdi. Onunla baş yasdığa qoyduğum gün sən bütün varlığınla gəlib önümdə dayanmışdın, Əfsanə. O ağ gəlinlik libasında səni görürdüm. Elə bilirdim bu toy bizim — səninlə mənim toyumdu. Onda axı bizim toyumuz olmamışdı. Onda elə-belə: səssiz-küysüz kiçik bir məclis qurulmuşdu. Halbuki bu mənim ən böyük arzum idi, Əfsanə. Qismət olmadı, neynim? Hə, onu deyirdim axı, həmin gecə elə bildim səninlə toyumdu. Gözümü açırdım, onu görürdüm, yumurdum səni.

Sən gəlib onun paltarını geyirdin, sən idin qucağıma alıb öpdüyüm, əzizlədiyim. Sən idin, sən idin... O danışanacan sən idin, o, səsini çıxardanda sən küsüb gedirdin elə bil, o gəlirdi. İşıq yanmamış qaranlıqda qoynumda sən idin; işıq yanandan sonra sən yenə küsüb gedirdin, o gəlirdi. Nə qədər istəyirdim sən, ancaq sən qalasan yanımda, bu mümkün olmurdu—o qətiyyətlə, həqiqət kimi gəlirdi, sən isə kölgə kimi, xəyal kimi çəkilib gedirdin, küsüb gedirdin... Getdin, sonra daha gəlmədin. Gəldi, sonra daha getmədi. Əfsanə. Getmədi...

Yox... ancaq xeyli müddətdən sonra mən getdim, qayıtmadım, qayıtmayacağam da... Deyirəm, insan ürəyi nə qəribədir, Əfsanə. Zərintac gəldi, getdi, heç nəyi qalmadı ürəyimdə. Sənin o küskün xəyalınla gizli döyüşdə tab gətirə bilmədi. Sən yenə varsan, sən yenə mənimsən. Ancaq budur, bu divardakı qızı görürsən? O da gəlib, Əfsanə. O da gəlib ki, sənin yerini tutsun ürəyimdə, səni mənə unutdursun, sənin kövrək xətrinə dəysin. Gəlib, öz şəklini də asıb başımın üstündən. Deyəsən, bərk gəlib, tufanla gəlib, təmiz ürəklə, xoş niyyətlə gəlib, qova bilmirəm onu. Niyə dillənmirsən, Əfsanə? Eşitmirsən səsimi? Yox, eşitmirsən, Əfsanə. Heyf, min heyf ki, eşitmirsən...»

Elməddin yuxarı baxanda görmüşdü ki, Siminbər divardan, başını dizinin üstünə qoyub fikirli-məhzun baxışlarını ona zilləyib. Lal-dinməz baxır... Dəmir buxarı yanır, Siminbər baxır...

Elməddin ah çəkib ayağa qalxmış, siqaret yandırıb çəkə-çəkə var-gəl eləməyə başlamışdı. Təzə mənzilində yatdığı ilk arxayın, rahat kecə də çalpaşıq, cavabsız suallarla dolu düşüncələrin içində səhər olmuşdu.

Maşın Elməddinin xoşuna gəlmişdi. Elə də köhnə deyildi. Əhədullanın uçmağa qanadı yox idi. Elə bilirdi ki, bitib-tükənməz bir xəzinə tapıb. Əslində isə, o, çörək tapmışdı, paltar tapmışdı uşaqlar üçün, xoş gün, xoş güzəran tapmışdı. Bu isə, onun üçün xəzinə kimi qiymətli idi. İlk qazancını gətirib Elməddinə göstərmişdi. Bir dəstə pul idi, onluq, iyirmilik, əllilik, hətta üç dənə də qırmızı yüzlük vardı pulların içində. Bu birgünlük qazancı idi. Bu qazancı onun Nəcməddinin idarəsindən bir ay ərzində aldığı puldan iyirmi-otuz rupi az idi... Əhədulla bir günün içində bu qədər pul qazanmağına sevinirdisə, Elməddin onun sevincindən ləzzət alıb fərəhlənirdi. Hələ təsəvvür eləyəndə ki, Əhədullanın ailəsi, balaları necə sevinəcək, bu fərəh birə-on artırdı. Onun gözünün qabağına doyunca çörək, ət, meyvə yeməyə imkan tapan, köhnə, cır-cındır paltarını dəyişən, qəşəngləşən o doqquz uşaq gələndə Elməddinin uçmağa qanadı olmurdu. Günlər beləcə keçirdi, Əhədulla maşınla şəhərdə fırlanıb, istədiyi yerə gedib-gəlirdi. Elməddinə vacib maşın lazım olanda isə, yenə, əvvəlki qaydada, şəxsi sürücüsü kimi qulluğunda dururdu. İstədiyi yerə aparıb-gətirirdi. Əhədullanın ciddi səylərinə baxmayaraq Elməddin mümkün qədər maşından az istifadə etməyə çalışırdı, çünki ona sərf edilən vaxt Əhədulda üçün pul idi. Məhz buna görə Elməddin bu işdən bacardıqca boyun qaçırırdı.

«Pərçəm»də də günü iis keçmirdi. Xeyli vardı burada fəaliyyətə başlamışdı. Şəfi orada olduğu üçün özünü qərib hiss etmirdi,yoldaşların çoxu da, əvvəldən tanıyırdılar deyə heç bir sıxıntı çəkmirdi. Nəhayət, uzun çətinliklərdən, məhrumiyyətlərdən sonra, deyəsən, o, əsl yerini tapmışdı. İş o qədər də ağır deyildi; hərdənbir «Pərçəm» üçün günün vacib məsələlərinə aid karikaturalar çəkir, gələn məktubları çapa hazırlayır, qalan vaxtlarını isə öz yazıları üzərində işləməyə sərf edirdi. Daha şirkətlərə, toxucu kombinatlarına getməkdən, göz qamaşdırıcı pul bağlamalarını saymaqdan, cürbəcür məsuliyyətli sənədlərə, pul çeklərinə qol çəkməkdən canı qurtarmışdı. Onda fikri neçə yerə parçalanırdı, yazı üçün, düşünmək üçün imkanı olmurdu; axşamacan ora-bura qaçmaqdan, lüzumsuz şeylər barədə düşünməkdən beyni-başı yorulan Elməddin indi ancaq və ancaq yaratmaq haqqında düşünürdü. Buna görə o, Bəbirə, Şəfiyə minnətdar idi. Onların etimadını doğrultmaq Elməddinin indi yeganə borcu - idi, vicdani vəzifəsi idi. Ona elə gəlirdi ki, bu vəzifəni, bu borcu ödəmək üçün bir ay, bir il yox, illər boyu, bəlkə də ömrünün sonuna qədər canına, yuxusuna, istirahətinə, ömrünə belə heyfsilənmədən çalışmalıdı, vuruşmalıdı, heç nəyi, heç nəyi əsirgəməməlidi. Düşünürdü ki, həyatının mənası elə budur, — yazmaq, yaratmaq Bəbirin, Şəfinin, ümumən isə «Pərçəm»çilərin yüksək amalı, müqəddəs məqsədi uğrunda mübarizədir ömrünün mənası. Onun üçün bundan uca, bundan şərəfli amal yoxdur, ola da bilməz. Elməddin belə fikirləşirdi və bu, onun qəlbini sonsuz bir qürur hissilə doldururdu. Qürurla yaşamaq isə nə gözəl imiş!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on altıncı fəsil

Nəzərin əhvali-ruhiyyəsi o qədər də yaxşı deyildi. İki gün idi Bakıdan qayıtmışdı, neçə vaxt görmədiyi Bikəsini, ev-eşiyini görüb, xeyli toxtamış, rahatlanmışdısa da, bu, uzun çəkməmişdi. Tapdıq ayaqüstü bir stəkan çay içib: «Uşaqlar, Güldanə nigaran qalarlar!» ⎯ deyərək, gedəndən sonra, ər-arvad üzbəüz oturub gecə yarıdan keçənəcən söhbət eləmişdilər; Bikə kənddəki əhvalatlardan, Nəzər isə gördüklərindən söz açmışdı.Gələndən eyni açılmırdı. Bir yandan İmran kişinin ölümü heç cür yadından çıxmırdısa, Süleymanın düşdüyü ağır vəziyyət gözünün qabağından getmirdisə, o biri yandan Qəribin hərəkəti onu rahat buraxmırdı. Qərib onun tapşırığına, anasının xahişinə məhəl qoymayaraq, evdə duruş gətirməmişdi, arvadı dörd divar arasında tək qoyub getmişdi. «Səni yeməyəcəklər ha. Nədən qorxursan? Həmişə biz sənin ətəyinin dibini kəsdirib oturmayacağıq ha! Adamın ürəyi sıxılır burda! Kəsafət basır adamı burda!» «Nə olub, ay oğul, doğulduğun, böyüdüyün ev-eşik döyülmü? Nə olub indi gözünə xox görünür?»

23 мин
Birinci hissə, on yeddinci fəsil

Şam eləmişdilər, indi də çay içirdilər. Hava sərin idi, yüngül meh əsirdi, tut ağacının yaşıl yarpaqları gecə mahnısı oxuyurdu. Başının üstdəki yaşıl budaqdan yarısı saralmış bir yarpaq saplağından üzülərək ləngərli uçuşla düz Nəzərin qabağına düşdü. Nəzər əlini uzadıb yarpağı götürdü, baxdı:⎯ Şeh var ha… ⎯ Xırda, zərif, civə zərrələrinə oxşayan şeh damcılarını Bikə xanıma göstərdi. ⎯ Payız gəlir yavaş-yavaş!..

6 мин
İkinci hissə, birinci fəsil

Hava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»

16 мин
İkinci hissə, ikinci fəsil

Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.

8 мин

Стихи других поэтов