Страница 1 из 3

Bakı gözəl sentyabr günlərini yaşayırdı. Hava isti olsa da, şəhərin göy gözlü balasının hənirtisi onun üstündə hiss edilirdi. Asta-asta meh əsirdi, küçələr boyunca nizamla, dördbucaq çalarlarda əkilmiş qələmlərin, akasiyaların yarpaqlarını, xırda budaqlarını yırğalayıb tərpədirdi. İş vaxtı olduğu üçün adam az idi; arabir qocalara, əlində çanta məktəbdən qayıdan, dərsə gedən uşaqlara rast gəlmək olurdu.

Nəzər şəhərin yar-yaraşığına, şütüyən maşınlara, ora-bura tələsən adamlara baxa-baxa, Kommunist küçəsinə nə zaman gəlib çıxdığını bilməmişdi. Güllü Bakıda məskən salandan sonra buraya tez-tez gəlib getsə də, şəhərin indi qızıgil yaşayan hissəsində gözəl prospekt, hündür, yaraşıqlı Akademiya binası, Televiziya idarəsi, xüsusi imtiyazları olan adamlar üçün tikilmiş xəstəxana, mağazalar, bazar, aptek görsə də, o vaxt tələbə ikən şahid olduğu mənzərə ⎯ qəbiristanlıq, boz, ağacsız çöllər gözünün qabağından çəkilib getmirdi, inana bilmirdi ki, bu həmin yerlərdi. O zaman buralara ayaq basmaq hər kəsin ağlına gəlməzdi. Amma indi…

Şəhərin indi addımladığı hissəsi ona doğma idi, tanış idi ⎯ bu küçələrdən çoxunun adı dəyişsə də, tələbə yoldaşları ilə çox keçmişdi, bəlkə də, hərəsində bir xatirəsi var idi. Təbii ki, gündə üstündən minlər, milyonlar keçən bu küçələr Nəzəri tanıya bilməzdi, ancaq Nəzər onları yaxşı xatırlayırdı. O çağlar qocaların, yaşlı adamların «İsmailiyyə» adlandırdıqları, sonralar Akademiya olan o cəlallı binanın qabağından tək indi yox, hər dəfə keçəndə xatırlayırdı ki, vaxtilə onun yuxarı hissələri, dörd dövrələmə gözəl naxışlarla, qızıl suyu ilə yazılmış sözlərlə necə də göz qamaşdırırdı. Sonralar o naxışları, yazıları, kiminsə naqis ağlının hökmü ilə sildilər, pozdular, məhv elədilər. Nəzər o yazıların mənasını tələbə olanda da, ondan sonra da bilmədi. Ancaq bu yadında qalmışdı ki, nə yazılmağından asılı olmayaraq, o xətlər, o sözlərin düzülüşü, rəngi, ölçü-biçisi canlı bir muzey eksponatı olmağa layiq idi. O naxışlarda adı-sanı bilinməyən bir gözəl sənətkarın sənəti, bəlkə də ömrü yaşayırdı. Və heç olmasa, buna görə gərək ona qıymayaydılar!

Nəzər o binanın qabağında ayaq saxlayıb xeyli düşünəndən sonra, fikirli-fikirli üzüaşağı sallandı və hər dəfəki kimi indi də ürəyində bir hiss oyandı ⎯ nə olaydı, keçmiş tələbə yoldaşlarından biri, heç olmasa biri, gözlənilmədən, göydən düşmüş kimi, bu adamların arasından çıxıb onunla qabaq-qənşər gələydi və onlar, bir-birinə diqqətlə, təəccüblə baxaraq, «bu odur?» ⎯ deyə tərəddüd edə-edə yaxınlaşaydılar, qucaqlaşıb öpüşəydilər. Gözü axtarırdı, ancaq heç kəs yox idi, heç kəs qarşısına gəlib: «Sən Nəzər deyilsən?» ⎯ demirdi. Bir-iki tələbə yoldaşı vardı, şəhərdəydilər. Akademik idi biri. Ən çox sevdiyi Həmid idi, Məmmədağa idi. Onların ikisi də Nəzərin qrup yoldaşları olmuşdu. Can deyib, can eşitmişdilər, axırıncı manatlarını bir yerdə xərcləmişdilər. Ac da qalanda bir yerdə ac qalmışdılar. Başqaları da var idi. Hətta o vaxt acığı da gəlsə, indi onlardan biri ilə görüşmək Nəzər üçün toy-bayram olardı.

Birdən ağlına gəldi ki, maarif nazirliyinə getsin, onun xətrini çox istəyən, ağıllı, mehriban, balacaboy, qarayanız Sultan müəllimlə ⎯ nazirin özü ilə görüşsün, hal-əhval tutsun, dərdləşsin və yeri gələndə Şakir Şakirzadənin əməllərindən danışsın, tələbəsinin «xəcalətindən» necə çıxdığını söyləsin. Hətta xeyli getdi də. Lakin birdən daxili bir səsin hökmü ilə yolunu dəyişdi, dəniz qırağına üz tutdu. «Mənə yaraşmaz, lazım deyil. Sultan yəqin eşitmiş olar indiyə. Bu boyda məsələni nazirə deməmiş olmazlar. Gərək olsa, məsləhət bilsə, özü çağırtdırar! Yüngülsaqqallıq eləmə, Nəzər, ağır otur, batman gəl».

Dənizdə yüngül ləpə vardı. Elə bil hardansa cənubdan əsən külək gömgöy suların üzünə sığal çəkib, hamarlaya-hamarlaya sahilə doğru gəlirdi, kələ-kötür, ipə-sapa yatmayan, dənizin qoynunda qımıldanıb «mən varam ha!» demək istəyən xırda ləpələri qabağına qataraq, qova-qova gətirərək, sahilə çırpıb parçalayırdı və bununla da sanki demək istəyirdi: «Mənim qabağımda baş qaldıranın başı bax, belə əziləcəkdir!»

Nəzər həyatda güclünün gücsüzü əzdiyini, məhv elədiyini söyləyən çoxlu hikmətli kəlamlar bilirdi, kitablar oxumuşdu; ona görə, təbiətin onun qarşısında indi dilsiz-ağızsız uzanıb, hər adamın görə və eşidə bilməyəcəyi qəribə bir hikmət dastanı danışan bu mənzərəsini asanlıqla başa düşdü və gülümsündü.

Məhəccərə söykənmişdi. Qağayılar ondan qorxub çəkinmədən yanında uçuşur, suya çırpırdılar özlərini, nəsə götürüb havalanırdılar; danışırdılarmı, oxuyurdularmı ⎯ bilmək olmurdu. Kənarda, məhəccərin o başındakı daş oturacaqda bir qızla bir oğlan oturmuşdu. Qəşəng, qara gözlü qızın qara saçlarını, bax, azca o yanda, dənizdə baş qaldırmaq istəyən kiçik ləpələri sahil daşlarına vurub zərrə-zərrə parçalayan külək, mehriban, qayğıkeş bir əl kimi sığallayırdı, oxşayırdı və Nəzər hiss eləyirdi ki, bu, qızın da, oğlanın da çox xoşuna gəlir. Qəribə deyildimi ⎯ orda, iki addım o yanda o cür qəddar olan külək, burda, bu gözəl qızın yanında belə mehriban idi? Yəni o da gözəlliyin qədrini bilirdi? O qırçın ləpələr də ⎯ insaf gözüylə baxsan ⎯ gözəl idi!

⎯ Sən Nəzər deyilsən?

Nəzərin ürəyi titrədi. Bayaqdan, şəhərə çıxandan bu arzu ilə addımlayan, ancaq heç kəsə rast gəlməyən Nəzər üçün bu, ilk anlarda xəyala, ürəyinin səsinə bənzədi və onun üçün o qədər də həyəcanlanmadı. Hissiyyatının onu aldatdığını güman etdisə də, «yox, bu cür ola bilməz!» ⎯ deyərək, ağır-ağır qanrıldı, hələ də inanmaq istəmirdi ki, arxasında kimsə dayana bilər və bu sözləri deyə bilər!

Ancaq dayanmışdı. Orta boylu, buxara papaqlı, əlində çəlik, üçkünc vurulmuş bığları ağappaq ağarmış bir kişi, yaşıl şüşəli eynək arxasından ona baxırdı. Nəzər zənlə diqqət yetirdi, ancaq tanrıya bilmədi. Kişi eynəyini çıxartdı, seyrək kirpikli gözlərini geniş açaraq, yenə təkrar həmin səslə xəbər aldı:

⎯ Sən Nəzər deyilsən? Səlminaz arvadın oğlu deyilsən?

⎯ Hə, ⎯ dedi. ⎯ Nəzərəm. Ancaq bağışlayın, sizi tanıya bilmədim…

Kişi sağ əlini ona uzatdı:

⎯ Salam, ay Nəzər, ay mənim komsomol balam. Xoş gördük, xoş gördük…

⎯ Vay, Əfzəl kişi, mənim əziz naçalnikim! ⎯ Nəzər birdən az qala qışqırdı və qollarını geniş açaraq onu qucaqladı. ⎯ Bu, sənsən?

Əşi, bu sənsən?

⎯ Hə, Nəzər, mənəm. Gör necə qocalmışam ki, sən məni tanıyammadın. Ay saqqalın ağarsın sənin!

Nəzər geri çəkilib, azca kənardan Əfzəl kişiyə bir də diqqətlə baxa-baxa:

⎯ Elə ağarıb, Əfzəl dayı. Çoxdan ağarıb! ⎯ dedi.

⎯ Ta dayı demə mənə, ay pir olmuş. Onda uşaq idin, elə deyirdin, indi, maşallah, ta yekə kişisən, ⎯ Əfzəl təpədən-dırnağa onu süzə-süzə dedi, ⎯ yəqin indi babasan?

⎯ Əşi, çoxdan.

⎯ Mənim nəticələrim var!..

⎯ Maşallah, maşallah, gün o gün olsun ki, kötücə görəsən!..

⎯ Yox, ay Nəzər, istəmirəm. Bəsdi. Dünyada görmədiyim, bilmədiyim şey qalmayıb ki, onun həvəsiynən yaşayım. Daha təəccüblənməli, heyrət eləməli heç nə qalmayıb mənim üçün, Nəzər! Sən də qocalıbsan, doğrudan. Elə bilirəm dünəndi ⎯ sən cavan, qayır-qayır qaynayan bir oğlan idin. Onda gərək, əgər hafizəm məni aldatmırsa, sən onuncuda oxuyurdun, hə?

⎯ Elədi. Qaçaq Ağagülü tutmağa gedəndə onuncudaydım.

⎯ Təzə keçmişdin komsomola. Atryada bələdçilik eləməyi, dağlara qalxmaqda bizə kömək eləməyi sənə tapşırmışdılar.

⎯ Sonralar xəbərim olmadı, neynədiniz o Ağagülü?

⎯ Güllələdik onu…

Nəzər xatirələrində o uzaq illərə boylanıb:

⎯ Özü təslim olmuşdu, gərək güllələməyəydiniz, yoldaş Əliyev, ⎯ söylədi.

⎯ Hə, düz deyirsən. Özü samanlıqdan çıxmışdı, silahını atmışdı, təslim olmuşdu, gərək güllələməyəydik. Ancaq o vaxtın qanunları çox sərt idi, Nəzər.

⎯ Gör üstündən neçə illər keçib, amma Ağagülün zəhmli, zil qara gözləri, arıq, saqqallı sifəti, geyimi-keçimi, hətta, inanmırsız, səsi də yadımdan çıxmayıb. Sağ olsa, yüz adamın içində görsəm, yenə tanıyardım. Siz, ⎯ Nəzər gözlərini qıyıb xatırladı, ⎯ siz, o, samanlıqdan çıxıb silahını atandan sonra milisioner Seyfələ dediz ki, onun qollarını bağlasın. Seyfəl bir sizin, bir də Ağagülün üzünə baxdı, qorxa-qorxa irəli yeridi, qaçağın tuşuna çatanda o, sizə dedi:

⎯ Nəçənnik, bu boyda atryadın içində bir kişi tapmadız mənim qollarımı bağlatdırasız? ⎯ Sonra Seyfəlin üstünə çımxırdı. ⎯ Çəkil oğraş! Sən get gündə biriynən mazaqlaşan bacının qollarını bağla. ⎯ Seyfəl başını aşağı salıb qorxu içində kənara çəkildi, onda siz mənə dediz: «Nəzər, komsomol balam, sən get bağla onun əllərini!» Mənim macəra axtaran, qorxmaz, dəli-dolu vaxtım idi, sevindim ki, gör mənə yoldaş Əliyev nə boyda iş tapşırır! Mən ona yaxınlaşanda, o zənlə üzümə nəzər saldı və: «Ə, sən Səlminazın oğlu döyülsən?» Dedim: «Hə…!» «O, kişi arvaddı», ⎯ dedi və əllərini qoşalaşdırıb irəli uzatdı: «Sən bağlaya bilərsən!» Qandalı biləklərinə vurmaq istəyirdim ki, sizin səsinizi eşitdim:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on doqquzuncu fəsil

Aylı-ulduzlu, ayazlı mart gecəsi idi. Qar ərimişdi, ancaq şaxtalar hələ sınmamışdı. Xüsusilə gecələr bərk soyuq olurdu, çuxurlarda, gölməçələrdə sular donur, damların üstündən axan damcılar səhərəcən şüşələnib iti, uzun buz parçası olurdu.Saat on ikidən keçmişdi. Həmişəki adəti üzrə, Şəfi öz otağında oturub işləyir, siqareti siqaretin oduna yandıraraq yazıb-pozurdu. Hərdən də yanındakı başıpapaqlı çaydandan piyaləyə çay süzür, bir-iki qurtum içir, ağzının acısını alırdı. Məleykə də, uşaqlar da çoxdan yatmışdı. Evdəki gecə sükunətini divardakı asma saatın yeknəsəq çıqqıltısından başqa heç nə pozmurdu. Şəfi təzə şer yazmışdı. Qaralama vərəqdən böyük, ümumi dəftərə köçürəndən sonra, «görüm necə səslənir?» — deyə son bəndi ucadan oxumağa başladı:

12 мин
Üçüncü hissə, birinci fəsil

Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

7 мин
Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 мин
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 мин

Стихи других поэтов