Страница 1 из 2

Cura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.

O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?

Bu düşüncələr içində bayaqdan çırpınırdı, Cura müəllim.

Uzun, işıq yanmadığından alaqaranlıq olan dəhlizdə taxta döşəmənin cırıltısını eşidib geri qanrılanda Nəzər müəllimin gəldiyini görüb tələsik ayağa durdu. Nəzər yaxınlaşanacan, gözü gözü qaranlığa hələ alışmadığından Curanı o dəqiqə tanıya bilmədi, elə qarasına salam verdi:

⎯ Salam.

⎯ Əleyküməssalam, ⎯ dedi Cura və Nəzər onu səsindən tanıdı.

⎯ Hə, sənsən? Xoş gördük, ay Cura. Nə təhər varsan, ay müəllim?

⎯ Xoş gördük, Nəzər müəllim. Yaxşıyam, siz necəsiz?

⎯ Belə də. Şair demişkən: «Necə görmüşdüsə Nuh, öyləcəyəm!» ⎯ deyərək cibini qurdaladı, kabinetin qapısını açıb içəri girə-girə:

⎯ Gəl, ⎯ dedi, ⎯ çoxdan gözləyirsən?

⎯ Bir az var.

Nəzər qıraqları tərdən qaralıb rəngini dəyişmiş şlyapasını çıxarıb küncdəki üçayaq, ağ nikel asılqanın bir qanadına keçirərək stolunun arxasında əyləşdi.

⎯ Otur görək, nə var, nə yox? Uşaqlar nə təhərdi?

⎯ Duaçıdılar, Nəzər müəllim.

⎯ Kənddə, məktəbdə nə var təzə?

Cura da onun sözlərilə gülə-gülə dedi:

⎯ Eh, nə olacaq? «Necə görmüşdüsə Nuh, öyləcədi».

Nəzər qımışdı, stolunun üstdəki kağız-kuğuzu, qəzetləri kənara itələdi, siqaret yandırıb tüstülətdi və divar dibində əyləşmiş Curaya diqqətlə baxdı, üst-başını nəzərdən keçirdi. Curanın qəhvəyi rəngli ayaqqabısı eynən Süleymana aldığından idi, köhnəydi, burnunu kol-kos cızıb bozartmışdı. Qara pencəyinin boynu yağlanmışdı. «Kişi qətiyyən özünə fikir verə bilmir. Ger-geyimindən heç deməzsən ki, bu, müəllimdi» ⎯ düşündü Nəzər. Və istədi Curanı məzəmmət eləsin: «Bu nə üst-başdı, ə? ⎯ desin. ⎯ Sən axı müəllimsən, sən gərək yüz adamın içində öz səliqənlə, təmizliyinlə seçiləsən. Bu nə saçsaqqaldı, yəni bu da bir çətin şeydi?» Ancaq onun güzəranını, ailəsinin böyüklüyünü yadına salıb bu fikrindən daşındı. «Xətər dəyər!» ⎯ söylədi ürəyində.

Cura Nəzərin xasiyyətini yaxşı bildiyindən və bu davamlı baxışların nə demək olduğunu anladığından sıxılırdı, ayaqqabılarının bozarmış burnunu stulun altına çəkib gizləməyə çalışırdı. Və bu anlar çox gərgin anlar idi, Cura istəyirdi ki, ürəyini üzən nigarançılıq barədə tez söz açmasın və bu geyim-keçim məsələsi yaddan çıxsın. Odur ki, irəli əyilib dirsəyini dizinə söykəyərək:

⎯ Xeyir ola, Nəzər müəllim, məni çağırtdırmaqda? ⎯ soruşdu.

Nəzər siqaretinə qullab vurub:

⎯ Xeyirdi, Cura, ⎯ dedi. ⎯ Səni iki iş üçün çağırmışam bura.

⎯ Eşidirəm. ⎯ Cura onun «xeyirdi» sözündən bir az sakitləşdi.

⎯ Bilirsən də, bizim bu Nəzarət komitəmiz çox maraqlı, səlahiyyətli bir təşkilatdı. Hələ camaatımızın bir qismi bu təşkilatın nə demək olduğunu o qədər də yaxşı başa düşmür. Nəzarət ⎯ göz deməkdi, Cura, baxmaq, görmək deməkdi, hər şeyi görməlidi bu təşkilat; onun gözündən, nəzərindən bir tük də yayınmamalıdır.

⎯ Elədi, Nəzər müəllim. Qabaqlar deyəsən belə təşkilat yox idi, olsa da adı vardı ancaq.

⎯ Bəli. Həm də böyük səlahiyyət veriblər buna. Hayıf, indiyəcən bu gözəl təşkilata biz formal, əhəmiyyətsiz bir şey kimi baxmışıq. Halbuki, dövlət, partiya indi buna çox yüksək qiymət verir və çox da böyük vəzifələr qoyur qarşısında. Sən müəllim babasan, bunların hamısını məndən də yaxşı bilirsən, Cura. Biz hər idarədə, hər təşkilatda, hər kolxozda nəzarət qrupları yaratmışıq. Sizin kənddə də var belə bir qrup. Amma onun başçısı ⎯ kolxoz partiya təşkilatının büro üzvü, briqadir Rauf yarıtmaz işləyir, tənbəlin, laqeydin, biganənin biridi. Həm də cürətsiz adamdı, Cura. Xoşum gəlmir ondan. Ona görə yox ki, şəxsən xoşum gəlmir deyə belə deyirəm. Yox! Mənim yaltaq, ikiüzlü adamlardan zəndeyi-zəhləm gedir. Dəfələrlə görmüşəm ki, o sizin sədrə necə yaltaqlanır. Kişi də yaltaq olar? Ə, sən cibində partbilet gəzdirirsən və vəzifəcə özündən böyüyə yaltaqlıq eləyirsən? Bu, olmadı. Bu iki şey ⎯ yəni kommunistlik və yaltaqlıq bir-birinə daban-dabana ziddi. Mən inanırdım ki, o, kolxoz sədrinin hər işinə, hər hərəkətinə göz yuman bir adam olar. Ardıcıl məlumatlar, gələn siqnallar bunu təsdiq elədi, Cura. O sədr bic adamdı və Nəzarət komitəsinin vəzifələrini, məqsədlərini səndən, məndən heç də pis bilmir. Onun təklifi ilə Raufu bizim keçmiş sədr ora qoyub. «Ev bizim, sirr bizim» olsun deyə. Ona görə, mən bura gələndən sonra sizin kəndin nəzarət qrupunun kağız-kuğuzları ilə tanış olub gördüm ki, bu illər ərzində o, bir dəfə ağıllı-başlı tədbir, yoxlama-filan keçirməyib. Hə, bircə dəfə də. Yəni sizin kolxozda, kənddə heç bir əyinti filan olmuyub, yoxdu? Var axı, Cura. Bunu sən də bilirsən, sizin kəndin adamları da bilir. Hə, indi, ay Cura, o Raufun yerinə istəyirəm səni qoyam. Sən ziyalısan, kənddə hörmətin-izzətin var. Bilirsən, sizin kənd rayonun ən ucqar kəndidi, hər dəqiqə gedib-gəlmək olmur. Mən istəyirəm o kənddə mənim tanıdığım, etibarlı bir adam olsun nəzarətin başında. Eşitdiyimə görə, orada, o gözəl camaatın içində tikə-para qurdlar da var ⎯ üzünü o yana çevirməyinin məəttəlidirlər ki, cibini kəsib aparsınlar. Onların əl-qolunu bağlamaq, divara dirəyib işlətmək, tərbiyə eləmək lazımdı, Cura. Bu işi sənə həvalə eləmək istəyirik! ⎯ Cura bir az fikrə getdi. Nəyisə götür-qoy eləyirdi sanki.

⎯ Hə, nə oldu? Səsin çıxmadı? ⎯ Nəzər müştüyünü götürüb üfürdü.

Cura seyrək qaşlarını qaldırıb astadan söylədi:

⎯ Nə deyə bilərəm, Nəzər müəllim, madam ki, belə məsləhət bilirsiz, işlərəm.

⎯ Bilirsən, Cura, mən səni çoxdan tanıyıram. Vaxtilə bir məktəbdə də işləmişik, xasiyyətinə, ürəyinə, təmizliyinə bələdəm. Ona görə ağlıma elə birinci sən gəldin. Bu, bizim hamımızın işidi, qardaş.

⎯ Çox sağ ol, Nəzər müəllim. Təşəkkürlər.

⎯ Bu bir, Cura. İkinci və bundan da az mühüm olmayan bir məsələ də var ki, gərək onu da səninlə həll eləyək. Bu, şəxsi məsələdi. Mən sadəcə, köhnə yoldaşın, bir ağsaqqal kimi, istəyirəm bir şey də deyim sənə.

Cura şübhə və nigarançılıq içində Nəzərin üzünə diqqət yetirdi, ürəyində yenə uşaqları ilə bağlı nə isə eşidəcəyini hiss edib:

⎯ Eşidirəm, ay Nəzər, ⎯ söylədi. ⎯ Yoxsa… uşaqların başında bir iş var?..

Nəzər Curanın hədsiz təşviş keçirdiyini duyub:

⎯ Yox əşi, ⎯ dedi, ⎯ uşaqların başında nə ola bilər? Yox, heç nə yoxdu. Məsələ belədi ki, mən o gün katibin yanına gedəndə sənin qızını onun kabinetinin qabağında gördüm.

⎯ Hə… ⎯ Cura alındı, gözlərində qəribə bir sıxıntı, kölgə gəzib-dolaşdı və hələ dəqiq heç bir şey söyləməmiş Nəzərin təxminən nə deyə biləcəyini ağlına gətirib uçuna-uçuna gözlədi. Nəzər isə elə bil ölçüb-biçirdi, sözü necə deyəcəyini götür-qoy eləyirdi. Dözməyib Cura özü sözə başladı:

⎯ Düzü, ay Nəzər, mən heç razı deyildim o uşağın orda işə girməyinə. Ümumiyyətlə, mən istəyirdim ki, o da gedib oxusun. Orta məktəbi yaxşı qurtarıb. Öz qızım olduğuna görə demirəm, ondan yaxşı müəllim olardı. Coğrafiyanı, tarixi su kimi içir. Amma özü getmədi, dedi, ay dədə, məktəb qaçmır, qoy bacım gəlsin, sənin də işin bir az yüngülləşsin. Sonra gedərəm. Anası da razı deyildi, düzü, getməyinə. Fermaya düzəltmək istəyirdim. Ancaq bu iş ondan qabağa düşdü. Qız burda, xalasıgildə olanda, üçüncü katib Hilal bacanağıgilə gəlmişmiş, görüb orda, soruşub. Bacanaq da deyib belə. Deyib mən düzəldərəm. Beləcə o işə düzəldi. Mənə dedilər, dedim yox. Amma Hilal bərk yapışdı. Nə isə, gördüm qız özü də razıdı. Naəlac qalıb mən də razılıq verdim…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on yeddinci fəsil

Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.

16 мин
İkinci hissə, on səkkizinci fəsil

Rayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.

6 мин
Üçüncü hissə, birinci fəsil

Kaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:

13 мин
Üçüncü hissə, ikinci fəsil

Uzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.

32 мин

Стихи других поэтов