Üçüncü hissə, on birinci fəsil
Ağayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:
– Təki elə olsun.
Onlar həyətin o başına getdilər. Ağ daşdan hörülmüş tikilinin qənşərində ayaq saxladılar. İçəridən su şırıltısı, su şappıltısı gəlirdi. Kiminsə çimdiyi aydın idi: bəli, Əfsanə idi, çimirdi.
– Yazıq çirk içində idi, ağa, allah göstərməsin, dilnən deməyə gəlməz, — deyə Hürriyyət arvad ağayi Siracəddinin qulağına pıçıldadı. O, arvadın dediklərinə fikir verməyərək göy rəngli qapının sağ tərəfinə keçdi, əlini kvadrat şəkilli kəsiyin üstünə toxundurdu, balaca, taxta qapıcıq açıldı. Kibrit qutusundan azca böyük olan bu deşikdən içəri aydın görünürdü. Anadangəlmə çılpaq olan Əfsanə uzun, ağ vannanın içərisində su pərisi kimi uzanmışdı. Qara, xeyli vaxt daraq, su görməyən saçları yumşalıb açılaraq qara parça kimi sinəsinin üstünə, çiyinlərinə və su üzərinə tökülüb dalğalanırdı.
Ağayi Siracəddin belə vəziyyətdə «yoxlamasını» heç cür, yerinə yetirə bilməyəcəyini anlayıb gözünü kimsənin görmədiyi gözlükdən ayıraraq yanında dayanıb ağasının sifətində yaranacaq dəyişiklikləri izləməyə çalışan Hürriyyətə sarı döndü:
– Bu zalımın qızı camış kimi ağnayıb suda, heç nə görmək olmur, get onu qaldır, görək bu dünyada nə var, nə yox?!
– Beçeşm, ağa! — deyib Hürriyyət əlində saxladığı açarla qapını açaraq içəri girdi. Çıqqıltını, ayaq səsini eşidəndə Əfsanə hürkmüş ceyran təki başını qaldırdı, qapıya sarı baxdı. Gələnin Hürriyyət olduğunu görüncə sakitləşdi. Hürriyyət kranı burub suyu kəsdi. Şırıltı dayandı. Ağayi Siracəddin Hürriyyətin səsini eşidirdi.
– Hə, necəsən? Deyəsən heç sudan çıxmaq istəmirsən, a?
– Bəli, xanım. Canım dincəlir.
– Hələ sənin canın çox dincələcək, qız! — deyə o, Zərrintac kimi ikibaşlı söz atdısa da, Əfsanə heç nə anlamadı. Sadəlövhlüklə xəbər aldı:
– Siz ağanın xanımısınız, eləmi? Yaxşı, mehriban adama oxşayır.
– Hə, mən onun arvadıyam — o, nədənsə gülə-gülə onun sinəsinə şappıltı ilə bir yüngül sillə vurdu. — Ağa da lap yaxşı adamdı, — sonra o, Əfsanənin qolundan tutub qaldırmaq istədi. — Bir ayağa qalx görüm.
Əfsanənin yanaqları istidən, buxardan pörqdüyünə görə arvadın sözlərindən pul kimi qızardığını ayırd etmək mümkün deyildi. Ancaq üzündəki yazıqlıq ifadəsindən, üryan canını büzülərək suyun içində gizləməyə çalışmasından başa düşmək çətin deyildi ki, o, neçə də xəcalət çəkir utanır.
– Dur ayağa — demədim sənə? — Hürriyyətin hökmlü səsi eşidiləndə o:
– Utanıram axı, xanım! — dedi.
– Nədən utanırsan, qız? Mən kişi-zad deyiləm ki, utanasan. Mən də sənin kimi arvadam da.
– Nə bilim.
– Dur, dur, kürəyini də kisələyim, üzünü o yana çevir, divara... Hə, bax, belə... Düz dayan, əllərini yanına sal. Hə, bax, belə... - Hürriyyət arvad əlini yüngülcə Əfsanənin kürəyində çiyinlərində gəzdirə-gəzdirə onu vannanın içində o yan, bu yana, fırlayır, deşikdən diqqətlə baxan ağayi Siracəddinə göz vururdu: «Hə, necədi? Xoşuna gəlir!»..
Ağayi Siracəddin kirpik çalmaqla razılığını bildirdi və yer yanırmış kimi, ayağının birini götürüb o birini qoydu. Hürriyyət deyirdi:
– Hə, daha bəsdi, yaxalan çıx. Bundan belə həftədə ən azı iki-üç dəfə çimərsən. Vaxtın olsa, hər gün. Eşidirsən? Təmizliyinə, geyiminə, ətrinə fikir ver. Sənin kimi qızdan gərək gül ətri gəlsin. Yadında saxla ki, ağanın təmizlikdən yaman xoşu gəlir.
– Baş üstə, xanım.
Mıxçadan asılmış ipək don, alov rəngli alt paltar, divarın dibinə qoyulmuş bir cüt yaşıl ayaqqabı, qara corab və taxtın üstündəki balaca ətir şüşəsi Əfsanənin gözlərini elə qamaşdırmışdı ki, əslində Hürriyyət arvadın dediyini yaxşı dərk eləmirdi, fikrən o, bu gəlin libasına bənzəyən yaraşıqlı, gözqamaşdıran paltarı artıq geymişdi, üstündən ətir də vurmuşdu. Ətrin nə iyi verdiyini hələ bilmirdi, ancaq «ətir» sözü onu uzaq keçmişlərə — qəryədə olarkən Yusifin ilk dəfə alıb gətirdiyi o ətrin yanına, o ətirli günlərə aparmışdı. İndi burnuna həmin ətrin qoxusu gəlirdi
O geyinirdi.
Hürriyyət arvad ən yaxşı əsərini nümayiş etdirmiş rəssam kimi özündən razı idi. Ağayi Siracəddin də dünyanın ən nadir sənət nümunəsini görmüş həssas tamaşaçı kimi, ürəyində rahatlıq, gözəllik duyurdu. O, həyətdə son tapşırıqlarını verirdi:
– Hər şeydən əvvəl yeməyinə-içməyinə fikir ver. Ürəyi istəyirsə, al. Meyvənin bahalığına baxma. Aldır, ver yesin. İçkisini hər gün bir az artır, qoy açılışsın. Bu gecə dincəlsin, sabah günorta yeməyindən sonra mənim otağıma gətirərsən. Çaşıb mənim icazəm olmadan kimsəni yanına buraxarsan ha... — Ağayi Siracəddin gülümsündü, — Ya Museyi-Kazım, sənə demək nə lazım? Özün qayda-qanunu məndən yaxşı bilirsən...
– Gözüm üstə, ağa...
Ağayi Siracəddin cibindən bir dənə göy iyirmilik çıxarıb Hürriyyətin ovcuna basdı və uzaqlaşdı. Arvad iyirmiliyi görüb dodağını büzdü və mızıldandı:
Xəsis köpək!..
...Hürriyyətin Əfsanəni hamamdan sonra gətirdiyi otaq balaca, lakin səliqəli idi. Pəncərənin qabağındakı taxta çarpayının üzərinə çəkilmiş qar kimi ağ örtük ortalıqda qoyulmuş kiçik girdə miz, iki stul, çarpayı qənşərindəki bədənnüma güzgü buranı son dərəcə yaraşıqlı göstərirdi
Əfsanənin rəngi-ruyu açılmışdı, yanaqları qızarmışdı, gözləri elə bil dirçəlmişdi, neft tökülmüş çıraq kimi, nuru çoxalmışdı. Neçə gün çəkdiyi aclıqdan, yuxusuzluqdan, çirkdən əziyyət görmüş bədəninin əzaları, yeyəndən, çiməndən sonra sanki kiriyib toxtamışdı...
Hürriyyətin gətirdiyi qızarılmış toyuq əti, isti çörək, göy-göyərti, məltə ona ləzzət eləmişdi....
– Ye, iç, sonra yat, dincəl. Səhər görüşərik! — deyə gedən Hürriyyət arvad Əfsanəyə çox qayğı göstərmişdi və bu, Əfsanədə ağanın da Hürriyyət arvadın da xeyirxah insanlar olmasına bir əminlik yaratmışdı. «Dünyada yaxşı adamlar çoxdu, Allah köməkləri olsun?»
– deyə düşünən Əfsanə, yenicə düşdüyü bu mühitdə həyatının necə keçəcəyi barədə nigarançılıqla götür-qoy edir, təhlükəli heç nə ağlına gətirmirdi. Sadəcə olaraq, deyəsən, taleyi üzünə gülmüşdü. Yaşayardı burda, şəhərə alışardı, sonra yəqin imkanı olacaqdı ki, şəhərdə olan Elməddini soraqlasın, tapsın. Onu tapsaydı, daha heç dərdi olmazdı. Elə onun sorağına gəlmişdi şəhərə — radioda verilən şerini eşitmişdi və inanmışdı ki, o burda olacaq, mütləq burda olacaq. Əfsanə düşüncələrə dalmışdı. Bu zaman Hürriyyət xanım yenidən geri qayıtdı: çarpayısında uzanmış Əfsanə yerindən qalxdı.
– Darıxmırsan ki? — deyə xəbər aldıqda o:
– Yox — dedi.
Hürriyyət arvad kiminsə onu izləyəcəyindən qorxurmuş kimi, çevrilib qapıya, pəncərəyə baxıb ucadan əlindəki göy cildli qalın kitabı stolun üstünə qoyaraq söylədi:
– Bu kitabı qoyuram bura, oxuyarsan, darıxmazsan. Çox maraqlı kitabdı.
Çox sağ ol, Hürriyyət xanım.
– Amma hökmən axıra qədər oxu ha! — deyib Əfsanənin başa düşməyəcəyi tərzdə göz vurdu və tələsik qapını çırpıb getdi.
Bayırda mülayim, sakit bir yaz gecəsi vardı. Qara-tutqun rəngli göydə iri, parlaq ulduzlar sayrışırdı. Əfsanə pəncərədən səmaya baxırdı. Kitab oxumağa heç həvəsi yoxdu, yatmaq istəyirdi — çünki neçə gündü belə rahat yorğan-döşəkdə yatmamışdı, özü da beləcə rahat çiməndən sonra. Lakin Hürriyyətin gətirdiyi kitab onu maqnit kimi cəlb edirdi. Hələ üstəlik arvadın müəmmalı şəkildə «amma hökmən oxu ha!» — deməsi də Əfsanəni tərpətmişdi. Əlini uzadıb kitabı götürdü, çarpayısına uzandı. Açıb oxumağa başladıqda.,. onun kitab yox, albom olduğunu görüb təəccübləndi... «Bu necə kitabdı?»
– deyə beynində dolandırdı. Albomun hər səhifəsinə iki-üç böyüklü-kiçikli şəkil yapışdırmışdı. Əfsanə o an qıpqırmızı qızardı; qeyri-iradi olaraq dodaqlarından bu sözlər çıxdı:
– Buy, ətiniz tökülsün, — dedi, — bunlar lap anadangəlmə lütdülər ki?.. — Əvvəl büküb kənara atmaq istədi, ancaq nə isə gizli, daxili bir maraq onu bu fikirdən daşındırdı və o, ağır-ağır, necə deyərlər, tər tökə-tökə albomu vərəqləməkdə davam etdi. Orda çoxlu çılpaq kişi-qadın şəkilləri vardı.
– Buna bax ey, həyasız necə də hırıldayır, — deyə o, diqqətini qəşəng bir qızın şəkli üzərində saxladı. — Elə bil, heç arvad deyil. Sən allah, bir buna bax a, yekə kişidi, lüm-lüt durub adamın gözünün içinə baxır. Utanmaz!
Əfsanə ömründə ilk dəfə belə əcaib-qəraib şəkil albomu gördüyündən bir uşaq marağı ilə tamaşa edirdi: çimçəşə-çimçəşə, bəzən ikrah hissilə. Bir-birini film kadrları kimi əvəz edən şəkillər sanki gözlərinin nurunu aparmışdı, ağlını, şüurunu kütləşdirmişdi, bədənində xoş gizilti ilə bərabər qəribə bir ağrı da əmələ gətirmişdi. «Xudaya, insanda gör nə axmaq, alçaq fitrətlər var imiş!» — deyə beynində çırpınan hiss, sanki birdən-birə onu ayıltdı və o, dünyada ən dəhşətli bir yerə düşdüyünü anlayıb sarsıldı. Əl-ayağı süstəldi, vücudunu soyuq tər basdı; qorxudanmı, həyəcandanmı əsməyə başladı: ona elə gəldi ki, indicə Meymun kimi lüt-üryan kişilər bura hücum eləyəcəklər, əyninə geydiyi alov rəngli alt paltarlarını çıxardacaqlar və onunla da burada təsvir olunan qadınlarla etdikləri kimi, iyrənc, əzablı rəftar edəcəklər. Və bu an onun qəlbində, indiyə qədər xeyirxah, rəhmdil adamlar təki cilvələnən Zərrintac xanım, Siracəddin, Hürriyyət arvada qarşı tüğyan eləyən bir nifrət hissi doğdu və Əfsanə, hirsindən, hikkəsindən «kitabı» mizin üstünə çırpdı. Bu zaman albom ağzı üstə çevrildi və arasından iki bükülmüş bir kağız düşdü. Qulaqlarında qeyri-iradi olaraq Hürriyyət arvadın söylədiyi: «Bu kitabı axıra qədər oxu ha!» — sözləri səsləndi. O, titrək əlini uzadıb mizin məxmər örtüyü üstündən kağızı qaldırdı, qatını açdı. Gözləri yaşardığından əvvəlcə oxuya bilmədi. Ovcunun içi ilə nəmli gözlərini sildi və iri hərflərlə yazılmış kağızı höccələyə-höccələyə nəzərdən keçirməyə başladı:
«Mən görürəm sən çox təmiz, məsum bir gəlinsən və ağanın danışdığına görə, cavan yaşından başın çox bəlalar, müsibətlər çəkib. Sənin qara taleyin çox cəhətdən mən bədbəxtin taleyinə oxşadığına görə sənə yazığım gəldi, qızım! Sən yəqin bilmirsən və təsəvvür eləmirsən ki, hara gəlib düşübsən. Yoxsa özünü elə sakit aparmaz, bunca xoşbəxt saymazdın. Bura qadın heysiyyəti və namusunun hərraca qoyulduğu ən təhlükəli bir bazardı, qızım. Mən də sənin kimi bura gələndə gənc idim, gözəl idim, sonra məhv olmuş ömrümə, gəncliyimə gizlin-gizlin axıtdığım göz yaşlarımdan başqa heç nəyə gücüm çatmadı.
Əgər burdan xilas olmaq istəyirsənsə, gecəyarı köhnə paltarlarını (çarpayının altındadır) geyin, qaç. Təzə paltarlarında qaçsan, səni tez tapıb yenidən bura gətirəcəklər. Məhv olmamaq, ayaqlar altında tapdalanmamaq, heysiyyətini, şərəf və ləyaqətini uca tutmaq istəyirsənsə, qaç. Nə qədər ki, əldən-ələ düşməyibsən, uzaqlaş bu insan ruhunu çirkablar içində ayaqlayan xarabadan. Sonra gec olacaq, qızım. Yazıqsan, heyfsən, qızım. Bu kağızı cır at. Ələ keçsə, məni məhv edərlər. Allah köməyin olsun, bala». — Əfsanənin ürəyi sıxıldı və o, taqətsiz halda kürəyini divara söykəyib için-için ağlamağa başladı...
«Ey tanrım, mənə çəkdirdiklərin hələ bəs deyil? Mənim nə günahım var?» — deyir və hıçqırırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zümrəyin meyitini həsirin üstünə qoymuşdular. Səkidə. Üzünə qara parça örtmüşdülər. O, bir də tezdən ayağa qalxmayacaq, heybəsinə pendirdən-çörəkdən qoyub hay-küylə mal-qaranı çölə-örüşə aparmayacaqdı. O, bu doğma həyətdən tək bircə dəfə çıxacaqdır, — çiyinlərdə və bir daha onu nə bu evdə, nə həyətdə, nə dükanda görən olmayacaqdı. Ömrünün gündüzlərini tək-tənha keçirən Cahan arvad, indi və bundan sonra ömrünün gecələrini də bu kimsəsiz, qu deyəndə qulaq tutulan həyətdə tək-tənha keçirəcəkdi. Kənd camaatının çiynində bu həyətdən axırıncı dəfə çıxanacan...Cahan arvadın ağı deyib ağlayan səsi ilk axşamın qaranlığında uzaqlara, kəndin hər tərəfinə yayılırdı. Qonşu arvadlar da onun dərdinə şərik olub səsinə səs verir, qopan vay-şivəndən adamın tükləri biz-biz qalxırdı.
Birinci hissə, səkkizinci fəsilZümrəyin yeddisi çıxandan, yasa gəlib-gedənlərin əli-ayağı çəkilib ara seyrələndən sonra, sakit və hüznlü yay axşamlarından birində qəryədar Qulam ağsaqqallarla birgə Cahan arvadın qapısına gəldi. Elməddin də onların arasında idi. Belə yerlərə başıləçəkli getməməli idi. Ona görə Səbihəni götürməmişdilər. Amma Səbihə çox can atırdı ki, minnətə gedən dəstəyə qoşulsun, Cahan arvadın ayağına yıxılsın, yalvarsın, oğlunun günahından keçməsini xahiş eləsin... Lakin qəryədar Qulam məsləhət bilməmişdi. Arvad kəsilə-kəsilə qalmışdı. O biri yandan da Elməddinin Cahan arvadın qapısına getməsi özü də xata idi. Ancaq Elməddin heç nəyə baxmadan getmişdi. Səbihə oğlu qapıdan çıxanda nigarançılıqla dedi:– Oğlu öldürülmüş ana, balası öldürülmüş ilan kimi, canavar kimi quduz olur, bala. Arvadın əlindən xata-zad çıxar, ehtiyatlı ol.
Birinci hissə, doqquzuncu fəsilİçəridə, pəncərənin ağzında yanan çırağın öləziyən işığı səkidə salınmış süfrənin üstünə düşürdü. Kasalara çəkilmiş şorba soyumuşdu. Üzbəüz oturmuş Səbihə və Əfsanəni fikir aparmışdı. Yusifin başına qəza gələni onlar iştahayla, ürəklə bir loğma kəsməmişdilər. Çörək-xörək ortalığa gəlirdi, amma doyunca yeyən olmurdu.İndi də gəlin-qayınananın boğazından tikə keçmirdi. Nigarançılıq üzürdü. Elməddinin getdiyi bir aydan çox idi. Keçini, inəkləri satmış, qəryədar Qulamdan da on beş min rupi borc götürüb Yusifin işinin dalınca Süleymanşəhrə getmişdi. Bu pulun kifayət etməyəcəyini Elməddin irəlicədən bilirdi, — onunla ölüm işini yuyub-təmizləmək mümkün deyildi. Amma Elməddin yenə getməyi, öz qardaşlıq borcunu imkanı daxilində yerinə yetirməyi lazım bilmişdi. Budur, indi Elməddindən də bir xəbər-ətər yoxdu. Nə təhər oldu, məhkəmə Yusifin cinayəti barədə nə hökm çıxartdı. Bəlkə, allah üzünə baxdı, ölüm hökmü kəsmədilər?
Birinci hissə, onuncu fəsilDeyirlər, gözləmək ölümdən betərdi. Bu, doğrudu. Bəs arzuları, həvəsləri, ümidləri öldürən dəhşətli ölümün özünü gözləmək necə?? Bir var ki, bilməyəsən o qorxulu kabus səni nə vaxt yaxalayacaq, sinənə çöküb şirin canını alacaq — yuxudamı, yoldamı, iş başındamı? Ölüm hələ əsl siması ilə sənin təsəvvüründə canlana bilmir.Bir də var ki, öləcəyini bilirsən. Bunu sənə rəhmsizcəsinə və ya bəlkə də haqlı olaraq elan eləyiblər. Bax, bu zaman sən ölümün qanla dolu gözlərini aydın görə bilirsən, soyuq, öldürücü nəfəsini üzündə duyursan — rəngin getdikcə ağarır, saralırsan, solursan. Sənin fikrində ancaq bir şey dolanır — ölüm... Məhz bu zamam insan mənən, ruhən, fikrən ölməyə başlayır.
Стихи других поэтов
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum