Страница 1 из 2

Siminbər tezdən oyandı. Bu, onun uşaqlıqdan elədiyi adət idi. Atası evində olarkən, demək olar ki, anası ilə birgə qalxardı yatağından, sil-süpür, yır-yığış işlərində anasına kömək elərdi. Fatimə bazara gedərdi, o isə uşaqların yanında qalardı, oynadardı, başlarını qatardı. Simin anasının sağ əli idi. Ona görə arvad, demək olar ki, hər gün bir neçə dəfə qızına alqış-sana eləyər:

– Səni görüm xoşbəxt olasan, bala! — deyərdi. Ana bu sözləri o qədər demişdi ki, onun haçansa, haradasa xoşbəxt olacağına ürəyində möhkəm bir inam yaranmışdı. Beyninə batmışdı ki, o, mütləq xoşbəxt olacaq — intəhası geci-tezi var. İndi Simin yuxulu gözlərini açıb özünü qar kimi ağappaq, yumşaq və isti yorğan-döşəkdə, Elməddinin böyründə görəndə sinədolusu nəfəs aldı, şirin-şirin gərnəşdi, həqiqətən xoşbəxt olduğunu anlayıb hədsiz dərəcədə sevindi: anasının dəfələrlə dediyi o sözləri xatırladı və ürəyindəcə, səssiz-səmirsiz: «Sənin arzun çin oldu, ana. Mən bəxtəvərəm, ana!»

– söylədi. Gözlərini iki-üç dəfə açıb-yumdu — o qəribə toy gecəsindən bir həftə keçdiyinə baxmayaraq, hər gün səhər yuxudan ayılanda — olanların, keçənlərin, hiss eləyib duyduğu səadətin xəyal yox, həqiqət olmasına sanki inana bilmirdi. Yoxlayırdı, bu yeddi gün ərzində baş verənləri, Elməddinlə şirin söhbətlərini xatırlayırdı, yanında tüklü sinəsi açıq halda uzanan Elməddinin körpə uşaq kimi mışıl-mışıl nəfəs almasını görəndə, öz canında, sinəsində qəribə, dadlı bir ağrının — giziltinin gəzib-dolaşdığını duyanda — yalnız hökümlü gecə yuxusunun unutdura bildiyi səadəti, bəxtəvərliyi təzədən axıb ürəyinə, vücuduna dolurdu və Siminbər ancaq bundan sonra öz xoşbəxtliyinə tam mənası ilə inanırdı.

Siminbər başını yataqdan qaldırdı, Elməddinin qara, cod saçlarını ehmalca sığalladı. Bir-birinə qovuşub onun qəşəng gözlərini gizləmiş uzun kirpiklərinə, nazik, yaraşıqlı bığına, sifətinə xeyli tamaşa elədi; istədi burnuna çırtma vurub oyatsın, ancaq qıymadı. Çünki elə şirin yatmışdı ki, onu yuxudan eləmək günah olardı. «Qoy yatsın» — dedi ürəyindəcə. Özü sürüşüb taxta çarpayıdan düşdü, elə ağ gecə köynəyində iki pəncərənin arasına vurulmuş balaca güzgünün qabağına gəldi, sifətinə, gözlərinə baxdı. Yanaqları solğunlaşmışdı, gözlərində yorğunluq — əzginlik vardı, Bu, onun xoşuna gəlmədi. Azca diqqətlə gözlərinə bir də nəzər yetirdi — bəbəklərində həkk olunmuş xoşbəxtlik, məmnunluq ifadəsini oxuyub toxtadı, gülümsündü. Güzgünün önündən çəkilib geyindi, o biri otağa keçib qapını arxasınca yavaşca örtdü.

Bir az sonra Elməddin Siminbərin astadan oxuduğu mahnı səsinə gözlərini açdı. Başa düşdü ki, gəlin dünənki, srağagünkü kimi, bu gün də ertədən qalxıb, durub getməyindən xəbəri də olmayıb.

Elməddin Siminbərin xoş, ürəyəyatımlı nəğməsini dinləyirdi, istər-istəməz keçmiş günlərini xatırlayırdı. Ədnan qəryəsindən üzü bəri uzanan ağır, məşəqtətli yollar, yaşadığı ağlı-qaralı ömür səhnə-səhnə, vərəq-vərəq gözlərinin qabağında canlanırdı, o, Əfsanənin uzaqdan, lap uzaqdan eşidilən səsini — mahnısını kəsik-kəsik eşidir, o bədbəxtin gözlərini, sifətinin cizgilərini, saçlarının, gözlərinin rəngini tutqun, dumanlı şəkildə olsa da görürdü. Onunla bağlı xatirələr Zərrintaca qədər uzanıb gəlirdi, orada ilişir, qırılırdı. Sonra təəssüflə dolu səhifələr vərəqlənirdi. Elməddin o səhifələri cırıb atmaq, yaddaşından silmək istəyirdi, ancaq bacarmırdı. Sən demə, yaşanan günlər yığılıb ömür olurmuş, sənin ömrün olurmuş! Pisindən də, yaxşısından da qaçıb qurtara bilməzsən, unuda bilməzsən. Onlar sənin ömürlük yol yoldaşın, xatirə qonağındı.

Sonra Elməddin fikirləşirdi ki, səadəti axtarmaq lazım deyilmiş. Əgər sənə nəsibdirsə, gec-tez o özü, gözləmədiyin bir yerdə, vaxtda mütləq qarşına çıxacaq və səni sevindirəcək. Əfsanə onun səadəti idimi? Yolunun üstünə çıxmışdı, lap yaxınında idi, əlini uzat, götür, sənindi. Ancaq əlini uzada bilmədi, götürə bilmədi. O uçub getdi, quş kimi qəfil uçub getdi. Hara? Bilmədi. Zərrintac necə? O da səadət deyilmiş, sən demə! O da xoşbəxtliyə gedən yolun üstündə ötəri bir dayanacaq, keçici bir əyləncə imiş. Əfsanə də, Zərrintac da ona çoxlu əzab vermişdi. Bu əzabların heç biri yaddan çıxan deyildi. Bəlkə bunlar lazım imiş. İndi Siminbərin ona bəxş elədiyi bu göydəndüşmə və eyni zamanda qəribə səadətin qədrini bilmək, qiymətləndirmək üçün gərək imiş bəlkə? Elməddin bəxtindən çox razı idi indi, Simin yaşca ondan balaca da olsa, ağıllı idi, başadüşən idi, iş-güclü idi. Səliqəsinə, evdarlığına, biş-düşünə söz ola bilməzdi. Bir çox cəhətdən o, Məleykəyə oxşayırdı. Deyib-gülən, mehriban, xoşqılıq bir gəlin təsiri bağışlayırdı. Kaş axıra qədər belə olaydı. Dəyişməyəydi, sonradan buynuz çıxarmayaydı. İlan vuran ala çatıdan qorxan kimi, Elməddin də ancaq bundan ehtiyat eləyirdi. Lakin bu qorxunu Siminbərin onu çox istəməsi yuyub aparırdı, Elməddin rahatlaşırdı. Qadın gərək səni sevsin, — düşünürdü o. — Onda özü də xoşbəxt olar, səni də xoşbəxt eləyə bilər. Sevsə, özünü sənə də sevdirəcək. Sən də onun üstündə əsəcəksən. Sevməsə... bu, həyat deyil, o, buz kimi soyuq olacaq, laqeyd olacaq, nə fərəhinə, nə də kədərinə şərik ola bilməz sevməsə.

Elməddin gözlərini yumub xəyal aləmində yeni qurduğu ailə həyatının ilk günlərini xoş bir duyğu ilə götür-qoy eləyirdi. Bu zaman üzündə hənirti hiss elədi. Kirpiklərini qaldıranda üstünə əyilmiş Siminbəri gördü; onun uzun saçları çiyinlərindən sürüşüb ağ yorğanın əyilmiş qırağına toxunurdu.

– Oyanmısan, əzizim? — deyə Siminbər dodaqlarını Elməddinin alnına ehmalca yapışdırdı. — Elməddin «hə» — deyib qolunu onun boynuna doladı, başını çəkib sinəsi üstünə gətirdi, sonra iki əlilə giçgahlarından yapışıb dodaqlarından öpdü. Bununla ürəyi soyumurmuş kimi, belindən tutub sıxdı.

– Yavaş, qabırğalarımı sındırdın! — deyə nazla çırpınıb qolları arasından çıxmaq istədi, ancaq bacarmadı. Elməddinin gücü qarşısında təslim olub yanında yanakı uzandı. Ayaqları yerdə, bədəni ərinin qucağında idi. Elməddin çoxdanın həsrətlisi kimi Siminbərin üzündən, gözlərindən, dodaqlarından, sinəsindən öpürdü, öpürdü. Gəlin bu nəvaziş müqabilində məst olub susmuşdu, ruhu elə bil quş olub göylərdə uçurdu.

– Çiçəyim, gözlərimin nuru, körpəm mənim!—deyirdi tez-tez Elməddin. — Heç ağlıma gəlməzdi ki, sən mənim olacaqsan. Heç ağlıma gəlməzdi, Simin.

– Mənim də, Elmi! İnanırsan, mən hələ də elə bilirəm yuxu görürəm. İşə bax, deyirəm. Gör sən harda idin, mən harda idim. Sən milyoner Nəcməddinin kürəkəni, Zərrintac xanımın əri idin. O zaman kimə desəydin, belə ağlabatmaz bir iş olacaq, Elməddin elə bir aləmdən qopacaq, ayrılacaq, Zərrintac kimi bir qadının qapısını üzünə çırpıb çıxacaq, sonra mənim — qabağında qulluqçu olan bir qızın qisməti olacaq — vallah, buna heç kəs inanmazdı. Mənə də desəydilər, deyərdim bu, nağıldı, ancaq nağıllarda belə şeylər olar.

– Görürsən, olanda olur. Dünyamız möcüzələrlə doludur, Simin.

– Məni haçan sevdin, Elmi?

—…

– İstəyirsən mən deyim?

– Hə. De.

– Məni mətbəxdə, buxarının qırağında görəndə, Elmi. Yadında? Elə onda da keçib otağında şəklimi çəkmişdin... «Gözəl Simin buxarı qırağında!»

– Yox, Simin.

– Yox? Bəs haçan? Onda haçan? — deyə o, şux bir hərəkətlə Elməddinin saçlarını qarışdırdı.

– Düzü, deyə bilmərəm necə oldu ki, sən mənim ürəyimə girdin. Ondamı? Ondan əvvəlmi? Bilmirəm.

– Ondan əvvəl ola bilməz, Elmi. Sən onda mənə balaca bir uşaq kimi baxırdın. Çox vaxt heç məni görmürdün də. Çay gətirəndə, xörək gətirəndə bəzən heç üzümə də baxmırdın. Yəqin xanımdan qorxurdun, eləmi? Hə, hə, ondan qorxurdun. Düz tapmışam, hə?

– Yenə yox. Nə isə mən ondan heç vaxt qorxmazdım, Zabitəli, hökümlü, hikkəli olduğunu bilirdim, lakin nədənsə qorxmurdum. Ümumiyyətlə mən qadından qorxmağı heç vaxt ağlıma gətirməmişəm. Yaxşı, bəs sən məni haçan sevdin, körpəm mənim?

– Mən? Mən deyəsən elə o gecə. Sən mənim şəklimi çəkən gecə. Onda səhərəcən yata bilmədim. Çünki sənin baxışların tamam ayrı cür idi o gecə. Bəlkə də sənin özünün xəbərin yox idi, ancaq sən onda mənə ayrı cür baxırdın. İlk anlarda sənə bərk acığım tutdu, dedim a, bu, deyəsən ürəyindən başqa şey keçirdir. Şəkli çəkib gətirəndən sonra hirsim yatdı, sevindim. Hələ elə sevinməmişdim heç vaxt. Sonra fikirləşdim ki, belə şey ola bilməz, sən böyük adam, mən bir yoxsul qız. Sən evli, Zərrintac kimi arvadın. Yox, ola bilməz. Məyus olub ağladım. O gecədən sonra sən yadımdan çıxmadın — evdən çıxıb işə gedəndən qayıdanacan yolunu necə gözləyirdim, ilahi? Bunu dilnən deyə bilmirəm, Elmi. Sən gələndən sonra rahat olurdum. Nə bilim, mənə elə gəlir ki, sən o gecə girdin ürəyimə, Elmi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, altıncı fəsil

Gülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.

5 мин
İkinci hissə, yeddinci fəsil

Nadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»

7 мин
İkinci hissə, səkkizinci fəsil

Orxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:

5 мин
İkinci hissə, doqquzuncu fəsil

İlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».

11 мин

Стихи других поэтов