Birinci hissə, birinci fəsil
Страница 1 из 2
Bu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.
Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,
nə bükə bilmişəm. Atasız böyümüşəm, bilirəm atasız böyümək nə deməkdi; odur ki, bir atasız uşaq görəndə qəlbimin başı göynəyir, oğul. Taleyim o iki qız uşağından sonra səni mənə bəxş eləyib və elə bil dünyanı bağışlayıb. Sən dünyaya gələnə qədər də mən elə yaşamışam və bundan sonra da elə yaşayacağam ki, sən şax gəzəsən yer üzündə, adamların gözünün içinə dik baxa biləsən, oğul. Sən isə... mənim — ata nəvazişi görməyən mənim həm atam olasan, həm oğlum olasan gərək, oğul!»
Sonralar da heç vaxt, heç yerdə, heç kəsin yanında bu sözləri dilinə gətirməmişdi, heç pıçıldamamışdı da Nəzər müəllim. Sadəcə tuş qanadlı, zaman atlı illər uçub keçdikcə gündə bir buğda böyüyən oğluna və qol-budaq atıb günəşə — göylərə can atan tut ağacına baxıb fərəh içində yaşamışdı. Ancaq o xoş, unudulmaz həyəcanlı gündən dördmü-beşmi il keçəndan sonra, ağaclar yarpaqlayıb çiçəkləyəndə bu yaşıl sevincin üstünə bir sarı xal düşmüşdü — məlum olmuşdu ki, tut ağacı erkək imiş, barsız imiş! Bu dəhşətli həqiqəti (Nəzər üçün bu təsəvvürəgəlməz dərəcədə dəhşətli idi, demək olar ki, dərd idi) dərk edəndə həyətlərdən, bağlardan tut sovulanacan qəmli gözlərini o ağacdan çəkməmişdi, getmişdi-gəlmişdi, baxmışdı ona — ancaq ağac yalnız yaşıl yarpaqlarını tərpətməklə, öz bağbanını salamlamaqla kifayətlənmişdi və susmuşdu. Kişi ona gələn il də ümidlə baxmışdı, o biri il də. Lakin tut ağacı boy-buxuna vermişdi, bar verməmişdi. Və bu, Nəzərin aləmində bəd fal olub qalmışdı — o, oğluna bəslədiyi ümidlərin də üstünə bir kölgənin qanad gərdiyini hiss eləmişdi, pərt olmuşdu, xiffət çəkmişdi. Amma açıb-ağartmamışdı, tək çəkmişdi dərdini. Hətta uzun müddət oğlu ilə bu barsız ağac arasında özündən başqa kimsənin görmədiyi o gizli bağlılığı, əlaqəni unutmağa çalışmışdı. Lakin bacara bilməmişdi heç cür. Hətta bir dəfə balta götürüb kəsmək də istəmişdi onu dibindən, ancaq ürəyi gəlməmişdi. Çünki onun nəzərində, o tut ağacı canlı idi, yaşayırdı, hələ deyəsən öz dilində nəsə danışırdı da elə bil. Hərdən Nəzərə elə gəlirdi ki, barsızlığından xəcalət də çəkir o!
Tut ağacı kimi Qərib də boy atıb böyüyürdü və Nəzər bir ata təkin ondan göz çəkmirdi, hər hərəkəti, hər sözü nəzərindəydi və həmişə də oğlu haqqında nigarançılıqla fikirləşirdi. Qollu-budaqlı körmək istəyirdi onu bu tut aqacı kimi, kölgəli görmək istəyirdi, ancaq barsız yox. Övlad yetişib hasilə gəlincə, bar-bəhər verincə, kölgəsi olunca, ata-ana ürəyini yeyirmiş, sən demə! Qərib böyüyürdü, tut ağacı qol-budaq atıb nəhəng, yaşıl çadıra dönürdü.
Bikə xanım ötən illər ərzində fəhmlə bunu yaxşı başa düşmüşdü ki, kişi məktəbdən, içlasdan, səfərdən nə qədər yorğun-arğın qayıdıb gəlsə də, burada, çətir ağacın altında, uzun mizin arxasında oturub bir stəkan çay içib, bir loxma çörək yeyən kimi, ağappaq, pırpız qaşları altında, uzun kirpiklərin hasarı içində gizlənib dünyaya həmişə az qala bir uşaq heyrətiylə baxan qonur gözlərini dolandırıb bircə dəfə bu həyət-bacaya, o ağaca, balalarına — Güldanəyə, Güllüyə, Qəribə, onlar da olmayanda Bikə xanımın özünə ötəri nəzər salan kimi, tamam dəyişib dincəlir, şənlənir, deyib-gülür, dönüb büsbütün başqa adam olurdu; Bu, Bikə xanıma xüsusi ləzzət eləyirdi və o, bəxtindən, taleyindən çox razı qalırdı. Kişisini evə-eşiyə bağlı, ailəcanlı, uşaqcanlı görmək bütün qadınların ən gizli və ən böyük arzusu deyilmi?! Heç nəyin də olmasa, yalnız elə bununla onları xoşbəxt etmək olmurmu? Bikə xanım bu sarıdan özünü dünyanın bəxtəvəri sanmışdı həmişə. Nəzər cavanlığında çox gözəl kişi olmuşdu, elə indinin özündə — yaşı altmışın ağ, qarlı zirvəsindən aşandan, saçı-saqqalı ağappaq olandan sonra da yenə o gözəlliyini, o qamətini saxlamışdı, şax gəzirdi, şıq geyinirdi, üzünü hər gün təraş edib səliqəsindən-sahmanından qalmırdı. Bikə xanım bir qadın sövqi-təbii ilə həmişə duymuşdu ki, bu cür kişilər qadınların bəzisinin — zövqü, ürəyi, məhəbbəti gözlərində olanlarının çox xoşuna gəlir və bunu da hiss eləmişdi ki, ömrün bu uzun yollarında Nəzərdən xoşlanan, gizlincə baxıb köks ötürən, bir himini-işarəsini gözləyən qadınlar az olmamışdı, ancaq Nəzər — onun ağıllı və mehriban əri onların heç birinə — ən gözəlinə belə başqa gözlə, özgə niyyətlə baxmamışdı, Bunu Bikə xanım əlinin, içi kimi bilirdi və ərinə öz varlığı kimi inanırdı. Bikə xanımın fikrincə, arvadını qısqandırmayan kişi əsl kişi, ərini qısqandırmayan arvad isə əsl arvad idi; Nəzər onu heç vaxt qısqandırmadığı kimi, Bikə də Nəzəri qısqandırmamışdı. Deyəsən, bu nöqtədə ər-arvadın fikri birləşmişdi ki, ailələrin bir çoxunun dağılmasına, uşaqların atalıykən atasız, analıykən anasız böyüməsinə səbəb olan bir çox şeylərdən biri, bəlkə də elə birincisi qısqanclıqdı, çünki hər ikisi bilirdi ki, kasıblıq ev dağıtmaz, ehtiyac ev dağıtmaz, amma qısqanclıq və onun dalınca əliqılınclı gələn xəyanət dağıdır, rəhmsizcəsinə dağıdır evləri, ailələri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Neçə gündü, Nəzər key təkiydi. Eynən təqaüdə çıxdığı ilk çağlarda olduğu kimi. Yuxusu qaçmışdı, iştahı pozulmuşdu. Deməyigülməyi yox idi. Qaşları həmişə düyünlüydü, elə bil nə isə çətin bir məsələnin həllini tapşırmışdılar, aciz qalmışdı, cavabını tapa bilmirdi. Sən demə, uzaqda yox, gözünün qabağında, bir zamanlar ⎯ komsomol vaxtlarında, cavan dəli-dolu çağlarında dostlarının, özünün gecə-gündüz bilmədən, yorulmadan qurub-yaratdığı, az sonra isə, döşünü irəli verərək yağıların tapdağı olmaqdan qorumaq üçün qızıl qanını axıtdığı bu əziz, doğma torpaqda, şirin, yaşadıqca yaşamaq istədiyin, heç cürə doymaq mümkün olmayan bu dünyada tamam ayrı cür, anlaşılmaz, nə istədikləri bilinməyən, acgöz, yedikcə «doydum» deməyən, verdikcə «yenə ver» deyən qəribə adamcıqlar və aləmlər yaranıbmış.Müharibədən sonra, uzun-uzun illər boy onun səhərlər gedib, axşamlar qayıtdığı, təmiz, müqəddəs sandığı o məktəb çox balaca bir dünyaymış və o dünyadan kənarda böyük, mürəkkəb, ucu-bucağı görünməyən başqa bir dünya da varmış. Nəzər bu dünyanı görürdü, sadəcə inanmaq istəmirdi, təsadüfi, ötəri hal hesab eləyirdi. «Keçib gedəcək, meşə çaqqalsız olmaz» ⎯ fəlsəfəsi neçə müddət onun düşüncələri ilə gördükləri arasına qalın bir pərdə çəkmişdi.
İkinci hissə, doqquzuncu fəsilMüseyib öz nazirinin ⎯ Ələmdar Qədirovun rayona gəlmək istədiyini və onu Süleymandan soruşduğunu, üstəlik «Ağ balığı var?» ⎯ deyə maraqlandığını eşidən kimi evə zəng eləmişdi. Dəstəyi Simuzər götürmüşdü.⎯ Sənsən, qız?! Bə anan hanı?
İkinci hissə, onuncu fəsilCura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?
İkinci hissə, on birinci fəsilGünortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…