Üçüncü hissə, on dördüncü fəsil
Страница 1 из 2
Ziyaülhəqq Elməddinin təkidinə baxmayaraq, maşından düşmədi. Gülə-gülə dedi:
– Sabah gələrik, yorğunsunuz, rahatlanın, özünüzə gəlin. Ancaq gərək sən, Əfsanə xanımın tapılması şərəfinə yaxşı bir qonaqlıq hazırlayasan.
– Gözüm üstə, Ziya. Mən sənə çox borcluyam, qardaş. Get Şəfiyə də xəbər ver, qoy o da sevinsin. Nigarandı yaman!!!
– Oldu! Xudahafiz!
O gedəndən sonra həyət qapısının ağzında tək qalanda Əfsanə başı ilə evə işarə edib:
– Bura haradı, Elmi?—deyə soruşdu. Onun neçə illər üzünü görmədiyi, səsini eşitmədiyi Əfsanənin dilindən çıxan bu «Elmi»
sözü qəlbini titrətdi, başını dumanlandırdı, bir anlığına, təzədən o ötən, bir daha geri qayıtması-mümkün olmayan əziz, şirin günləri xatırlatdı; ah çəkdi və köksündən qopan səsə ayılıb Əfsanənin sualına cavab verdi:
– Mənim evimdi, Əfsanə... Keç içəri...
Elməddin qabağa düşdü, qapını açdı, Əfsanə arxasınca həyətə girdi. İlk qədəm basdığı həyət Əfsanənin xoşuna gəldi, gül ətri gərgin əsəblərini oxşadı... Qəribə, naməlum bir dünyanın qapısı önündə dayanan adam kimi qorxu, həyəcan içində hər şeyə göz qoya-qoya addımlayırdı.
Simin pencərədən baxırdı. Elməddinin bir qadınla içəri girdiyini görmüşdü. Lakin nə üçünsə yerindən tərpənə bilmirdi. Elə bil, ayaqlarını bağlamışdılar. Ona yəqin idi ki, gələn Əfsanədi. Maraqla diqqətlə baxırdı — sifətinə, gözlərinə, əllərinə baxırdı, yerişinə baxırdı. Anlar keçirdi. O, sehrlənmiş kimi hələ də dayanmışdı. Halbuki o, Əfsanə bu həyətə qədəm basarkən qabağına qaçacağına, bağrına bacacağına, üzündən öpüb: «Xoş gəlmisən, bacım!» — deyəcəyinə qəlbində dönə-dönə söz vermişdi. Bəs indi nə olmuşdu? Hansı bir sehr onu yerə, döşəməyə mıxlamışdı?!
Onlar artırmaya çıxanda Elməddin evdəki sakitlikdən şübhələndi. «Yəqin yatıblar!» — deyə ürəyindən keçirtdi və səsləndi:
– Simin, ay Simin...
Səsi Simini silkələdi elə bil, o döşəmədən qopub özünü bayıra atdı, Elməddinin yanında dayanan və nə üçünsə qaşları çatılmış Əfsanəni görəndə qeyri-iradi bir sevinclə:
– Gözün aydın Elmi! — dedi. — Nəhayət, tapıldı Əfsanə...— sonra ona sarı yeridi, neçə gün təklikdə özünə təlqin etdiyi kimi, Əfsanəni qucaqladı, üzündən öpdü və həyəcanla pıçıldadı: — Xoş gəlibsən, bacı! — dedi, —Xoş gəlib səfa gətirmisən!..
Gözlənilmədən içəridən çıxan və onu ağuşuna alan bu qəşəng gəlini görcək Əfsanənin ürəyində sanki nə isə titrəyib gizildədi və Elməddini görəndə duyduğu xoşbəxtliyin, bəxtəvərliyin üstünə zəif bir kölgə salıb keçdi. Lakin, işin nə yerdə olduğunu anladığından, özünü ələ alıb:
– Xoş günün olsun, bacı! — söylədi.
– Bəs Əfsanə hanı, Simin? — deyə Elməddin aradakı gərginliyi azaltmaq və Əfsanəni sevindirmək üçün soruşdu:
– Evdədi.
«Əfsanə» sözünü eşidəndə təzə qonaq əvvəl Elməddinə baxdı, onun çaşdığını, nə danışdığını bilmədiyini güman elədi və istədi ağzını doldurub: — Mən... mən burdayam... — desin, ancaq Siminin tələsik «Evdədi» — söyləməsi onun ürəyindən qopmuş sözləri dodaqlarında dondurdu. Bu zaman balaca, totuq bir qız uşağı böyük otağın qapısı ağzında göründü, ayaq üstə dayana bilməyib oturdu, əllərini Elməddinə sarı açdı. Elməddin əyilib onu qaldırdı, üzündən öpdü və sonra körpəyə diqqətlə baxan Əfsanəyə tərəf döndü:
– Bu, bizim qızımızdı, Əfsanə. Sənin adını qoymuşuq ona. Simin — anası özü təklif elədi... Sənin adaşındı, Əfsanə.
Əfsanə əllərini irəli uzatdı:
– Gəl qucağıma, gəl, qızım!..
Balaca Əfsanə atasının boynunu qucaqladı, getmək istəmədi. Əfsanənin qolları boşalıb yanına düşdü; yad xala idi, birinci dəfə görürdü. Getmədi...
İzahatsız da hər şey aydın idi; Elməddin evlənib, Elməddin artıq yoxdu onun üçün. Simin — bu cavan, qəşəng gəlin onun arvadıdı, bu balaca qız — Əfsanə də onların qızıdı» Sağ olsun, yenə unutmayıb — adımı uşağına verib. Hər gün xatırlamaq üçün. Deyir, Siminin təklifi ilə sənin adını qoymuşuq... O da sağ olsun. Görünür, Elməddin hər şeyi — onların macərasını söyləyib Siminə.
Bir az sonra, o biri otaqda özünün divardan asılmış portretini görəndə də, Əfsanənin qəlbini həzin bir xatirə titrətdi. Və onda, illər keçsə də, insan dəyişsə də, qocalsa da məhəbbətin ölməzliyinə olan inam bir az da artdı. Bəli, məhəbbət ölmür, yaşayır və yaşadır. Necə ki, bu illər ərzində Elməddin onu rədd eləsə də, Yusifin — qardaşının qeyrətini ayaqlayıb keçməsə də Əfsanə onu qəlbinin dərinliyində, şirin bir mahnı kimi, həsrət dolu bir musiqi sədası kimi yaşatmışdı, sönməyə, ölməyə qoymamışdı. Çətinə düşəndə, dar ayaqda, təkliyin, ehtiyacın məngənəsində sıxılıb əziləndə oduna qızınmışdı; gücü, qüvvəti tükənəndə Elməddinin adı ona mətanət bəxş eləmişdi, dözüm vermişdi. Haradasa çox istədiyi bir adamın olduğunu düşünüb ovunmuşdu. Görünür, Elməddin də o ayrılıq illərini beləcə yaşamışdı
– şəklini çəkməklə, uşağına sevdiyi, ancaq vüsalına çatmadığı sevgilisinin adını qoymaqla... Bunlar məhəbbət deyildi, bəs nəydi?!
Otaqlara, səliqə-sahmana nəzər saldıqca ürəyinə doğma ocağın ilıq istisi axıb dolurdu. Hər şeyi yerli-yerində idi. Çox da təmtəraqlı olmayan evdə, Əfsanə hiss eləyirdi ki, böyük səadət yaşayır, məhəbbət yaşayır. Xatırladı ki, o vaxt, aradakı təmiz sevgiyə baxmayaraq, özündən asılı olmayaraq. məcburiyyət qarşısında Yusifin arvadı kimi Səbihənin ocağının başına gətiriləndə Elməddin artıq idi; əzablarına, sarsıntılarına baxmayaraq, artıq idi. Heç kəs bunu ürəyinə gətirmirdi, ancaq təkcə Elməddin başa düşürdü ki, qardaşı ilə Əfsanənin səadətində o artıqdı... İndi də Əfsanə artıq görünürdü. Elməddinin, Siminin bu rahat, isti ocağına baxanda özü anlayırdı ki, artıqdı. Həmin hiss — artıqlıq hissi, Əfsanənin neçə illərdən bəri sevinc dadmamış, yalnız yarım saat, bir saat bundan qabaq tapdığı səadətin xoş duyğuları ilə çırpınan qəlbini sıxır, incidirdi. Beş-on dəqiqənin içində, düşdüyü təzə şəraitdə böyük sürətlə, bir-birini təqib edərək gəlib-gedən bu hisslər tufanının təzadlı sarsıntıları keçəndən sonra Elməddin də, Əfsanə də, Simin də, xəyalət-düşüncə aləmindən ayıldılar, bir-birinə baxıb gülümsündülər. Və sanki bununla da Əfsanənin gəlişi ilə yaranmış beş-on dəqiqəlik çaşqınlıq aradan götürüldü, az qala hər üçünün gözündə əşyaları ora-bura qaçan, alt-üst olmaq dərəcəsinə gələn ev öz adi qaydasına düşdü, toxtadı. Onların içində birinci Elməddin vəziyyətdəki qeyri-adiliyi görüb üzünü Siminə tutaraq ərkyana:
– Hə, niyə durmusan, Simin? — dedi. — Su hazırla Əfsanə əl-ayağını yusun. Sonra yemək işinə bax.
– Bu dəqiqə, Elmi, — deyə Simin tərpəndi. — Gəl, Əfsanə, gəl bura, bacı:
Əfsanə gözlərini divardakı şəkildən ayırıb siqaret sümürən Elməddinə, mənalı bir nəzər saldı, başını aşağı endirib Siminin dalınca eyvana çıxdı...
Elməddin yazı masasının arxasında oturdu. Elə taqətsizdi ki, yeriməyə belə halı yox idi. İllər boyu hər gün bir az gərilib tarımlaşmış əsəbləri sanki qəfildən boşalmışdı, bütün vücudunda anlaşılmaz bir boşluq əmələ gəlmişdi. Hərdən gözlərini dolandırır, başı üstəki Əfsanəyə baxır, indi gördüyü Əfsanə ilə o zaman xəyalan yaratdığı gəlin arasında nə fərq olduğunu aydınlaşdırmaq istəyirdi, ancaq heç nə alınmırdı. — İndi gördüyü Əfsanə sanki bir zamanlar onun sevdiyi, həsrətilə yaşadığı gəlin deyildi; elə bil nə isə yadlaşmışdı. Düzdü, sifəti də, qaş-gözü də, hətta səsi də dəyişməmişdi, ancaq bununla belə bu, o Əfsanə deyildi, yox, o deyildi. Zahirən o idi, ancaq batinən... Elməddin burada duruxurdu, gözləri yol çəkirdi, istər-istəməz neçə gün bundan əvvəl aldığı o mübhəm məktubu xatırlayırdı. «Görəsən o, şəhərə gələnəcən harda imiş, başına nə müsibətlr gəlib görəsən? İndi insanlar canavar olublar—tək, dəstədən ayrı düşmüş bir quzu görən kimi didib-parçalamağa hazırdılar. Güclü gücsüzü, çarəli çarəsizi yeyir; parçalayır. Əfsanə də evdən baş götürüb gedəndə — indi ona aydın idi ki, məhz bu, belə olub — körpə quzu idi, çarəsiz, kimsəsiz bir cavan idi...» — deyən Elməddinin fikri naməlum yollarla dağı-aranı gəzib geri qayıdırdı — «hər necə olsa da Əfsanədi, mənim Əfsanəmdi, qayıdıb gəlib...»
Yarım saat keçməmiş, Simin də, Əfsanə də Elməddin olan otağa qayıtdı. Əfsanə əl-üzunü yumuşdu, əynindəki çirkli, süzük-süzük olmuş donunu dəyişmişdi. Simin ona öz paltarını geyindirmişdi— keçən ay tikdirdiyi açıq-qırmızı donu Elməddin o saat tanıdı və bundan çox sevindi. Çünki o, köhnə paltarında çox pis görünürdü, bəlkə də dilənçiyə oxşayırdı. Əfsanə özü də bunu hiss edirdi və Elməddinin qabağında utanıb sıxılırdı. Simin o biri otaqda, şkafdan bu donu çıxarıb:
– Al, dəyiş paltarını! — deyəndə tərəddüd eləmişdisə də, Siminin çox ürəkdən etdiyi bu təklif önündə dayanmamışdı, köhnəküləsini çıxarıb təzəni geyərək güzgüdə özünə baxandan sonra, gözlərini yaşardan minnatdarlıq hissilə dönüb Siminin boynunu qucaqlamış, üzündən öpmüşdü:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Dördüncü hissə, on birinci fəsilŞahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.
Dördüncü hissə, on ikinci fəsilZərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Dördüncü hissə, on üçüncü fəsilƏfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:
Стихи других поэтов
Deyirlər ki, bizim bu sarı bülbül,Güllü bağçalara vermişdir könül.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Əməli-müxəyyəlEy baği-əməl, açıl, bahar ol,Ey sevgili qönçə, xəndədar ol!
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.