Birinci hissə, ikinci fəsil
Страница 2 из 3 · 33%
O zəng hələ sabah çalınacaqdı, ancaq Nəzər indi, tut ağacının altında otura-otura səhər çalınacaq o zəngin səsini eşidirdi... Ürəyi anlaşılmaz bir titrəyişlə çırpınırdı...
...Həyatın qəribə işdəkləri varmış! Elə indicə bax, Nəzər müəllim ürəyində səhər çalınacaq zəng cingildəyən bu anlarda otuz beş il həvəslə gedib-gəldiyi o doğma «Qırmızı məktəbdə özünün neçə illər direktor kimi əyləşdiyi «direktor» otağında onun taleyinin yeni, əzablı hökmünü oxuyurdu Şakir müəllim.
Şakir Şakirzadə kabinetin arxaya, idman meydançasına baxan pəncərəsinin bir layını açmışdı, qapını da aralı qoymuşdu ki, yel çəksin, çünki hava çox istiydi, elə bürküydü ki, heç nəfəs almaq mümkün deyildi. Kabinet sadəydi, elə bəzək-düzəyi yox idi. Arxasında oturduğu stolun üstündə bir «aşdım-daşdım» çiçəyi əkilmiş dibçək vardı, sağ divara bir xəritə vurulmuşdu. Başının üzərindən isə Leninin qızılı çərçivər salınmış şəkli asılmışdı. Divarların dibində beş-altı stul düzülmüşdü.
Şakir öz yerində əyləşmişdi — əzik-üzük dəsmalıyla tez-tez ətli, qırmızı üzünün, boyun-boğazının tərini silirdi, kabinetdə oturan müəllimlərə — tədris hissə müdiri Məhər müəllimə, partkom Hüsü müəllimə, dil-ədəbiyyat müəllim Zəhnra xanıma baxa-baxa deyirdi:
– Avqust müşavirəsi də belə keçdi getdi. Ancaq sizi bilmirəm, mən çox pərtəm. Üstündən gör neçə gün keçib, mən hələ də özümə gəlməmişəm.
Hüsü müəllim daz başını qaşıya-qaşıya:
– Niyə ki? — dedi. —Nə üçün pərt olubsan?
– Əh, səni də başa düşə bilmirəm, vallah. Guya orda yox idin, görmədin bizim hörmətli Nəzər müəllim nə oyun çıxartdı? Bütün məktəbi biabır elədi. Takcə rayon kollektivi olsaydı, dərd yarıydı.
Bakıdan — nazirlikdən gələn nümayəndənin qabağında elə danışmaq...
– O, təkcə bizim məktəb haqqında danışmırdı ki, Şakir müəllim! — Məhər göy, qıyıq gözlərini açıb yuma-yuma söhbət qarışdı,
– Bəli, — Hüsü dedi, —Nəzər müəllimin çıxışı — Mən göz qoyurdum, — hamının ürəyincə idi, gördün nə qədər əl çaldılar?
– Nə olsun əl çaldılar? Əl çalanlar bizimkilər idi. Bakıdan gələn yoldaşın —Şərifzadənin acığına gəldi, yaman acığına gəldi. O boyda kişi üz gözünü elə qırışdırdı ki.
– Nəzər müəllim çoxumuzun müəllimi olub, təcrübəlidi, görüb-götürmüş adamdı, onun dediklərində böyük həqiqət vardı, Şakir müəllim, — Zakirə xanım əlində tutduğu kiçik yaylığı əzişdirə-əzişdirə sözə müdaxilə elədi. — Bizim təhsil sistemimizdə həqiqətən bəzi mühum qüsurlar var ki, demək lazımdı, yazmaq lazımdı. Şərifzadə yoldaşın üz-gözünü qırışdırmağı o demək deyil ki, heç kəs heç nə deməməlidir!
Şakir Şakirzadə stolunun üstündəki şüşəni barmaqları ilə döyəcləyirdi, deyilənlərə qulaq asırdı.
– Yox, hər halda, Nəzər müəllim gərək elə danışmayaydı. hayana dönsə, bizim məktəbin adı hallanacaq, — deyə Şakir yenə üzünün tərini sildi, — Nəzər qocalıb daha. Bəzən nə danışdığını da bilmir. Onun təqaüdə çıxmaq, dincəlmək vaxtıdı, yoldaşlar. Nəzər müəllim gör nə vaxtın müəllimadi! Nadiri qundaqda görüb, Şah Abbası taxtda. Yorulub daha. Həm də əsəbi olub. Nə özü işləyə bilir, nə də bizi qoyur işləməyə. Hər şeyə irad tutur, hər şeydə nöqsan axtarır. Bu xəstəlik o qədər şiddətlənib onda ki, daha balaca məsələlərlə kifayətlənmir, yuxarılara da əl atır. Belə çıxır ki, o, hamıdan ağıllıdır. Yəni Bakıda, Moskvada — nazirlikdə oturan yoldaşlar onuncan bilmir? Orta məktəbdə bal sisteminin əleyhinə çıxmaq bilirsiz nə deməkdi?..
...Şakir də, indi bu rayonda müəllim, həkim, muhəndis, aqronom, traktorçu, katib,.. işləyən tanınmış, üzdə sayılan bir çoxları kimi, vaxtilə Nəzər müəllimin şagirdi olmuşdu. Nəzər müəllim bu məktəbdə çox uşaqlar oxudub kamal attestatı verərək Bakıya, Gəncəyə, Moskvaya, Leninqrada, Kiyevə yola salmışdı, xeyir-dua vermişdi. Təbii ki, dərs dediyi uşaqların hamısı yaxşı olmamışdı, yadda qalmamışdı. Onların bir çoxunun xasiyyəti, hərəkətləri, yaxşılıqları, pislikləri illərin dumanına bürünüb hafizəsindən heç vaxt şikayətlənməyən Nəzərin xatirindən çıxmışdı. Şakirdən da heç nə xatırlamırdı. Bircə ümumi şəkildə bunu unutmamışdı ki, Şakir o zaman — şagirdlik illərində çox da seçilən, sevilən şagird deyildi; bir az cüvəllağı, bir az dikbaş uşaq olub, vəssalam.
Ancaq sonralar... O, Bakıda universiteti bitirib bura, öz doğma məktəbinə müəllim kimi gələndə, Nəzərlə çiyin-çiyinə işləməyə başlayanda bəzi xırda-para xatirələrini danışmışdı və bu zaman Nəzərin fikri durulmuşdu, çox şey hafizəsində canlanmışdı. Sən demə, Şakir Nəzər müəllimi də, Əli müəllimi də, başqalarını da incidibmiş, əziyyət veribmiş. İpə-sapa yatmayan uşaq imiş.
Öz keçmiş şagirdini, uzun illər keçəndən sonra, öz yanında cavan, yaraşıqlı bir muəllim kimi görən Nəzər, təbii ki, çox sevinmişdi, gəlişi və müəllim olması münasibətilə onu bağrına basıb üzündən öpmüşdü: «Darıxma, hər şey yaxşı olacaq, əl-ələ verib işləyəcəyik!»
– demişdi. Keçmiş günlərin xatirələri vərəqlənən zaman Şakir özü gülə-gülə danışmışdı ki, doqquzuncu sinifdə oxuyanda, pambıq yığımı zamanı, axşam qapanın dibində kisələri çəkdirəndə bir dəfə Nəzər müəllim şübhələnib; çünki Şakirin kisəsi çox ağır gəlib. Nəzər briqadirin, uşaqların, kolxozçuların yanında Şakirə üz tutub: Ay bala, burada əlli kilo pambıq olmaz. Vallah olmaz, billah olmaz!» Şakir deyib: «Müəllim, qapana da inanmırsız?» Onda Nəzər müəllim tənbəllik eləməyib, əlini kisənin içinə salıb və üç-dörd dənə kal qarpız çıxarıb. Hamını gülmək tutub. «Bu nədi, a bala?» — Nəzər soruşub. «Doğrudan da bu nədi? Bunu kim qoyub bura?» — Şakir üzə dirənib və uşaqların üstünə yıxıb. Nəzər pərt olub və Şakirə deyib: «Ə, bu sənin ağlına gələr ancaq. Onun-bunun günahına batma. Ta yekə oğlansan. Bəs sən nə vaxt adam olacaqsan, a bala?»
Bunu Şakir Bakıdan təzə gələndə danışmışdı. Elə-belə, xatirə kimi, gülmək üçün. Ancaq bir neçə ildən sonra, əmisi Murad Muradzadəni maarif şöbəsinə müdir təyin eləyəndən çox keçməmiş, Nəzər müəllimi məktəb direktorluğundan çıxarıb, yerinə Şakiri qoydular. Nəzər buna qəti etiraz eləmədi. Murad deyən kimi ərizəsini yazdı və vəzifəsini böyük sevinc içində şagirdinə təhvil verdi: «Nə fərqi var. Mən oldum, o oldu, təki işimiz yaxşı getsin. O da bizim deyilmi?» — deyə düşündü Nəzər müəllim.
Onda, elə o günlərin birində Şakir öz evlərində direktor təyin edilməyi münasibətilə balaca bir məclis təşkil eləmişdi, təzə vəzifəsini «yumaq» istəyirdi. Kənar adam yox idi, müəllim yoldaşları idi. Aydındı ki, Nəzəri də çağırmışdı, Yeyib-içmişdilər, deyib-gülmüşdülər. Və hardansa bu qarpız əhvalatı yenə yada düşmüşdü: Nəzər müəllim gülə-gülə həmin əhvalatı danışmışdı, əlbəttə, özünün o vaxt dediyi axırıncı sözləri — «Bəs sən nə vaxt adam olacaqsan?» — sözlərini dilinə gətirməmişdi. Məclisdəkilər o ki var uğunmuşdular. Bu zaman gözlənilməz. bir hadisə olmuşdu. Şakir içdiyindənmi, ya nədənsə, bu adi sözlərə başqa məna verərək, o qədər adamın içində yarıciddi-yarızarafat üzünü Nəzər müəllimə tutub demişdi:
– Deyirəm, vaxt-zaman gör necə dolanıb keçir ey, Nəzər müəllim?! Onda o qarpızı kisəmdən çıxaranda demişdiniz: «Bəs sən nə vaxt adam olassan, a bala?» Görürsüz də, adam da olmuşam, müəllim də olmuşam, indi də direktor oldum, Nəzər müəllim».
Gözlənilmədən, qəfil deyilmiş bu sözlər Nəzər müəllimi bərk tutmuşdu, kişi pörtmüşdü, günahsız uşaq kimi oturanların üzünə məsum-məsum baxaraq əlindəki çəngəli yerə qoymuş və demişdi:
– O, nə yaman kişiymişsən, Şakir?! Mən heç belə təsəvvür eləməzdim. Düz deyirsən, bala, adam da oldun, müəllim də oldun, direktor da oldun. Amma hayıf, ziyalı ola bilməyibsən. Vallah, ola bilməyibsən, billah, ola bilməyibsən, Şakir! Ziyalılıq bilirsən nədi? Ziyalılıq bütün sənətlərin, məxsusən, müəllimliyin, alimliyin başının tacıdı, bəzəyidi, bala! Əgər ziyalı deyilsənsə, demək heç fərli müəllim də deyilsən, ziyalı deyilsənsə, demək, heç fərli alim də deyilsən. Bunu yaxşı yadında saxla. Bütün sənətlərin bəzəyi — ziyalılıqdı, mədəniyyətdi, mərifətdi.
Onda, o qonaqlıq məclisində o mərifətsiz sözləri deyən anda Şakir Nəzərin gözündə «ölmüşdü» və sonralar ha çalışmışdısa, əlləşmişdisə, «dirilə» bilməmişdi. Şakir unutmuşdu, başa düşməmişdi ki, müəllim ürəyi şüşədi, onu sındırmaq olmaz, ona ləkə vurmaq olmaz. Bu, ancaq nadanların əlindən gələ bilər və əgər sən müəlliminin ürəyini qıra bilirsənsə, onda hər şeyin üstündən asanlıqla qələm çəkə bilərsən. Bunu isə heç kəs sənə bağışlaya bilməz.
Evdə o gecə ən incə və bəlkə də sözlə izah edilməz ən zərif hissi təhqir olunmuş Nəzər müəllim onun məhəbbətini ürəyindən həmişəlik silib atmışdı. Sonralar da bəzi qəlp işlər eləmişdi Şakir. Deyilənə görə, kiməsə attestat satmışdı, kolxoz sədrinin — Mikayılın oğluna qızıl medal düzəltmişdi, kiminsə qiymətini artırmışdı. Bunlar isə Nəzərin qəlbini qanatmışdı, heysiyyətinə — müəllim heysiyyətnnə toxunmuşdu, Və bir ağsaqqal kimi, bu və gözünə dəyən başqa nöqsanlarını — mənəmliyini, özbaşınalığını və tamah-karlığını partiya iclasında, pedsovetdə qorxmadan, çəkinmədən düz üzünə demişdi... «Bu məktəb müqəddəsdi, bu məktəbdə Əli müəllimin ruhu yaşayır. Heç kəsin haqqı yoxdu ki, Əli Nurlu kimi bir müəllimin adını daşıyan bu məktəbin təmizliyini, müqəddəsliyini camaatın gözündə ləkələsin, ayaqlar altına atıb tapdalasın!» — söyləmişdi, Nəzər – müəllimi yaxşı tanıyanlar yaxşı bilirdilər ki, şəxsən onun özünü təhqir etsən, bəlkə də dözər, keçər, bağışlardı, ancaq məktəbi, müəllimi alçaldana, bu iki müqəddəs şeyə, həqarətlə baxana güzəşt yox idi — əgər tək-tük də belə adamlara ürcah olsaydı, onlar Nəzərin ən qatı düşmənləriydi, Onları görəndə kişinin gözü ağrıyırdı, insan yerinə qoymurdu, xeyrinə-şərinə getmirdi. Və Nəzərin bu xüsusiyyətini təkcə kənddə yox, bütün rayonda hamı bilirdi. Ondan xoşu gələnlər çox idi, amma zəhləsi gedənlər də var idi. İş, münasnbətlər elə gətirmişdi ki, şagirdi olmasına baxmayaraq, Şakir, də sonuncular cərgəsinə keçmişdi çünki unutmuşdu Nəzərin öz müəllimi olduğunu, ağsaqqallığını. Nəzərin kənddəki müəllim kollektivi arasındakı, ümumən məktəbdəki hörməti, nüfuzu Şakirin üstünə çox qatı bir kölgə salırdı, neçə ildi direktor işləməyinə baxmayaraq, o, bu kölgənin altından çıxa bilmirdi, onun, nüfuzunu qırıb parçalaya bilmirdi. Bu isə hikkəli, xudpəsənd adam olan Şakirə yamanca əzab verirdi, buna görə onu göyrməyə gözü yox idi. Rəsmiyyət və mədəniyyət xatirinə salam verib, salam alırdısa da, qəlbinin dərinliyində Nəzərə sonsuz bir nifrət duyurdu. Hər gün, hər saat məktəbdə olduğu o qədər vaxt ərzində neçə dəfə üz-üzə gəlirdilər, bir-birlərinin görürdülər və bir-birindən zəhlələri, getdiyini bilə-bilə dözürdülər; Şakir bunu özünə böyük dərd eləmişdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
İkinci hissə, birinci fəsilSakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
İkinci hissə, ikinci fəsilQurbanzadələr ailəsinin başına gəlmiş gözlənilməz, ağlasığmaz o fəlakətli gündən altı aydan çox keçmişdisə də, nə ata-ana özünə gəlib, toxtamışdı, nə də milis orqanları.Şübhəsiz, itki böyük itki idi, Salmanın, Nadirənin belini sındırmışdı. Nadirənin o dəhşətli mənzərəni — döşəmənin üstündə donmuş qan gölməçəsinin içində üzüqoylu düşüb çoxdan canını tapşırmış madar balasının quruyub qaxaca dönmüş vücudunu görəndən sonra əsəbləri tamam pozulmuşdu; arvad nə dediyini, nə etdiyini bilmirdi. Elə hey ağlayırdı, öz-özünə danışırdı. Ancaq sözünün nə əvvəli vardı, nə axırı. Nə yas yerinə gələnlər, nə də Salman onun dediklərindən düz-əməlli bir şey anlayırdı. Salman dərdinin ağırlığına baxmayaraq, özünü dəyanətlə aparırdı. Onun ağladığını heç kəs görməmişdi. Görünür, göz yaşları qəlbinə axırdı. Lakin buna baxmayaraq, heç kəsin, heç nəyin əyə bilmədiyi, polad iradəsi və nikbinliyi ilə çoxlarının həsəd apardığı Salman özünün də xəbəri olmadan yaman düşmüşdü, qocalmışdı. Təbiətən oğulcanlı olan, «kişi qırığı» böyütmək istəyən, Ceyhunun oturuşu, duruşu, yaşına uyğun olmayan hərəkətləri ilə öyünən, ondan heç nə əsirgəməyən, «qoy ürəyi necə istəyir, elə yaşasın. Mən çox korluq, sıxıntı çəkmişəm, o, çəkməsin» — deyən Salman heç yatsaydı yuxusuna da girməzdi ki, onu belə tez itirə bilər, sevincdən, qürrədən, «düşmən çəpəri»ndən məhrum ola bilər. Arın-arxayın bağdan qayıdarkən «bu arvadın başını kitablar xarab eləyib, Ceyhuna nə ola bilər!» — deyərək Nadirənin yazdığı qısa kağızı cırıb avtobusun pəncərəsindən yelə verən Salman, evə gələndə gördüyü mənzərəni heç cür həqiqət hesab eləyə bilmirdi, bunu yuxu, yaxud nə isə bir qurğu sayırdı. Ancaq bu həqiqət idi və o, özünü nə qədər aldatmağa çalışsa da, həqiqətin buz kimi soyuq üzünü görməli, olub-keçənlərə inanmalı olurdu. Nadirəni ayaq üstə ölmüş görəndə isə kişi əməlli-başlı sarsılırdı; indi Nadirə elə haldaydı ki, onu tək buraxmaq olmazdı. Bu, Salmanı lap təntidirdi.
İkinci hissə, üçüncü fəsilBaşı nə qədər qarışıq, fikri nə qədər dağınıq olsa da, Nadirə xanım bir şöbə müdiri kimi son vaxtlar öz əməkdaşı Elviranın — Sarışının işdən tez-tez qaçdığını, bazarda-dükanda göründüyünü, ən ümdəsi isə çox pərt və pərişan olduğunu aydın hiss eləyirdi. Nadirə xanım Sarışına bacardıqca hörmət eləməyə çalışırdı— çünki onun anasını — hələ tələbəlik illərindən oxuduğu fakültənin baş laborantı olan, gözəl-köyçək Xəncər xanımı yaxşı tanıyırdı. Hətta bir zamanlar rəfiqəlik də eləmişdilər. Adı nə qədər qəribə olsa da, özü çox mülayim və mehriban idi, xəncərlikdən onda heç bir əsər-əlamət yox idi. Onda Xəncər xanım ərdə idi, deyəsən, əgər hafizəsi aldatmırdısa, əri şəhərdə hansı məktəbdəsə dərs deyirdi. Xəncər xanım fakültədə tez-tez ağlardı — rəfiqələrinə öz dərdini söylərdi. Sən demə, uşağı olmurmuş. Əri Usub da uşaq istəyən olduğundan, tez-tez Xəncər xanımı döyür, gah evdən qovur, gah boşamaqla hədələyirdi. Bir sözlə, Xəncərə göz verirdi, işıq vermirdi. Hətta bir dəfə ürəyini Nadirəyə də açmışdı. Nadirə onun sonsuz kədərlə dediyi sözləri dinlədikdən sonra: «Belə yaşamağın nə mənası var? Ayrıl, Xəncər. Sən hələ cavansan, təzədən ərə gedərsən, uşağın da olar. Yoxsa o, belə, sənin ömrünü göy əskiyə düyüb çürüdər» — deyə məsləhət də vermişdi. Ancaq Xəncər xanım, qətiyyətsiz qadın olduğundan, bu mühüm addımı ata bilməmişdi. Evdən soyumuşdu, evdə sevinc yox idi; səadət yox idi; Xəncər fakültəyə ürəkdən bağlanmışdı — bütün günü fakültədə olurdu, kollektivin arasında gərəkli-gərəksiz işlərlə başını qatmağa çalışırdı. Onda kafedra müdiri, məşhur dilçi alim, professor İbrahim Sultanzadə idi. İbrahim Sultanzadə Xəncər xanıma da dərs demişdi, qabiliyyətli olduğuna, gələcəkdə yaxşı tədqiqatçı olacağına inanan İbrahim müəllim, təhsil illəri başa çatdıqda, onu fakültədə hələlik baş laborant kimi saxlatdırdı. Xəncər, özündən iyirmi beş yaş böyük olan İbrahim müəllimə çox hörmətlə yanaşırdı. Bunun bir səbəbi İbrahimin ona yaxşılıq etməsiydisə, digər səbəbi də İbrahimin də övladsızlıq odunda gizli-gizli yanmasaydı.O vaxt danışırdılar ki, İbrahim öz arvadı Leyla xanımı çox sevir, ona görə ondan ayrılmaq, başqa qadınla evlənmək istəmir.
Стихи других поэтов
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Bağrım şan-şan olur zənbur evi təkBağrım şan-şan olur zənbur evi tək,Gözüm tək, sən gəzən otağa düşər.
نه مهر من طلبی نه سر وفا داریچو دوستدار توأم دشمنم چرا داری