Birinci hissə, səkkizinci fəsil
Elməddinin ağlına gələn fikir onu sevindirdi. Geriyə dönərək mizin üstünə çayniki qoyan Əhədullaya müraciət elədi:
– Əhəd:
—Əhədulla—illərlə silib-təmizlədiyi, başıma pərvanə kimi dolandığı, çörək ağacı hesab elədiyi maşından ayrılıb Şəfinin köməyilə redaksiyaya cüzi bir maaşla işə girən və elə o vaxtdan əsla qırışığı açılmayan Əhədulla ölgün-ölgün başını qaldırıb donuq gözlərilə ona baxdı;
– Bəli.
– Sən bilən, maşın neçəyədi?
– Hansı maşın, qurban?
– Maşın da. Adi maşın... Minik maşını...
– Baxır da. Təzəsi bahadı, ancaq işlənmişi ucuz olar.
Elməddin əyləşdi. Çayniki götürüb piyaləsinə yaşıl çay süzdü. Fikrində götür-qoy elədi. Əhədulla qapının ağzındakı stulda əyləşib soruşdu:
– Neynirsən ki, qurban?
Elməddin çaydan bir qurtum içib diqqətlə Əhədullanın kədərli gözlərinə baxa-baxa:
– Deyirəm, gəl sən bir maşın al! — dedi. Əhədulla ah çəkdi, istehza andıran bir təbəssümlə gülümsündü:
– Nəynən, qurban? Bilirsən ki, mənim imkanım...
– Onu bilirəm. Sən onun fikrini çəkmə. Ancaq, sən mənə de görüm, bir maşının olsa, gündə nə qədər qazana bilərsən? Ora-bura getməknən, adam aparıb-gətirməknən...
—Özümün maşınım olsa... — o, dikəlib belini düzəltdi; gümrahlaşdı, səsi dirildi. — Maşınım olsa, ölüsü beş yüz, min rupi qazana bilərəm, qurban!
Əhədullanın birdən-birə belə dirçəlməsi, beş yüz, min rupi qazanmaq imkanının olması Elməddini də sevindirdi. O da şən bir əhvali-ruhiyyə ilə:
– Əla! — dedi. — Onda gəl belə eləyək. Mən sənə bir maşın alıram. Yəni pulunu mən verirəm. Görürəm, burdakı işin sənin ürəyincə deyil, səni heç açmır. Külfətin böyükdü. Maşının olsa balalarını babat dolandırarsan. Qazanarsan, yavaş-yavaş əlin maya tutar, onu satıb təzəsini alarsan...
Elməddinin dedikləri onun çoxdan ürəyində yaşatdığı arzu olsa da bu işii qeyri-mümkün olduğunu kəsdirən Əhədudla etiraz elədi:
—Yox, Elməddin qardaş, siz nə danışırsınız? Mən borcdan ölümdən betər qorxuram. Borcum olanda yaşaya bilmirəm — yediyim, yatdığım haram olur. Dünyasında mən o qədər borcun altına girə bilmərəm, qurban.
– Borc nədi, ay kişi? Mən sənə borc vermirəm ki, Əhəd! Elə-belə verirəm....
– Yox, qurban, çox sağ ol. Mən buna razı ola bilmərəm ömrümdə. Ac qalaram, amma buna qol qoya bilmərəm, vallah.
Belə deyirdi Əhədulla: ürəklə deyirdi bu sözləri. Ancaq bu, onun çoxdankı istəyi idi — özünün şəxsi maşını olsun. Hərdən balalarını da mindirib gəzdirsin. Onda daha ehtiyac onu belə sıxmazdı. Çünki, çox yaxşı bilirdi ki, təkəri fırlanan maşın pul gətirir, özü də lap çox. Neçəsini tanıyırdı, bir köhnə maşınla var-dövlət sahibi olmuşdu! Əhədulla illərdi ki, bu arzu ilə yaşayırdı — lakin son vaxtlar dolanışıq, güzəran onu elə sıxmışdı ki, maşın sövdası tamam-kamal yadından çıxmışdı. İndi birdən-birə... belə təklif...
Əhədulla fikrə getdi... Maşın sürdüyü günləri yadına saldı. Nəcməddinin idarəsindən çıxandan sonra ehtiyacın quduz canavar kimi ağzını açaraq doqquz balasının üstünə qədəm-qədəm yaxınlaşdığını xatırladı. Uşaqların solğun simaları gəlib durdu gözünün qabağında.
Bu təklifə razı olmaq istəyirdi, ancaq qüruruna sığışdıra bilmirdi, heç cür sığışdıra bilmirdi. Əgər Elməddin bir daha təkid etməsəydi, çətin ki, o özü bir şey deyə biləydi. «Hə» ilə «yox» arasında çırpınan Əhədullanın köməyinə yenə Elməddin çatdı:
– Görürəm, ayrı cür razı olmayacaqsan! Gəl belə eləyək, Əhəd. Maşın alırsan, işlədirsən, ailəni dolandırırsan. Artıq qalan pulundan ayda yüz, yüz əlli rupi, mən misal üçün deyirəm ey, atırsan bir tərəfə qalır, mənə pul lazım olanda verirsən. Yaxşımı?
– Yəni şərik oluruq, eləmi, qurban—Əhədullanın gözləri parıldadı.
– Nə cür adlandırırsan, adlandır. Borc, şərik... Bu, Əhədullanın döşünə yatdı:
– Hə, bu, başqa məsələ, qurban... Səni də dolandıraram, özümü də qurban. Bəy kimi, xan kimi. Maşına verdiyimiz o pulu uzaqbaşı bir ilə çıxardaram. Sonrakı qazancı da qalar bizə.
– Lap gözəl! Deməli, danışdıq.
Əhədullanın bütün dərdi-səri yadından çıxmışdı, üzü gülürdü. Qınayan olmasaydı, Elməddini bağrına basıb öpərdi:
– Allah sənin ürəyinin bütün mətləbini versin, Elməddin qardaş. Nə yaxşı ki, sən varmışsan. Ömrüm boyu sənə borcluyam, qardaş. Tək mən yox, bütün balalarım da sənə borcludu, qardaş!
– Dəyməz, Əhəd. Sabah bu məsələ ilə məşğul ol, axtar, bir babat maşın tap, qiymətini danış. Bu gün isə, nahardan sonra mənimlə gedəcəyik—təzə ev almışam. Gedək sən də bax. Axşam da sizə düşbərə yeməyə gedəcəyik.
– Təzə ev almısan?
– Hə.
– Hardadı?
– Şəfigilin küçəsindədi.
– Nə yaxşı, nə yaxşı. Mübarəkdi, can sağlığı ilə yaşayasan, ağam.
– Sağ ol, Əhəd...
...Elməddinlə Əhədulla axşamçağı təkotaqlı evin kiçik, darısqal həyətinə girəndə boya-boy düzülmüş səkkiz qız uşağının ona maraqla, heyranlıqla baxdığını görüb gülümsündü. Siminbər yuxarıda, qapının ağzında, qucağında ailənin yeganə oğlunu tutmuş yaşmaqlı anasının yanında dayanmışdı. Əhədulla irəli çıxıb hədsiz sevinc içində:
– Ay uşaq, görün bizə kim gəlib! — dedi,
Elməddin nəzərlərini uşaqların üzündə dolandırıb Siminbərin çöhrəsinə baxdı: baxışları rastlaşan kimi qızın yanaqları eynən o unudulmaz gecə, Zərrintac xanımın mətbəxində buxarı dibində oturanda qızardığı kimi allandı, gözləri parıldadı və köhnə tanış kimi ərklə yerə-göyə sığışmayan bir şadlıqla irəli yeridi, titrək səslə:
– Xoş gəlmisiniz, ağam! — dedi.
Səs Elməddinin ürəyini titrətdi. Haçandı ürəyi belə tərpənməmişdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salman işdən çıxıb bağa getmişdi, şənbə, bazar günləri orada qalacaqdı: nə qədər təkid eləmişdisə, Nadirə xanım boyun qoymamışdı, evdə qalacağını, yır-yığışla məşğul olacağını bildirmişdi. Yır-yığış deyəndə o, otaqları silib-süpürməyi, səliqə-sahman yaratmağı nəzərdə tutmurdu, haçandı ürəyində gəzdirdiyi, Salmana da açıb demədiyi bir işi görmək istəyirdi; Ceyhunun otağının bütün dər-divarını şəkilləri ilə bəzəmişdi, çarpayısını düzəltmişdi, kitab-dəftərini mizin üstə qoymuşdu; elə bir şərait yaratmışdı ki, sanki Ceyhun harasa getmişdi, haçansa gələcəkdi və bu otağa baş çəkən hər kəs belə düşünə bilərdi ki, bu otağın sakini olduqca səliqəli, hər şeyinin öz yeri olan bir adamdı. Nadirə xanım bütün bu səliqə-sahmanlı otağa bir ziynət də vermək istəyirdi; Ceyhunun müxtəlif illərdə, lap dili təzə söz tutandan son günlərinə qədər maqnitofon lentlərinə yazılmış — özü bilən, özünün xəbəri olmadan səbt olunmuş — səsini, sözlərini az qala üç-dörd qutunu dolduran kasetlərdən axtarıb tapmaq, hamısını bir lentə köçürmək və yadigar saxlamaq istəyirdi. Qış vaxtı da, istirahət zamanı da, yuxularında da heç cür yadından çıxara bilmədiyi yeganə ciyərparasının bir növ «mənzil muzeyinə» çevirdiyi bu kiçik otağa, gələnlərə gözlərinin qorasını sıxa-sıxa danışan Nadirə xanım, Ceyhunun sözləri, gülüşləri, çox sevdiyi mahnılarla da bəzək vermək arzusunda idi. Əslində o, oğlu haqqında başqalarına yox, özü üçün danışırdı və hər şəkil, hər söz Ceyhunu onun gözündə yoxluq, heçlik aləmindən geri, həyata qaytarır, dirildib canlandırırdı; yalnız bu zaman o, qəlbinin atəşinə su çiləyə bilirdi.Ceyhun maqnitofon «xəstəsi» idi. İndiyə qədər çıxmış bütün maqnitofonların — istər yerli, istər xarici olsun — elə bir markasını göstərmək olmazdı ki, lap təzə yayılan vaxtı almasın, istifadə etməsin və bir az sonra, yenisi şəhərdə peyda olan kimi, dəyər-dəyməzinə yoldaşlarından birinə sataraq təzəsini almasın. Xüsusilə Yapon maqnitofonlarını çox xoşlardı. Anası bu «xəstəliyinə» görə onu danlayıb-dansayanda, «bunun əvəzinə dərslərinə baxsan, heç də pis olmaz» — deyəndə, Salman, «dəymə, Nadirə, hərə bir şeyin bazı olduğu kimi, o da maqnitofon bazıdı, qoy uşaq kefini çəksin!» — deyib oğluna qahmar çıxırdı və çox vaxt, təzə maqnitofon almaq istəyən, ancaq pulu çatmayan Ceyhuna Nadirədən gizlin pul da verərdi. Ceyhun sevinə-sevinə gedib həmin maqnitofonu alıb gətirəndə birinci Salmanın kabinetinə keçərək kişini işdən ayırar, onun texniki məziyyətlərindən, başqa maqnitofonlardan fərqli və üstün cəhətlərindən böyük həvəslə, özü ixtira edibmiş kimi, ən azı yarım saat danışardı, atasının, özünün səsini yazardı, lenti geri hərləyib yazdıqlarına təzədən qulaq asardı. Bu hal, Ceyhun hər dəfə təzə maqnatofon alanda təkrar olunardı. Nadirə xanım belə hallarda narazılıqla başını tərpədərək Salmana deyərdi: «Bunda texniki sahəyə böyük maraq var, Salman. Deyəsən injinerdən-zaddan olacaq». O zaman Salman adəti üzrə əlini sinəsində gəzdirə-gəzdirə: «Hələ bilmək olmaz, Nadirə. Adicə maraqdı bu. İndi texnika əsridi, belə-belə işlərlə indi hamı maraqlanır» — söylərdi.
İkinci hissə, on üçüncü fəsilİltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərləçox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.
İkinci hissə, on dördüncü fəsilGülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.Gülmirə ürəyindən keçirtdi:
İkinci hissə, on beşinci fəsilXəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.
Стихи других поэтов
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Çağla, Arazım, çağlaSularında damlanam,Başına mən dolanam.
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.