Birinci hissə, birinci fəsil
Страница 2 из 2 · 50%
Yaxşı ömür-gün sürmüşdülər, can deyib-can eşitmiş, bir ömür üz-üzə, göz-gözə yaşamışdılar. Özünü həmişə «adi müəllim baba» adlandıran Nəzər, az tapmışdı, az yemişdilər, çox tapmışdı, çox yemişdilər. Kəndin uşaq bağçasında tərbiyəçi işləyən Bikə xanım əriylə əl-ələ verib üç gözəl, hərəsi bir dünya olan övlad böyütmüşdü. Nə qədər ki, onlar balaca idilər, məktəbdə oxuyurdular, bu həyət səsli-küylü, get-gəlli idi. Xüsusilə axşamlar hamısı bir yerə yığışanda, qızların — Güldanənin və Güllünün rəfiqələri, oğlanın — Qəribin yoldaşları bura cəmləşib dərs hazırlayanda, gizlən-qaç oynayanda ağız deyəni qulaq eşitmirdi. Bu da Nəzərə, Bikə xanıma ləzzət eləyirdi. Ancaq vaxt hiss olunmadan dolanıb keçmiş, qızlar böyüyüb, bir-bir ata ocağından uçub getmişdilər. Əvvəlcə böyük qız Güldanə köçmüşdü; uzağa yox, qonşu Cürəli kəndinə. O, universitetin kitabxanaçılıq fakültəsini bitirmişdi. Bakıda oxuduğu beş il müddətində ürəyini heç kəsə verməmişdi, heç kimlə gəzib-dolanmamışdı, ata-anası necə yola salmışdısa, eləcə də doğma kəndə qayıdıb gəlmişdi. Bu, bir ata kimi Nəzərin, bir ana kimi Bikə xanımın ürəyini dağa döndərmişdi, Ali təhsilli kitabxanaçı olub qayıdan Güldanə əvvəlcə elə öz kəndlərində, ərə gedəndən sonra isə Cürəli kənd kitabxanasnında işləmişdi. Nəzər onu özünün dərs dediyi məktəbə gələn, çox yaxşı tanıdığı, başıaşağı, mərifətli oğlan kimi hamının rəğbətini qazanmış Tapdığa vermişdi. Tapdıq Nəzərin cəbhə dostunun oğluydu. Müharibədən demək olar ki, yarımcan qayıtmış Sahib dünyadan köçəndən sonra yetim, kimsəsiz qalan Tapdağın ömrünün üç ili — səkkiz-onuncu siniflərdə oxuduğu illər Nəzərin gözünün qabağında keçmişdi. Tapdıq o zaman məktəbin böyründəki birmərtəbəli, üç-dörd çeşməli köhnə yataqxanada qalırdı; başqa yaxın-uzaq kəndlərdən oxumağa gələn uşaqlarla bir yerdə yaşayırdı, yeyib-içməyi isə Nəzərgildəydi. Bikə xanım onu öz uşaqlarından ayırmırdı, palını-paltarını yuyurdu, anası kimi əzizləyib, güldən ağır bir söz demirdi, elə bilirdi uşağı üç deyil, dörddü - həftədə bir dəfə — bazar axşamları öz kəndlərinə gedir, ev-eşiklərinə baş çəkir, birinci gün yenə tezdən özünü məktəbə çatdırırdı. Onuncunu bitirib oxumağa getmə-mişdi, traktorçular briqadasında əvvəlcə kotançı işləmişdi, əskərliyini çəkib qayıdandan sonra isə əməlli-başlı traktorçu olmuşdu.
Sonralar heç kəsin ağlına gətirmədiyi qəribə bir iş baş vermişdi: ev uşağı sayılan Tapdıq, əskərlikdən dönəndən üç il sonra, bir yay axşamı elə məktəbə, Nəzər müəllimin yanına gələrək çoxdan gözaltı elədiyi, ağzını arayıb «hə» cavabı aldığı Güldanənin elçiliyini özü eləmişdi. Tapdığın bu gözlənilməz hərəkəti — cəsarəti Nəzərin çox xoşuna gəlmişdi: bu təklif ürəyincə olsa da, kişi əvvəlcə çaşmışdı, bir siqaret yandırıb fikrə getmişdi, sonra oğlanı evə gətirib xəlvətdə arvadı ilə xısınlaşaraq götür-qoy eləyəndən, Bikə də qızının rəyini soruşub öyrənəndən sonra xeyir işə razılıq vermişdi.
Güldanə ilə Tapdığın toyunu da Nəzər özü eləmişdi və o yetim oğlanın ev-eşik sahibi olmasına səbəbkar olmuşdu. Güldanə indi xoşbəxt idi: bir qız, iki oğul anasıydı.
İki il sonra Güllü pərvazlanmışdı. Ancaq o, uzağa uçmuşdu — Bakıya gedib düşmüşdü. Onu Əskərabada pambıq yığmağa Bakıdan tələbə gətirmiş Balıqçılıq texnikumunun müəllimi — cavan, zirək, od parçası olan Sadıq müəllim «ovlamışdı». Tələbələr məktəb binasında, klubda qalırdılar. Sadıq onların ümumi rəhbəri idi, çöldə, tarlada həmişə yanlarında olurdu. Deyən, gülən, tez qaynayıb-qarışan bir oğlan idi. Bir neçə günün içində kənd camaatı ilə, sədr Mikayılla, məktəb müəllimləri ilə, o cümlədən Nəzərin özüylə də tanış olub mehribanlaşmışdı. Hamı elə bilirdi ki, Sadıq bura dünən gəlməyib, elə buralıdı. Sadığı Nəzərin şagirdləri də tanıyıb isinişmişdilər. Onuncu sinifdə oxuyan Güllü heç özü də bilməmişdi ki, bu ucaboy, qəşəng oğlana haçan, harda, günün, saatın hansı çağında vurulub. Güllü ancaq bunu hiss eləmişdi ki, Sadıq da ona biganə deyil; tarlada, uşaqların arasında hərlənib-fırlanıb əlindəki, ciblərindəki pambığı gətirib ancaq ona verir, önlüyünün içinə təpir. Güllü, nə qədər qəribə olsa da, Sadığı görməyə o qədər can atırdı ki, hətta istəyirdi gecələr də onlara pambıq yığdırsınlar, çöldə saxlasınlar, Sadıq da elə hey hərlənib-fırlanıb onun yanına gəlsin, baxıb gülümsünsün. Noyabrın əvvəllərində, bayrama bir neçə gün qalmış, Sadıq öz tələbələrini «İkarius» avtobusuna yığıb Bakıya yola düşəndə, Güllü xəlvətə çəkilib ağlamışdı da. Canını qoymağa yer tapmayan qız, imtahanlar qurtaran kimi, ata-anasını sevindirərək: «Mən Bakıya oxumağa gedirəm!» — demiş və şəhərə gəlmişdi. Çünki Sadıq müəllim ona möhkəm söz vermişdi ki, «Sən gəlməyində ol, hansı institutun üstünə barmağını qoysan, o bu qara lələşinin (Sadıq həmişə özünün qəşəngliyini daha çox nəzərə çarpdırmaq üçün belə deyərdi) boynuna».
Gözəllikdə, boy-buxunda ilk baxışda başdan ağıl aparan Güllü bu həvəslə şəhərə qanad açmış, axtarıb Sadığı tapmışdı, ancaq bir də onda gözünü açıb görmüşdü ki, imtahanlar çoxdan qurtarıb, özü isə hamilədi. Sən demə, Sadıq oxumamış, gözəl-göyçək, ev tərbiyəsi görmüş kənd qızı axtarırmış ki, evlənsin. Beləliklə, Güllü Sadığın arvadı olmuşdu.
Bu bəd xəbəri eşidən Nəzəri az qala infarkt vurmuşdu. Bikə xanımın qayğısı, diqqəti olmasaydı, kişi bəlkə də çoxdan ölmüşdü. Yazıq ana Bakı ilə rayon yollarını ağarda-ağarda, yalan-doğru yaxşı xəbərlər gətirə-gətirə Nəzəri birtəhər sakitləşdirib toxtatmışdı. Buna baxmayaraq, bu hadisə onu el-oba içində yaman sındırmışdı. Üç il küsülü qalandan sonra Bikənin təkidi ilə Güllüylə barışmışdı, iki yaşlı şeytan nəvəsini qucağına alıb üzündən öpmüşdü. Adını nüdrə-tən dilinə gətirərdi. Ürəyi sınmışdı. Həmişə nədənsə ondan nigaran idi. Bir dəfə də arvadına: «Ata-ana xeyir-duası olmadan ərə gedən qızın xoşbəxt olacağına nədənsə mən heç cür inana bilmirəm, ar-vad!» — demişdi. Və bu illəri beləcə nigaran-nigaran yaşamışdı Nəzər. Güllünün Bakıda üçotaqlı evi, bağı vardı, yeməyi, geyməyi vardı. Ancaq xoşbəxtliyi vardımı? — Nəzər bircə bunu bilmirdi. Çünki Sadıqdan gözü su içmirdi.
Ailə qurmayan, oxuyub bir yana çıxmayan, Nəzərin ürəyincə oğul ola bilməyən bircə Qərib idi ki, onun dərdi kişini içəridən sökürdü, qəlbini parçalayırdı. Nəzər öz əliylə əkdiyi tut ağacına baxırdı, boy-buxunlu, lay kürəkli oğluna baxırdı, dərin fikrə gedirdi, yanıb-yaxılırdı. «Mənim dərdim böyükdür, aləmin uşağını oxudan mən, bircə oğlumu da oxudub ortalığa çıxarda bilmədim. Məndən olub, mənə oxşamadı. Düz deyiblər, oddan kül törəyər» — deyə vaysına-vaysına ürəyindən keçirir, çarəsiz-çarəsiz dözürdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Neçə gündü, Nəzər key təkiydi. Eynən təqaüdə çıxdığı ilk çağlarda olduğu kimi. Yuxusu qaçmışdı, iştahı pozulmuşdu. Deməyigülməyi yox idi. Qaşları həmişə düyünlüydü, elə bil nə isə çətin bir məsələnin həllini tapşırmışdılar, aciz qalmışdı, cavabını tapa bilmirdi. Sən demə, uzaqda yox, gözünün qabağında, bir zamanlar ⎯ komsomol vaxtlarında, cavan dəli-dolu çağlarında dostlarının, özünün gecə-gündüz bilmədən, yorulmadan qurub-yaratdığı, az sonra isə, döşünü irəli verərək yağıların tapdağı olmaqdan qorumaq üçün qızıl qanını axıtdığı bu əziz, doğma torpaqda, şirin, yaşadıqca yaşamaq istədiyin, heç cürə doymaq mümkün olmayan bu dünyada tamam ayrı cür, anlaşılmaz, nə istədikləri bilinməyən, acgöz, yedikcə «doydum» deməyən, verdikcə «yenə ver» deyən qəribə adamcıqlar və aləmlər yaranıbmış.Müharibədən sonra, uzun-uzun illər boy onun səhərlər gedib, axşamlar qayıtdığı, təmiz, müqəddəs sandığı o məktəb çox balaca bir dünyaymış və o dünyadan kənarda böyük, mürəkkəb, ucu-bucağı görünməyən başqa bir dünya da varmış. Nəzər bu dünyanı görürdü, sadəcə inanmaq istəmirdi, təsadüfi, ötəri hal hesab eləyirdi. «Keçib gedəcək, meşə çaqqalsız olmaz» ⎯ fəlsəfəsi neçə müddət onun düşüncələri ilə gördükləri arasına qalın bir pərdə çəkmişdi.
İkinci hissə, doqquzuncu fəsilMüseyib öz nazirinin ⎯ Ələmdar Qədirovun rayona gəlmək istədiyini və onu Süleymandan soruşduğunu, üstəlik «Ağ balığı var?» ⎯ deyə maraqlandığını eşidən kimi evə zəng eləmişdi. Dəstəyi Simuzər götürmüşdü.⎯ Sənsən, qız?! Bə anan hanı?
İkinci hissə, onuncu fəsilCura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?
İkinci hissə, on birinci fəsilGünortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…